Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Gəncədə "Ramada Plaza" mehmanxanasının açılışından sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Prezident İlham ƏLİYEV gəncəliləri təbrik edərək dedi:

- Sizi bu gözəl, yeni mehmanxananın açılışı münasibətilə ürəkdən təbrik edirəm. Çox gözəl mehmanxanadır, bütün dünya standartlarına cavab verir. Gəncədə beşulduzlu müasir mehmanxananın yaradılmasına böyük ehtiyac var idi. Mən xatırlayıram, keçən dəfə Gəncədə olanda gəlib burada tikinti ilə tanış oldum. Mənə söz verdilər ki, tikinti qısa müddət ərzində başa çatacaqdır.

Bu gün sizinlə bərabər bu gözəl mehmanxananın açılışında iştirak edirik. Həqiqətən də çox gözəl, müasir xidmət ocağıdır. Deyə bilərəm ki, dünyanın ən inkişaf etmiş ölkələrində mövcud olan mehmanxanalardan geri qalmır. Bütün şərait var, çox gözəl zövqlə tikilib. Dincəlmək üçün də hər bir imkan vardır. Nəzərə alsaq ki, Gəncə sürətlə inkişaf edir, şəhərə gələnlərin sayı artır, belə gözəl mehmanxananın yaradılması çox mühüm bir hadisədir. Həm şəhərə yaraşıq, gözəllik verir, həm də ki, bu, yüksək xidmət mərkəzinə çevriləcəkdir. Bu gün Azərbaycanın müxtəlif yerlərində yeni mehmanxanalar tikilir, təbii ki, ilk növbədə Bakıda. Ancaq çox vacibdir ki, bu proses bütün bölgələrdə sürətlə getsin. Bir sözlə, bu gözəl hadisə münasibətilə bütün gəncəliləri təbrik edirəm. Arzu edirəm ki, bundan sonra da Gəncə şəhərinin gözəlləşdirilməsi üçün yeni obyektlər tikilsin.

Gəncədə inkişaf sürətlə gedir. Bütün işlər yüksək səviyyədə aparılır. Həm xidmət sahəsində, həm sənaye potensialının inkişafında praktiki işlər aparılır, şəhər gözəlləşir, abadlaşır. Əminəm ki, 2010-cu ildə qarşıda duran bütün vəzifələr icra olunacaq və Gəncənin sürətli inkişafı gələcəkdə də təmin ediləcəkdir. Əlbəttə ki, biz şəhərin sənaye potensialının inkişafına böyük diqqət göstəririk və göstərəcəyik. Şəhərdə yeni böyük sənaye müəssisələri yaradılmalıdır, ilk növbədə alüminium zavodu, ondan sonra böyük metallurgiya kompleksi. Bir müddət bundan əvvəl bu iki böyük sənaye müəssisəsinin təməl daşı qoyulmuşdur. Ancaq müəyyən maliyyə çətinliklərinə görə onların tikintisi bir az yubanmışdır. Hesab edirəm ki, 2010-cu ildə işlər daha sürətlə getməlidir.

Şəhərin infrastrukturunun inkişafı üçün bütün lazımi tədbirlər görülür.

Bu il Bakı-Gəncə magistral avtomobil yolu istifadəyə veriləcəkdir. Bu da çox böyük bir hadisədir. Əlbəttə ki, Gəncədə belə gözəl, müasir mehmanxanaların tikilməsi onu göstərir ki, investorlar da şəhərin gələcəyinə inamla yanaşırlar. Əgər belə olmasaydı, investorlar heç vaxt böyük vəsait qoymazdılar. Şəhərin gələcəyinə, Azərbaycanın gələcəyinə investorlarda çox böyük inam vardır. Əlbəttə ki, bu inamın da böyük əsası vardır. Çünki ölkəmiz inkişaf edir. Hətta bütün dünya üçün ən çətin olan 2009-cu ildə də Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Dünya miqyasında iqtisadi inkişaf templərinə görə Azərbaycan birinci yerdədir. Çox sevindirici hal ondan ibarətdir ki, bu ilin birinci ayının yekunlarına görə də Azərbaycan iqtisadiyyatı 9 faizdən çox artıbdır. Bu onu göstərir ki, uğurlarımız əsaslıdır. Bunun möhkəm əsası vardır və dünyada bir neçə ölkəyə böyük problemlər gətirən böhran Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyib.

Biz özümüzü düşünülmüş siyasətlə, iqtisadi islahatlarla qoruya bildik. Ölkəmizin hərtərəfli inkişafının nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Regionların inkişafı davam edir. Mən sabah bölgələrdə olacağam. Yeni müəssisələrin istifadəyə verilməsi ilə bağlı tədbirlər keçiriləcəkdir. İstərdim ki, bütün Azərbaycan vətəndaşlarına 2010-cu ildə yeni uğurlar arzulayım.

Bu gün mənim Gəncəyə səfərim nəzərdə tutulmurdu. Ancaq mənə məlumat verildi ki, mehmanxana hazırdır. Xahiş olunur ki, mən mehmanxananın açılışında iştirak edim. Ona görə mən gəldim sizin yanınıza, bu mehmanxananın açılışında sizinlə bərabər iştirak edirəm. Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Arzu edirəm ki, Gəncənin tarixində belə gözəl hadisələrin sayı çox olsun.

Gəncə ictimaiyyəti adından çıxış edən Telman MƏLİKOV dövlət başçısına təşəkkür edərək dedi:

- Möhtərəm cənab Prezident, biz gəncəlilər Sizi ürəkdən təbrik edirik. Sizə böyük hörmət və ehtiramımızı bildiririk. Siz şəhərimizə - qədim Nizami yurduna xoş gəlmisiniz.

Ulu öndər Heydər Əliyev Gəncə şəhərinə, gəncəlilərə hər zaman böyük qayğı və diqqət göstərmişdir. Cənab Prezident, bu gün bu siyasət Sizin tərəfinizdən yüksək səviyyədə həyata keçirilir. Son altı ildə Gəncə şəhərinə 10 səfəriniz buna bariz nümunədir. Bu on səfər böyük bir tarixdir. Sizin hər dəfə şəhərə gəlişiniz bütün gəncəlilər üçün bir bayramdır. Sizin səfərləriniz böyük dəyərlərə malikdir. Sizin səfəriniz, Sizin gəlişiniz bizi çox sevindirir və hədsiz qürur duyuruq.

Sizin xüsusi diqqətiniz, qayğınız nəticəsində şəhərimiz öz tarixi simasını saxlamaqla gündən-günə müasirləşir, gözəlləşir və sürətlə inkişaf edir. Qeyd etmək istəyirəm ki, bu inkişaf geniş spektrə malik olmaqla məhz dialektik inkişafdır. Bütün bu işlərə görə, cənab Prezident, Siz tarixə qurucu, yaradıcı, yaradan bir Prezident kimi daxil olacaqsınız.

Bu gün açılışına toplaşdığımız müasir, gözəl mehmanxana artıq şəhərimizin yeni səviyyəyə daxil olmasından xəbər verir. Biz gəncəlilər bütün bunlara görə Sizə hədsiz minnətdarıq. Eyni zamanda, qeyd etmək istəyirəm ki, cənab Prezident, şəhərimizdə Sizin siyasətinizə böyük məhəbbət, böyük sədaqət vardır. Biz ziyalılar, bütövlükdə xalqımız Sizinlə fəxr edir. Biz ziyalılar hər zaman Sizinləyik. Bir daha Nizami yurduna xoş gəlmisiniz.

Prezident İlham ƏLİYEV:

- Sağ olun. Bir daha bu hadisə münasibətilə sizi təbrik edirəm. Mən Gəncənin gələcək inkişafı ilə bağlı bu yaxınlarda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına göstərişlər verdim. Gəncənin inkişafı üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulur ki, şəhər daha da gözəlləşsin, öz tarixi simasını saxlamaqla müasirləşsin və şəhərdə yaşamaq, istirahət etmək üçün bütün şərait daha da yaxşı olsun. Bu məqsədlə əlavə tədbirlər planı hazırlanır və yəqin ki, yaxın zamanlarda bütün gəncəlilər bunu görəcəklər.

Bu gözəl mehmanxananın açılışı rəmzi xarakter daşıyır. Onu göstərir ki, hətta nəinki Bakıda, başqa şəhərlərdə də belə gözəl, beşulduzlu, dünya səviyyəli mehmanxanalar tikilir. Azərbaycanın inkişafı bundan sonra daha da sürətlə getməlidir. Bir daha bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Sizə cansağlığı və uğurlar arzu edirəm.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 12 fevral.- S. 1, 2.