Maliyyə Nazirliyinin kollegiya iclası olmuşdur

 

Fevralın 12-də Maliyyə Nazirliyinin ötən ilin yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir.

Maliyyə naziri Samir Şərifov bildirmişdir ki, 2009-cu il bütün dünyada maliyyə böhranı ili olmasına baxmayaraq, Azərbaycanda böhrana qarşı görülən işlər ölkəmizdə həyata keçirilən tədbirlərin kamilliyini göstərmişdir. Ötən ildə ümumi daxili məhsulun artımında 9,3 faiz artım əldə olunmuşdur. Bundan əlavə, sənaye, kənd təsərrüfatı, ümumilikdə, qeyri-neft sektorunun inkişafında ciddi artımlar əldə olunmuş, inflyasiyanın səviyyəsi 1,5 faizi keçməmiş, ölkədə makroiqtisadi sabitlik qorunub saxlanmışdır. 2009-cu ildə dövlət büdcəsinin cari xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial müdafiə sosial-təminat xərcləri artmış, Azərbaycanın valyuta ehtiyatları nəzərçarpacaq dərəcədə çoxalmışdır.

Nazir vurğulamışdır ki, Azərbayacanda gedən sosial-iqtisadi inkişaf bu böhrandan respublikamızın uğurla çıxmasına şərait yaratmışdır. 2009-cu ildə böhranın fəsadlarının aradan qaldırılması üçün maliyyə orqanlarının da üzərinə böyük məsuliyyət düşdüyünü deyən Samir Şərifov maliyyə orqanlarının da ötən ili uğurlu nəticələrlə başa vurduğunu diqqətə çatdırmışdır.

"Azərbaycanın malik olduğu iqtisadi model sosial-iqtisadi inkişaf kursu ölkədə etibarlı maliyyə potensialının yaradılmasına imkan verir", - deyən maliyyə naziri dünya maliyyə böhranı fəsadlarının Azərbaycanda az hiss olunmasının səbəblərini məhz bu strateji amillərlə əlaqələndirmişdir.

İclasda məruzələr dinlənilmiş, qarşıda duran məsələlər müzakirə edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 13 fevral.- S. 6.