Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə

 

Azərbaycan Respublikasının 29 dekabr 2009-cu il tarixli 936-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir

 

I. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasında bələdiyyələrin Dövlət reyestrinin (bundan sonra - Dövlət reyestri) aparılması və onlara şəhadətnamənin verilməsi qaydasını müəyyən edir.

1.2. Dövlət reyestri - Azərbaycan Respublikasının bələdiyyələri barədə sənədləşdirilmiş məlumatları əks etdirən dövlət informasiya ehtiyatı mənbəyidir.

1.3. Azərbaycan Respublikasında mövcud olan, habelə qanunla müəyyən edilmiş qaydada yeni yaradılmış, birləşmiş, yaxud ayrılmış bələdiyyələr Dövlət reyestrinə daxil edilir və onlara şəhadətnamə verilir.

 

II. Dövlət reyestrinin aparılması

 

Azərbaycan Respublikasında bələdiyyələrin Dövlət reyestrinə daxil edilməsi və onlara şəhadətnamənin verilməsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının müvafiq struktur bölməsi (bundan sonra - struktur bölmə) tərəfindən aparılır.

 

III. Dövlət reyestrinin prinsipləri və tərkibi

 

3.1. Dövlət reyestri vahiddir, vahid forma, metod və prinsiplər əsasında aparılır.

3.2. Dövlət reyestri hər bir bələdiyyə barədə məlumatlardan və sənədlər qovluğundan ibarətdir.

3.3. Dövlət reyestrinə bələdiyyəyə dair aşağıdakı məlumatlar daxil edilir:

3.3.1. yaradılması, birləşməsi, ayrılması və ya ləğv edilməsi, habelə onların əhatə etdiyi ərazi vahidlərinin adlarının, sayının, ərazisinin və onun hüdudlarının dəyişdirilməsi barədə məlumat;

3.3.2. daxil olduğu rayon (şəhər) və əhatə etdiyi ərazi vahidlərinin adları;

3.3.3. bələdiyyə orqanının ünvanı (yerləşdiyi şəhər, şəhər rayonu, qəsəbə, kənd, küçə və müvafiq binanın nömrəsi);

3.3.4. ərazisi (dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların sahəsi ayrıca göstərilməklə).

3.4. Dövlət reyestrinin sənədlər qovluğunda aşağıdakılar saxlanılır:

3.4.1. bələdiyyələrin yaradılması, birləşməsi, ayrılması və ya ləğv edilməsi, habelə onların daxil olduğu rayon (şəhər) və əhatə etdiyi ərazi vahidləri barəsində dəyişikliklər edilməsi barədə müvafiq qanunvericilik aktlarının surəti;

3.4.2. bələdiyyənin qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmış nizamnaməsinin, habelə nizamnaməyə dəyişikliklər və ya əlavələr edilməsi barədə aktların surəti;

3.4.3. "Bələdiyyələrin statistik ərazi təsnifatı"nda bələdiyyəyə mənsub kodun nömrəsini (bundan sonra - bələdiyyənin statistik kodu) əks etdirən müvafiq sənəd;

3.4.4. bələdiyyənin elektron daşıyıcıda və kağız üzərində xəritəsi (xəritəyə əlavə edilmiş yerquruluşu sənədlər qovluğu ilə birlikdə);

3.4.5. bələdiyyənin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların sahəsi barədə arayış;

3.4.6. bələdiyyəyə verilmiş şəhadətnamənin surəti və bu Əsasnamənin 6.1.3-cü bəndi ilə müəyyən edilmiş hallarda şəhadətnamə.

 

IV. Dövlət reyestrinin məlumatlarını əks etdirən vasitələr

 

4.1. Bu Əsasnamənin 3.3-cü bəndi ilə müəyyən edilmiş Dövlət reyestrinin məlumatları kağız üzərində (Dövlət reyestr kitabı və sənədlər qovluğu) və elektron daşıyıcılarda (Dövlət reyestrinin elektron məlumat bazası) əks etdirilir.

4.2. Dövlət reyestri kitabı möhkəm üz səhifəsi ilə əhatələnmiş (tikilmiş) və hər biri 200 vərəqdən az olmamaqla ayrı-ayrı cildlərdə hazırlanaraq qaytanlanır və struktur bölmənin möhürü ilə təsdiq olunur. Dövlət reyestri kitabının cildinin üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri verilir, "Bələdiyyələrin Dövlət reyestri" sözləri yazılır və müvafiq cildin nömrəsi əks etdirilir. Dövlət reyestri kitabının hər növbəti cildinə barəsində məlumatlar daxil ediləcək bələdiyyənin sıra sayı əvvəlki cildə barəsində məlumatlar daxil edilmiş sonuncu bələdiyyənin sıra sayını davam etdirir.

4.3. Dövlət reyestrinin sənədlər qovluğu müvafiq bələdiyyənin reyestr nömrəsi ilə müəyyən olunmaqla tərtib edilir. Sənədlər qovluğunun əvvəlinə qovluqda saxlanılan və struktur bölmənin rəhbəri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş sənədlərin siyahısı əlavə olunur.

4.4. Dövlət reyestrinin elektron məlumat bazası etibarlı müdafiə sisteminin yaradılması və qanunvericiliyə uyğun olaraq digər dövlət elektron informasiya ehtiyatları ilə inteqrasiya olunması tələblərinə riayət olunmaqla aparılır. Bələdiyyələrə dair bu Əsasnamənin 3.3-cü bəndi ilə müəyyən edilmiş məlumatlarla bərabər bu Əsasnamənin 3.4.2-ci və 3.4.4-cü bəndlərinə uyğun olaraq Dövlət reyestrinin sənədlər qovluğunda saxlanılan bələdiyyələrin nizamnaməsi və elektron formada xəritəsi Dövlət reyestrinin elektron məlumat bazasında əks etdirilir.

4.5. Dövlət reyestrinin elektron məlumat bazasındakı bələdiyyələr barədə məlumatlar kağız üzərində olan məlumatlara uyğun olmalıdır. Dövlət reyestrinin elektron məlumat bazası ilə kağız üzərində məlumatlar arasında uyğunsuzluq olduqda, bu Əsasnamənin 3.4-cü bəndinə uyğun olaraq Dövlət reyestrinin aparılması üçün təqdim edilmiş sənədlərdəki məlumatlar əsas götürülür.

 

V. Dövlət reyestrinin aparılması qaydası

 

5.1. Dövlət reyestri bu Əsasnamənin 3.4-cü bəndinə uyğun olaraq Dövlət reyestrinin sənədlər qovluğunda saxlanılan sənədlərdə bələdiyyələrə dair göstərilən məlumatların Dövlət reyestri kitabı və elektron məlumat bazasına daxil edilməklə aparılır.

5.2. Hər bir bələdiyyəyə vahid və təkrarlanmayan reyestr nömrəsi verilir.

5.3. Reyestr nömrəsi bələdiyyənin Dövlət reyestri kitabındakı sıra sayından və bələdiyyənin statistik kodundan ibarətdir.

5.4. Reyestr nömrəsinin əvvəlindəki dörd rəqəm bələdiyyənin Dövlət reyestri kitabındakı sıra sayını, kəsmə xətt işarəsindən sonrakı səkkiz rəqəm isə bələdiyyənin statistik kodunu əks etdirir.

5.5. Bələdiyyələr ayrıldıqda mövcud olan bələdiyyəyə verilmiş reyestr nömrəsi saxlanılır, ayrılma nəticəsində yaranan bələdiyyə isə bu Əsasnamə ilə müəyyən edilmiş qaydada Dövlət reyestrinə daxil edilir.

5.6. Bələdiyyələr birləşdikdə onlara verilmiş reyestr nömrəsi ləğv olunur, birləşmə nəticəsində yaranan bələdiyyə isə bu Əsasnamə ilə müəyyən edilmiş qaydada Dövlət reyestrinə daxil edilir.

5.7. Bələdiyyələrin adı dəyişdikdə onlara verilmiş reyestr nömrəsi saxlanılır.

5.8. Bələdiyyələrin əhatə etdiyi bütün ərazi vahidlərinin inzibati tabeliyi dəyişdikdə (başqa rayona və ya şəhərə verildikdə) onlara verilmiş reyestr nömrəsi ləğv olunur və müvafiq olaraq yeni reyestr nömrəsi verilir.

5.9. Bələdiyyələrin əhatə etdiyi ərazi vahidləri barədə məlumatlar (onların adlarının, statusunun, sayının, ərazisinin və ya inzibati tabeliyinin dəyişdirilməsi) dəyişdikdə onlara verilmiş reyestr nömrəsi saxlanılır.

5.10. Bələdiyyələr ləğv edildikdə onlara verilmiş reyestr nömrəsi ləğv olunur.

5.11. Bələdiyyəyə dair Dövlət reyestri məlumatlarında dəyişikliklər Dövlət reyestr kitabında və elektron məlumat bazasında müvafiq qeydlər edilməklə aparılır, belə qeydlərin edilməsinə əsas olan sənədlər isə müvafiq sənədlər qovluğuna daxil edilir. Bu halda yeni qeydlərə istinad edilməlidir.

 

VI. Sənədlərin təqdim edilməsi

 

6.1. Mövcud və yeni yaradılmış, ayrılmış və ya birləşmiş bələdiyyələrin Dövlət reyestrinə daxil edilməsi, habelə Dövlət reyestrinə daxil edilmiş bələdiyyələrin məlumatlarında qeydlərin aparılması üçün tələb olunan sənədlər struktur bölmənin bu barədə məktubu daxil olduğu gündən 20 gün ərzində aşağıdakı qaydada təqdim edilir:

6.1.1. bu Əsasnamənin 3.4.2-ci bəndinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyənin qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmış nizamnaməsinin və (və ya) nizamnaməyə dəyişikliklər və ya əlavələr edilməsi barədə aktların surəti;

6.1.2. bu Əsasnamənin 3.4.3-cü bəndinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyənin statistik kodu barədə məktub;

6.1.3. bu Əsasnamənin 5.5-5.9-cu bəndləri ilə müəyyən edilmiş hallarda məlumatlarında qeydlər aparılmış bələdiyyə tərəfindən ona əvvəl verilmiş şəhadətnamə.

6.2. Bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəsi (hər biri iki nüsxədə olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən struktur bölməyə aşağıdakı qaydada təqdim edilir:

6.2.1. mövcud bələdiyyələrin xəritəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə;

6.2.2. yeni yaradılmış, ayrılmış və ya birləşmiş, habelə ərazisində dəyişikliklər edilmiş bələdiyyələrin xəritəsi bu barədə məktub daxil olduğu gündən 45 gün ərzində.

6.3. Bu Əsasnamənin 3.4.5-ci bəndinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı struktur bölməyə təqdim edir.

 

VII. Bələdiyyələrin Dövlət reyestrinə daxil edilməsi və onlara şəhadətnamə verilməsi

 

7.1. Bu Əsasnamənin 3.4.2-ci və 3.4.3-cü bəndlərində göstərilən sənədlər təqdim edildiyi gündən 20 gün ərzində bələdiyyələr Dövlət reyestrinə daxil edilir.

7.2. Bu Əsasnamənin 3.4.1-ci bəndində göstərilən qanunvericilik aktları qüvvəyə mindiyi gündən, habelə Dövlət reyestrində dəyişikliklər edilməsi üçün əsas olan digər sənədlər təqdim edildiyi gündən 10 gün müddətində Dövlət reyestrində müvafiq qeydlər aparılır.

7.3. Dövlət reyestrinə daxil edilmiş, habelə Dövlət reyestri məlumatlarında qeydlər aparılmış bələdiyyələrə bu Əsasnaməyə əlavə edilmiş nümunəvi formada, 9327-60 dövlətlərarası standartlar üzrə A4 (297x210 mm) formatda, "Panton" rənglər kataloqunun Orange 155 C rənginə uyğun və xüsusi müdafiə nişanı olan kağız üzərində hazırlanan şəhadətnamə verilir.

7.4. Şəhadətnamədə bələdiyyəyə dair aşağıdakı məlumatlar əks etdirilir:

7.4.1. bələdiyyənin adı;

7.4.2. yaradılması tarixi;

7.4.3. daxil olduğu rayon (şəhər);

7.4.4. əhatə etdiyi ərazi vahidləri;

7.4.5. reyestr nömrəsi;

7.4.6. bələdiyyə orqanının ünvanı (yerləşdiyi şəhər, şəhər rayonu, qəsəbə, kənd, küçə və müvafiq binanın nömrəsi);

7.4.7. Dövlət reyestrinə daxil edilmə tarixi.

7.5. Bələdiyyələrin şəhadətnaməsi Azərbaycan Respublikası Milli Məclisinin Sədri tərəfindən imzalanır və Azərbaycan Respublikası Milli Məclisinin möhürü ilə təsdiq olunur.

7.6. Bələdiyyələrə verilmiş şəhadətnamə məhv olduqda, yararsız hala düşdükdə və ya itirildikdə onların müraciəti əsasında dublikat verilir.

 

VIII. Bələdiyyələrin xəritəsi

 

8.1. Dövlət reyestrinə daxil edilmiş bələdiyyələrə bu Əsasnamənin 6.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş elektron daşıyıcıda və kağız üzərində xəritə verilir.

8.2. Bələdiyyələrin xəritəsi aşağıdakı tələblər nəzərə alınmaqla hazırlanır:

8.2.1. bələdiyyə ərazilərində yerləşən yaşayış məntəqələri, onların adı, poçt şöbəsi, dəmir yolu və şose yolları, çaylar, magistral su kanalları və kollektorları, magistral neft və qaz kəmərləri, dəmiryol stansiyaları, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar, habelə bələdiyyə ərazilərinin sərhədinin (hüdudlarının) qonşuluqlarını müəyyənləşdirən əsas döngə nöqtələri göstərilməklə, onların ərazisindən asılı olaraq sahəsi 4 kv.km-ə qədər olduqda - 1:5000, 4 kv.km-dən 25 kv.km-ə qədər olduqda - 1:10000, 25 kv.km-dən 100 kv.km-ə qədər olduqda - 1:25000, 100 kv.km-dən artıq olduqda - 1:50000 miqyasda tərtib edilir;

8.2.2. bələdiyyə ərazilərinin sərhədinin (hüdudlarının) qonşuluqlarını müəyyənləşdirən bütün döngə nöqtələri (sərhəd xətti boyunca əsas istinad döngə nöqtələri və onlar arasında müəyyənləşdirilmiş digər nöqtələr) arasındakı məsafələri və onların koordinatlarını əks etdirən yerquruluşu sənədlər qovluğu xəritəyə əlavə edilir.

 

IX. Dövlət reyestrinin açıqlığı

 

9.1. Dövlət reyestrinin elektron məlumat bazasında əks olunan məlumatlar Milli Məclisin rəsmi internet saytında yerləşdirilir.

9.2. Dövlət reyestrinə bu Əsasnamənin 3.4.1-ci bəndində nəzərdə tutulmuş qanunvericilik aktlarına əsasən daxil edilmiş məlumatlarla digər mənbələrdə olan məlumatlar arasında uyğunsuzluqlar olduqda Dövlət reyestrinin məlumatları əsas götürülür.

9.3. Dövlət orqanlarına və müvafiq bələdiyyələrə qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar Dövlət reyestrinə daxil edilmiş bələdiyyələr barədə məlumat, habelə xəritənin surəti onların müraciəti əsasında verilir.

 

X. Dövlət reyestri məlumatlarının nəşr edilməsi

 

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 5 ildə bir dəfə bələdiyyələrin siyahısını əks etdirən "Azərbaycan Respublikasının bələdiyyələri" məlumat toplusu nəşr olunur.

XI. Bu Əsasnamənin pozulmasına görə məsuliyyət

11.1. Dövlət reyestrinə daxil edilməsi üçün təqdim edilən sənədlərdə və xəritələrdə natamam və ya təhrif olunmuş məlumatların göstərilməsində təqsirkar olan, habelə məlumatların Dövlət reyestrinə daxil edilməsində təhrifə yol vermiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət daşıyırlar.

11.2. Bu Əsasnamənin 7.6-cı bəndində göstərilən halların üzrsüz səbəbdən baş verməsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur.

 

XII. Qeydiyyat sənədlərinin arxivdə saxlanılması

 

12.1. Bələdiyyələr Dövlət reyestrinə daxil edildikdən sonra Dövlət reyestrinin sənədlər qovluğu saxlanmaq üçün Azərbaycan Respublikası Milli Məclisinin arxivinə verilir.

12.2. Arxiv sənədlərindən struktur bölmənin rəhbərinin razılığı ilə istifadə oluna bilər.

12.3. Arxiv sənədləri müddətsiz saxlanılır.

 

 

Azərbaycan.- 2010.- 12 fevral.- S. 4.