Dövlətimizin
başçısı Göyçay Olimpiya-İdman kompleksinin
açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Göyçay Olimpiya-İdman Kompleksinin açılışında iştirak etmişdir.
Azərbaycanda idman hərəkatının geniş vüsət aldığı bir vaxtda bölgələrdə Olimpiya-İdman komplekslərinin inşası xüsusi əhəmiyyət daşıyır. Son illər Göyçayda da inşa olunan infrastruktur obyektləri sırasında Olimpiya-İdman Kompleksi vardır. Burada müxtəlif idman növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılmışdır. Kompleksdə ən yüksək səviyyəli yarışlar keçirmək mümkündür. Burada stolüstü tennis və bilyard zalları, habelə konfrans zalı yerləşir. Üzgüçülük hovuzunun inzibati binası da müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni isə 15 metrdir. Burada sauna və digər yardımçı otaqlar da vardır. İkinci mərtəbədə isə istirahət otağı, həkim və məşqçi otaqları yaradılmışdır. Kompleksdə tennis kortları, mini futbol, voleybol və digər idman növləri üzrə meydançalar inşa edilmiş, futbol stadionu qurulmuşdur. İdmançıların istirahəti üçün ən müasir standartlara cavab verən 55 nəfərlik ikimərtəbəli mehmanxana və iki kottec tikilmişdir.
Göyçaylı idmançılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham ƏLİYEV rəmzi açılışı bildirən lenti kəsdi, idmançıları təbrik edərək dedi:
- Təbrik edirəm. Yaxşı, səmərəli istifadə edin. Kompleksdə idmançılar üçün yaxşı şərait yaratmışıq. Gərək idmançılar da öz gücünü göstərsinlər. Belə gözəl şəraitdə, gərək, gözəl nəticələr olsun. Siz, gərək bunu təmin edəsiniz.
Dövlətimizin başçısına məlumat verildi ki, kompleksin inşasına 2006-cı ildə başlanılmışdır. Foyedə respublikamızda idmanın inkişafı sahəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdikləri genişmiqyaslı tədbirlərdən bəhs edən fotoguşə yaradılmışdır.
Prezident İlham Əliyev müasir avadanlıqla təchiz edilmiş trenajor zallarında, 635 tamaşaçı yeri olan böyük zalda yaradılmış şəraitlə tanış oldu.
Dövlətimizin başçısı idmançıların nümunəvi çıxışlarına baxdı.
Prezident İlham Əliyev daha sonra kompleksin ərazisi ilə tanış oldu. Ətrafda geniş abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.
Dövlətimizin başçısına üzgüçülük hovuzu barədə də məlumat verildi. Burada üzgüçülük yarışlarının gedişini 252 tamaşaçı izləyə biləcəkdir.
Azərbaycan Prezidenti kompleksdə görülən işləri yüksək qiymətləndirdi.
AzərTAc
Azərbaycan.- 2010.- 13 fevral.- S. 5.