Prezident İlham Əliyev Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olmuşdur
Prezident İlham Əliyev fevralın 12-də Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olmuşdur.
Dövlətimizin başçısını inşaatçılar hərarətlə qarşıladılar.
Bildirildi ki, Göyçay şəhərinin su təchizatı probleminin həlli Asiya İnkişaf Bankının "Azərbaycan Respublikasında kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə daxil edilmişdir. Layihənin həyata keçirilməsi nəticəsində şəhər əhalisi keyfiyyətli içməli su ilə təmin ediləcək, bütün ərazi kanalizasiya şəbəkəsi ilə əhatə olunacaqdır.
Prezident İlham Əliyev Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinə, həmçinin su təchizatı sisteminin mənbəyinə və baş sxeminə baxdı.
"Azərsu" ASC-nin prezidenti Nizaməddin Rzayev dövlətimizin başçısına məlumat verdi ki, Potu kəndinin ərazisində 7 artezian quyusu qazılacaqdır. Çıxarılan içməli su bu ərazidə inşa edilən anbarlara yığılaraq, nasos stansiyasından şəhər ərazisindən keçən iki xətlə yüksəkliklərdə tikilən və hər birinin 2 min ton tutumu olan anbarlara vurulacaqdır. Sonra içməli su xlorlanaraq, öz axarı ilə şəhərin bütün ərazisinə paylanacaqdır.
Layihəyə əsasən şəhər kanalizasiya şəbəkəsi də əsaslı surətdə yenidən qurulacaqdır. Kanalizasiya şəbəkəsi olmayan ərazilərə yeni xətlər çəkiləcəkdir. Çirkab sularını təmizləmək üçün isə Şəhadət kəndinin ərazisində qurğu inşa ediləcəkdir.
Bu günə qədər 3 artezian quyusu qazılmış, 4 min metr daşıyıcı su kəməri çəkilmiş, iki su anbarı, istehsalat bazası, inzibati bina, nasos stansiyası, xlorlayıcı qurğu inşa edilmişdir.
Prezident İlham Əliyev artezian quyulardan çıxarılaraq şəhərin şimal hissəsindəki yüksəkliklərdə yerləşən anbara vurulacaq içməli su kəmərini işə saldı.
AzərTAc
Azərbaycan.- 2010.- 13 fevral.- S. 5.