Azərbaycan Respublikasının ərazi
vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin
hazırlanması qaydası
Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli Fərmanı
ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 853-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 148 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması qaydasını müəyyən edir.
1.2. Ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Geodeziya və kartoqrafiya haqqında" Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə"nin, bu Qaydanın və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (bundan sonra - DTXK) tərəfindən hazırlanır.
2. Ərazi vahidlərinin və
inzibati ərazi dairələrinin xəritələri
2.1. Ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələri "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə"də və qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda hazırlanır və ərazidə yerləşən yaşayış məntəqələri, onların adı, poçt şöbəsi, dəmir yolu və şose yolları, çaylar, magistral su kanalları və ya kollektorları, magistral neft və qaz kəmərləri, dəmir yol stansiyaları, dövlət mülkiyyətində olan torpaqlar və sərhədinin qonşuluqlarını müəyyənləşdirən döngə nöqtələri göstərilməklə (inzibati ərazi dairəsinə daxil olan şəhər, qəsəbə və kəndlərin sərhədləri ayrı-ayrılıqda müəyyənləşdirilir), onların ərazisindən asılı olaraq sahəsi 4 kv.km-ə qədər olduqda - 1:5000, 4 kv.km-dən 25 kv.km-ə qədər olduqda - 1:10000, 25 kv.km-dən 100 kv.km-ə qədər olduqda - 1:25000, 100 kv.km-dən artıq olduqda - 1:50000 miqyasda tərtib edilir.
2.2. Ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələri hazırlanarkən aşağıdakılara istinad edilir:
2.2.1. Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə dəyişikliklər edilməsi barədə qanunvericilik aktları;
2.2.2. "Azərbaycan SSR rayonlarının dürüstləşdirilmiş sərhədlərinin qrafik təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1960-cı il 24 mart tarixli 13 nömrəli Fərmanı ilə təsdiq edilmiş növbətçi xəritə;
2.2.3. Ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmiş ərazi vahidlərinin və inzibati ərazi dairələrinin həmin reyestrdə saxlanılan xəritələri;
2.2.4. müvafiq ərazi vahidi və inzibati ərazi dairəsinin topoqrafik, torpaq kadastrı, yerquruluşu, meşə quruluşu (ortofotoplan, bələdiyyələrin hüdudlarına dair xəritələr, torpaq islahatına dair kompleks yerquruluşu layihələri (sxemləri) və s.) plan və xəritələri;
2.2.5. Dövlət torpaq kadastrının məlumatları;
2.2.6. qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər.
3. Ərazi vahidləri və
inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması
mərhələləri
3.1. Ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması aşağıdakı mərhələlər üzrə aparılır:
3.1.1. ərazi vahidlərinin və inzibati ərazi dairələrinin sərhədlərinin koordinatlarının müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi;
3.1.2. xəritələrin və digər sənədlərin hazırlanması, razılaşdırılması və təsdiq edilməsi;
3.1.3. sərhədinin qonşuluqlarını müəyyənləşdirən bütün döngə nöqtələri (sərhəd xətti boyunca əsas istinad döngə nöqtələri və onlar arasında müəyyənləşdirilmiş digər nöqtələr) arasındakı məsafələri və onların koordinatlarını əks etdirən yerquruluşu sənədlər qovluğunun (bundan sonra - yerquruluşu sənədlər qovluğu) hazırlanması;
3.1.4. Ərazi vahidlərinin və inzibati ərazi dairələrinin torpaq sahələri kimi Dövlət torpaq kadastrının aparılması.
4. Çöl tədqiqat və mərzçəkmə işlərinin
yerinə yetirilməsi
4.1. Ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması ilə bağlı müəyyən edilmiş qaydada müraciət daxil olduğu gündən 3 (üç) gün müddətində DTXK-si tərəfindən onların sərhədlərinin koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi məqsədi ilə ərazi vahidlərinin və inzibati ərazi dairələrinin sərhədlərinin yerində müəyyən edilməsi və razılaşdırılması işlərinin başlanma vaxtı barədə həmin ərazi vahidlərinin və inzibati ərazi dairələrinin yerləşdiyi rayon və ya şəhər icra hakimiyyəti orqanına bildiriş göndərilir. Bildiriş işlərə başlamazdan azı 5 (beş) gün əvvəl göndərilir.
4.2. Ərazi vahidlərinin və inzibati ərazi dairələrinin sərhədlərinin koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi DTXK-nın müvafiq struktur bölməsinin mütəxəssisi tərəfindən DTXK-nın ərazi vahidinin və inzibati ərazi dairəsinin yerləşdiyi rayon, şəhər şöbəsinin nümayəndəsinin, xəritəsi hazırlanmalı inzibati ərazi dairəsi (şəhər, qəsəbə, kənd ərazi vahidinə münasibətdə - onun daxil olduğu inzibati ərazi dairəsi) üzrə, eləcə də onun həmsərhəd olduğu digər inzibati ərazi dairəsi üzrə müvafiq rayon, şəhər və ya şəhər rayonu icra hakimiyyətinin başçısının nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Ərazi vahidi və inzibati ərazi dairəsi digər inzibati ərazi vahidi (rayon, şəhər) ilə həmsərhəd olduqda, həmsərhəd hissəyə aid koordinatların müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi, həmçinin DTXK-nın həmsərhəd rayon, şəhər şöbəsinin nümayəndəsinin, habelə həmsərhəd inzibati ərazi dairəsi üzrə müvafiq rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəsinin iştirakı ilə, rayon, şəhər və şəhər rayonu inzibati ərazi vahidinin xəritəsinin hazırlandığı hallarda isə həmçinin həmsərhəd rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçılarının təyin etdikləri şəxslərin iştirakı ilə həyata keçirilir.
4.3. Ərazi vahidlərinin və inzibati ərazi dairələrinin sərhədlərinin koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işləri yerinə yetirilərkən bu Qaydanın 4.2.-ci bəndində göstərilən şəxslərin iştirakı ilə sərhədin dövlət geodeziya-istinad məntəqələrindən və (və ya) dayaq mərz nişanlarından istifadə etməklə, 1-ci döngə nöqtəsindən başlayaraq, xüsusi avadanlıq (geodeziya-ölçmə alətləri) vasitəsilə düzxətli sərhəd boyunca hər biri digərindən 500 metrdən çox olmamaqla döngə nöqtələri, onların koordinatları və arasındakı məsafələr müəyyən edilir.
4.4. Ərazi vahidləri və inzibati ərazi dairələri arasındakı həmsərhəd hissələr üzrə müəyyən edilmiş döngə nöqtələrinin koordinatları və onların arasındakı məsafələr mövcud dövlət torpaq kadastrı sənədlərindəki məlumatlarla dəqiqləşdirildikdən sonra ərazi vahidi və inzibati ərazi dairəsinin sərhədinin qonşuluqlarını müəyyənləşdirən döngə nöqtələrini, onların koordinatlarını və arasındakı məsafələri əks etdirən sərhədlərin döngə nöqtələrinin yerləşmə sxemi (abris), habelə sərhəd təsviri protokolu tərtib edilir. Həmin sənədlər bu Qaydanın 4.2-ci bəndində göstərilən şəxslər tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
4.5. Ərazi vahidləri və inzibati ərazi dairələri arasındakı qonşuluq üzrə sərhəd xətti mühəndis qurğularından və təbii sərhədlərdən (dəmiryol, şose və digər yollar, kanallar, kollektorlar, çaylar, meşə zolaqları və s.) ibarət olduqda və ya həmin elementlər sərhəd xəttini kəsdikdə, onların adları ərazi vahidinin sərhədlərinin döngə nöqtələrinin yerləşmə sxemində (abrisdə) və sərhəd təsviri protokolunda göstərilir.
4.6. Ərazi vahidləri və inzibati ərazi dairələrinin sərhədlərinin əsas istinad döngə nöqtələrinə qoyulmuş (basdırılmış) mərz nişanlarının koordinatlarının müəyyən edilməsində olan dəqiqlik qonşu torpaq istifadəçilərinin ərazilərinin sərhədinin xarakterik nöqtələrinin koordinatlarının müəyyən edilməsi üçün zəruri olan dəqiqliyi təmin etməlidir.
4.7. Sərhədlərinin koordinatlarının müəyyən edilməsi və çöl tədqiqat işləri başa çatdırılmış ərazi vahidləri və inzibati ərazi dairəsinin sərhədlərinin əsas istinad döngə nöqtələrində mərz nişanları qoyulur (basdırılır) və bu barədə bu Qaydanın 4.2-ci bəndində göstərilən şəxslər tərəfindən imzalanan akt tərtib edilir. Mərz nişanları mühafizə üçün müvafiq inzibati ərazi dairəsi üzrə rayon, şəhər və ya şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəsinə (nümayəndələrinə) təhvil verilir.
4.8. Ərazisi xüsusi təyinatla istifadə olunan (dövlət sərhəd zolağı, hərbi poliqonlar, hərbi hissələr, hərbi aerodromlar, elektrik stansiyaları və s.) ərazi vahidlərinin və inzibati ərazi dairələrinin sərhədinin xarakterik döngə nöqtələrində daimi mərz nişanları qoyulmur (basdırılmır). Bu halda həmin mərz nişanlarının əvəzinə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada tanıdıcı (məlumatlandırıcı) və ya digər xəbərdaredici nişanlar qoyulur.
4.9. Ərazi vahidlərinin sərhədlərinin koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi zamanı sərhədlərdə aşkar olunmuş uyğunsuzluqlar (sərhədlərin müəyyən edilməsi üçün bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan sənədlərdəki sərhədlərlə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar) bu Qaydanın 4.2-ci bəndində göstərilən şəxslər tərəfindən imzalanan aktla rəsmiləşdirilir və ərazi vahidinin və inzibati ərazi dairəsinin xəritəsinin hazırlanması ilə bağlı işlər sərhədlərin digər hissəsində davam etdirilir. Aktın surəti sərhədində uyğunsuzluqlar aşkar edilmiş ərazi vahidinin və inzibati ərazi dairəsinin yerləşdiyi rayon və şəhər icra hakimiyyəti orqanına (orqanlarına) təqdim edilir.
4.10. Bu Qaydanın 4.9-cu bəndində nəzərdə tutulmuş uyğunsuzluqlarla bağlı mübahisələr Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü və 104-cü maddələrinə uyğun olaraq həll edilir.
5. Xəritələrin və digər
sənədlərin hazırlanması,
razılaşdırılması və təsdiq edilməsi
5.1. Sərhədlərinin koordinatlarının müəyyən edilmiş, çöl tədqiqat və mərzçəkmə işləri başa çatdırılmış ərazi vahidinin və inzibati ərazi dairəsinin ərazidə yerləşən yaşayış məntəqələri (şəhər, qəsəbə, kənd) və onların adı, poçt şöbəsi, dəmir yolu və şose yolları, çaylar, magistral su kanalları və ya kollektorları, magistral neft, qaz və su kəmərləri, dəmir yol stansiyaları, dövlət mülkiyyətində olan torpaqların və onların sərhədinin qonşuluqlarını müəyyənləşdirən döngə nöqtələrini (inzibati ərazi dairəsinə daxil olan şəhər, qəsəbə və kəndlərin sərhədləri ayrı-ayrılıqda müəyyən edilir) əks etdirən, onların ərazisindən asılı olaraq sahəsi 4 kv.km-ə qədər olduqda - 1:5000 miqyasda, 4 kv.km-dən 25 kv.km-ə qədər olduqda - 1:10000 miqyasda, 25 kv.km-dən 100 kv.km-ə qədər olduqda - 1:25000 miqyasda, 100 kv.km-dən artıq olduqda isə - 1:50000 miqyasda xəritəsi tərtib edilir.
5.2. Ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritəsində bu Qaydanın 6.1-ci bəndində göstərilənlərlə yanaşı aşağıdakılar öz əksini tapmalıdır:
5.2.1. ərazi vahidinin və inzibati ərazi dairəsinin, onun daxil olduğu rayon, şəhər, şəhər rayonunun adı;
5.2.2. Azərbaycan Respublikasının dövlət sərhədinin ərazi vahidinin və inzibati ərazi dairəsinin sərhədini təşkil etdiyi hissəsi;
5.2.3. inzibati ərazi vahidinin (rayon, şəhər, şəhər rayonu) sərhədinin ərazi vahidinin və inzibati ərazi dairəsinin sərhədini təşkil etdiyi hissəsi;
5.2.4. inzibati ərazi dairəsinə daxil olan ərazi vahidləri (şəhər, qəsəbə, kənd) və onların sərhədləri;
5.2.5. ərazi vahidlərinin və inzibati ərazi dairələrinin ayrıca hissələri və onların sərhədləri;
5.2.6. ərazi vahidlərinin və inzibati ərazi dairələrinin sərhəddaxili ümumi sahəsi (kv.km-lə, ayrıca hissələr daxil olmaqla);
5.2.7. dövlət mülkiyyətində olan torpaqların ümumi sahəsi (kv.km-lə);
5.2.8. inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrinin (şəhər, qəsəbə, kənd) ayrı-ayrılıqda sahələri (kv.km-lə);
5.2.9. qonşuluqları bildirən hərfi işarələr;
5.2.10. sərhədlərin döngə nöqtələri və onların nömrələri;
5.2.11. qonşu torpaq istifadəçiləri;
5.2.12. şərti işarələr;
5.2.13. xəritənin tərtib olunma tarixi.
5.3. Elektron daşıyıcıda tərtib edilmiş xəritədə bu Qaydanın 5.1-ci və 5.2-ci bəndlərində göstərilənlərlə yanaşı aşağıdakılar öz əksini tapmalıdır:
5.3.1. bütün döngə nöqtələrinin siyahısı, onların koordinatları və onlar arasındakı məsafələr;
5.3.2. koordinat
toru (1 km-lik);
5.3.3. koordinatların
görünüşü;
5.3.4. koordinat
sistemi: WGS84;
5.3.5. xəritə
proyeksiyası: UTM.
5.4. Ərazi vahidləri və
inzibati ərazi dairələri arasındakı qonşuluq
üzrə sərhəd xətti mühəndis
qurğularından və təbii sərhədlərdən (dəmir
yol, şose və digər yollar, kanallar, kollektorlar,
çaylar, meşə zolaqları və s.) ibarət olduqda,
eləcə də həmin elementlər sərhəd xəttini
kəsdikdə, onların adları tərtib olunmuş xəritədə
göstərilir.
5.5. Ərazi vahidinin qeydə
alınması (yaradılması), onların sərhədlərində
dəyişikliklər edilməsi təklifi ilə
bağlı hazırlanmış xəritədə qeydə
alınma (yaradılma) və dəyişikliklər nəticəsində
müəyyən ediləcək sərhədlər ayrıca
göstərilir.
5.6. Ərazi vahidinin və
inzibati ərazi dairəsinin kağız üzərində tərtib
edilmiş xəritəsi onun yerləşdiyi müvafiq rayon,
şəhər, şəhər rayonu icra hakimiyyətinin
başçısı, DTXK-nın rayon (şəhər)
şöbəsinin nümayəndəsi, inzibati ərazi dairəsi
(şəhər, qəsəbə, kənd ərazi vahidinə
münasibətdə - onun daxil olduğu inzibati ərazi dairəsi
üzrə), eləcə də onun həmsərhəd
olduğu digər inzibati ərazi dairəsi üzrə
müvafiq rayon, şəhər və ya şəhər rayonu
icra hakimiyyəti başçısının nümayəndələri
ilə, habelə ərazi vahidi və inzibati ərazi dairəsinin
həmsərhəd olduğu digər inzibati ərazi vahidi -
rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin
başçısı, DTXK-nın rayon (şəhər)
şöbəsinin nümayəndəsi ilə
razılaşdırılır, onlar tərəfindən
imzalanır və möhürlə təsdiq edilir.
5.7. Bu Qaydaya
uyğun olaraq hazırlanmış ərazi vahidlərinin və
inzibati ərazi dairələrinin xəritəsi DTXK-nın sədri
tərəfindən imzalanır və DTXK-nın
möhürü ilə təsdiq edilir.
6. Yerquruluşu sənədlər qovluğunun
hazırlanması
6.1. Bu Qaydaya
uyğun olaraq hazırlanmış ərazi vahidlərinin və
inzibati ərazi dairəsinin xəritəsinə onların
qonşuluqlarını müəyyənləşdirən
bütün döngə nöqtələri (sərhəd xətti
boyunca əsas istinad döngə nöqtələri və
onlar arasında müəyyənləşdirilmiş digər
nöqtələr) arasındakı məsafələri və
onların koordinatlarını əks etdirən yerquruluşu sənədlər
qovluğu əlavə edilir.
6.2. Yerquruluşu sənədlər
qovluğu ərazi vahidlərinin və inzibati ərazi dairələrinin
sərhədlərinin koordinatlarının müəyyən
edilməsi, çöl tədqiqat və mərzçəkmə
işlərinə aid olaraq 3 (üç) nüsxədə
hazırlanır və aşağıdakı sənədlər
daxil edilir:
6.2.1. qovluqda
olan sənədlərin siyahısı;
6.2.2. dövlət
geodeziya-istinad məntəqələrinin və dayaq mərz
nişanlarının adları və koordinatları;
6.2.3. bu
Qaydanın 4.4-cü bəndində nəzərdə tutulan ərazi
vahidinin sərhədlərinin döngə nöqtələrinin
yerləşmə sxemi (abris), sərhəd təsviri protokolu;
6.2.4. bu
Qaydanın 4.7-ci bəndində nəzərdə tutulan mərz
nişanlarının qoyulması (basdırılması) barədə
akt;
6.2.5. bu
Qaydanın 4.9-cu bəndində nəzərdə tutulan
uyğunsuzluq aktları.
7. Ərazi vahidlərinin və inzibati ərazi dairələrinin
torpaq sahəsi kimi dövlət torpaq kadastrının
aparılması
7.1. Ərazi vahidlərinin və
inzibati ərazi dairələrinin torpaq sahəsi kimi Dövlət
torpaq kadastrı DTXK tərəfindən aparılır.
7.2. Ərazi vahidlərinin
Dövlət reyestrinə daxil edilmiş ərazi vahidlərinin
və inzibati ərazi dairələrinin xəritələrində
onların ərazisi (o cümlədən sərhədləri,
döngə nöqtələri və onların
koordinatları) barədə məlumatlar Dövlət torpaq
kadastrının aparılması üçün əsas
götürülür.
8. Yekun müddəalar
8.1. Qeydə alınması
(yaradılması) və müvafiq dəyişikliklər edilməsi
təklif olunan ərazi vahidlərinin və inzibati ərazi
dairələrinin xəritələri (hər biri 2 (iki)
nüsxədə olmaqla) müvafiq rayon (şəhər) icra
hakimiyyəti orqanına təqdim edilir.
8.2. Rayon və şəhər
icra hakimiyyəti orqanları mövcud ərazi vahidlərinin və
inzibati ərazi dairələrinin Dövlət reyestrinə
daxil edilməsi və onlara şəhadətnamə verilməsi
üçün Azərbaycan Respublikası Milli Məclisi
Aparatının müvafiq struktur bölməsinin bu barədə
məktubu daxil olduğu vaxtdan 60 gün ərzində DTXK tərəfindən
təsdiq edilmiş ərazi vahidinin və inzibati ərazi dairəsinin
elektron daşıyıcıda (disk, disket və s.) və
kağız üzərində (iki nüsxədə) xəritəsini
(xəritənin əlavəsi olan yerquruluşu sənədlər
qovluğu ilə birlikdə) Azərbaycan Respublikası Milli Məclisi
Aparatının müvafiq struktur bölməsinə təqdim
edir.
8.3. Rayon və şəhər
icra hakimiyyəti qeydə alınmış ərazi vahidlərinin
və inzibati ərazi dairələrinin Dövlət reyestrinə
daxil edilməsi və Azərbaycan Respublikasının
2006-cı il 8 dekabr tarixli 195-IIIQ nömrəli Qanunu ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının ərazi vahidlərinin
və inzibati ərazi dairələrinin Dövlət reyestrinin
aparılması və onlara şəhadətnamənin verilməsi
haqqında Əsasnamə"nin 6.4-cü, 6.5-ci, 6.6-cı,
6.7-ci, 6.8-ci, 6.9-cu və 6.10-cu bəndlərinə uyğun
olaraq, Dövlət reyestrində onlara dair müvafiq qeydlərin
aparılması və şəhadətnamə verilməsi
üçün Azərbaycan Respublikası Milli Məclisi Aparatının
müvafiq struktur bölməsinin bu barədə məktubu
daxil olduğu vaxtdan 30 gün ərzində DTXK tərəfindən
təsdiq edilmiş ərazi vahidinin və inzibati ərazi dairəsinin
elektron daşıyıcıda (disk, disket və s.) və
kağız üzərində (iki nüsxədə) xəritəsini
(xəritənin əlavəsi olan yerquruluşu sənədlər
qovluğu ilə birlikdə) Azərbaycan Respublikası Milli Məclisinə
təqdim edir.
8.4. Ərazi vahidlərinin
Dövlət reyestrinə daxil edilmiş ərazi vahidlərinin
və inzibati ərazi dairələrinin sərhədlərində
dəyişikliklər edilməsi təklifi ilə
bağlı onların xəritələri hazırlandıqda,
bu Qaydanın 4.1-4.9-cu bəndlərində nəzərdə
tutulmuş çöl tədqiqat və mərzçəkmə
işləri ərazi vahidinin və inzibati ərazi dairəsinin
sərhədlərinin yalnız dəyişikliklər edilməsi
təklif edilən hissəsində aparılır.
8.5. Qanunvericiliyə uyğun
olaraq qeydə alınması (yaradılması), sərhədlərinin
müəyyən edilməsi və ya dəyişdirilməsi,
statusunun müəyyən edilməsi və dəyişdirilməsi
təklif olunan, habelə Ərazi vahidlərinin Dövlət
reyestrinə daxil edilməsi və ya Dövlət reyestrində
onlara dair müvafiq qeydlərin aparılması
üçün hazırlanması tələb olunan ərazi
vahidlərinin və inzibati ərazi dairələrinin xəritəsi
4 (dörd) nüsxədə tərtib edilir.
8.6. Ərazi vahidlərinin və
inzibati ərazi dairələrinin xəritələrinin bir
nüsxəsi (xəritəyə əlavə edilmiş
yerquruluşu sənədlər qovluğu ilə birlikdə)
xidməti istifadə üçün DTXK-nın Dövlət
torpaq kadastrı fonduna, digər bir nüsxəsi (xəritəyə
əlavə edilmiş yerquruluşu sənədlər
qovluğu ilə birlikdə) isə saxlanmaq üçün
DTXK-nın müvafiq struktur bölməsinin arxivinə verilir.
8.7. Ərazi vahidləri və
inzibati ərazi dairələrinin xəritəsinin bu Qaydaya
uyğun olaraq hazırlanması ilə bağlı işlərin
yerinə yetirilməsi üçün müəyyən
edilmiş qaydada xərclər smetası tərtib edilir.
8.8. Bu Qaydanın 4.1-ci bəndində
nəzərdə tutulmuş bildirişin, 4.4-cü bəndində
nəzərdə tutulmuş sərhədlərin döngə
nöqtələrinin yerləşmə sxemi (abris) və sərhəd
təsviri protokolunun, 4.7-ci bəndində nəzərdə
tutulmuş ərazi vahidləri və inzibati ərazi dairəsinin
sərhədlərinin əsas istinad döngə nöqtələrində
mərz nişanları qoyulması (basdırılması) barədə
aktın, 4.9-cu bəndində nəzərdə tutulmuş
uyğunsuzluqlar barədə aktın nümunəvi forması
DTXK tərəfindən təsdiq edilir.
Azərbaycan.- 2010.- 11 fevral.- S. 8.