Prezident İlham Əliyev Ağdaş şəhərində yeni su xəttinin açılışında iştirak etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaş şəhərinə yeni su xəttinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Ağdaş şəhərinin su təchizatı probleminin həlli məsələsi Asiya İnkişaf Bankının "Azərbaycan Respublikasında kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə daxil edilmişdir.

Prezident İlham Əliyev Ağdaş şəhərində suqəbuledici qurğular kompleksi, suyığıcı və təzyiqli su xətləri, şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əks etdirən stendlərlə tanış oldu.

"Azərsu" ASC-nin prezidenti Nizaməddin Rzayev məlumat verdi ki, Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma işləri aparılmışdır. Qəbul edilmiş texniki-iqtisadi əsaslandırmaya əsasən Qolqəti kəndinin ərazisində 5 artezian quyusu qazılaraq, içməli su burada inşa ediləcək anbarlara vurulacaqdır. Anbarlarda xlorlanmış suyu nasos stansiyası iki xətlə şəhərə nəql edəcəkdir. Eyni zamanda, layihəyə əsasən şəhərin su və kanalizasiya sistemləri yenidən qurulacaqdır. Qaradağlı kəndi ərazisində çirkab sularını təmizləyən qurğu inşa ediləcəkdir. Texniki-iqtisadi əsaslandırmaya görə bu iş üçün xərclərin 75 faizini Asiya İnkişaf Bankı, qalan 25 faizini isə Azərbaycan hökuməti kredit şəklində ödəyəcəkdir. Əhalini yüksək keyfiyyətli içməli su ilə təmin edəcək layihənin 24 ay ərzində reallaşdırılması nəzərdə tutulur.

Qeyd olundu ki, bugünə qədər layihə çərçivəsində ərazidə hər birinin məhsuldarlığı saatda 70 kubmetr olan 3 artezian quyusu qazılmışdır. Quyulardan çıxan suyun əhaliyə çatdırılması üçün suqəbuledici qurğu, nasos stansiyası, 2 min kubmetr tutumu olan su anbarı və xlorlaşdırma binası inşa edilmiş, 2600 metr magistral boru kəməri çəkilmiş, suyun keyfiyyətinə nəzarət etmək üçün laboratoriya yaradılmış, həmçinin su-kanal idarəsinin inzibati binasının və istehsal bazasının tikintisi başa çatdırılmış, qurğuları elektrik enerjisi ilə qidalandıran yeni xətlər çəkilmişdir. Suyun şəhərin mövcud paylayıcı şəbəkəsinə ötürülməsi məqsədi ilə 6 kilometr uzunluğunda iki xətt çəkilmişdir.

Layihənin birinci mərhələsinin başa çatdırılması nəticəsində 35 min adam içməli su ilə təmin ediləcəkdir.

Prezident İlham Əliyev yeni su xəttinin açılışını bildirən düyməni basdı.

Akademik Bəkir NƏBİYEV diqqət və qayğıya görə ağdaşlıların minnətdarlığını dövlətimizin başçısına çatdıraraq dedi:

- Möhtərəm cənab Prezident, Siz bu gün Ağdaşın tarixində ən əlamətdar bir hadisəyə başlanğıc verdiniz. Bizim bu Ağdaşın girəcəyi Qəbələdən gələndə Türyançayın ağzında bir Dəhnə kəndi vardır, ondan başlayır. "Dəhnə" qədim Azərbaycan dilində subölünən yer deməkdir. Ağdaşa gələn su elə oradan da bölünər.

Bu gün, bu anda Sizin iştirakınız, Sizin rəhbərliyiniz ilə Ağdaşın su bölgüsü xətti tamam yeniləşdi, dəyişdi, mənbə gəldi bura. Rəmzi olaraq üstünə barmağınızı qoyduğunuz bu düymənin vasitəsilə Ağdaş elə bil ki, yenidən canlandı. Ona təravətli, təzə su gəldi. Bu münasibətlə köhnə bir ağdaşlı kimi mən Sizə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Çox təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, Bəkir müəllim. Mən də sizi təbrik edirəm. Bütün ağdaşlıları təbrik edirəm ki, bu gün doğrudan da Ağdaşın həyatında tarixi bir hadisə baş verir. Yeni su mənbələrinin müəyyən edilməsi və şəhərə çəkilməsi artıq reallıqdır. Su həyatdır. Susuz nə insan yaşaya, nə müəssisə işləyə bilər. Əsas odur ki, insanlarımız təmiz içməli suya malik olsunlar. Bu məqsədlə ölkə üzrə böyük işlər görülür və müxtəlif layihələr icra olunur. Misal üçün, Kür-Araz çayları boyunca yaşayan insanların su ilə təmin edilməsi istiqamətində ayrıca layihələr icra edilir. Orada təmizləyici qurğular tikilir ki, çay suları təmizlənsin və insanlara keyfiyyətli su verilsin. Artıq haradasa 200 mindən çox vətəndaş bu layihənin həyata keçirilməsi nəticəsində təmiz su ilə təmin edilib. Layihə tam başa çatandan sonra haradasa 800 minə qədər Azərbaycan vətəndaşı, bu vaxta qədər çay sularından istifadə edən insanlar təmiz suya malik olacaqlar.

Digər layihələr isə, Ağdaşda icra edilən bu layihələr kimi, artezian quyularının qazılması və yeni müasir sistemin quraşdırılması, su və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədi daşıyır. Bu, artıq reallıqdır. Birinci mərhələ artıq bu gün reallaşıb, ikinci mərhələnin icrası nəticəsində bütün kanalizasiya sistemi də yenidən qurulacaq və beləliklə, Ağdaşın su, kanalizasiya problemləri birdəfəlik həll olunacaqdır. Bu, həm də sağlamlıq deməkdir. Təmiz ekoloji normalara tam riayət olunacaq və insanlar əlbəttə ki, bundan faydalanacaqdır.

Bəkir NƏBİYEV: Möhtərəm Prezident, ağdaşlıların bir arzusu vardır. Mən onu da Sizə çatdırım. Sizi bu qarın altında çox saxlamarıq, inşallah. İş belə gətirib ki, 1945-ci ildə Böyük Vətən müharibəsinin 65 illiyinə hazırlaşdığımız Qələbə barədə xəbəri ağdaşlılara o zaman 15 yaşında radio diktoru işləyərkən mən çatdırmışam. Ağdaşlılar arzu edirlər ki, özümüzdən asılı olmayaraq cəlb edildiyimiz bu müharibədə də biz inşallah Sizin Baş Komandanlığınız ilə qalib gələk. Mən inanıram ki, Siz bu münaqişəni sülh yolu ilə həll edəcəksiniz. Bizim hamımızda bu inam vardır. Amma əgər olmadı belə, oldu elə, bu məsələ, müharibə yolu ilə həll olunsa ağdaşlılar arzu edirlər ki, Sizin Qələbə paradını keçirməyinizin də xəbərini onlara burada mən çatdırım.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 13 fevral.- S. 2.