"Azərbaycan
ailəsi-2010" kinofestivalı başlanmışdır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə ölkəmizdə "Azərbaycan ailəsi-2010" kinofestivalı başlanmışdır.
Bu münasibətlə fevralın 11-də Azərbaycan Kinematoqrafçılar İttifaqında tədbir keçirilmişdir.
Ailə dəyərlərindən danışan AQUPDK sədrinin müavini Aynur Sofiyeva ölkəmizdə, xüsusilə də regionlarda ailə məsələlərində bir sıra problemlərin olduğunu bildirmişdir. Qeyd etmişdir ki, festivalın məqsədi ölkədə uğurla həyata keçirilən ailə siyasətini daha geniş işıqlandırmaq, ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdəki statusunu yüksəltməyə yönəltmək və onun tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaqdır.
Müsabiqənin şərtləri haqqında məlumat verən A.Sofiyeva bildirmişdir ki, festival "Ən yaxşı film", "Ən yaxşı televiziya proqramı", "Ən yaxşı tələbə filmi", "Ən yaxşı sosial mövzulu videoçarx" nominasiyaları üzrə keçiriləcəkdir. Təqdim edilən filmlərin mövzusu müsabiqənin ideya və məqsədinə uyğun gəlməklə yanaşı, bədii, sənədli, animasiya filmləri və sosial çarxlar şəklində qəbul olunacaqdır. Müsabiqədə gənc həvəskar və peşəkar rejissorlar iştirak edə bilərlər.
A.Sofiyeva demişdir ki, Azərbaycan ailələrinin xüsusiyyətlərini əks etdirən bu filmlər aprelin 25-dək DVD formatında təşkilat komitəsinə təqdim olunmalıdır. Qaliblərin mükafatlandırılması mərasimi cari ilin mayında keçiriləcəkdir. Təqdim olunan işlər respublikanın ictimai xadimləri tərəfindən qiymətləndiriləcəkdir.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev festivalın müasir kinomuzun təbliğində mühüm rol oynayacağını bildirmişdir. Qeyd etmişdir ki, kino milli-mədəni irsimizin təbliği və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
AzərTAc
Azərbaycan.- 2010.- 12 fevral.- S. 7.