Ağdaşda Mərkəzi Rayon Xəstəxanasının yeni binasının təməli qoyulmuşdur

 

Prezident İlham Əliyev fevralın 12-də Ağdaşda Mərkəzi Rayon Xəstəxanasının yeni binasının təməlqoyma mərasimində iştirak etmişdir.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat vermişdir ki, ölkəmizdə səhiyyə sektorunda aparılan islahatlar çərçivəsində inşa olunacaq 100 çarpayılıq yeni mərkəzi rayon xəstəxanası üçün Ağdaş şəhərinin girişində 5,3 hektar torpaq sahəsi ayrılmışdır. Tikintinin ümumi sahəsi 22 min 500 kvadratmetrdir. Xəstəxana kompleksi 6 korpusdan ibarət olacaqdır. İki ilə istifadəyə verilməsi nəzərdə tutulan binanın ətrafında abadlıq işləri aparılacaq və yaşıllıq zolaqları salınacaqdır. Eyni zamanda, layihədə ayrıca nasosxana, qazanxana, generator, transformator, mühafizə üçün binalar və su anbarının tikilməsi nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev gilizi özülə buraxdı, beton qarışığı tökdü.

Dövlətimizin başçısının adından xəstəxanaya iki təcili tibbi yardım maşını hədiyyə edildi.

Səhiyyə işçilərini təbrik edən Prezident İlham Əliyev onlara uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 13 fevral.- S. 3.