Prezident İlham Əliyev Ağdaşda regional elektrik yarımstansiyasının təməlqoyma mərasimində iştirak etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaşda regional elektrik yarımstansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.

Mərasim iştirakçıları və inşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verdi ki, Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Mingəçevir-Abşeron enerji təminatının yenidən qurulması layihəsi çərçivəsində Ağdaş rayonunun Kükəl kəndi ərazisində 220/110 kv-luq 2x125 MVA gücündə regional elektrik yarımstansiyasının tikintisi nəzərdə tutulmuşdur. Yarımstansiyanın tikintisi üçün 15 hektar torpaq sahəsi ayrılmışdır. Tikinti-quraşdırma işlərinin 15 ay ərzində başa çatması nəzərdə tutulmuşdur. Layihə çərçivəsində 125 MVA-lıq iki transformator yarımstansiyası qurulacaq, Mingəçevir-Abşeron xətti üzrə 251 kilometr uzunluğunda elektrik xətti dəyişdiriləcəkdir.

Tikinti işlərinə yanvarın əvvəlində başlanılmışdır. Ərazi abadlaşdırılmış, ətrafı hasarlanmış, 3 minə yaxın ağac əkilmiş, işıqlandırma xətti çəkilmiş, obyektə gedən yola asfalt döşənmişdir.

Prezident İlham Əliyev gilizi özülə buraxdı və beton qarışığının tökülməsi üçün düyməni basdı, inşaatçılara uğurlar arzuladı.

Bununla da dövlətimizin başçısının Ağdaş rayonuna səfəri başa çatdı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 13 fevral.- S. 3.