Ermənilərin XIX əsrdə
Şimali Azərbaycan torpaqlarına köçürülmələri
tarixi həqiqətdir
Fevralın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabının təqdimat mərasimi keçirilmişdir.
YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov tədbiri açaraq demişdir ki, bu kitab Cənubi Qafqazın tarixində mühüm rol oynayan Azərbaycan dövlətlərindən birindən - İrəvan xanlığından bəhs edir. Müxtəlif dillərə tərcümə olunaraq yayılacaq bu kitab Azərbaycan tarixinə dair ən sanballı əsərlərdən biridir.
Sonra kitabın müəlliflərindən biri, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, AMEA-nın
A.A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov nəşrin tarixi əhəmiyyətindən, ərsəyə gəlməsindən ətraflı söz açmışdır. O demişdir ki, bu kitab ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Bu, həm də müəlliflərin ulu öndər Heydər Əliyevə borcunu vermək üçün atdıqları kiçik addımdır. Böyük azərbaycanlının, Vətənini canı qədər sevən, azərbaycançılıq məfkurəsini sistem halına salan ümummilli liderimizin arzularını, vəsiyyətini yerinə yetirən tarixçilərimizin işlərindən biridir.
Prezident İlham Əliyev müdrikliyi, çevik siyasəti ilə ən böyük kürsülərdə xalqının iradəsini cəsarətlə ifadə edərək Dağlıq Qarabağ probleminin süni olaraq yaradıldığını dünyaya bəyan edir və bildirir: "Bu problemi yaradanlar indiki Ermənistan Respublikasının yerləşdiyi ərazinin məhz Azərbaycanın ərazisi olduğunu başa düşməlidirlər. Zəngəzurdakı əhalinin hamısı, İrəvan əhalisinin isə böyük əksəriyyəti azərbaycanlılar olmuşlar. Onlar bilməlidirlər ki, bu torpaqlar bizim əzəli torpaqlarımızdır". Kitab məhz dövlətimizin başçısının bu sözləri ilə başlayır.
Alim vurğulamışdır ki, Azərbaycan dövləti XIX əsrin əvvəllərində yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparmışdır. Lakin zaman keçdikcə xəyanətlər nəticəsində Azərbaycanın bu tarixi ərazisi ermənilərə verilmişdir. Millət və xalq üçün torpaq itkisi çox böyük faciədir, amma bu itkini unutmaq ondan da ağırdır. Lakin Azərbaycan xalqı xəyanətlər və tarixi ədalətsizliklər nəticəsində itirdiyi torpaqları unutmur. Bu isə o deməkdir ki, Azərbaycanın gələcəyi vardır. İrəvan xanlığının tarixi Azərbaycan xalqının minilliklər boyu yaratdığı zəngin maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz hissəsidir.
Biz müəlliflər bu kitabı yazmaqla ulu öndərin vəsiyyətini yerinə yetirməyə təşəbbüs göstərməklə yanaşı, dövlətimizin başçısının səsinə səs verməyə, onun siyasətini bir daha dəstəkləməyə çalışmışıq.
Kitabın mahiyyətindən bəhs edən Y.Mahmudov demişdir ki, Azərbaycan torpaqları heç də Arazdan şimaldakı indiki Azərbaycan Respublikasının ərazisi deyildir. Xalqımız böyük imperiyalar yaratmışdır, tarix boyu böyük Azərbaycan səltənəti olmuşdur.
Biz itirilmiş torpaqlarımızın tarixini öyrənməliyik. Bu yolla balayanların cavabını veririk və sübut edirik ki, ermənilər Cənubi Qafqaza gəlmədirlər. Onlar çar Rusiyası tərəfindən 1828-ci ildə bu əraziyə köçürülmüşlər. Bundan əvvəl ermənilərin burada tarixi olmamışdır, onlar gəlmədirlər. Tarixi faktlara əsaslanan kitabla bir daha sübut edirik ki, erməni dövləti burada böyük dövlətlərin təzyiqi ilə və xalqın iradəsi nəzərə alınmadan yaradılmışdır. 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərinin və xanlığın ətrafındakı 9,5 min kvadratkilometr ərazini ermənilərə güzəştə getmişdir. Cənubi Qafqazda erməni dövləti məhz həmin dövrdə yaradılmışdır və o vaxta qədər ermənilərin bu ərazilərdə heç bir siyasi qurumu olmamışdır.
Bundan əvvəl tarixən həmin ərazilər Azərbaycan xalqına məxsus olmuşdur və orada İrəvan xanlığı 80 il hökm sürmüşdür.
Kitabda bu ərazilərdə azərbaycanlıların, oğuz türklərinin yaşaması da tarixi faktlara istinadla əks etdirilmişdir. Oğuz Xaqanının Göyçə gölü ətrafında dəfn olunması haqqında "Oğuznamə"lərdə təkzibolunmaz məlumatlar vardır.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında belə nəşrlərin böyük əhəmiyyəti olduğunu bildirən Yaqub Mahmudov qeyd etmişdir ki, tarix faktlara əsaslanır. Azərbaycan dövlətinin apardığı təbliğatın əsasında da reallığa əsaslanan faktlar dayanır. Ermənilər tarixi saxtalaşdırıb özlərinə yalançı tarix yaza bilərlər. Amma onların fakt qarşısındakı acizlikləri hər zaman diqqətdədir.
Ermənilərin İran və Türkiyədən Azərbaycan torpaqlarına köçürülməsi kitabda şəkillər, rəsm əsərləri və digər konkret faktlarla geniş əksini tapmışdır. Ermənilər bu rəsm əsərlərini də saxtalaşdırmağa çalışırlar. Azərbaycanın Ağdərə rayonu ərazisində ermənilər Qarabağ torpaqlarına köçürülmələrinin 150 illiyi ilə bağlı abidə ucaltmışdılar. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı növbəti torpaq iddiası başlayanda ermənilər həmin abidəni dağıdaraq, üzərində yazılmış 150 il sözünü götürmüşlər. Bu fakt da kitabda qeyd edilmişdir.
Tarixçilərimizin dünyanın müxtəlif ölkələrinin arxivlərindən əldə etdikləri sənədlər əsasında nəşr olunan kitabda çox tutarlı rəsmi sənədlər əksini tapmışdır.
Kitabda indiki Ermənistan ərazisindəki bütün türk - Azərbaycan yer adları qeyd edilmişdir. Bu adların dəyişdirilərək, hansı erməni adı ilə əvəz olunması, addəyişmənin Ermənistan SSR Ali Soveti rəyasət heyətinin hansı fərmanı əsasında aparılması kitabda öz əksini tapmışdır.
Y.Mahmudov bir daha qeyd etmişdir ki, Azərbaycan böyük dövlətçilik tarixinə malik ölkədir. Amma faciələrimiz 1813-cü və 1828-ci illərdə Rusiya ilə İran arasında Gülüstan və Türkmənçay sülh müqavilələrinin imzalanmasından sonra başlamışdır. Həmin vaxtdan tarixi Azərbaycan torpaqlarına yiyələnməkdən ötrü min cür oyunlar oynanılmışdır.
Kitabda İrəvan şəhərinin tarixi abidələri, ermənilərin bu torpaqlara köçürülməsindən sonra dağıdılan məscid və qəbiristanlıqlar, hamamlar, eləcə də azərbaycanlılarla bağlı digər mühüm faktlar yer almışdır.
Tədbirdə erməni saxtakarlığını, onların qədim Azərbaycan torpaqlarına köçürülmələrini sübut edən arxiv sənədləri və rəsmlər slaydlar vasitəsilə nümayiş etdirilmişdir.
Kitabdan sitat gətirən Y.Mahmudov erməni zabiti Lazaryanın İrandakı erməniləri köçürən zaman dediyi sözləri diqqətə çatdırmışdır: "Tez olun, çar qoşunları buradan gedənə qədər ora köçmək lazımdır. Əgər geciksəniz, çox şey itirəcəksiniz. Az itki ilə bura köçəcəksiniz, müqabilində daimi vətən əldə edəcəksiniz". Tarix İnstitutunun direktoru Lazaryanın bu sözləri 1828-ci ildə dediyini xatırlatmışdır.
Təqdimat mərasimində Milli Məclisin deputatları - akademik İsmayıl Hacıyev, Musa Quliyev və Fəzail İbrahimli çıxış edərək, kitabla bağlı fikirlərini bölüşmüşlər. Bildirilmişdir ki, tarixin müxtəlif dövrlərində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasətini faktlarla özündə əks etdirən nəşrlərə böyük ehtiyac vardır. Hazırda bu istiqamətdə məqsədyönlü iş aparılır. Azərbaycan tarixçiləri üzərlərinə düşən məsuliyyəti yerinə yetirmək üçün ciddi səylər göstərirlər.
Sonda Əli Əhmədov bildirmişdir ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, erməni saxtakarlarına, onların havadarlarına tutarlı cavab olan bu kitab ingilis və rus dillərinə tərcümə edilərək dünyada yayılacaqdır.
Qeyd edək ki, 576 səhifədən ibarət kitabda İrəvan xanlığının əhalisi, sosial-iqtisadi həyatı, xanlığın sərhədləri, inzibati bölgüsü və idarəçilik sistemi, mədəniyyəti, xarici siyasəti, Rusiya imperiyasının və Qacarlar dövlətinin işğalçılıq planları, İrəvan xanlığının Rusiya imperiyası tərəfindən zəbt edilməsi, işğal olunmuş İrəvan xanlığı ərazisinə ermənilərin İrandan və Osmanlı imperiyasından kütləvi surətdə köçürülmələri, İrəvan xanlığı ərazisindəki azərbaycanlılara məxsus yer adlarının kütləvi surətdə dəyişdirilməsi, müasir vandalizm, tarixi adlara qarşı soyqırımı və digər bölmələr vardır.
Kitab Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən hazırlanmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 11 fevral.- S. 4.