Əbədi faşizm
Siyasətin psixologiyası
Adı "Böyük Ermənistan" olsa da alman faşistləri kimi bütün dünyanın iddiasında deyildilər. Bir az Türkiyədən, bir az Gürcüstandan, bir az Azərbaycandan, sonra imkan olsa Rusiyadan, fürsət düşəndə isə İrandan da torpaq istəyəcəkdilər! Onlara bundan artıq nəsə lazım deyil, əzabkeş bir xalqdırlar! Erməni ideoloqları orta təbəqənin beynini faşist ideologiyası ilə elə zəhərləyiblər ki, indi birinci sinfə gedən erməni məktəblisi də elə bilir ki, tarixən onlar əzabkeş xalqdırlar, "Böyük Ermənistan" dövləti mütləq qurulacaq. Kim bu ideyanın əleyhinədirsə, onların düşmənidir. Onlar doğrudan da, elə bilirlər ki, İsa peyğəmbərin cənazəsinin üstünə çəkilən plaş, onu qətlə yetirən nizə dünyanın heç yerində yox, məhz Ermənistanda Eçmiədzin kilsəsindədir. Xristian dininə onlardan sədaqətlisi, onlardan yaxını yoxdur! Onlar ermənidirlər, hamıdan fərqlidirlər, heç kimin qoruyub saxlamadıqlarını onlar saxlaya biliblər. Tam xoşbəxtlik üçün erməni millətçilərinə Naxçıvan da lazım idi ki, dünyaya Nuh peyğəmbərin qəbrinin də elə Böyük Ermənistan"ın ərazisində olduğu barədə car çəksinlər. İnanmırsınız, gəlin baxın.
Faşistlərdə necədir? Qərb tədqiqatçıları belə hesab edirlər ki, faşizmin ən vacib elementlərindən biri, başqalarından fərqli əsas imtiyaz kimi müəyyən bir ölkədə doğulmaq faktıdır. Belə millətçilik nal kimi döyülür, kütlənin beyninə yeridilir. İndi nadir erməni tapmaq olar ki, faşist ideologiyasının qurbanına çevrilməsin və inanmasın ki, dünyanın ən zavallısı, Tanrının ən sevimlisi ancaq ermənidir. Erməni olmaq qeyri-adi bir mükafatdır, elə İsa Məsihin özü olmaq kimi bir şeydir (Allah günahımdan keçsin).
Faşistlərin başqa bir cizgisi onların düşmənsiz qala bilməmələridir. Qərb siyasiləri belə hesab edir ki, faşistlər üçün düşmən obrazı həddən ziyadə zəruridir. Başqa cür onlar yaşaya bilmirlər, həyatları düşmənsiz alınmır. Birinci düşmən obrazı sərt, amansız, qəddar və güclüdür. Qonşularımız bütün dünyaya car çəkir, bütün türk dünyasını özünün qəddar düşməni kimi elan edir, ermənilərin genosidə məruz qalmasını, əbədi düşmənlərini tanıtmaq, ifşa etmək üçün əldən-ayaqdan gedirlər. İkinci düşmən obrazı isə nisbətən zəifdir. Ona görə də erməni millətçiləri Azərbaycana qarşı münasibətdə elə əsl faşistlər kimi asan qələbə qazandıqlarını da inkar etmirlər. Biz onların zəif saydığı düşmənik. Ona görə də özlərini bizimlə qalib kimi aparırlar. Dünya qalibləri mühakimə etmir deyə! Amma çox nahaq yerə, məsələ burasındadır ki, elə bu da erməni faşistlərinin faciəsidir. Faşizmi analiz edən alimlər belə qənaətə gəlirlər ki, məhz bu amilə görə faşistlərin qalib gəlməsi mümkün deyil. Onları hər qələbənin arxasında bir məğlubiyyət gözləyir.
Əbədi faşizm üçün həyat naminə mübarizə yox, mübarizə naminə həyat var. Pasifizm (hər cür müharibəni və o cümlədən milli azadlıq hərəkatını inkar edən cərəyan) düşmənlə qardaşlığa gətirir. Necə ki ermənilər bizimlə qardaşlaşır və 10-20 ildən sonra yenə də düşmənçiliyə davam edirlər. Onlar üçün həyatın mənası belə mübarizələrdədir. Erməni faşistləri mübarizəyə qədərindən artıq aludə olur və çaşqınlıq içində qalırlar. Özləri də qanmadan elə özlərinə düşmən kəsilirlər. Ermənistan parlamentində deputatların güllələnməsini götürün. Ya da tamamilə təzə faktı nəzərdən keçirin: Avropa turnesinə çıxan Sarkisyan Fransada az qala həmyerliləri tərəfindən daşqalaq ediləcəkdi. Çox güman ki, dünya mətbuatının təqdim etdiyi adi ermənilər Daşnaksütyun partiyasının Fransa komitəsinin liderləri idi. Yalnız onlar Ermənistanla Türkiyənin danışıqlara oturmasını faciə kimi qarşılaya bilərdilər. Sanki Sarkisyan genosid qurbanlarının abidəsi önünə çiçək qoymağa yox, Daşnaksütyun partiyasının dəfninə gəlmişdi. Mübarizə faşistlərin qəbul etdiyi kimi əbədi olmalıdır. Ona görə də Türkiyə ilə sərhədləri açmaq üçün dəridən çıxan ermənilər bircə anın içində Öcalanın qardaşına çevrilib Yerevanın küçələrinə töküldülər. Erməni millətçiləri, erməni faşistləri düşmən obrazını yaşatmalıdırlar, onlar düşmən Türkiyənin heç vaxt dosta çevrilməsinə razı olmayacaqlar. Bunu istəyir Avropa Birliyi xahiş etsin, ya da lap ABŞ. Olmaz! Bu, faşizmin kökünün kəsilməsi deməkdir. 50-dən yuxarı dövlətdə terror və qisas eşqi ilə yaşayan daşnaklar üçün Ermənistanın sülhə gəlməsi faciədir, yolverilməzdir! Sülh savaşın sonu deməkdir. Savaşın sonu "Böyük Ermənistan" ideyasının dəfnidir. İdeyanın dəfni Daşnaksütyunun məhvi, böyük təbliğat maşınının əbədi sönməsidir. Erməni diasporu buna yol verərmi? Təəssüf ki, yox! "Daşnaksütyun partiyası ən yaxşı partiyadır". Bu da faşist ideologiyasının əsas elementlərindən biridir. Çünkü bütün irticaçı ideologiyalar üçün elitarizm tipikdir. Zəifə nifrət! Sıravi vətəndaşlar dünyada ən yaxşı xalq olduqlarına inandırılır. Bütün sıravi vətəndaşlar partiyanın üzvü olmalıdırlar. Rəhbərin gücü kütlənin zəifliyindədir. Amma burada bir fərq var ki, Daşnaksütyun Sarkisyanın əlinin altında deyil, əksinə, Sarkisyan bu partiyanın maliyyə qəfəsindədir. Və Parisdəki qarşıdurma da buna işarə idi. Əbədi faşizmin bütün dünyadakı təmsilçiləri Sarkisyandan - cırtdan fürerdən itaət tələb edirdilər. Bu da faşizmin mahiyyətindən irəli gəlir. Belə cəmiyyətlərdə hər bir rəhbər özündən yuxarıdakılara və aşağıdakılara nifrət edir. Paris bu nifrətin mahiyyətini açıqladı. Politoloq Qafar Əliyevin təbirincə desək, Ermənistanın siyasi gəmisi bu gün kosmosda yolunu azan, idarəetmə sistemi sıradan çıxan süni peyk kimidir. Və onun korpusuna çırpılıb bu gəmini siyasətin fəzasında azdıran, istiqamətini dəyişdirən meteoritlər isə Daşnaksütyun partiyasının bütün dünyaya faşizmin siyasi xorası kimi yayılan özəkləridir.
Erməni diasporu əbədi faşizmin tipik daşıyıcısıdır. Əbədi faşizm müxtəlif diktaturalara aiddir. Nasist, faşist, rasist tipli formalarda dünyada peyda olurlar. Əbədi faşizm ən müxtəlif simalarda gündəmə gələ bilir. Bizim borcumuz erməni faşizminin mahiyyətinin nədən ibarət olmasını və onun gələcəkdə dünya üçün hansı təhlükələri doğura biləcəyini vaxtında üzə çıxarmaqdır. Axı, bəşər tarixində hətta ABŞ kimi nəhəng dövlətdə də faşizmin yaranma təhlükəsi real olub. Bu haqda ABŞ Prezidenti Franklin Ruzvelt 1938-il noyabrın 4-dəki çıxışında belə demişdi: "Amerika demokratiyası canlı bir qüvvə kimi inkişafdan dayansaydı, faşizmin təsiri bizdə şübhəsiz ki, artardı."
Qarabağ münaqişəsi mahiyyət etibarı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsindən daha böyük faciələrə rəvac verib. Əslində, bu münaqişə təsir dairəsinə görə bütün postsovet məkanında faşizm elementlərinin baş qaldırmasına təkan verən və oradan da Avropaya adlayan kabus kimi dəyərləndirilməlidir. Qafqazda faşizmə göz yuman dünya birliyi dolayısı yolla bu münaqişənin təsiri altına düşür və öz ərazilərində baş qaldıran faşist qüvvələrinin təhlükələrini qiymətləndirməkdə sayıqlığını itirirlər. Faşizmin xırda cücərtilərinin inkişaf edərək müharibələrə səbəb olmasını çox güman ki, Avropa dövlətləri unutmayacaq. Avropa Birliyi və hətta ABŞ kimi nəhəng dövlət də başa düşməlidir ki, erməni faşizminin yedəyində getmək, onların əsassız ərazi iddialarını dəstəkləmək sonda bu dövlətlərin faşist ideologiyasının təsiri altına düşməsinə səbəb olacaq. Ruslarda bir atalar sözü var: "Pis nümunə yoluxucudur".
Sivil dünya onu dərk etməlidir ki, erməni faşizmi artıq Azərbaycan üçün qorxulu olmasa da, yoluxmağa meyilli pis nümunə kimi bütün dünya üçün təhlükəlidir.
Sovet İttifaqında dağılmazdan öncə baş veren proseslər nə qədər xaotik görünsə də, onların məntiqi və siyasi ardıcıllığını izləmək mümkündür. Fransada Qorbaçovun Aqanbekyan adlı iqtisadi məsləhətçisinin "Humanite" qəzetində Qarabağın Ermənistana ötürülməsi məsələsini qaldırması, sovetlərin ərazisində saat mexanizmi ilə qurulmuş minalar kimi ardıcıl partlayan milli münaqişə ocaqlarının göbələk kimi artması, Sovet İttifaqında bütün xalqların bir-birinə nifrətə və düşmənçiliyə sürüklənməsi, Moskvanın Qorbaçovun simasında böyük bir dövlətin paytaxtı kimi süqutu məhz Qarabağdan başlamadımı?
Qorbaçovun erməni ətrafının erməni diasporu ilə birləşərək artan bir gərginliklə Qarabağ münaqişəsini Qafqazda müharibəyə çevirməsi tədricən və düşünülmüş surətdə reallaşdırılan ssenarini xatırlatmırmı? Qarabağ Azərbaycandan daha cox bütün dünyanın təcili həll etməyə borclu olduğu hərbi problemdir! Çünki bu münaqişənin arxasında ona göz yumulduqca azğınlaşan, getdikcə daha da vəhşiləşən, ambisiya və iddialarında ifrata varan ədəbsiz və vəhşi erməni faşizmi durur.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2010.-11 fevral.- S. 9.