Ağdaş rayon ictimaiyyətinin
nümayəndələri ilə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaşda Olimpiya-İdman Kompleksinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Prezident İlham ƏLİYEV ağdaşlıları təbrik edərək dedi:
- Mən sizin hamınızı ürəkdən təbrik edirəm. Ağdaşda gözəl, yeni, müasir Olimpiya Kompleksinin açılışı böyük hadisədir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, cavanlar, gənclər, idmançılar bu gözəl şəraitdən səmərəli istifadə etsinlər və Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırsınlar.
Haradasa beş il əvvəl təməl daşını bərabər qoyduğumuz bu gözəl Olimpiya mərkəzi yaradılıb. Düzdür, bir az çox vaxt çəkdi. Çünki burada texniki məsələlər bir qədər çətin idi. Ona görə də xüsusi tədbirlər görüldü. Xüsusi texniki məsələlər öz həllini tapmalı idi.
Mən xatırlayıram, beş il bundan əvvəl Ağdaşda olarkən mənə müraciət edildi ki, Ağdaşda yeni Olimpiya Kompleksinin tikintisinə böyük ehtiyac vardır. Xüsusilə nəzərə alsaq ki, Ağdaş Azərbaycanın idman şöhrətinin ucaldılması üçün gözəl idmançılar yetişdirir. Xüsusilə Xəzər İsayev kimi dünya çempionu. Bu gün o, Milli Olimpiya Komitəsinin vitse-prezidenti kimi çox gözəl işlər görür. O vaxt qərara gəldik ki, mütləq Ağdaşda belə gözəl Olimpiya mərkəzi yaradılsın, təkcə idmançılar üçün deyil, eyni zamanda, rayon sakinləri üçün də yararlı olsun. Bu gün gözəl mərkəzin açılışında biz yenidən görüşürük. Mən bu hadisə münasibətilə sizi təbrik edirəm.
Ümumiyyətlə, Azərbaycanda idman sahəsində görülən işlər yüksək səviyyədədir. Azərbaycan idman ölkəsi kimi artıq öz adını idman tarixinə sala bilibdir. Həm beynəlxalq yarışlarda, Olimpiya oyunlarında, dünya çempionatlarında idmançılarımızın uğurları bizi sevindirir. İdmanın kütləviliyini təmin etmək üçün mütləq belə gözəl imkanlar olmalıdır. Bu gün Azərbaycanın müxtəlif bölgələrində idmanla məşğul olmaq üçün yaxşı şərait vardır. İdman sağlamlıq, sağlam həyat tərzi deməkdir. İdman, eyni zamanda, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox mühüm vasitədir, mühüm amildir. Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər. Bunu etmək üçün bütün tədbirlər görülür. Bax, bu gözəl Olimpiya mərkəzi, ondan sonra Ağdaşda bir müddət bundan əvvəl istifadəyə verilmiş musiqi məktəbinin fəaliyyəti ilə bu gün tanış oldum.
Orada gənclərimiz, uşaqlarımız milli ruhda tərbiyə olunacaqlar, milli musiqi mədəniyyətimizi dərindən öyrənəcəklər, ölməz musiqi əsərlərimizi yaşadacaqlar.
Ağdaşın hərtərəfli inkişafı üçün başqa tədbirlər də görülür. Bu gün Ağdaşın su təchizatını təmin etmək üçün birinci mərhələnin açılışını qeyd etdik. Ağdaşa artıq təmiz içməli suyun verilməsi təşkil ediləcəkdir. İkinci mərhələnin başa çatması nəticəsində su-kanalizasiya sistemi tamamilə yenidən qurulacaqdır. Bu da hər bir insan üçün çox vacib məsələdir. Bu gün, eyni zamanda, Ağdaşda tikiləcək yeni müasir, böyük xəstəxananın təməl daşı qoyulacaqdır. Bu da rayonun tələbatını təmin etmək üçün çox vacib məsələdir. Yeni yarımstansiya istifadəyə veriləcəkdir. Yəni ki, bax bu gün rayonda nəzərdə tutulmuş tədbirlər əslində bütün sahələri əhatə edir - təhsil, idman, səhiyyə, su və elektrik enerjisi təchizatı. Bax, Azərbaycan bu cür inkişaf edir.
Növbəti illərdə bizim bütün planlarımız, gələcək planlarımız da icra olunacaqdır. Çünki bunu deməyə əsas odur ki, bu günə qədər bütün görülən işlər planlı şəkildə aparılır, proqram üzrə aparılır. Regionların sosial-iqtisadi inkişafı proqramı 2004-2008-ci illərdə tam başa çatıb. Biz yeni proqramın icrası üzərində işləyirik. Regionların gələcək inkişafının təminatı - həm maliyyə, həm texniki təminatı tam təşkil edilibdir. İnfrastruktur layihələri, sosial obyektlər, məktəblər, xəstəxanalar. Hər bir bölgə üçün xüsusi, konkret plan vardır və biz bu plan əsasında irəliyə gedirik.
Son illər ərzində Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkə olubdur. Hətta 2009-cu ildə, baxmayaraq ki, böhran bizə də təsir edib, yenə də Azərbaycan dünya miqyasında birinci ölkə olubdur. Dünya miqyasında birinci olmaq çox çətin məsələdir. İqtisadi inkişaf sahəsində dünya miqyasında birinci olmaq, əlbəttə ki, asan məsələ deyildir. Bunun səbəbi bizim apardığımız siyasətdir. Bunun səbəbi islahatlar, düşünülmüş siyasət, vaxtında atılmış addımlar və ölkəmizin hərtərəfli inkişafıdır. Əgər bu olmasaydı, əgər biz ancaq iqtisadiyyatımızın bir sektoruna üstünlük verib başqa sahələri kənarda qoysaydıq, bu gün inkişafdan söhbət gedə bilməzdi. Bax bu reallıqları bizim üçün məhz hərtərəfli inkişaf, regionların inkişafı, iqtisadiyyatın şaxələndirilməsi məsələləri yaradır.
Mənə bu yaxınlarda verilən məlumata görə, hətta 2010-cu ildə də Azərbaycan iqtisadiyyatı ən sürətli templərlə artır və bu da bizi əlbəttə ki, sevindirir. Biz bu inkişafı nəinki statistik göstəricilərdə, gündəlik həyatda görürük. Görülən işlər bunun bariz nümunəsidir. Mən çox şadam ki, Ağdaşda işlər yaxşı gedir, gözəl obyektlər istifadəyə verilir. Əminəm ki, növbəti illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsinin icrası nəticəsində əsas məsələlər, sosial-iqtisadi məsələlər öz həllini tapacaqdır. Bu proqramın 2013-cü ildə başa çatması nəzərdə tutulur. Əminəm ki, o vaxta qədər bütün əsas məsələlər öz həllini tapacaqdır.
Biz sizinlə bundan sonra da
görüşəcəyik. Əminəm ki, Ağdaşda
gözəl açılışlar hələ çox
olacaqdır. Mən sizi bu gözəl hadisələr
münasibətilə bir daha təbrik edirəm və sizə
yeni uğurlar arzulayıram.
Ağdaş ictimaiyyəti
adından çıxış edən Şəhla HACIBALAYEVA
ölkənin bütün regionlarına olduğu kimi, bu rayona
da göstərdiyi diqqət və qayğıya görə
dövlətimizin başçısına təşəkkür
edərək dedi:
- Ağdaşımıza
xoş gəlmisiniz, möhtərəm cənab Prezident.
Siz gəlişinizlə bu
soyuq, şaxtalı qış günündə hər
birimizin qəlbinə bir hərarət, bir istilik bəxş
etdiniz.
Möhtərəm cənab
Prezident, bu gün təntənəli
açılışına
yığışdığımız möhtəşəm
Olimpiya-İdman Kompleksi Sizin ağdaşlılara bəxş
etdiyiniz növbəti hədiyyədir. Bu idman kompleksində
uşaqlarımızın daha sağlam böyüməsi
üçün mühüm işlər görüləcəkdir.
Elə bu gün Ağdaşımızda Sizin xeyir-duanızla
təməli qoyulan 100 çarpayılıq möhtəşəm
xəstəxana ağdaşlılara çox böyük
töhfədir. Sağlam insanlar yetişməlidir, xəstəxanalar
tikilir. Gələcəyimiz üçün savadlı
balalarımız böyüməlidir, yeni-yeni məktəblər
öz qapılarını övladlarımızın
üzünə açır. İnsanlarımızın
normal yaşamaları üçün hər bir şərait
yaradılmalıdır, içməli su xətləri çəkilir,
yollar salınır, qaz, enerji - insanların gündəlik tələbatı
üçün lazım olan hər bir şərait
yaradılır. Bütün bunlara görə Sizə ürəkdən
təşəkkür edirik.
Möhtərəm cənab
Prezident, bu gün Sizinlə çiyin-çiyinə fəaliyyət
göstərən Mehriban xanımın adı bir şəfqət,
bir xeyirxahlıq rəmzi kimi səslənir. Onun təşəbbüsü
ilə tikilən məktəb binalarında oxuyan
övladlarımızın təhsilində və gələcək
uğurlarında Mehriban xanımın öz rolu, öz dəst-xətti
vardır. Möhtərəm cənab Prezident, bax elə fəaliyyət
göstərdiyim texniki-təbiət-humanitar təmayüllü
gimnaziyanın həyata ikinci dəfə vəsiqə
alması da məhz Mehriban xanımın adı ilə
bağlıdır. Onun təşəbbüsü ilə təmir
edilmiş və internat şagirdlərinin ixtiyarına
verilmiş bu məktəb indi regionda analoqu olmayan gimnaziyaya
çevrilmişdir.
Möhtərəm cənab
Prezident, bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən
bizə hədiyyə edilən musiqi məktəbi
özünün səviyyəsinə görə kiçik
bir konservatoriyanı xatırladır. Ona həmyerlimiz, sevimli
kamança ustadı Habil Əliyevin adının verilməsi
isə ağdaşlıların böyük sevincinə, fərəhinə
səbəb olmuşdur.
Möhtərəm cənab
Prezidentimiz, Sizin bütün fəaliyyətiniz nəticəsində
hər bir problemimiz uğurla həll olunur. Bir çətin
problemimiz var, o da Dağlıq Qarabağ problemidir. Bu gün
Siz Qarabağımızın haqq səsini bütün
dünyaya yayırsınız. Bu yolda göstərdiyiniz cəsarət,
qətiyyət, məğrurluq, səbir, təmkin hər
birimizin qəlbini fərəh hissi ilə doldurur və səbirsizliklə
gözlədiyimiz o böyük Qələbənin artıq
yaxınlaşdığını göstərir.
Möhtərəm cənab
Prezident, bu gün Siz ulu öndərimiz tərəfindən
bizə ərməğan qalmış müstəqil Azərbaycanımızı
böyük uğurla, böyük inamla, cəsarətlə
işıqlı sabahlara doğru aparırsınız. Bu yolda
biz daim sizinləyik, Sizə inanır, Sizə güvənir və
bu yolda böyük uğurlar əldə etməyinizi
arzulayırıq.
Möhtərəm cənab
Prezident, qəlbimdə bir sözüm də vardır. Sizin
Ağdaşa ilk səfərinizdən sonra şəhərimizdə
çoxlu sayda abidələr ucaldı. Mən bütün
çıxışım boyu bu abidələr haqqında
söhbət açdım. Ancaq o abidələrin ən
möhtəşəmi, ən gözəli haqda heç bir
söz demədim. O, Sizin ağdaşlıların qəlbində
ucaltdığınız abidədir. Zaman keçəcək,
Sizin bu tarixi səfərinizdən sonra Ağdaşımız
daha da inkişaf edəcək, daha da gözəlləşəcəkdir.
Onun simasını daha əzəmətli abidələr bəzəyəcəkdir.
Ancaq o abidələrin heç biri Sizin qəlbimizdə
ucaltdığınız abidəyə çata bilməyəcəkdir.
Möhtərəm cənab
Prezident, Sizə, Mehriban xanıma, ailənizin bütün
üzvlərinə Allahdan möhkəm
cansağlığı, uzun ömür, xoşbəxtlik, səadət,
işlərinizdə isə uğurlar, uğurlar, yenə də
uğurlar arzu edirəm. Tanrı Sizi qorusun!
* * *
Sonda ictimaiyyətin nümayəndələri
dövlətimizin başçısı ilə xatirə
şəkli çəkdirdilər.
AzərTAc
Azərbaycan.- 2010.- 13 fevral.- S. 2, 3.