Ali təhsil müəssisələrində
yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Sürətli dəyişikliklərin
baş verdiyi hazırkı vaxtda cəmiyyətin sosial-iqtisadi
tərəqqisində, rəqabətədavamlı insan
kapitalının formalaşmasında, davamlı inkişafa zəmin
yaradan bilik iqtisadiyyatının qurulmasında ali təhsilin
müstəsna rolu vardır.
Qloballaşmanın
geniş vüsət aldığı müasir dövrdə hər
bir ölkənin iqtisadiyyatının dinamik inkişafı,
onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr
sırasına daxil olması həmin ölkədə təhsil
səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən
ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin
hərəkətverici qüvvəsi olan insan kapitalına
çevrilməsi ali təhsil qarşısında duran
müstəsna əhəmiyyətə malik əsas vəzifədir.
Bütün bu amillər
respublikada ali təhsil sahəsində islahatların istiqamətlərinin
dünyada ali təhsilin inkişaf tendensiyalarına uyğun
müəyyənləşdirilməsi zərurətini
qarşıya qoyur.
Bununla əlaqədar Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli
sərəncamı ilə təsdiq olunmuş “2009-2013-cü
illərdə Azərbaycan Respublikasının ali təhsil
sistemində islahatlar üzrə Dövlət
Proqramı”nın icrası məqsədilə qərara
alıram:
1. 2010/2011-ci tədris
ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində
fəaliyyət göstərən ali təhsil müəssisələrində
dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə
dövlət sifarişi əsasında həyata
keçirilsin.
2. Dövlət
sifarişinin formalaşdırılması ölkənin milli,
mədəni, humanitar və tarixi dəyərləri,
mövcud əmək bazarının xüsusiyyətləri və
dövlətin perspektiv inkişafı amilləri nəzərə
alınmaqla təmin olunsun.
3. Mülkiyyət
formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət
göstərən bütün ali təhsil müəssisələri
dövlət sifarişinin yerinə yetirilməsində
iştirak edə bilərlər.
4. Müəyyən
edilsin ki:
4.1. dövlət
büdcəsinin vəsaiti hesabına dövlət sifarişi
ilə ali təhsil müəssisələrində kadr
hazırlığı adambaşına maliyyələşdirmə
prinsipi əsasında həyata keçirilir;
4.2. hər il
üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil
müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə
dövlət sifarişi Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə
razılaşdırılmış təklifləri əsasında
müəyyənləşdirilir;
4.3. Azərbaycan
Respublikası Nazirlər Kabineti dövlət sifarişinə
uyğun olaraq aidiyyəti nazirliklərin təqdim etdiyi təkliflər
əsasında hər il üçün ayrı-ayrı
ixtisaslar üzrə ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrinə tələbə
qəbulunun proqnozunu təsdiq edir;
4.4. ali təhsil müəssisələrinə
qəbul imtahanları nəticəsində müxtəlif
ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil
almaq hüququnu qazanan abituriyentlər mülkiyyət
formasından asılı olmayaraq təhsil alacaqları ali təhsil
müəssisəsinin seçimində sərbəstdirlər.
5. Azərbaycan
Respublikası Nazirlər Kabinetinə tapşırılsın
ki:
5.1. 2010-cu ilin martın
15-dək 2010/2011-ci tədris ili üçün dövlət
sifarişi ilə tələbə qəbulunun proqnozunu təsdiq
etsin;
5.2. sonrakı illərdə
isə hər il avqust ayının 1-dək növbəti və
sonrakı üç tədris ili üçün dövlət
sifarişi ilə tələbə qəbulu proqnozunun təsdiq
olunmasını təmin etsin;
5.3. ali təhsil müəssisələrində
adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi
ilə bağlı qüvvədə olan qanunvericilik
aktlarının bu fərmana uyğunlaşdırılması
barədə təkliflərini iki ay müddətində
hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim
etsin;
5.4. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının iki ay müddətində bu fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
5.5. bu fərmandan irəli
gələn digər məsələləri həll etsin.
6. Azərbaycan
Respublikasının Maliyyə, İqtisadi İnkişaf və
Təhsil nazirliklərinə tapşırılsın ki, xarici
ölkələrin müvafiq sahədə qabaqcıl təcrübəsini
öyrənməklə respublikanın ali təhsil müəssisələrində
adambaşına maliyyələşdirmə mexanizmini
özündə əks etdirən normativ hüquqi aktların
layihələrini iki ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
7. Azərbaycan
Respublikası Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasına tapşırılsın ki:
7.1. 2010/2011-ci tədris
ilindən başlayaraq dövlət sifarişi əsasında
ali təhsil müəssisələrinə tələbə qəbulunun
həyata keçirilməsi ilə bağlı qəbul
qaydalarında bu fərmandan irəli gələn dəyişiklikləri
aparsın və digər zəruri tədbirləri həyata
keçirsin;
7.2. dövlət
sifarişi əsasında ali təhsil müəssisələrinə
qəbul olunan tələbələrin vahid elektron məlumat
bazasının yaradılmasını və zənginləşdirilməsini
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 fevral 2010-cu il
Azərbaycan.- 2010.- 11 fevral.- S. 4.