Humanitar əməkdaşlıq
genişlənir və dərinləşir
Beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və çəkisi olan Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulsa da, ilkin dövrlərdə münasibətlərin normal məcrada inkişafı baş vermədi. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın xarici siyasət kursunda etdiyi əsas kardinal dəyişikliklərdən biri də məhz milli maraqlardan çıxış etməklə qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlərin yaxşılaşdırılması idi.
Heydər Əliyev böyük uzaqgörənliklə rəsmi Bakı ilə Moskva arasında yaranmış siyasi gərginliyi aradan qaldırdı. Ulu öndərin siyasi müdrikliyinin nəticəsi olaraq Rusiyanın Azərbaycana qarşı kəskin münasibəti dəyişdi, hər iki tərəf üçün qarşılıqlı anlaşmaya əsaslanan faydalı tərəfdaşlığın və normal münasibətlərin əsası qoyuldu. İki dövlət arasında bərabərhüquqlu prinsiplər üzərində qurulan əlaqələr tədricən möhkəmləndirildi. Tezliklə Rusiyanın Azərbaycanla bağlı mövqeyində dəyişikliklər özünü bir sıra məsələlərdə büruzə verdi. "LUKoyl" şirkətinin "Əsrin müqaviləsi"nə qoşulması da Rusiyanın ölkəmizin yeni neft strategiyasına münasibətinin göstəricisi idi. Ulu öndər Heydər Əliyev 1994-cü ilin noyabrında Moskvaya işgüzar, 1997-ci ilin iyulunda isə rəsmi səfər etmişdi. Bu səfərlər zamanı iki ölkə arasında siyasi, iqtisadi və digər sferalarda əlaqələrin inkişafına xidmət edən sənədlər, o cümlədən "Dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında" müqavilə imzalanmışdı.
Rusiyada Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra iki dövlət arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində yeni mərhələnin əsası qoyuldu. Vladimir Putin xarici ölkəyə ilk rəsmi səfərini 2001-ci ilin yanvarında Azərbaycana etdi. Həm də bir il sonra Heydər Əliyevin Rusiyaya səfər etməsi, iki ölkə arasında müxtəlif sahələrə dair sənədlərin imzalanması münasibətlərin daha da dərinləşdirilməsinə təkan verdi, dövlətlərarası əlaqələrdə yeni səhifələr açdı. Bakı Bəyannaməsinin imzalanması, Xəzərin statusu ilə əlaqədar məsələlərin həlli müxtəlif səviyyələrdə münasibətlərə nəzərəçarpacaq irəliləyiş gətirdi. Hər iki ölkənin qarşılıqlı əlaqələrə böyük maraq göstərməsi nəinki siyasi, o cümlədən iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlığın dönməzliyinin təməlini qoydu. 2001-ci il oktyabrın 12-də Bakıda rus poeziyasının dahisi Aleksandr Sergeyeviç Puşkinin və 2002-ci il iyunun 9-da Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı əməkdaşlığın tamamilə yeni müstəviyə keçməsinin əlaməti və ölkəmizin xarici siyasətdəki uğuru oldu.
Hazırda Rusiya ölkəmizlə münasibətlərin genişlənməsində maraqlıdır. İqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf fazasına qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan da Rusiya ilə münasibətlərə önəm verir. Xarici siyasətdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və milli maraqlara söykənən ənənələri böyük məharətlə davam etdirən Prezident İlham Əliyev dünyanın geosiyasi prinsiplərinin formalaşmasına təsir göstərmək imkanları olan Rusiya ilə əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə böyük diqqət yetirir. Təsadüfi deyil ki, cənab İlham Əliyev prezidentliyinin birinci dövründə ilk rəsmi səfərlərinin birini Rusiya Federasiyasına etmişdi. 2006-cı ildə isə Vladimir Putin Azərbaycana səfərə gəlmişdi. Dövlət başçılarının qarşılıqlı səfərləri, təbii ki, ikitərəfli münasibətlərə təsirsiz ötüşmədi. Digər tərəfdən, bu səfərlərin müsbət nəticələri özünü təkcə siyasi sferada göstərmədi. İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqidir. Xatırladaq ki, 2009-cu ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3 milyard dollar həcmində olub.
Bu gün Rusiya-Azərbaycan münasibətləri bütün sahələrdə dinamik inkişaf edir. Hər iki ölkə sabitliyə, konstruktivliyə, yalnız yaxın gələcəkdə deyil, həm də uzunmüddətli perspektivdə mehriban qonşuluğa meyil göstərir. Hazırda mövcud olan böyük normativ-hüquqi baza əsasında qarşılıqlı münasibətlərimiz qurulur və birgə layihələr həyata keçirilir.
Azərbaycan-Rusiya münasbətlərinin mənzərəsi siyasi, iqtisadi sferalarda olduğu kimi, mədəni və humanitar sahələrdə də ürəkaçandır. Tarixi daha əvvəllərə gedən bu münasibətlər son illərdə daha da genişlənməkdədir. 2005-ci ildə Rusiyada "Azərbaycan ili"nin və 2006-ci ildə Azərbaycanda "Rusiya ili"nin keçirilməsi iki ölkə arasında qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin yüksək səviyyədə olduğunu bir daha göstərdi. Bu, ölkələrimiz arasında mədəni əlaqələri daha da genişləndirməklə bərabər ikitərəfli tərəfdaşlığın daha da dərinləşməsinə yol açdı.
Azərbaycanda yerli rus icmasına yüksək tolerant münasibət mövcuddur. Təsadüfi deyil ki, Cənubi Qafqaz rusları təşkilatlarının regional konfransı 2007-ci ilin aprelində Azərbaycanda keçirilmişdi. O zaman konfrans iştirakçılarını qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev onlarla söhbətində bu tədbirin məhz Azərbaycanda keçirilməsinin Azərbaycan-Rusiya münasibətlərinə xidmət etdiyini, Cənubi Qafqazda ən böyük rus icmasının Azərbaycanda yaşamasını əlamətdar hal kimi qiymətləndirmişdi. Azərbaycanda rus icmasına olan xoş münasibətdən Rusiya rəsmiləri də dəfələrlə öz razılıqlarını ifadə ediblər.
Rusiya ilə mədəni və humanitar əlaqələrin genişlənməsində Heydər Əliyev Fondunun əvəzsiz xidmətləri var. 2006-cı il fevralın 1-də Heydər Əliyev Fondunda Rusiyanın Puşkin kitabxanası fondundan 2 minə yaxın kitabın hədiyyə edilməsi münasibətilə tədbir keçirilmişdi. Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bildirmişdi: "Biz bu gün, şübhəsiz ki, Azərbaycanla Rusiya arasında mədəni körpü olan böyük rus mədəniyyətini əhatə edən məkanı saxlamağa nail olduğumuz üçün fəxr edirik". Mehriban xanım Əliyeva Azərbaycanın keçmiş sovet məkanında rus dilində təhsilin kifayət qədər böyük həcmdə saxlanıldığı yeganə dövlətlərdən biri olduğunu, ölkəmizdə praktiki olaraq bütün slavyan dillərində mütəxəssislər hazırlayan Bakı Slavyan Universitetinin fəaliyyət göstərdiyini də diqqətə çatdırdı.
2006-cı il iyulun 5-də isə Heydər Əliyev Fondunun kitab nəşri ilə bağlı daha bir layihəsinin təqdimat mərasimi keçirilib, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə müxtəlif elm sahələrinə aid Rusiyada nəşr olunmuş 4 mindən artıq kitab respublikamızın 14 ali məktəbinə hədiyyə edilib.
İki ölkə arasında təhsil sahəsində uzun müddətdir ki, uğurlu əməkdaşlığın əsası qoyulub. Hələ 2002-ci ilin fevral ayında iki ölkənin təhsil nazirlikləri arasında imzalanmış əməkdaşlıq protokolu tələbə mübadiləsinin inkişafına yeni təkan verib. İmzalanmış sənədə əsasən, Rusiya tərəfi bu ölkənin ali məktəblərində Azərbaycan vətəndaşlarının dövlət xətti ilə təhsil almaları üçün hər il müəyyən sayda yer ayırır. Azərbaycanlı tələbələr Moskvanın müxtəlif nüfuzlu ali təhsil ocaqlarında - M.V.Lomonosov adına MDU-da, Moskva Maliyyə Akademiyasında, Rusiya Dövlət Tibb Universitetində, D.Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetində, İ.M.Qubkin adına Dövlət Neft və Qaz Akademiyasında, Moskva Dövlət Cihazqayırma və İnformatika Akademiyasında, G.V.Plexanov adına Rusiya İqtisadiyyat Akademiyasında, İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında və digər universitetlərdə təhsil alırlar.
2007-ci ildə Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əməkdaşlığa dair üçillik proqram təsdiq edilib. Proqramda mədəniyyət, səhiyyə, gənclər siyasəti və idman sahələrində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Ötən il ölkəmizdə Rusiya ilə təhsil sahəsində münasibətlərin genişlənməsinə xidmət edən növbəti addım atıldı. Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının rəsmən açılışı oldu. Xatırladaq ki, MDU-nun Bakı filialının açılması barədə sərəncam 2008-ci ilin yanvarında Prezident İlham Əliyev tərəfindən imzalanıb. İkitərəfli humanitar əlaqələrin inkişafı baxımından vacib əhəmiyyət daşıyan bu sərəncama əsasən, MDU-nun Bakı filialının açılması istiqamətində zəruri olan bütün tədbirlər görülüb, onun maddi-texniki bazasının yaradılması tam təmin edilib. Burada tədris prosesi MDU-nun proqramları əsasında qurulub. Məşğələlər, əsasən, dünyada ən nüfuzlu ali məktəblərdən biri olan bu universitetin professor-müəllim heyəti tərəfindən aparılır.
MDU-nun Bakı filialının açılması iki ölkə arasında təhsil sahəsində münasibətlərin uğurlu davamı, ən əsası humanitar sahədə əlaqələrin genişlənməsinin əyani təsdiqidir. Filialın açılışında iştirak etmək üçün ölkəmizə gələn nümayəndə heyətində MDU-nun rektorunun, Rusiyanın təhsil və energetika nazirlərinin olması həm MDU-nun Bakı filialının fəaliyyətə başlamasına göstərilən yüksək diqqətdən, həm də rəsmi Moskvanın ölkəmizlə münasibətlərə son dərəcə ehtiramla yanaşmasından xəbər verirdi.
Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin açılması, Rusiya Linqvistika Universitetində isə Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılması da mədəni və humanitar əlaqələrin göstəricisidir.
Azərbaycanla Rusiya arasında son illərdə inkişaf edən həm siyasi, həm iqtisadi, həm də humanitar əməkdaşlıq fonunda dövlətlərarası münasibətlərin mehriban qonşuluq prinsiplərinin strateji tərəfdaşlığa qədəm qoyduğu təsdiqlənir. Prezident İlham Əliyev Vladimir Putinlə hələ Rusiya Prezidenti olduğu zaman görüşlərinin birində bu barədə deyib: "Bizim yaxsı siyasi əlaqələrimiz, ikitərəfli məsələlərdə, regional əməkdaşlıq məsələlərində tam qarşılıqlı anlaşmamız var, bir çox beynəlxalq problemlərdə mövqelərimiz uyğun gəlir. Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır və biz bu strateji tərəfdaşlığa sadiqik. Mən bu xətti davam etdirəcəyəm".
2008-ci ildə Rusiyanın yeni Prezidenti seçilən və həmin il iyulun 4-də Bakıya gələn Dmitri Medvedevin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə də ölkələrimiz arasında münasibətllərin dostluq və mehriban qonşuluqla yanaşı strateji əməkdaşlıq prinsipinə əsaslandığı bir daha bəyan olundu. Həmçinin Azərbaycanın Qafqazda Rusiya üçün strateji tərəfdaş olduğu vurğulandı.
2008-ci ilin noyabrında Bakıda keçirilən "Azərbaycan XXI əsrdə - uğurun strategiyası" mövzusunda beynəlxalq "dəyirmi masa"nın gündəliyinin bir hissəsi Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuşdu. "Dəyirmi masa" iştirakçılarını qəbul edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlər mehriban qonşuluq, strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır və dinamik şəkildə inkişaf etməkdədir. Azərbaycan-Rusiya münasibətləri ölkələrimiz üçün vacib olduğu qədər Qafqaz və Xəzər regionunun inkişafında da əhəmiyyətli rol oynayır. Dövlət başçısı iki ölkə arasında ikitərəfli münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyini söyləyərək deyib ki, bunun üçün hər iki ölkə rəhbərliyinin güclü siyasi iradəsi və dövlətlərarası möhkəm hüquqi baza mövcuddur.
Xatırladaq ki, indiyədək Azərbaycanla Rusiya arasında bütün sahələri əhatə etməklə yüzdən artıq sənəd imzalanıb. Rusiya ilə Azərbaycan arasında nefi-qaz sahəsində həyata keçirilən əməkdaşlıq da strateji tərəfdaşlığın nümunəsi sayıla bilər. Əvvəldə qeyd etdiyimiz kimi, Rusiyanın "LUKoyl" neft şirkəti "Əsrin müqaviləsi"ndə, Azərbaycan neft yataqlarının işlənməsində iştirak edir. Eyni zamanda, Azərbaycanın Xəzər dənizindən hasil etdiyi xam neftin bir hissəsi dünya bazarlarına Bakı-Novorossiysk kəməri ilə ixrac edilir. Ötən ildən isə enerji sahəsində əməkdaşlığın yeni fazasının təməli qoyulub. Enerji daşıyıcılarının şaxələndirilməsinin tərəfdarı olan Azərbaycan, Rusiya ilə razılaşmaya əsasən, hasil etdiyi təbii qazı dünya qiymətləri ilə 2010-cu ildən bu dövlətə ixrac edir.
Bu il yanvarın üçüncü ongünlüyündə Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu Azərbaycan-Rusiya əlaqələrinin hazırkı xoş mənzərəsini bir daha nümayiş etdirdi. Formatı humanitar yönümlü olsa da, əslində, bu tədbir Azərbaycan-Rusiya əlaqələrinin bütün sahələrdə son dərəcə sıx olduğunu göstərdi. Forumda iştirak etmək üçün Azərbaycana gəlmiş Rusiya nümayəndə heyətinin tərkibinə RF mədəniyyət naziri Aleksandr Avdeyevin, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunovun, Rusiya Federasiyasının MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Farit Muxametşin, Dövlət Duması deputatlarının və Federasiya Şurası üzvlərinin, alimlərin, mədəniyyət və incəsənət xadimlərinin, Rusiyanın aparıcı KİV-inin rəhbərlərinin daxil olması şimal qonşumuzun ölkəmizlə əlaqələrə həssas münasibətinin təcəssümü idi.
Prezident İlham Əliyev Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edərkən deyib: "Rusiya ilə Azərbaycan münasibətlərinin dərin kökləri vardır. Bizim ikitərəfli münasibətləri indi necə qurmağımız, zənnimcə, bütövlükdə həm regionda, həm də daha geniş mənada nümunə ola bilər. Bizim bu münasibətləri necə qurmağımız onu göstərir ki, siyasi əzm və həqiqi arzu olduqda çox şeyə nail olmaq mümkündür. Münasibətlərimiz çox möhkəmdir, onların gələcəyini öncədən görmək mümkündür, onlar qarşılıqlı maraqlara, ortaq tarixə, ölkələrimizin sülh və təhlükəsizlik şəraitində yaşamaq, əməkdaşlığı möhkəmlətmək, öz xalqları üçün nemətlər yaratmaq və özlərinin inkişafı ilə qonşu dövlətlərin də inkişafına şərait yaratmaq istəyinə əsaslanır".
Cəmiyyətlərin həyatında mədəniyyətin rolu əvəzsizdir. Ona görə ki, insanın təfəkkürünü, onun əxlaqi keyfiyyətlərini bilavasitə formalaşdıran məhz mədəniyyətdir. Tarixi əlaqələrin nəticəsi kimi Rusiya Azərbaycana müasir təfəkkürün, o cümlədən dünya mədəniyyətinin gözəl və milli dəyərlərimizlə uzlaşan formalarını təqdim edib. Azərbaycan xalqı da, öz növbəsində, rus ədəbiyyatına - həm nəsrə, həm də poeziyaya, habelə musiqiyə və təsviri incəsənətə xeyli gözəl nümunə bəxş edib. Forum onu da təsdiq etdi ki, bu əlaqələr kəsilmir və inkişaf edir. Çünki tədbirdə Azərbaycanın tanınmış bəstəkarlarının əsərlərinin Rusiya səhnəsində ifa edilməsi, bizim dramaturqların pyeslərinin Rusiya teatrlarında tamaşaya qoyulması, Azərbaycan teatrlarının tamaşalarına Rusiyadan rejissorlar cəlb edilməsi, habelə bizim teatr kollektivlərinin RF-ə qastrollarının təşkil olunması təklif edildi. Onu da qeyd edək ki, hazırda Azərbaycanda iki müştərək Azərbaycan-Rusiya filminin çəkilişləri aparılır. Onlardan birinin çəkilişi başa çatmaq üzrədir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında böyük rus bəstəkarı Pyotr Çaykovskinin "Qu gölü" baletinin tamaşası göstəriləcəkdir.
Forumda mədəniyyət və incəsənətlə yanaşı, cəmiyyətin müxtəlif təbəqələri arasında humanitar əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı, elm xadimləri arasında əlaqələri genişləndirməyin zəruri olması fikri səsləndi. Bu tədbir göstərdi ki, Azərbaycan-Rusiya humanitar və mədəni əlaqələrinin inkişafı üçün böyük potensial var. Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi: "Ölkələrimizin tarixi və bugünün reallıqları minlərlə görünən və görünməz tellərlə bağlıdır. Bugünkü forum da bir növ körpüdür - ikitərəfli hərəkət olan körpü. Bu, xalqlarımızı birləşdirən və yaxınlaşdıran körpüdür. Bu körpü üzərində səmərəli hərəkəti təmin etmək sizin və bizim vəzifəmizdir".
Forumda Azərbaycan xalqının Rusiya ictimaiyyətindən özü üçün ən mühüm problemdə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində onu başa düşməsini gözlədiyi, ən əsası, özünü Rusiyanın müttəfiqi hesab edən, əslində isə forpostdan başqa bir şey olmayan Ermənistanın Azərbaycanın tarixi torpaqlarında yaradıldığı diqqətə çatdırıldı. Bakıya gələn Rusiya nümayəndə heyətinin üzvləri respublikamıza, xalqımıza qarşı nə qədər dost münasibətdə olsalar da, bəzi tarixi həqiqətləri bilməmələri təbii qarşılanmalıdır. Tarixdən məlumdur ki, bugünkü Ermənistan qədim Azərbaycan torpaqları üzərində yaranıb. Dünya ictimaiyyətinin, xüsusən bizə yaxın olan Rusiya cəmiyyətinin bu faktı bilməsi çox vacibdir. Çünki bu gün Rusiyada da çox güclü erməni lobbisi fəaliyyət göstərir. Ermənilərin Rusiyada bir çox sferalarda fəal olduqları da məlumdur. Azərbaycana gələn Rusiya nümayəndə heyətinin üzvlərinin isə fəaliyyət göstərdikləri sahələrdə ermənilərlə birgə çalışmaları da mümkündür. Bu mənada akademik Ramiz Mehdiyevin çıxışında səslənən fikirlər Rusiya ictimaiyyətinin əsl tarixi həqiqətləri bilməsi baxımından mühüm əhəmiyyətə malikdir: "1918-ci ilin mayında Cənubi Qafqazda üç müstəqil dövlət - Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları yarananda Ermənistanın ərazisi təxminən 10 min kvadratkilometr idi. 1918-ci il mayın 29-da yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti, bəzi dövlətlər arasında razılığa əsasən, İrəvan şəhərini paytaxt kimi Ermənistana verməyə məcbur oldu. Bununla bağlı müvafiq sənədlər vardır. Ermənistan əvvəlcədən bəyan edirdi ki, İrəvan ona verilərsə, bir də heç zaman Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyəcəkdir. Sovet hakimiyyəti illərində Ermənistan ərazisi Azərbaycan ərazisi hesabına daha 19 min kvadratkilometr genişləndi və bu gün artıq 29 min kvadratkilometr təşkil edir.
Mən hələ onu demirəm ki, 1918-ci ilin martında Stepan Şaumyan silahlı daşnak dəstələri ilə birlikdə Bakıda talanlar törədərək yüzlərlə dinc sakini qətlə yetirib Bakı şəhərini yatıb yuxusunda gördüyü Ermənistan dövlətinin paytaxtına çevirmək istəyirdi. Lakin Azərbaycan xalqı bütün bu ağır sınaqlara davam gətirdi. Bu gün Azərbaycan sabit və çiçəklənən dövlətdir".
Dövlət xadimlərinin, ziyalıların, vətəndaş cəmiyyətinin nümayəndələrinin, öz ölkələrinin inkişafında marağı olan insanların iştirak etdiyi Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu iki dövlət arasındakı münasibətlərin daha da genişlənməsinə və gələcəyə istiqamətlənib. Əsas məqsəd qarşılıqlı əlaqələri gücləndirmək, birgə səylər əsasında tarixən formalaşmış humanitar və mədəni münasibətlərin daha da çiçəklənməsinə nail olmaqdır. Artıq praktik təcrübə var, onun bundan sonra da davam etdirilməsi önəmlidir. Bakıda keçirilən forum qarşıya qoyulan məqsədlərin reallaşmasına təkan verəcəkdir.
Digər tərəfdən, Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu ikitərəfli münasibətlərin geniş sahələri əhatə etdiyini və bunun inkişaf etdirilməsi üçün böyük potensialın və Azərbaycanla Rusiya arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu nümayiş etdirdi. Çünki bu iki ölkə strateji tərəfdaş olmasaydı, mədəni və humanitar əlaqələrdə bu cür gözəl dialoq yaranmazdı.
Alış QASIMOV,
Bakı Dövlət Universitetinin
kafedra müdiri, hüquq elmləri
doktoru, professor
Azərbaycan.- 2010.- 13 fevral.- S. 7.