Elm, ideologiya və dövlətçilik şüuru

 

Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq.

 

İlham Əliyev

 

İqtisadiyyat, elm və ideologiya

 

Qloballaşma və inteqrasiya şəraitində Azərbaycanın yeritdiyi iqtisadi siyasət keçid dövrünü yenicə başa vuran müstəqil dövlətin qabaqcıl dünya ölkələri sırasına çıxmasına xidmət edir. Bu məqsədlə ölkəmizdə yaxın və uzaq gələcək üçün fəaliyyət proqramları işlənib-hazırlanır. Ölkənin həm regional inkişafı, həm də dünya iqtisadiyyatının subyektindən biri kimi fəaliyyət strategiyası vahid konseptual baxış mövqeyindən həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə reallaşdırılan bu proqramlar Azərbaycanın istər qonşu dövlətlərlə, istərsə də qabaqcıl Avropa dövlətləri və ABŞ-la iqtisadi əlaqələrini əhatə edir. Son illərdə ölkəmizin iqtisadi əlaqələrinin coğrafiyası daha da genişləndirilmişdir. Lakin bütün bu çoxşaxəli əlaqələr sisteminin vahid bir prinsipi vardır. Bu da ondan ibarətdir ki, hər hansı ikitərəfli və çoxtərəfli iqtisadi münasibətin qurulmasında, ilk növbədə, ölkəmizin milli maraqları rəhbər tutulur. Belə genişmiqyaslı iqtisadi siyasət və bu sahədəki fəaliyyət proqramı Azərbaycanın təsərrüfat sisteminin özəlliklərini nəzərə almaqla bərabər, onun dünya iqtisadiyyatına inteqrasiya olunması üçün də lazım olan bütün parametrləri ehtiva edir.

Qloballaşma şəraitində milli özünəməxsusluğun qorunub saxlanması, habelə milli-mənəvi dəyərlərə sədaqətlə yanaşı, ümumbəşəri dəyərlərin, azad iqtisadi münasibətlər sisteminin, beynəlxalq hüquq normalarının və s. inkişaf etdirilməsi, - bütün bunlar Azərbaycanın ictimai-siyasi simasını, onun özünəməxsus beynəlxalq imicini formalaşdırmışdır.

Keçmişdə hər hansı bir dövlət öz siyasi iradəsini başqa ərazilərdə də tətbiq etmək üçün əvvəlcə həmin əraziləri müharibə yolu ilə işğal etməli idi. Təsadüfi deyildir ki, ənənəvi təsəvvürlərə görə dövlətin əsas atributlarından biri də suverenlik, sərhəd və ordu hesab olunur. Bu təsəvvürə görə, müəyyən bir ərazidə müəyyən hüquq normalarını tətbiq etmək, sosial-iqtisadi həyatı dövlətin siyasi iradəsini ifadə edən normalarla tənzimləmək üçün, ilk növbədə, sərhəd toxunulmazlığı təmin olunmalıdır.

Lakin zaman keçdikcə sərhəd öz mənasını dəyişir. Sərhədin qorunması müasir anlamda heç də o demək deyildir ki, buradan bir quş da keçə bilməz. Əksinə, müasir dövrdə gediş-gəliş xeyli artmışdır. Böyük şəhərlərdə bəzən xaricilər yerli vətəndaşlardan daha çox gözə dəyir. Əsas məsələ odur ki, həmin ölkədəki qanunlara, hüquq normalarına əməl olunsun.

Müasir dövrdə dünyada hadisələrin inkişafı vahid iqtisadi münasibətlər sisteminin, ortaq ümumdünya bazarının yaradılması istiqamətində gedir. Düzdür, inkişaf etmiş ölkələr öz üstün mövqelərinə istinad edərək, özlərinin daxil olduqları ümumi iqtisadi məkanın (məsələn, Avropa Birliyi) qapılarını nisbətən aşağı səviyyədə olan ölkələr üçün taybatay açmır və bu da təbiidir. Nə qədər ümumbəşəri mənafedən, vahid sosial ideallardan söhbət getsə də, hələ milli dövlət mənafeləri saxlanılır və yalnız eyni tərtibli ölkələrin inteqrasiyasından söhbət gedə bilər. Və bu inteqrasiyaya qoşulmaq üçün əvvəlcə həmin ölkələrin keçmiş olduğu inkişaf mərhələlərini keçmək, onların çıxdığı sınaqlardan çıxmaq lazımdır.

İstəsək də, istəməsək də müasir sivilizasiyaya qovuşmaq üçün inkişaf etmiş Qərb ölkələrinin keçdiyi yolu biz də keçməli olacağıq. Lakin bizim əlimizdə bu ölkələrin keçdiyi yolların xəritəsi var və biz tarixin ibrət dərslərini nəzərə alsaq, ilk yol açanların bütün səhvlərini təkrar etmərik. Bunun üçün, əlbəttə, tarixi də, iqtisadiyyatı da, müasir dünyanın inkişaf meyillərini də gözəl bilmək tələb olunur. Belə çətin bir zamanda həm dünya iqtisadiyyatına inteqrasiya olunmaq, həm də milli-mənəvi dəyərləri qoruyub saxlamaq üçün düzgün inkişaf strategiyası və yaxşı ölçülüb-biçilmiş mükəmməl siyasi proqram tələb olunur. Belə proqramlar isə möhkəm elmi təmələ malik olmalıdır. Bunun üçün də ictimai elmlərin yüksək dərəcədə inkişaf etdirilməsinə ehtiyac var. Akademik Ramiz Mehdiyev yazır: "Sürətli sosial-iqtisadi inkişaf ictimai elmlər qarşısında yeni vəzifələr irəli sürür, ictimai elmlər üzrə çalışan alimlərin məsuliyyətini nəzərəçarpacaq dərəcədə artırır, bu sahədə verilən bütün səmərəli fikir və təkliflərə tam ciddiyyətlə, özünütənqid ruhunda yanaşaraq, onları diqqətə almağı və lazımınca qiymətləndirməyi tələb edir. ...İctimai elmlərin cəmiyyətimizdəki mövqeyini, bütövlükdə, bu elmlərin mövcud vəziyyətini ölkəmizin indiki inkişaf mərhələsinin irəli sürdüyü tələblər baxımından qənaətbəxş hesab etmək olmaz. Onun nüfuzunun yüksək olmamasının səbəbləri nədir? Bizim fikrimizcə, başlıca səbəb ictimai biliklərin insanların artan tələbatından, həmçinin cəmiyyətin həyatında baş verən hadisələrin analitik təhlilindən geri qalmasıdır."

Belə bir cəhət də nəzərə alınmalıdır ki, qloballaşma şəraitində dünya iqtisadiyyatının və beynəlxalq miqyaslı ictimai-iqtisadi proseslərin daha dərindən öyrənilməsinə ehtiyac var. Çünki kim ki, bilmədiyi, yəni, özü üçün qaranlıq olan bir sahəyə daxil olur, o ancaq itirə bilər. Yeganə işıqlandırıcı vasitə isə elmdir. Müasir dövrdə baş verən dünya iqtisadi böhranının da elmi təhlil süzgəcindən keçirilməsi vacibdir. Düzdür, biz bu böhrandan ən az zərər çəkən ölkələr sırasındayıq, amma proseslər hələ davam edir və biz hər şeyə hazır olmalıyıq.

Vahid dünya bazarının olması, açıq iqtisadi siyasət ilk baxışda daha çox geri qalmış ölkələr üçün əlverişli görünsə də, əslində, inkişaf etmiş ölkələrin də buna böyük ehtiyacı var. Daha doğrusu, ictimai, elmi-texniki inkişaf prosesinin özü bunu tələb edir. Belə ki, külli miqdarda investisiya hesabına artıq kütləvi istehsalda qərarlaşmış texniki və texnoloji sistemlərin tez-tez dəyişdirilməsi sahibkarlara böyük ziyan verə bildiyindən, kapital dünyası intensiv elmi-texniki tərəqqinin, texnologiyaların tez-tez modernləşdirilməsinin əleyhinə çıxa bilərdi. Cari mənafe ilə perspektiv texniki tərəqqi arasındakı ziddiyyət ümumən ictimai inkişaf üçün əngəl törədə bilərdi. Lakin geri qalmış ölkələrin "qapılarının açıq olması" nisbətən köhnəlmiş texnikanı həmin bazarlarda xırıd etməyə və öz ölkələrində ən müasir texnoloji sistemləri tətbiq etməyə imkan yaradır.

Buna görə də inkişaf etmiş ölkə heç vaxt bütün ölkələrin texniki inkişaf səviyyələrinin bərabərləşməsini istəməz. Ən qabaqcıl ölkələrin özlərindən bir az geri qalan ölkələrə, onların da öz növbəsində daha çox geri qalan ölkələrə ehtiyacı var.

Hər dəfə daha yüksək elm tutumlu müasir texnika icad olunduqdan sonra, istifadədən çıxarılan əvvəlki texnika "mənəvi cəhətdən köhnəlmiş" (yəni, özü təzə olsa da, əsasında dayanan ideya köhnəlibdir) sayılır və onlar nisbətən aşağı səviyyəli ölkələrə ixrac olunur.

Bu iyerarxiya - ölkələrin texnoloji qradasiyası və çoxpilləli düzülüşü hərbi texnika timsalında özünü daha qabarıq göstərir. Əvvəla, elmi-texniki potensial daha çox dərəcədə hərbi-sənaye kompleksinə deyil, humanitar yönlü iqtisadiyyata, bütövlükdə, cəmiyyətin tərəqqisinə xidmət etməlidir. İşdə isə məhz hərbi sənaye elmi-texniki inkişafın əsas tətbiq sahəsinə çevrilir. Çox vaxt beynəlxalq siyasət də iqtisadi mənafeyə tabe etdirilir. Böyük dövlətlərin (məs., ABŞ və Rusiya) öz aralarındakı rəqabət hərbi texnikanın daim təkmilləşdirilməsini tələb etdiyindən, "mənəvi cəhətdən köhnəlmiş" hərbi texnikanın satılması üçün bazara həmişə ehtiyac olur. Ona görə də qabaqcıl dövlətlərin və böyük hərbi sənaye şirkətlərinin mənafeyi nisbətən geri qalmış ölkələrdə müharibə və münaqişə şəraitinin saxlanmasını tələb edir.

XX əsrin son rübündə kompüterləşmənin sürətli inkişafı və onun iqtisadiyyatın, ictimai həyatın bütün sahələrinə nüfuz etməsi, xüsusən, internet şəbəkəsinin geniş yayılması qloballaşma üçün texnoloji bazis hazırlamışdır. Bu sahədə üstün texniki inkişaf səviyyəsində olan dövlətlər öz yüksək ixtisaslı mütəxəssislərinin köməyi ilə dünyada gedən proseslərə daha operativ və effektli təsir etmək imkanı qazanırlar.

İndi elektron poçtu və internet nəinki kommunikasiyanın ən səmərəli və sürətli vasitələrinə çevrilmişdir, nəinki beynəlxalq iqtisadi əlaqələrin gediş-gəlişsiz, qat-qat operativ olan üsullarını yaratmışdır, həm də millətlərin mədəni-mənəvi inkişaf istiqamətlərinə təsir göstərmək imkanı əldə etmişdir. Bu sonuncu amil, yəni, internetin maarifləndirmək funksiyası ilə yanaşı, həm də ideoloji və mədəni-mənəvi təsir funksiyaları qloballaşma prosesində çox önəmli yer tutur.

Müasir dövrdə ən aktual problemlərdən biri milli özünütəsdiq və qloballaşma arasındakı optimal nisbətin tapılmasıdır. Qloballaşma prosesi elm, texnika, texnologiya ilə - ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliyi təsbit edən mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd göstərir. İstər düşünülmüş şəkildə, istərsə də qərəzsiz olaraq - fərqi yoxdur. Belə bir şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğunu, məhz hansı məsələlərdə məqsədyönlü surətdə ənənəçi, konservator olmağın labüdlüyünü müəyyənləşdirmək çox vacibdir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev də bu məsələyə xüsusi diqqət yetirir: "Bir daha demək istəyirəm ki, dünyanın ən mütərəqqi təcrübəsi öyrənilməlidir, eyni zamanda, Azərbaycan gəncləri milli ruhda tərbiyə olunmalıdır. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq. Ancaq öz milli dəyərlərimizi, ənənələrimizi qoruya bilmişik, saxlaya bilmişik. Öz ana dilimizi saxlaya bilmişik. Nəyin hesabına?! Ona görə ki, Azərbaycan xalqında milli ruh həmişə çox yüksək səviyyədə olmuşdur". Digər tərəfdən, müasir dövrdə yüksək milli ruhun həm də yüksək analitik təfəkkürlə birləşməsi tələb olunur.

Bizcə, ilk növbədə, meyarlar müəyyənləşməlidir. İdeal halda biz özümüzü necə təsəvvür edirik və ya bizim milli-mənəvi idealımız nədən ibarətdir? İndi biz hansı real durumdayıq və daşıdığımız hansı keyfiyyətləri məhz milli səciyyə kimi qiymətləndirmək olar? Keçmişə də məhz bu real durum və milli ideal prizmasından, onun əsasında formalaşan meyarlar kompleksindən çıxış edərək yanaşmaq lazımdır. "Soykökə qayıdış" çağırışında qorxulu olan məqam bundan ibarətdir ki, biz keçmişimizdə olan istənilən keyfiyyəti milli invariant və pozitiv cəhət kimi qəbul edə bilmərik. Həqiqi milli keyfiyyətlər milləti yaşadan, onu inkişaf etdirən keyfiyyətlərdir. Bu baxımdan, keçmişimizdən qalan, lakin tərəqqiyə deyil, tənəzzülə xidmət edən cəhətləri qoruyub-saxlamaqdansa, onlardan xilas olmaq yolu tutulmalıdır.

Qloballaşma ilə öz inkişafının erkən mərhələsində üzləşməli olan, müasir cəmiyyətə hələ təzəcə qədəm qoymuş olan ölkələrdə bu prosesin ideologiyası yerli mütəxəssislərin, filosofların iştirakı ilə hazırlanmalıdır. Bəzən Qərb siyasətçiləri keçid dövründə olan və ya bu dövrü yenicə başa vuran ölkələrin spesifik xüsusiyyətlərini nəzərə almır və bu ölkələri Qərb standartlarına uyğunlaşdırmaq siyasəti yürüdürlər. Nəticədə milli ideologiyasızlaşdırma tərəfdarı olan Qərb dövlətləri guya özləri də bilmədən, bizə yeni ideologiya təlqin etmiş olurlar və ya bunun fərqinə varmırlar. Belə ki, inkişaf etmiş Qərb ölkələrində formalaşmış siyasi və hüquqi meyarlar və dəyərlər sistemi həmin ölkələrdə mövcud ictimai reallığın ifadəsi olduğu halda, bizə təlqin olunarkən məhz yeni ideologiya rolunu oynayır. Həm də, heç olmasa, nəzəri səviyyədə müzakirə olunmadan artıq konkret tətbiqi formalara salınmış bir şəkildə.

Bu baxımdan, qloballaşma deyilən proses əslində, həm də Qərb standartlarının ideologiyaya çevrilməsi prosesidir. Qərbdə cəmiyyətin real durumuna və insanların şüur səviyyəsinə uyğun gələn təşkilati formalar və hüquqi sistemlər hələ müvafiq inkişaf səviyyəsinə çatmamış ölkələr üçün doğma görünə bilməz. Bu, əslində, cəmiyyətin ondan kənarda formalaşmış modellərə uyğunlaşdırılması, yad qəliblərə salınması prosesindən başqa bir şey deyildir.

İndi Azərbaycanda nə kimi ideoloji proseslər gedir? Qərbin təklif etdiyi hüquq sistemi və ictimai-siyasi dəyərlər sistemi bizim üçün ideologiyaya çevrilirmi? Əgər bu belədirsə, Qərbin siyasi-hüquqi sisteminin əsasında duran düşüncə tərzi və sosial-siyasi təlimlər Azərbaycanda necə yayılır və kütləvi şüura nə dərəcədə nüfuz edir? Əgər bu belə deyilsə, onda müstəqil surətdə formalaşan milli ideologiya və onun tərkib hissəsi olan milli dövlətçilik konsepsiyası ilə Qərb hüquq sistemi arasında bir ziddiyyət yaranmırmı? Yeni ölkəyə transfer edildikdə bu ziddiyyət daha qabarıq şəkildə üzə çıxmırmı?

Daxili inkişaf meyilləri və xarici təsirlər arasında belə mürəkkəb münasibətlərin olması Azərbaycanın dövlətçilik siyasətində nə dərəcədə nəzərə alınır?

Bütün bu suallara cavab tapılması üçün ictimai elmlər sahəsində köklü dönüş yaradılmalıdır. Akademik Ramiz Mehdiyev də noyabr müşavirəsində və "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" mövzusunda yazdığı analitik məqaləsində cəmiyyətşünas alimlərə məhz bu yenilikləri nəzərə almağı və öz tədqiqatlarını yeni metodoloji əsasda qurmalarını tövsiyə edir. O, öz məqaləsində əsasən, ictimai və humanitar elmlərdən bəhs edir və bu sahələrdəki mövcud vəziyyətin qənaətləndirici olmadığını qeyd edir. Lakin məqaləni diqqətlə oxuduqda burada həm də ümumiyyətlə, humanitar sahədən söhbət getdiyi aydın olur. Məsələn, ədəbiyyatımızdakı vəziyyətlə bağlı fikirləri onun artıq "humanitar elm" çərçivəsindən çıxaraq, vəziyyətə daha geniş planda nəzər saldığını göstərir. Bu geniş planda baxışlara biz akademikin bundan bir qədər əvvəl televiziya kanallarında ideoloji və mənəvi vəziyyətlə bağlı yazdığı "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsində, habelə AzərTAc-ın müxbiri ilə söhbətində (18 dekabr) rast gəlirik. O deyir: "Artıq müasir dünyamız, Azərbaycan da daxil olmaqla, postmodern epoxasını yaşamağa başlayıb. İyirmi ilə yaxındır ki, bu proses get-gedə vüsət almaqdadır. Bizim ictimai və humanitar elmlərimiz də, ədəbi mühitimiz də postmodern epoxasının çağırışlarına cavab verməyə qadir olmalıdır. İş ondadır ki, insanlar və dövlətlər arasında yeni münasibətlər bərqərar olur, dəyərlər sistemi dəyişir, yeni prioritetlər müəyyənləşir, yeni düşüncə mədəniyyəti formalaşır. Biz həmin proseslərdən geri qalmamalıyıq".

Yalnız ilk baxışda belə görünə bilər ki, ictimai elmlərin aktuallaşması ancaq ölkəmizin iqtisadi sahədəki uğurlarının təsbit olunmasına yönəlmiş bir prosesdir. Yəni, əgər biz iqtisadi sahədə keçid mərhələsini başa vurmuşuqsa, deməli, qədəm qoyduğumuz mərhələnin yeni iqtisadi meyarlarının və prinsiplərinin müəyyənləşdirilməsinə ehtiyac yaranmışdır. Azərbaycan iqtisadi modelinin mahiyyətinin açılması, onun elmi-metodoloji prinsiplərinin müəyyənləşdirilməsi, doğrudan da, az əhəmiyyətli məsələ deyildir. Lakin bu problemlər, göründüyü kimi, əsasən, iqtisadi nəzəriyyənin predmetinə daxildir. Bəs onda nəyə görə bütövlükdə, ictimai elmlərdən, hətta ümumən ictimai və humanitar elmlərdən söhbət gedir? Bax, bütün məsələ də burasındadır ki, iqtisadiyyat məqsəd yox, vasitədir və iqtisadiyyatda əldə olunan böyük uğurlar bütövlükdə, cəmiyyətdə keyfiyyət dəyişmələrinə gətirib çıxarır və ya çıxarmalıdır. Bu baxımdan, amerikalı alim V.Follersin "Milli dövlətin antropologiyası" əsərində irəli sürdüyü belə bir fikrini yada salmaq yerinə düşərdi ki, millətin və milli dövlətin ən ciddi problemləri iqtisadiyyatla və ya hətta siyasət və müdafiə sistemi ilə deyil, daha çox dərəcədə qeyri-maddi, mənəvi göstərici

 

rə, xalqın ictimai-siyasi, iqtisadi və milli müdafiə sistemlərində fəal iştirak dərəcəsi milli ləyaqət hissi ilə sıx surətdə bağlıdır və bu hissin formalaşdırılması isə xeyli dərəcədə "biz kimik?" sualına cavabdan asılıdır. Təsadüfi deyildir ki, S.Hantinqton da özünün son əsərlərindən birini "Biz kimik?" adlandırmışdır. Deməli, milli kimlik və mədəni-mənəvi identiklik məsələsi iqtisadi problemlərdən daha aktual hesab olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BDU-nin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iqtisadi uğurlardan danışmaqla bərabər, gənclərin milli-mənəvi tərbiyəsi məsələlərini önə çəkməsi də təsadüfi deyil. Belə ki, Prezident neft kapitalından insan kapitalına keçiddən danışarkən, məhz insanın mənəvi və intellektual keyfiyyətlərinin inkişaf etdirilməsini nəzərdə tutur.

Pul, var-dövlət insan həyatında həlledici ola bilməz. Avropada kapitalın həlledici olduğu dövr arxada qalmışdır. Vaxtilə K.Marksın təhlil etdiyi cəmiyyət artıq çoxdan yoxdur. İndi insan əməyi istehsal prosesində təkcə fiziki iş qüvvəsi ilə deyil, daha çox dərəcədə zehni əmək və onunla vasitələnmiş olan ixtisaslaşmış əmək formaları ilə təmsil olunur. Son əsrdə cəmiyyətin sosial en kəsiyində, habelə iqtisadiyyatın daxili strukturunda baş verən dəyişikliklərin geniş təhlilinə keçmədən, sadəcə olaraq nəzərə çatdırmaq istərdik ki, indi "kapital" amili elm və texnologiya ilə vasitələnmiş, habelə ticarətin və ümumiyyətlə, iqtisadiyyatın idarə olunmasında "bilik" amili tərəfindən getdikcə daha çox sıxışdırılmış, prioritetlər dəyişmişdir. Bu dəyişiklikləri nəzərə almaq üçün inkişaf etmiş ölkələrdə sanki yeni ictimai-iqtisadi formasiya qərarlaşmışdır ki, bunu bəziləri postindustrial cəmiyyət, bəziləri postkapitalizm, bəziləri sosial yönlü kapitalizm, bəziləri "biliyə əsaslanan cəmiyyət" və s. adlandırmışlar. Bu yeni dövrləşdirmə cəhdləri yadıma "sosializm", "sosializmin tam qələbəsi", "inkişaf etmiş sosializm", "yetkin sosializm" haqqında təlimləri salır. Maraqlı burasıdır ki, sosializm və kapitalizm bölgüsü iqtisadi münasibətlər sisteminin xarakterinə aiddir. "Bilik" amilinin iqtisadiyyatda iştirak dərəcəsi isə iqtisadi münasibətlərin sosialist və ya kapitalist formasında olmasını yox, məhsuldar qüvvələrin inkişaf səviyyəsini əks etdirir. Yəni, vertikal oxda bölgü kapitalizm cəmiyyətində də eynən sosializmdəki kimidir. Sadəcə, indi bəzi fərqli terminlər daha çox dəbdədir.

Məşhur Amerika iqtisadçısı Piter Draker yazır: "Bilik istehsalın həlledici amilinə çevrilir və kapitalı da, işçi qüvvəsini də arxa plana sıxışdırır". Bu cəhət daha çox inkişaf etmiş ölkələrə aiddir. Nisbətən aşağı inkişaf səviyyəsində olan ölkələrin də bu mərtəbəyə gəlib çatması üçün əvvəlcə başqa modellər, başqa ideallar tələb olunur. Qloballaşmış dünyada səhnəyə yeni qədəm qoyan ölkələr öz nisbi müstəqilliklərini ancaq yeni tipli elm-təhsil sistemi formalaşdırmaq sayəsində qoruyub saxlaya bilərlər. Əlbəttə, bu problem bütün MDB ölkələrinə və qismən Şərqi Avropa ölkələrinə də aiddir. Lakin təəssüf ki, bu sahədə elmi-nəzəri tədqiqatlar təkcə Azərbaycanda deyil, bütün keçmiş SSRİ məkanında yox dərəcəsindədir. Halbuki məqsəd bu prosesləri öz kortəbii axarına buraxmamaq, onların elmi əsaslarla, daha optimal şəkildə həyata keçməsinə nail olmaqdır.

Biliyin yeni ictimai funksiya kəsb etməsi, cəmiyyətin inkişafında həlledici rol oynaması ancaq elm və təhsil sistemlərinin optimal təşkilati strukturlarının təmin olunması sayəsində mümkündür. Bax, elmin aktuallaşmasının bir səbəbi də budur. Digər tərəfdən də, ictimai elmlərin müasir dövrdə rolu getdikcə artır və indi o, diqqət mərkəzindədir. İstər-istəməz nədən başlamaq məsələsi ortaya çıxır. Bunun üçün isə əvvəlcə belə bir suala cavab verilməlidir ki, ictimai elmlərmi elm sisteminə daxildir, yoxsa elm sistemi ictimai elmlərin predmetinə daxildir?! Qoyulan suallar əslində, bir-birini inkar etmir və biz onların hər ikisinə müsbət cavab vermək niyyətindəyik. Sadəcə olaraq Azərbaycanda indiyədək elm hadisəsinin adekvat dəyərləndirilməsi istiqamətində tədqiqatlar aparılmamışdır.

Müzakirələrin müşahidəsi göstərir ki, əsas diqqət və tənqidi təhlil humanitar və ictimai elmlərə yönəldiyindən dəqiq elm nümayəndələri, texnarlar bundan bəzən sui-istifadə edirlər. Onlar, necə deyərlər, "öz halını qoyub ictimai-humanitar sahələrin halına ağlayırlar".

Bəli, dəyişən cəmiyyətdir, ictimai-iqtisadi münasibətlər sistemidir və deməli, ictimai elmlərin predmeti də dəyişir. Yeniləşən cəmiyyəti tədqiq etmək üçün isə yeni metod və formalar tələb olunur. Bu mənada təbiət elmləri daha stabildir, çünki onun predmeti sabitdir. Amma digər tərəfdən, yeniləşən cəmiyyətdə bütövlükdə, elmin yeri və funksiyası da ona qoyulan tələblərlə bərabər dəyişilir.

İlk baxışda elə görünə bilər ki, akademik Ramiz Mehdiyevin məqaləsində məhz humanitar və ictimai elmlərin problemləri və vəzifələrindən bəhs olunduğuna görə, yəqin başqa elm sahələrində hər şey qaydasında imiş. Lakin nəzərə alsaq ki, Azərbaycanda qəbul olunmuş təsnifata görə elm humanitar sahəyə aid edilir, onda biz də məsələyə bütün elm sahələrinin ümumi problemləri kontekstindən baxsaq, daha düzgün olar.

Bütöv elm sisteminin cəmiyyətdə yeri və funksiyaları, optimal təşkilati strukturu məsələsi təbiət elmlərinin deyil, ictimai elmlərin predmetinə daxildir. Fundamental elmlərlə tətbiqi və texniki elmlərin münasibəti və onların hər birinin təhsil, mədəniyyət və iqtisadiyyat sistemində yeri problemi də təbiət elmlərinə deyil, cəmiyyətşünaslığa aid bir məsələdir. Bu mənada, ilk baxışda nə qədər paradoksal görünsə də, bütövlükdə, elmin özü onun tərkib hissəsi olan ictimai elmlər çərçivəsində öyrənilməli olur. Bax, bu cəhəti nəzərə almayan dəqiq elm nümayəndələri elmin statusu və təşkilati məsələləri barədə fikir yürüdərkən, əslində, öz fikirlərinin qeyri-peşəkar mövqedən olduğunu ağıllarına da gətirmirlər.

Bəli, elmin predmeti bütövlükdə təbiət və kainat olsa da, o özü ictimai bir hadisə kimi, cəmiyyətşünaslığın strukturunda nisbi mənada kiçik bir yer tutur. Əsas məsələ elmi məhz ictimai bir hadisə kimi, sosial institut kimi təsəvvür etməkdir. Əks halda, onun idarə olunması da heç vaxt elmi zəminə keçə bilməz.

 

 

Səlahəddin XƏLİLOV,

AMEA-nın müxbir üzvü,

Professor

 

Azərbaycan.- 2010.- 11 fevral.- S. 6.