Arıçılıq ekoloji durumu da yaxşılaşdırır

 

Tarixi mənbələr göstərir ki, ölkəmizdə arıçılıq hələ eramızın II-III minilliyində mövcud olub. Orta əsrlərdə bal və mum yerli əhalinin ehtiyaclarını ödəməklə yanaşı, ipək, duz və s. məhsullarla birlikdə ixrac edilib. XIX əsrin əvvəllərində isə Cənubi Qafqazda ən böyük arıçılıq təsərrüfatları Quba, Gəncə, Ordubad və Şirvan ərazisində olub. Bir zamanlar keyfiyyətli Azərbaycan balı Praqada, Parisdə böyük şöhrət tapıb. Tiflisin bazarlarında yüzlərlə pud bal və mum satılıb.

- Bəs səmərəli sahə olan arıçılıq indi nə vəziyyətdədir?

Azərbaycan Arıçılıq İttifaqının sədr müavini Elxan Ələkbərov ilk sualımıza belə cavab verdi:

- Əvvəlcə onu demək istərdim ki, respublikamız əlverişli relyef və iqlim şəraitinə, zəngin bitki örtüyünə malik olduğundan arıçılığı daha çox inkişaf etdirmək mümkündür. İqtisadi cəhətdən gəlirli, müalicəvi baxımdan xeyirli olmaqla yanaşı, arıçılıq ətraf mühitin ekoloji durumunun yaxşılaşdırılmasında da böyük önəm daşıyır. Məşhur alim Eynşteynin fikridir: sivilizasiyanın arılardan sonrakı ömrü 5-6 ildir. Eləcə də bütün dünyada bitkilərin qorunmasında, tozlandırılmasında arıların rolu hədsizdir.

Məhz buna görədir ki, sivil dövlətlərdə bu sahəyə xüsusi diqqət yetirilir. Məsələn, mütəxəssislər hesablayırlar ki, Amerikada arılar qırılsa, kənd təsərrüfatı məhsulları istehsalı 47 faiz aşağı düşər. Amerikalılar badam bağlarına bir arı ailəsi yerləşdirməklə məhsuldarlığı xeyli artırırlar. Hətta arıçılar bundan 300-400 dollar icarə xərci də alırlar. Arıçılar İttifaqının əsas məqsədi də arıçıları birləşdirmək, təşkilatlandırmaq, mövcud problemlərini öyrənib həllinə çalışmaq, iqtisadiyyatımıza təkan olan arıçılığın inkişafını sürətləndirməkdir.

- Ölkəmizdə "Arıçılıq haqqında" qanun qəbul olunub. Bundan sonra görülən işlər barədə nə deyə bilərsiniz?

- Həmin qanun qəbul edildikdən sonra ölkədə arıçılıq sahəsinin marketinqi üçün addımlar atılmağa başlanıb. Arıçıların öz məhsullarını satması üçün heç bir məhdudiyyət qoyulmur və bu sahənin sahibkarlarına bəzi imtiyazlar verilib. Əvvəllər başqa yerlərdən bura arı gətirirdilər. Amma onun heç bir baytarlıq sanitariya sənədi olmurdu. Yaxud da başqa ölkələrdən gətirilən arılar bizim milli genefondu korlayırdı. İndi bunlar olmasın deyə, həmin qanun sənəd kimi əlimizdə əsasdır.

- Bir mütəxəssis kimi fikrinizi bilmək maraqlı olardı. Hansı çiçəklərdən daha təmiz bal əldə etmək olar?

- Azərbaycanın bitki örtüyü zəngindir. Təkcə İsmayıllıda 60-dan çox yüksək keyfiyyətli bal verən bitki var. Amma hərəsinin öz məxsusluğu var. Məsələn, bizdə "Gəzəngi balı" o qədər də bəyənilmir. Almaniyada isə o çox qiymətlidir. "Şabalıd balı"na Türkiyədə daha çox qiymət qoyulur. Bizdə əsasən dağ balına üstünlük verilir.

- Azərbaycan xaricə bal ixrac edir?

- Hələ ki yox. Amma çalışırıq ki, buna nail olaq.

- Arıçılıqda hansı ölkələrlə müqayisə oluna bilərik?

- Dünyada arıçılıq üzrə Çin birinci yeri tutur. Amma Çin Avropaya bal sata bilmir. Ən çox bal satan ölkə Türkiyədir. Orada arıçılara elə kurslar keçirlər ki, istədiyin məhsullar haqqında onlar alıcıya məlumat verə bilirlər. Türkiyədə məhsuldarlıq da yüksəkdir. Bizdə illik orta məhsuldarlıq 7-8 kiloqram, onlarda 14 kiloqramdır. Azərbaycan balının keyfiyyəti dünya standartlarına cavab versə də, arıçıların müəyyən məlumatsızlığı ucbatından müxtəlif maneələr ortaya çıxır. Lazımdır ki, qadağan olunmuş dərmanlardan istifadə etməsinlər. Arılara müxtəlif antibiotiklər verirlər. Balda qalıq saxlayanda qida vasitəsilə insanlara keçir. Belə balın xeyrindən çox insan səhhətinə mənfi təsiri olur.

- Balın təmizliyini necə bilmək olar?

- İndi saxtakarlar elə püxtələşiblər ki, az qala hamını aldada bilirlər. Qabaqlar saxta balı aparıb laboratoriyada yoxlayanda arının ifraz etdiyi fermentdəki göstərici sıfır olurdu. Bununla da bilinirdi ki, həmin bal təmiz deyil. Bu gün isə onu istədikləri formaya qaldırırlar. Məsləhətdir ki, ancaq inandıqları arıçılardan bal alsınlar. Çünki ölkəmizə Rusiyadan, İrandan, Çindən ən aşağı səviyyəli bal gətirilir. Balın təmizliyini yalnız laboratoriya yolu ilə bilmək mümkündür. Bütün bu neqativ halların qarşısını almaq üçün arıçılıq cəmiyyətləri ilə əlaqə saxlayırıq. Azərbaycan balının əvvəlki tək şöhrət tapması üçün bir neçə plan üzərində işləyirik. İlk növbədə respublikamızda müxtəlif arıçılıq firmaları yaranmalıdır ki, məhsullar qablaşdırılmış şəkildə satışa buraxılsın. Onda heç kəs saxta bal sata bilməz.

 

 

Zəkurə QULİYEVA

 

Azərbaycan.- 2010.- 12 fevral.- S. 7.