Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 16 may tarixli 574 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının Nazirlər Kabineti
yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu”na əlavə
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan dövlətinin artan
iqtisadi imkanları ölkə ərazisində yerləşən
muzey binalarında əsaslı təmir-bərpa işlərinin
aparılmasına, yeni belə tikililərin inşa
olunmasına təkan vermiş, muzey işinin təşkilində
və maraqlı ekspozisiyaların qurulmasında müsbət dəyişikliklərə
səbəb olmuşdur. Azərbaycan muzeylərinin fəaliyyətinin
muzey işinin müasir prinsipləri əsasında, dünya
standartlarına uyğun yenidən qurulması istiqamətində
görülən işlər də nəzərə
alınmaqla, Azərbaycan xalqının tarixi-mədəni
irsinin qorunması və geniş miqyasda təbliği məqsədi
ilə muzey işi sahəsində həyata keçirilən tədbirlər
böyük ictimai əhəmiyyətə malikdir.
Azərbaycan xalqının qədim
və zəngin tarixinin öyrənilməsi, onun gələcək
nəsillərə ərməğan edilməsində muzeylər
əvəzolunmaz rol oynayır. Onlar xalqın dəyərlərini
qorumaqla yanaşı, mənəvi tərbiyə ocağı
funksiyalarını da yerinə yetirirlər. Bu mənada
1964-cü ildən fəaliyyət göstərən
“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət
Tarix-Memarlıq qoruq-muzeyi öz tarixiliyi və
memarlıq-estetik görünüşü ilə xüsusi əhəmiyyət
kəsb edir. İçərişəhərin simasına əzəmət
verən bu muzey kompleksi şanlı tarixi keçmişimizin
öyrənilməsi və təbliği, xalqımızın
maddi-mədəniyyət dəyərlərinin əcnəbi
qonaqlara nümayiş etdirilməsi üçün əhəmiyyətli
işlər görməkdədir.
“İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki abidələrin
təbliği ilə məşğul olan dövlət mədəniyyət
təsisatları ilə bağlı vahid dövlət idarəetməsini
təmin etmək və Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunu təkmilləşdirmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il,
¹ 5, maddə 456) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında ”İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin
strukturu"na aşağıdakı məzmunda 2.5-ci bənd əlavə
edilsin:
“2.5. ”Şirvanşahlar Sarayı
Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi".
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
10 fevral 2010-cu il
Azərbaycan.-
2010.- 11 fevral.- S. 1.