İranın milli bayramı şərəfinə
İranın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - İslam inqilabının 31-ci ildönümü münasibətilə "Gülüstan" sarayında rəsmi qəbul təşkil etmişdir.
Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səslənmişdir.
İranın Azərbaycandakı səfiri Məmmədbaqir Bəhrami ölkəsinin inqilabdan ötən 31 ildə keçdiyi inkişaf yolundan danışmış, bu illərdə iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır.
Diplomat dost və qonşu ölkələr olan İran ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, bu gün İran və Azərbaycan sıx birliyə nail olmuşdur, ölkələrimiz iqtisadi cəhətdən inkişaf etdikcə gələcəyə daha inamla addımlayırlar.
Səfir demokratiya yolu ilə irəliləyən, dinamik inkişaf etməkdə olan müstəqil Azərbaycan Respublikasına, xalqımıza uğurlar arzulamışdır.
İqtisadi inkişaf naziri Şahin Mustafayev əlamətdar gün münasibətilə dost İran xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırmışdır.
Nazir demişdir ki, bizim müasir münasibətlərimizin tarixi ölkəmiz müstəqilliyini bərpa edəndən sonra başlamışdır. Əlaqələrimiz durmadan inkişaf edir. İrimiqyaslı müştərək layihələr artıq öz səmərəsini verir. Elmdə, təhsildə, səhiyyədə və digər sahələrdə əlaqələrimiz sürətlə inkişaf edir.
Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, paytaxt ictimaiyyətinin nümayəndələri qəbulda iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 11 fevral.- S. 8.