Yüksəliş və tərəqqini təmin edən
regional inkişaf strategiyası
Hər bir mərhələ
üzrə qarşıda duran strateji hədəflərin dəqiq
müəyyənləşdirilməsi, mütərəqqi
yeniliklərin tətbiqi yolu ilə dövrün tələblərinə
cavab verən çevik iqtisadi siyasətin, çoxşaxəli
inkişaf strategiyasının gerçəkləşdirilməsi
Azərbaycan hökumətinin son illər qarşıya
qoyduğu məqsədlər sırasında mühüm yer
tutur. Modernləşməyə əsaslanan bu strategiya
respublikanın milli inkişaf modelinin əsasını təşkil
edən başlıca amilə çevrilmiş, iqtisadi, siyasi
və hüquqi islahatların paralelliyi prinsipinin gözlənilməsi
səmərəli nəticələrə yol
açmışdır.
Təcrübə
göstərir ki, hər hansı iqtisadi islahatın uğuru təkcə
ölkənin malik olduğu təbii-bioloji resurslara deyil, həm
də cəmiyyətin tətbiq olunan yeniliklərə
çevik reaksiyası ilə şərtlənir. Son illər
müasir dövrün gerçəklikləri nəzərə
alınmaqla həyata keçirilən iqtisadi islahatlar da məhz
bu reallığa söykənərək cəmiyyətdəki
yeniliklərin mahiyyətindən irəli gəlmişdir.
Uğurla gerçəkləşdirilən yeni
neft strategiyasının 2003-cü ildən daha yüksək nəticələrə
yol açması, respublikamızın regionda analoqu olmayan
inkişaf mərhələsinə qədəm qoyması -
ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin
ildən-ilə əhəmiyyətli dərəcədə
çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə,
sosial-mədəni modernləşməyə imkan
yaratmışdır. İqtisadi sahədə
keçid dövrünün geridə qaldığı
hazırkı mərhələdə mövcud uğurların
qorunub saxlanılması üçün idarəçilikdə
yüksək səmərəliliyin, məqsədyönlülüyün
və çevikliyin təmin edilməsi, strateji əhəmiyyətli
sahələrin inkişafında tarazlığın
saxlanılması önə çəkilmişdir.
Azərbaycan Prezidenti
İlham Əliyevin ötən beş ildə
praqmatizmə və real əməli işə söykənən
siyasətinin qayəsində məhz insan və şəxsiyyət
amili dayanmışdır. "Hər bir məmur
xalqının xidmətçisi olmalıdır" - deyə
hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirən
dövlət başçısının qətiyyəti və
prinsipiallığı hökumətin daha çevik və məsuliyyətli
fəaliyyətini şərtləndirməklə
yanaşı, həyata keçirilən islahatların səmərəli
nəticələr verməsini də təmin etmişdir.
Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi yekunlarına həsr
olunmuş iclası bir daha göstərir ki, dəqiq iqtisadi
hesablama əsasında həyata keçirilən çevik
islahatlar nəticəsində ümumi daxili məhsul istehsalına
görə dünyanın ən sürətlə inkişaf
edən dövlətlərindən birinə çevrilən
Azərbaycan qlobal maliyyə böhranının təsirlərinə
ən az məruz qalan dövlətlər
sırasındadır.
Bir sıra dünya ölkələrində
iqtisadi inkişafa ciddi zərbə vuran qlobal maliyyə
böhranına rəğmən, respublikamızın 2009-cu
ildə ümumi daxili məhsulun 9,3 faizlik
artımına nail olması sistemli və düzgün
koordinasiya olunmuş tədbirlərin nəticəsidir.
Dövlət başçısı cənab İlham Əliyevin
Nazirlər Kabinetinin iclasında vurğuladığı kimi,
geridə qalan 2009-cu il əksər dünya ölkələrində
qlobal böhranın güclənməsi ilə müşayiət
olunsa da, Azərbaycan iqtisadiyyatı uğurla həyata
keçirilən inkişaf və modernləşmə
strategiyası nəticəsində qlobal böhrana yüksək
dayanıqlılıq nümayiş etdirərək müvazinətini
itirməmiş, artım dinamikasını qoruya bilmişdir. "2009-cu ilin yekunlarına görə, Azərbaycan
dünya miqyasında ən sürətlə inkişaf edən
ölkələr sırasındadır. Bunu
əyani şəkildə göstərmək
üçün, sadəcə, iqtisadi və sosial göstəricilərimizə
baxmaq kifayətdir. 2009-cu ildə Azərbaycanda ümumi
daxili məhsul 9,3 faiz artmışdır. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Bu, bir daha onu göstərir ki, bütün
uğurlarımızın təməlində
düşünülmüş siyasət və düzgün
atılmış addımlar dayanır. Demək
olar ki, bizim bölgədə və postsovet məkanında və
geniş mənada, qitədə ölkələrin tam əksəriyyəti
böyük çətinliklərlə üzləşmişlər.
O ölkələrdə iqtisadi inkişaf böyük dərəcədə
aşağı düşmüşdür. Bəzi
ölkələr demək olar ki, faciə
astanasındadırlar. Ancaq bizdə vəziyyət tam
başqadır və 9,3 faiz artan
iqtisadiyyatımız, bir daha demək istəyirəm ki, 2009-cu
ildə və ondan əvvəlki illərdə görülən
işlərin nəticəsidir" - deyən dövlət
başçısı sənayedə 8,6, kənd təsərrüfatında
3,5 faizlik artımı da hökumətin effektiv fəaliyyətinin
nəticəsi kimi dəyərləndirmişdir.
2009-cu ilin
ümumi statistikası Azərbaycanın bütövlükdə
MDB məkanında rasional siyasət yeridərək
iqtisadiyyatını qlobal böhranın mənfi təsirlərindən
maksimum dərəcədə hifz edən, eyni zamanda, ciddi
artıma nail olan lider dövlətlərdən olduğunu təsdiqləyir. 2009-cu ildə
adambaşına düşən ümumi daxili məhsulun həcmi
7,9 faiz artaraq 3917 manata və yaxud 4874 ABŞ dollarına,
ölkədə orta aylıq əməkhaqqı 6,8 faiz artaraq
298 manata çatmışdır. Ötən il inflyasiya birrəqəmli
olmaqla, cəmi 1,5 faiz təşkil etmiş, əhalinin pul gəlirləri
6 faiz artmış, orta aylıq əməkhaqqı 298 manata
yüksəlmişdir.
Ötən il
həyata keçirilən səmərəli tədbirlər
iqtisadiyyatın lokomotivi sayılan bank sektorunu qlobal
böhrandan maksimum dərəcədə qorumuşdur. Bu tədbirlər ilk növbədə, bank sisteminə
ictimai etimadın, sistemin sağlamlığı və
dayanıqlığının, bank sektorunun iqtisadiyyatda maliyyə
vasitəçisi rolunun dəstəklənməsinə
yönəlmişdir. İqtisadi subyektlərin
banklara inamını qorumaq və daha da artırmaq
mühüm vəzifələrdən biri olaraq qalmış,
bank sisteminin likvidliyinin adekvat səviyyədə saxlanması
siyasəti davam etdirilmişdir. Mərkəzi Bank
antiböhran siyasətinin həyata keçirilməsində
öz mandatı çərçivəsində iştirak
etmiş, əsas diqqət üç əsas məqsədin
reallaşmasına istiqamətlənmişdir: birincisi,
makroiqtisadi sabitliyin qorunması; ikincisi, bankların və
sistem əhəmiyyətli müəssisələrin maliyyə
sabitliyinin təmin olunması; üçüncüsü,
iqtisadi artımın və yüksək məşğulluğun
dəstəklənməsi. Hesabat dövründə
makroiqtisadi tarazlığın və dayanıqlığın
təmin olunmasına, habelə bank sistemində maliyyə
sabitliyinin qorunmasına yönəldilmiş pul və məzənnə
siyasəti həyata keçirilmişdir.
Böhrana
qarşı həyata keçirilən kompleks tədbirlər
sırasında bank sektoruna likvidlik dəstəyinin verilməsi
özünü doğrultmuş, bununla həm də devolvasiya
prosesinin qarşısı alınmışdır. Mərkəzi Bank bu məqsədlə
2008-ci ilin sonlarından başlayaraq başlıca uçot dərəcəsini
15 faizdən 2 faizə, məcburi ehtiyat normalarını isə
12 faizdən 0,5 faizə endirmişdir. Nəticədə
2008-ci ilin oktyabrından banklara təqribən 1,8
milyard manat həcmində likvidlik dəstəyi göstərilmişdir.
2009-cu ildə Mərkəzi Bank maliyyə
sabitliyini daha da möhkəmləndirmək üçün
bank sektorunda risklərin çevik tənzimlənməsini də
uğurla təmin etmişdir. Nəticədə
bankların likvidlik mövqeyi idarəetməyə
alınmış, xarici borcların yenidən maliyyələşməsi
həyata keçirilmiş, sistem əhəmiyyətli
institutlara zəruri likvidlik dəstəyi verilmişdir.
2009-ci ilin uğurlu
yekunları "böhran ajiotajı"nın respublikamız
üçün geridə qaldığını, bank və
maliyyə sektoru üçün real təhdid sayıla biləcək
ictimai narahatlığın tamamilə aradan
qalxdığını əminliklə söyləməyə
ciddi əsaslar verir: əhalinin banklara olan tərəddüdlü
münasibəti aradan qalxır, tikinti sektorunda yenidən
canlanma və fəallıq müşahidə olunur, qlobal
böhrana rəğmən, sahibkarlara güzəştli
kreditlərin verilməsi əvvəlkindən də daha
geniş miqyasda davam etdirilir. Üstəlik,
ötən ilin iyun ayında ipoteka kreditləşməsinin bərpası
respublika rəhbərliyinin uğurlu anti-böhran tədbirlərinin
nəticəsi kimi diqqəti çəkir. Daxili istehlak bazarına işləyən müəssisələrin
əvvəlki qaydada fəaliyyət göstərməsi,
sahibkarlığın inkişafı məqsədilə
kreditləşmənin genişləndirilməsi, infrastruktur
layihələrinin davam etdirilməsi - bütün bunlar maliyyə
böhranının respublika iqtisadiyyatına ciddi təsir
göstərmədiyinə dəlalət edir.
Qlobal böhranla
müşayiət olunan 2009-cu il Azərbaycan
iqtisadiyyatının guya yalnız neft amili üzərində
inkişafı ilə bağlı səslənən bəzi qərəzli
iddiaları da alt-üst etmişdir. Azərbaycan Prezidenti
İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bu məqama
xüsusi toxunmuş, respublikada qeyri-neft sektorunun da sürətlə
inkişaf etdiyini qeyd etmişdir: "Bizə müəyyən
iradlar tutmaq istəyənlər, yaxud da
uğurlarımızı sadələşdirmək istəyən
qüvvələr iqtisadi inkişafı neft amili ilə
bağlayırdılar. Sirr deyil ki, əlbəttə,
bu amilin öz rolu vardır və bu, davam edəcəkdir.
Çünki Azərbaycanda son illər ərzində
həm neft, həm qaz hasilatı böyük dərəcədə
artmışdır. Ancaq 2009-cu il o il
olmuşdur ki, bütün bəd niyyətlə ifadə edilən
sözləri alt-üst etdi. Ölkəmiz,
iqtisadiyyatımız böhranlı ildə də uğurla
inkişaf etməyə davam etdi. İndi hər
şey müqayisə ilə ölçülür. Mən indi başqa ölkələrlə Azərbaycanı
müqayisə etmək istəmirəm, ancaq statistika
vardır, göstəricilər vardır. MDB
məkanında ən sürətlə inkişaf edən
ölkə Azərbaycandır. Bütün
bölgədə iqtisadi tənəzzül, sənaye
istehsalının tənəzzülü hökm sürür,
Azərbaycanda isə artım vardır. Dünya
İqtisadi Forumu - dünyanın mötəbər beynəlxalq
təşkilatı Azərbaycanı rəqabət qabiliyyətliliyinə
görə 51-ci yerə layiq gördü və bu, MDB məkanında
birinci yerdir".
Xüsusi
vurğulamaq lazımdır ki, qeyri-neft sektorunun dinamik
inkişafı sahəsində əldə olunan nəticələr
uğurlu təməlini həm də regionların
sosial-iqtisadi inkişafı sahəsində həyata
keçirilmiş tədbirlərdən götürür. İnkişaf
etmiş dövlətlərin təcrübəsi də
göstərir ki, iqtisadiyyatın sabit tempini qorumaq
üçün regional inkişafda tarazlılığın,
tarixi məşğulluq ənənələrinin qorunub
saxlanılması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin
son 6 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə
xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə
yönəlmiş dövlət proqramlarının, fərman
və sərəncamların imzalanması məhz bu
reallığa əsaslanmışdır. 2004-cü il 11 fevral tarixdə imzalanmış Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2004-2008-ci illər) bu baxımdan
xüsusi əhəmiyyət daşımışdır.
Dövlət proqramı regional inkişafdakı kəskin fərqin
aradan qaldırılması, yerlərdə sosial-infrastruktur
layihələrinin həyata keçirilməsi,
sahibkarlığın inkişafı baxımından vacib, əlahiddə
əhəmiyyətli sənəd olmuş, bu təkmil
konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələri
keçirilmişdir.
Dövlət
proqramının əsas qayəsi regionlarda sahibkarlığın
inkişafını sürətləndirmək və
oradakı əmək ehtiyatlarından, təbii iqtisadi
resurslardan kifayət qədər səmərəli istifadə
etməklə iqtisadiyyatın tarazlı və davamlı
inkişafına, infrastrukturun müasirləşdirilməsinə,
əhalinin məşğulluğunun artırılmasına,
yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan
ibarət olmuşdur. Proqram əsasında Azərbaycan hökuməti
2004-2008-ci illər ərzində regionlarda kənd təsərrüfatının,
qeyri-neft sektorunun inkişafına yardım göstərmiş,
o cümlədən emal müəssisələrinin yaradılmasını,
xidmət və digər infrastruktur obyektlərinin, turizmin
inkişafını və bütün bunların fonunda
çoxlu sayda yeni iş yerlərinin
açılmasını təmin etmişdir. Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı insan amilinə
xidmət etməklə yeni sosial-infrastruktur obyektlərinin - təhsil,
mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin
tikintisini, yeni yolların çəkilişini və əsaslı
bərpasını nəzərdə tutmuşdur. Proqramda əksini tapmış bu tədbirlər insan
amilinin yüksəlişinə, mədəni-intellektual
potensialın güclənməsinə, mənəvi-əxlaqi
dəyərlərin daha möhkəm əsasda təşəkkül
tapmasına zəmin yaratmışdır.
Azərbaycan
Prezidenti İlham Əliyev 2004-2008-ci illərdə
respublikanın əksər rayonlarına, o cümlədən
Bakı kəndlərinə səfərlər etmiş,
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı çərçivəsində görülən
işlərlə maraqlanmış, tapşırıq və
tövsiyələrini vermişdir. Eyni zamanda,
Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran,
Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi
rayonlarına daxil olan şəhər və rayonların
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə olaraq 17 sərəncam imzalamışdır.
Cənab İlham Əliyev beş ildə respublika
regionlarının bütün rayonlarına 127 səfər
etmiş, o cümlədən 6 dəfə Naxçıvan
Muxtar Respublikasında olmuş, yerlərdə görülən
işlərlə, xalqın həyat səviyyəsi ilə
maraqlanmış, tapşırıq və tövsiyələrini
vermiş, ölkənin abadlaşması və inkişafı
üçün əhəmiyyətli olan 500-dək müəssisə
və obyektin təməlqoyma və açılış mərasimlərində
iştirak etmişdir.
Dövlət
proqramının uğurlu icrası nəticəsində
ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində
yüksək artım əldə edilmiş, sosial-iqtisadi
inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin
həyata keçirilməsi əhalinin həyat səviyyəsinin
yüksəlməsində mühüm rol
oynamışdır. 2004-2009-cu illər ərzində ümumi daxili məhsul
istehsalının həcmi 2,8 dəfə
artaraq onun adambaşına düşən həcmi 2009-cu ildə
4874,1 ABŞ dollarına çatmışdır. Eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyini
təmin edə biləcək valyuta ehtiyatları
formalaşdırılmışdır. Azərbaycanın
valyuta ehtiyatları 2003-cu ildə 3 milyard dollar artaraq 20 milyard
ABŞ dollarını ötmüşdür. Bu göstərici ölkənin xarici dövlət
borcunu 6 dəfə üstələyir.
Regional
inkişafa kompleks məsələ kimi yanaşan dövlət
başçısı İlham Əliyev regionların
sosial-iqtisadi inkişafı Dövlət proqramında nəzərdə
tutulmamış bir sıra məqsədlərin gerçəkləşdirilməsi
üçün 2009-2013-cü illəri əhatə edən
analoji proqramın hazırlanmasını da diqqət mərkəzində
saxlamışdır. Dövlət başçısı belə
bir sənədin hazırlanması barədə hələ
2007-ci ildə - regionların sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramının imzalanmasının
dördüncü ilinə həsr olunmuş müşavirədə
məlumat vermişdir. Dövlət
başçısı xüsusi vurğulamışdır ki,
qarşıda duran vacib vəzifələrdən biri də məhz
Azərbaycanın regionlarında formalaşdırılan
infrastrukturun Avropa Birliyi meyarlarına
çatdırılmasıdır: "Regionların
inkişafına dair ikinci proqramın nəticəsi bu
olmalıdır ki, Azərbaycanda bütün infrastruktur
dünya səviyyəsinə çatsın və Avropa
Birliyinin meyarlarına bərabər olsun. Bu,
bütövlükdə bizim siyasətimizin əsasıdır.
Avropa Birliyi ilə qonşuluq siyasətinə başlayanda, məhz
bu məqsədi qarşımıza qoymuşduq ki, beş il ərzində Azərbaycanda
mümkün olan bütün meyarlar Avropa Birliyinin
meyarlarına uyğunlaşdırılsın. İstər
siyasi məsələlər, siyasi sistem, istərsə də
iqtisadi, regional, infrastruktur baxımından. Avropa Birliyinin təcrübəsi çox müsbətdir
və əlbəttə, əgər biz növbəti illərdə
buna nail olsaq, demək olar ki, qarşımıza qoyduğumuz əsas
məsələləri həll etmiş olarıq. Ona görə çox vacibdir ki, növbəti
proqramda məhz bu meyarlar əsas götürülsün və
proqramın icrası üçün lazımi tədbirlər
görüləcəkdir".
Dövlət
başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın əsas məqsədi isə
bu sahədə həyata keçirilən siyasətin
davamı olaraq ölkədə qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Dövlət proqramında müəyyən edilmiş məqsədlərə
nail olmaq üçün qarşıdakı illərdə
ölkənin təbii və əmək potensialından səmərəli
istifadə etməklə qeyri-neft sektorunun sürətli
inkişafının təmin edilməsi; infrastruktur təminatının
yaxşılaşdırılması istiqamətində tədbirlərin
davam etdirilməsi; sahibkarlıq mühitinin
yaxşılaşdırılması ilə bağlı məqsədyönlü
tədbirlərin həyata keçirilməsi və
sahibkarlığın inkişafının daha da sürətləndirilməsi;
iqtisadiyyatın inkişafına investisiyaların cəlb
olunması işinin davam etdirilməsi; ixracyönümlü məhsul
istehsalının stimullaşdırılması; müasir
tipli infrastruktur obyektlərinin yaradılması, mövcud
obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması;
əhalinin kommunal xidmətlərlə təminatının
yaxşılaşdırılması; əhalinin məşğulluq
səviyyəsinin artırılması istiqamətində tədbirlərin
davam etdirilməsi; yoxsulluğun səviyyəsinin
azaldılması nəzərdə tutulur.
Dövlət
proqramında müəyyənləşdirilmiş məqsədlərin
gerçəkləşdirilməsi baxımından ölkədə
makroiqtisadi sabitliyin qorunub saxlanılması vacib əhəmiyyət
kəsb edir.
Qarşıdakı illərdə bütövlükdə
iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı
sahələrin inkişafının başlıca şərtlərindən
biri olan orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin
məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin
optimal həddə müəyyənləşdirilməsi, kənd
təsərrüfatı məhsulları
istehsalçılarına tətbiq edilən güzəştlərin
müddətinin artırılması, yeni iş yerlərinin
yaradılmasının stimullaşdırılması,
gömrük dərəcələrinin optimal səviyyədə
saxlanılması, xarici borcların səmərəli idarə
olunması siyasəti davam etdiriləcəkdir. Valyuta
gəlirlərinin artırılması, inflyasiya risklərinin
azaldılması, büdcə-vergi siyasətinin
koordinasiyasının gücləndirilməsi, dövlət xərclərinin
artımının nəzarətdə saxlanılması və
digər tədbirlər hesabına makroiqtisadi vəziyyətə,
habelə qeyri-neft sektorunun inkişafına mənfi təsirlərin
qarşısının alınması növbəti illərdə
də iqtisadi siyasətin başlıca istiqamətləri hesab
olunur.
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"
regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən
qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının
qeyri-neft sektorunun tərəqqisi hesabına aradan
qaldırılması üçün kompleks tədbirlər
müəyyənləşdirməklə yanaşı, iş
adamlarının fəaliyyəti üçün də
yaxşı imkanlar açmışdır. Proqramda özəl
sektorun dəstəklənməsi ilə bağlı nəzərdə
tutulan kompleks tədbirlər təsdiqləyir ki, zəngin
iqtisadi biliklərə malik olan, dünyada baş verən
iqtisadi prosesləri dərindən bilən Prezident İlham Əliyev
ölkənin sosial-iqtisadi tərəqqisində
sahibkarların rolunu düzgün dəyərləndirir və
onlara hərtərəfli dəstəyini əsirgəmir.
Əlverişli
biznes və investisiya mühiti yaratmaqla daxili və xarici
investisiyalar cəlb etmək, qeyri-neft sektorunun inkişafına
nail olmaq yeni mərhələdə də həyata
keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindəndir. Vergi yükünün
azaldılması və vergi prosedurlarının
asanlaşdırılması məqsədilə fərdi
sahibkarlara tətbiq edilən gəlir vergisi 2009-cu il
yanvarın 1-dən 35 faizdən 20, müəssisələrin
mənfəət vergisi 22 faizdən 20, fiziki şəxslərdən
tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə
endirilmiş, sadələşdirilmiş vergi ödəyicisi
hüququ əldə etmək məqsədləri
üçün hüquqi şəxslərin vergi tutulan əməliyyatlarının
illik həcmi 90 min manatdan 150 min manatadək
artırılmış, ƏDV və aksizlər üzrə
elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmışdır.
Dövlət
başçısının müvafiq sərəncamlarına
əsasən, sahibkarlıq subyektlərinin dövlət
qeydiyyatı və Azərbaycan Respublikası dövlət sərhədinin
buraxılış məntəqələrindən
keçirilən malların və nəqliyyat vasitələrinin
yoxlanılması "bir pəncərə" prinsipinə
uyğun təşkil edilmişdir. Özəl
sektorun inkişafının sürətləndirilməsi, bu
sahəyə maliyyə dəstəyinin daha da gücləndirilməsi
məqsədilə dövlət vəsaitləri hesabına
sahibkarların investisiya layihələrinin güzəştli
qaydada kreditləşdirilməsinin daha effektiv mexanizmi
formalaşdırılmışdır. Təsadüfi
deyildir ki, 2009-cu ildə sahibkarlara 130 milyon manat güzəştli
kreditlər verilmiş, güzəştli kreditlərdən
yararlanan iş adamlarının sayı 2100-ü
ötmüşdür. 2009-cu ildə sahibkarlara verilmiş
güzəştli kreditlərin məbləği 2008-ci ilin
analoji göstəricisindən 1,5 dəfə
çoxdur. Güzəştli kreditlərlə təmin
olunmuş sahibkarlıq subyektlərinin 99,2
faizinin regionlarda yerləşməsi də bölgələrin
inkişafına xidmət edən kompleks siyasətin əyani təzahürüdür.
Dövlət
başçısı Nazirlər Kabinetinin son iclasında
sahibkarlığa kömək baxımından daxili bazarın
qorunması vacibliyini də xüsusi diqqətə çəkmişdir:
"Biz daxili bazarımızı daha da ciddi qorumalıyıq.
Bunun müxtəlif yolları vardır. Əlbəttə ki, ən əsası idxalı əvəzləyən
məhsulların istehsalını artırmaqdır. Bu məqsədlə həm Dövlət
İnvestisiya Şirkətinin, eyni zamanda, Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə ayrılan kredit məbləğləri
öz rolunu oynayır. Keçən il
sahibkarlığa güzəştli şərtlərlə
130 milyon manat vəsait verilmişdir. Dövlət
İnvestisiya Şirkəti isə xarici şirkətlərlə
bərabər, ölkəmiz üçün bir sıra
önəmli layihənin icrasına başlamışdır.
Yəni, bütün bu kredit resursları daxili
bazarın qorunmasına, ilk növbədə, daxili
istehsalı artırmağa, digər tərəfdən, Azərbaycanda
istehsal olunan malların istehlakçılara məqbul qiymətlərlə
çatdırılmasına da xidmət göstərir. Əlbəttə ki, bizim mallarla rəqabət aparmaq
gücündə olan xarici malların gətirilməsinə
yenidən baxmalıyıq".
Müasir
dövrdə hər bir ölkənin sabit və davamlı
iqtisadi inkişafında sənaye potensialının rolu
böyükdür. Azərbaycan hazırda öz
inkişafının elə yüksək mərhələsindədir
ki, qazanılan makroiqtisadi nailiyyətlər, ilk növbədə,
bu sahəyə diqqətin artırılmasını aktual məsələ
kimi gündəmə gətirir. Yalnız
sənayenin inkişaf etdirilməsi yolu ilə gələcəkdə
neft hasilatının aşağı düşməsi təqdirdə
Azərbaycanın üzləşə biləcəyi maddi
itkiləri kompensasiya etmək mümkündür. Azərbaycan Prezidenti İlham Əliyev bu sahədə
həyata keçirilən dövlət siyasətini vahid mərkəzdən
tənzimləmək, respublikanın investisiya cəlbediciliyinin
daha da artırılmasını təmin etmək məqsədilə
2006-cı ildə Dövlət İnvestisiya Şirkətinin
yaradılmasına qərar vermişdir. Şirkətin
başlıca vəzifəsi ölkə iqtisadiyyatına
investisiyaların təşviqini təmin etmək, bu sahədə
mövcud problemlərin aradan qaldırılmasına
çalışmaqdır. Şirkət
eyni zamanda, xarici sərmayədarlarla birgə layihələr həyata
keçirməklə, onlarda inam və etimadın güclənməsini
təmin etməlidir.
Sənaye
potensialının gücləndirilməsi dedikdə, söhbət
əsla keçmiş İttifaq dövründə olduğu
kimi, dövlətin nəzarətində olan strateji müəssisələrin
yaradılmasından getmir. Prezident İlham Əliyev
dövlətin bu sahədəki siyasətini, sadəcə,
sahibkarlığa kömək tədbirlərinin davamı
hesab edir və perspektivli, iqtisadi nöqteyi-nəzərdən
səmərəli sənaye kompleksinin formalaşmasına
çalışır. Cənab İlham Əliyev
hesab edir ki, hökumət öz tərəfindən bu cür
müəssisələrin normal fəaliyyətinə, habelə
xarici sərmayədarlarla birgə qlobal layihələr həyata
keçirməsinə etibarlı təminat mexanizmləri yarada
bilər. Burada söhbət həm də
sahibkarlıq fəaliyyətinin daha da
stimullaşdırılması baxımından ölkəmizdə
həyata keçirilən səmərəli tədbirlərdən
gedir.
Azərbaycanın
dövlət büdcəsi gəlirlərinin artımı,
ölkənin hərtərəfli inkişafı təbii
olaraq insan amilinin inkişafı baxımından infrastruktur
layihələrinə də xüsusi diqqət
ayırmağı zəruri edir. Dövlət
başçısı İlham Əliyev məhz bu
reallıqdan çıxış edərək hər bir vətəndaşın
rahat, firavan yaşayışı üçün dövlət
büdcəsindən lazımi vəsaitin ayrılmasını
təmin edir. "Mən istəyirəm
ki, hər bir vətəndaşın evində işıq,
qaz, su olsun, insanlar daha firavan, rahat yaşasınlar" - deyən
dövlət başçısı bu istiqamətdə
ardıcıl tədbirlər həyata keçirir.
Regionların sosial-iqtisadi inkişafı tədbirləri
çərçivəsində Bakıya
İsmayıllı-Oğuz bölgəsindən su kəmərinin,
Xınalığa yolun çəkilişi, Lerik kimi ucqar
rayonun təbii qazla təminatı, Bakıda müasir
körpülərin salınması, yol şəbəkəsinin
müasirləşdirilməsi və digər tədbirlər məhz
Azərbaycan insanının mənafeyinə xidmət edir.
Müasir
dövrdə hər bir dövlətin iqtisadiyyatının
davamlı inkişafının mühüm və həlledici
şərtlərindən biri də investisiya qoyuluşunun həcmi
və keyfiyyətidir. Qürur doğuran haldır ki, bu gün
Azərbaycan investisiya cəlbediciliyinə görə
dünyanın öndə olan dövlətlərindəndir.
2009-cu ildə Azərbaycan iqtisadiyyatına 9,2
milyard dollar investisiya qoyulmuşdur və bunun da 7,3 milyardı
daxili sərmayədir. Bütün dünyada
maliyyə resurslarının məhdudlaşdığı,
sahibkarların investisiya qoyuluşlarına son dərəcə
ehtiyatlı yanaşdığı bir şəraitdə bu,
kifayət qədər qənaətbəxş göstərici
sayıla bilər.
2009-cu ildə ümumi dəyəri
350 milyon avroya yaxın olan "Qaradağsement" Səhmdar Cəmiyyətinin
müasir texnologiyalar əsasında yenidən qurulması layihəsi
reallaşmış, "Sumqayıt texnopark"ın müəyyən
hissəsi istifadəyə verilmiş, məişət
tullantıları emalı zavodunun təməli qoyulmuşdur.
2010-cu ilin dövlət büdcəsində dövlət əsaslı
kapital qoyuluşları üçün 3,6
milyard manatdan çox vəsaitin nəzərdə tutulması
da kifayət qədər çətin bir mərhələdə
büdcənin investisiya yönümlüyünün qorunub
saxlanıldığını deməyə əsas verir. Bu il Oğuz-Qəbələ-Bakı su kəməri,
Taxtakörpü su anbarı, Samur-Abşeron su kanalı, Şəmkirçay
su anbarı kimi qlobal layihələrin
reallaşdırılması xüsusi diqqət mərkəzində
olacaqdır.
Yanvarın son
günlərində İsveçrənin Davos şəhərində
təşkil olunmuş Ümumdünya İqtisadi Forumu (Davos
forumu) da Azərbaycanın investisiya cəlbediciliyini bir daha təsdiqləmişdir. Davos forumu bir
sıra uğurlu nəticələrlə yadda qalmaqla
yanaşı, dünyanın əsas iqtisadi güc mərkəzlərinin
və fövqəl şirkətlərinin Azərbaycanla əməkdaşlığa
böyük marağını aşkara
çıxarmış, respublikamızın zəngin
potensialının bütövlükdə dünya
miqyasında yüksək dəyərləndirildiyini təsdiqləmişdir.
Prezident İlham Əliyevin mühüm geoiqtisadi əhəmiyyət
kəsb edən bu toplantıya hər il dəvət
alması da respublikamıza artan marağın əyani təzahürü
kimi diqqəti çəkir. Toplantı çərçivəsində
müxtəlif səviyyəli görüşlər
keçirən dövlət başçısı İlham Əliyev
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar,
respublikamızın regionda yeri və rolu, eləcə də əlverişli
sərmayə və biznes mühiti barədə ətraflı
məlumat vermişdir.
Forumda
iştirak edən dövlət başçıları,
dünyanın aparıcı şirkətlərinin rəhbərləri
və digər rəsmi şəxslər Prezident İlham Əliyevlə
görüşərək Azərbaycanda gedən iqtisadi
inkişaf prosesləri ilə maraqlanmış, gələcək
perspektivlər barədə fikir mübadiləsi etmişlər. Bu müzakirələrdə
dünyanın aparıcı şirkətlərinin Azərbaycanla
əlaqələrinin genişləndirilməsi, xüsusən
də, qeyri-neft sektorunda əməkdaşlıq perspektivləri
əsas mövzu olmuşdur. Davos forumunun Azərbaycanı
rəqabət qabiliyyətliliyinə görə dünyada
51-ci, MDB-də 1-ci yerə layiq görməsi də
respublikamızın iqtisadi potensialının beynəlxalq
miqyasda yüksək dəyərləndirildiyini göstərir.
Ümumiyyətlə,
Nazirlər Kabinetinin son iclası göstərir ki, hökumət
regionların sosial-iqtisadi inkişafı sahəsində indiyədək
həyata keçirilən tədbirlərlə kifayətlənmir,
bölgələrin sosial-iqtisadi inkişafına
hesablanmış yeni-yeni layihələr həyata keçirir. Bütün
bunlar isə yaxın illərdə respublikanın paytaxtı
ilə regionlarının inkişafı arasındakı fərqin
tamamilə azalmasına, bölgələrdə ən
müasir standartlara cavab verən infrastrukturun
yaradılmasına, ölkə vətəndaşlarının
firavan həyat tərzinin təmin olunacağına, eləcə
də mədəni-intellektual intibaha əlverişli zəmin
yaradır.
Qüdrət KƏRİMOV,
"Xəzər" Səhmdar Cəmiyyətinin sədri,
iqtisad elmləri doktoru
Azərbaycan.-
2010.-11 fevral.- S. 5.