Göyçay rayon ictimaiyyətinin
nümayəndələri ilə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Göyçayda Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Prezident İlham ƏLİYEV göyçaylıları təbrik edərək dedi:
- Gözəl mərkəzin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Heydər Əliyev Mərkəzinin binası doğrudan da çox gözəldir, çox möhtəşəm memarlıq abidəsidir. Göyçaya əlavə yaraşıq verən gözəl, yeni bir memarlıq nümunəsidir. Həm xarici görünüşü gözəldir, həm də ki, daxili tərtibatı yüksək səviyyədədir. Bu binada müxtəlif tədbirlər keçirmək mümkün olacaqdır. Həm rəsmi tədbirləri keçirmək, eyni zamanda, müxtəlif sahələr üzrə dərnəklər təşkil etmək nəzərdə tutulubdur. Mən istəyirəm ki, bu mərkəzin fəaliyyəti uğurlu olsun və Göyçay ictimaiyyəti bu gözəl imkanlardan səmərəli şəkildə istifadə etsin.
Əlbəttə ki, mərkəzin bir hissəsi ulu öndərin həyat və fəaliyyətinə həsr edilibdir. Burada göstərilən şəkillər, eksponatlar demək olar ki, müasir Azərbaycanın tarixini əks etdirir. Çünki bugünkü Azərbaycanın uğurlu inkişafının təməli məhz 1970-ci illərin əvvəllərində qoyulubdur. O vaxta qədər Azərbaycan Sovet İttifaqı tərkibində demək olar ki, ən geridə qalmış bir respublika idi. Azərbaycanı tanımırdılar. Azərbaycanda demək olar ki, sənaye potensialı yox idi. Respublikanın perspektivləri də o qədər aydın deyildi. 1970-ci illərdən başlayaraq Heydər Əliyevin zəhməti hesabına Azərbaycan dirçəldi, inkişaf etdi. Demək olar ki, qısa müddət ərzində, yəni 13-14 il ərzində Azərbaycan o vaxt Sovet İttifaqının tərkibində ən inkişaf etmiş respublikaya çevrildi. O vaxt cəmi iki respublika özünü təmin edə bilirdi. Onlardan biri də Azərbaycan idi. Yəni, bu onu göstərir ki, ulu öndərin bütün dövrlərdəki fəaliyyəti xalqa xidmət etməkdən ibarət olmuşdur.
Əfsuslar olsun ki, xalqımız üçün ən çətin anlarda, Sovet İttifaqının dağılması ərəfəsində ölkəyə rəhbərlik etmiş insanlar öz vəzifə borclarını lazımi səviyyədə yerinə yetirə bilmədilər. Azərbaycan çox ağır vəziyyətlə üzləşmişdi. Demək olar ki, bütün iqtisadiyyat dağılmışdı, sənaye potensialı məhv edilmişdi, ölkədə hərc-mərclik, xaos, anarxiya, vətəndaş müharibəsi. Bütün o hadisələri biz yaxşı xatırlayırıq. Yenə də Azərbaycan xalqı öz rəhbərinə üz tutdu, Heydər Əliyevi hakimiyyətə dəvət etdi və 1993-cü ildən 2003-cü ilə qədər Azərbaycan bütün çətin sınaqlardan uğurla çıxa bilmişdir. Həm vətəndaş müharibəsi dayandı, həm iqtisadi tənəzzülün qarşısı alındı, həm də inkişaf yoluna qədəm qoyduq. On il ərzində demək olar ki, ölkəmiz öz siyasi və iqtisadi potensialının gücləndirilməsi nəticəsində dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkəyə çevrildi.
2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti davam etdirilir. Bu, bizim uğurlarımızın əsas şərtidir, əsas amilidir. Son 6 il ərzində Azərbaycan böyük və uğurlu yol keçmişdir. Ancaq bu yol əlbəttə ki, bu vaxta qədər qoyulmuş möhkəm təməl əsasında öz yerini tapmışdır. Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkədir, öz problemlərini özü həll etməyə qadir olan ölkədir. Biz heç bir xarici yardıma möhtac deyilik.
Baxmayaraq ki, bu gün dünyanın hətta aparıcı ölkələri beynəlxalq maliyyə yardımı olmadan öz iqtisadi inkişafını təmin edə bilmirlər. Nəinki MDB məkanında, hətta Avropada elə ölkələr var ki, onlar dərin böhran içindədirlər. Bu böhran hamımız üçün bir sınaq olmuşdur. Azərbaycan öz hesabına, öz xalqının zəhməti ilə, aparılan düşünülmüş siyasətlə, islahatlarla bu sınaqdan şərəflə çıxdı. 2009-cu il gözəl bir göstərici ili olmuşdur. Kim nəyə qadirdir, kim öz hesabına yaşaya bilər, kim uğurla inkişaf edə bilər, kim ancaq xaricdən gələn yardımlar hesabına öz imkanlarını təmin edə bilər. Biz o nadir ölkələrdənik ki, öz hesabımıza yaşayırıq və yaxşı da yaşayırıq.
2009-cu ildə nəzərdə tutulmuş bütün layihələr icra edildi - həm sosial, həm iqtisadi, həm sənaye layihələri. Məktəblər, xəstəxanalar tikildi, yollar çəkildi, elektrik stansiyaları istifadəyə verildi. 2009-cu ildə Azərbaycan vətəndaşları demək olar ki, bu böhranın acı nəticələrini görmədilər. Əminəm ki, heç vaxt görməyəcəklər. Ölkəmiz üçün ağır illər arxada qaldı. Bizim qarşımızda bütün yollar açıqdır. Biz ancaq və ancaq irəliyə getməliyik. Ancaq ölkəmizi daha da gücləndirməliyik və bunu da edirik. 2009-cu ildə dünya miqyasında ən sürətlə inkişaf edən ölkə Azərbaycan olmuşdur və bu, artıq reallıqdır. Bunu biz nə enerji resurslarının hesabına etmişik, nə də ki, xarici yardımlar hesabına. Hamımız bilirik ki, 2009-cu ildə neftin qiyməti kəskin şəkildə aşağı düşdü. İqtisadiyyatımızın böyük hissəsi enerji resurslarının üzərində qurulubdur. Ancaq buna baxmayaraq, biz başqa imkanları səfərbər etdik, bütün resursları cəmləşdirə bildik və bu vaxta qədər aparılan islahatlar öz bəhrəsini verdi. Regionların inkişafı davam etdi, bütün layihələrin icrası davam etdirildi.
2009-cu ildə
iqtisadiyyatımız ən yüksək templərlə
artıbdır. 2010-cu
ilin birinci ayının yekunları da çox ümidvericidir.
Yenə də Azərbaycan dünya miqyasında birinci
sıradadır. Bizim iqtisadiyyatımız bu ilin birinci
ayında 9 faizdən çox artıbdır. Bu iqtisadi rəqəmlər
əlbəttə ki, bizi çox sevindirir. Bu, hər bir
ölkənin inkişafını təmin edən və
göstərən vacib rəqəmlərdir. Amma məni daha
çox sevindirən odur ki, bu inkişafı biz gündəlik
həyatda görürük. Yoxsulluğun azaldılması sahəsində
böyük yol keçmişik. Artıq Azərbaycanda
yoxsulluq şəraitində yaşayanların sayı, haradasa
11 faizdir. Bu, dünyanın inkişaf etmiş ölkələri
üçün də məqbul bir rəqəmdir. Biz
çalışmalıyıq ki, yoxsulluğu maksimum dərəcədə
aşağı salaq, işsizliyi aradan qaldıraq,
bütün vətəndaşlar işlə təmin
olunsunlar. Hər bir insanın normal yaşaması
üçün şərait yaradılmalıdır. Bu məqsədlə
bütün layihələr plan üzrə gedir. Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
ikinci mərhələsi uğurla icra edilir. Əminəm ki,
biz 2013-cü ilə qədər bu proqramın uğurlu
icrasına nail olacağıq.
Bütün bölgələrdə
abadlıq, quruculuq işləri aparılır, gözəl
binalar tikilir. Biz Azərbaycanın son illərdəki
uğurlarını Göyçay rayonunun timsalında da bariz
şəkildə görə bilərik. Göyçayın
iqtisadi potensialı 2003-2008-ci illərdə 3 dəfədən
çox artıbdır. Yəni bu da özlüyündə
gözəl göstəricidir. Bu onu göstərir ki, rayonda
işlər yaxşı gedir, yaxşı nəticələr
göz qabağındadır.
Bu gün Göyçayın gələcək inkişafı üçün lazımi tədbirlərin görülməsi davam edir. Bu gün biz Göyçayda yeni Olimpiya Kompleksinin açılışını qeyd edəcəyik. Ondan əlavə rayonun su təchizatını təmin etmək üçün artıq konkret tədbirlər görülübdür və görüləcəkdir. Göyçayı təmiz içməli su ilə təmin etmək üçün, kanalizasiya sisteminin yaradılması üçün bütün lazımi tədbirlər görülür. Göyçayda bu gün kiçik su elektrik stansiyasının təməl daşı qoyulacaqdır. Bu da ölkəmiz üçün çox vacib sahədir. Çünki bərpa olunan enerji növlərinin Azərbaycanda genişləndirilməsi artıq prioritet məsələ kimi Prezident tərəfindən qoyulub və mən çox istəyirəm ki, qısa müddət ərzində bütün mümkün olan yerlərdə, çaylarda kiçik su elektrik stansiyaları qurulsun. Biz həm yeni enerji mənbələrini işə salacağıq, eyni zamanda, böyük iqtisadi qənaət əldə edəcəyik.
Göyçay rayonunun
çox böyük potensialı vardır. Kənd təsərrüfatının,
digər sahələrin, emal sahələrinin inkişafı
üçün lazımi tədbirlər görülür. Mən
ümid edirəm ki, Göyçay həmişə olduğu
kimi, növbəti illərdə də Azərbaycanda iqtisadi
inkişaf sahəsində ön sıralarda olacaqdır.
Bütün bu işləri görmək üçün əlbəttə
ki, rayon ictimaiyyəti səfərbər olunmalıdır. Bu səfərbərlik
vardır və mən ümid edirəm ki,
Göyçayın uğurlu inkişafı növbəti illərdə
davam edəcəkdir. Bu işlərdə sizə yeni
uğurlar arzulayıram. Arzu edirəm ki, rayonda bütün
işlər yüksək səviyyədə aparılsın.
Bir daha gözəl, möhtəşəm, əzəmətli
Heydər Əliyev Mərkəzinin açılışı
münasibətilə sizi təbrik edirəm.
* * *
Rayon ictimaiyyətinin
nümayəndələri adından çıxış edən
Aqil MƏMMƏDOV Göyçayda aparılan yenidənqurma və
abadlıq işlərinə görə dövlətimizin başçısına
minnətdarlığını bildirərək dedi:
- Çinarlı, narlı
Göyçayımıza xoş gəlmisiniz, möhtərəm
cənab Prezident. Biz bu gün Azərbaycan dövlətinin
memarı və qurucusu, ulu öndərimiz Heydər Əliyevin
xatirəsinə göyçaylıların dərin məhəbbətlə,
hörmətlə ucaltdıqları möhtəşəm mərkəzin
açılışında iştirak edirik. Siz Heydər Əliyev
ideyalarının davamçısısınız. Heydər Əliyev
ideyalarını inkişaf etdirən, davam etdirən, ölkəmizi
iqtisadi qüdrətə çatdıran bir insansınız.
Sizin bu gün bizimlə birlikdə olmağınız,
sevincimizə şərik olmağınız bizi sevindirir, daha
da ruhlandırır. Minnətdarıq ki, Siz bu gün bizimləsiniz.
Bütün göyçaylılar bundan qürur hissi duyur.
Hələ
sağlığında canlı əfsanəyə çevrilən
Heydər Əliyev özünün müdrik siyasəti, qətiyyəti
sayəsində Azərbaycanın bugünkü
inkişafının təməl daşını,
bünövrəsini qoyub. Azərbaycanın bugünkü
rifahının əsası məhz ulu öndərimiz tərəfindən
qoyulmuşdur. Siz isə onu inkişaf etdirirsiniz, daha yüksəklərə
qaldırırsınız. Sizə ürəkdən minnətdarıq.
Möhtərəm cənab
Prezident, biz inanırıq ki, bu gün açılan bu mərkəz
tez bir zamanda bütün göyçaylıların mənəvi
və mötəbər inanc yerinə, əsl məbədgaha
çevriləcəkdir. Biz gənclərimizi burada ulu öndərimizin
zəngin həyat və fəaliyyətinin timsalında tərbiyə
edəcəyik, onlara Vətənə, xalqa Heydər Əliyev
kimi xidmət etməyi öyrədəcəyik. Bizim bu mərkəzin
ekspozisiyası, orada yaradılacaq dərnəklər, zəngin
kitabxana, keçiriləcək silsilə tədbirlər
yeni-yeni nəsil yetişdirəcəkdir. O nəsil Sizin
etibarlı köməkçiləriniz olacaqdır, cənab
Prezident.
Bu gün Azərbaycan sürətlə
inkişaf edir. Bu inkişafın əsas təməlini,
bünövrəsini Heydər Əliyev qoyubdur. Amma onu daha da
inkişaf etdirən, irəli aparan Sizsiniz. Buna görə Sizə
minnətdarıq.
Möhtərəm Prezident,
Sizin televiziyada çıxışınız, "Avropa xəbərləri"
televiziyasındakı çıxışınız hər
bir azərbaycanlının, o cümlədən
göyçaylıların ürəyincə oldu. Siz orada
çox yaxşı dediniz ki, Azərbaycan inkişaf edir. Hər
bir azərbaycanlı bu gün daha yaxşı yaşayır.
Keçənilki böhran dövrünə baxmayaraq, Azərbaycan
iqtisadiyyatı durmadan artır. Valyuta ehtiyatlarımız
artır. Müxalifət ancaq tənqidlə məşğuldur.
Biz isə buna etiraz etmirik. Cənab Prezident, elə biz də
bunu görürük, elə biz də etiraz etmirik.
Möhtərəm Prezident,
bu gün bütün Azərbaycanda olduğu kimi,
Göyçayda da inkişaf göz qabağındadır. Bu
gün göyçaylıların üzü gülür,
işsizlik sürətlə azalır. Bu gün xalqın rifah
halı yüksəlir. Bax elə bu gün Siz Göyçayda
Olimpiya-İdman Kompleksini, içməli su şəbəkəsini
istifadəyə verəcəksiniz, onların
açılışında iştirak edəcəksiniz. Bu gün
elektrik stansiyasının bünövrəsinin qoyulmasında
iştirak edəcəksiniz. Elə bax bu günlərdə
Sizin göstərişinizə əsasən rayonumuza ən
müasir avadanlıqla təchiz olunmuş iki yeni təcili
yardım maşını verilmişdir. Bu, Sizin bizə olan
qayğınızın, hörmətinizin, bütün Azərbaycan
xalqına olan məhəbbətinizin, hörmətinizin bariz
nümunəsidir. Bütün bunlara görə Sizə minnətdarıq.
Bu mötəbər, möhtəşəm
mərkəzin açılışında biz Azərbaycan mədəniyyətinin,
elminin, Azərbaycan təhsilinin inkişafında misilsiz xidmətləri
olan Heydər Əliyev Fondunun, Fondun prezidenti, millət vəkili,
möhtərəm Mehriban xanımın yorulmaz əməyini
xüsusi qeyd edirik. Biz xahiş edirik ki, göyçaylılar
adından bizim hörmət və ehtiramımızı
Mehriban xanıma çatdırasınız.
Hörmətli cənab
Prezident, bu gün Sizin fəaliyyətiniz, bu gün ölkəmizdə
gedən bütün quruculuq işləri bizdə ümid
yaradır ki, Azərbaycan öz inkişaf templərinə
görə hələ uzun illər dünyanın ən
qabaqcıl ölkələri sırasında olacaqdır. Sizin
adınıza Göyçayda çox abidələr ucaltmaq
olar, amma onun ən möhtəşəmini, hörmətli
Prezident, Siz artıq bu gün göyçaylıların qəlbində
ucaltmısınız. Sizə minnətdarıq.
Tanrı özünün
sevimli bəndələrini həmişə pənahında
saxlayır. Tanrı Sizi qorusun. Çox sağ olun, Sizə
minnətdarıq.
* * *
Sonra Göyçay ictimaiyyətinin
nümayəndələri Prezident İlham Əliyev ilə
xatirə şəkli çəkdirdilər.
AzərTAc
Azərbaycan.- 2010.-13
fevral.- S. 4.