İctimai və humanitar elmlər sosial sifarişə
çevik cavab verməlidir
Müasir
qloballaşan dünyada Azərbaycanın sürətli iqtisadi
inkişafı nəticəsində cəmiyyətimizdə
baş verən dinamik keyfiyyət və kəmiyyət dəyişiklikləri
yeni sosial reallıqların meydana çıxmasına səbəb
olmuşdur. Bu yeni reallıqların elmi tədqiqi cəmiyyətin
inkişaf perspektivlərinin müəyyənləşdirilməsi
baxımından xüsusi əhəmiyyət kəsb edir.
Son illər həmin məsələlərin
öyrənilməsi elm ictimaiyyətin diqqət mərkəzinə
gətirilmiş, bir sıra elmi-tədqiqat işlərinin
uğurlu nəticələri əldə edilmişdir. Lakin buna baxmayaraq, zamanın tələblərinə
cavab verən tədqiqatların sayı olduqca azdır. İlkin təhlillər demək olar ki, cəmiyyətin
həyatında baş verən hadisələrin elmi tədqiqindən
daha çox həmin proseslərin passiv müşahidəsi təəssuratını
oyadır. Xüsusilə, burada ictimai və
humanitar elmlərin zamanla ayaqlaşa bilməməsi ictimai
şüurun təşəkkülünə əhəmiyyətli
dərəcədə təsir göstərir.
Çünki Azərbaycanın ən yeni tarixi, hüquqi
dövlət quruculuğu, əsas insan hüquq və
azadlıqlarının genişləndirilməsi, tarixdə
şəxsiyyətin rolu, yeni siyasi partiyaların yaranması və
onların siyasi proseslərə nüfuzu, parlamentarizmin təkamülü,
plüarizm və söz azadlığının ictimai həyatın
aparıcı ünsürlərinə çevrilməsi və
sairə bu kimi mühüm sosial hadisələr elmi cəhətdən
kifayət qədər araşdırılmamış,
qazanılmış uğurların ümumiləşdirilməsi
əsasında ölkənin gələcək
inkişafının elmi konsepsiyası
formalaşdırılmamışdır. Halbuki
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
irəli sürdüyü və həyata keçirdiyi
müstəqil milli dövlətçilik ideyası
ictimai-siyasi elmlərin əsas tədqiqat predmeti olmalı idi.
Çünki həmin ideyaları inkişaf
etdirərək, fədakar fəaliyyət nəticəsində
Prezident İlham Əliyev modern cəmiyyətin
inkişafının yeni "Azərbaycan modeli"
konsepsiyasını gerçəkləşdirdi. Ona görə də ictimai və humanitar elmlər
yeni dövlət quruculuğunun 17 illik zəngin təcrübəsi
öyrənməli və müasirləşən cəmiyyətin
inkişafında milli-mənəvi dəyərlərlə
yeniliyin vəhdətinin xüsusiyyətlərini müəyyənləşdirməlidirlər.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
"...bu gün qloballaşan dünyada, bəlkə də
buna daha çox diqqət verilməlidir".
Göstərilən
problemlərin, cəmiyyətimizin inkişaf meyillərini,
bütövlükdə Prezident İlham Əliyevin irəli
sürdüyü müasir dövrün keçid və yeni
dövlətçilik modeli konsepsiyasının əsaslandırılmış
elmi təhlili və ümumiləşdirilməsi akademik Ramiz
Mehdiyevin fəlsəfi əsərlərində öz əksini
tapmışdır. Həmin əsərlərdə müasir
Azərbaycan fəlsəfi fikrinin inkişaf istiqamətləri
ilə yanaşı, həm də cəmiyyətimizin
inkişafını şərtləndirən sosial hadisələr
və onların tədqiqi metodologiyası müəyyənləşdirilmişdir.
Fikrimizcə, bu gün elmin böhran vəziyyətindən
çıxarılmasında əsas lokomotiv də elə fəlsəfə
elmi olmalıdır. Akademik Ramiz Mehdiyevin
qeyd etdiyi kimi, "...fəlsəfə bütövlükdə
tarixi bir dövrün özünüdərki ilə məşğuldur
və onun araşdırdığı problemlər əslində,
həmin tarixi dövrün ən ümdə, ən vacib tələblərindən
irəli gəlir". Baş verənlərin
elmi təhlili ilə yanaşı, həm də baş verə
biləcək, gözlənilən sosial hadisələr
haqqında proqnostik təhlillər, elmi ümumiləşdirmələr
və tövsiyələr də işlənib
hazırlanmalıdır.
Bununla bağlı akademik
Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman
kontekstində baxış" məqaləsində yazır:
"Azərbaycanın gələcək inkişaf strategiyasını
müəyyənləşdirmiş ümummilli lider Heydər
Əliyevin bütün cəmiyyəti səfərbər edərək,
onu düzgün yola istiqamətləndirməsi sayəsində
1990-cı illərin çətinliklərini artıq geridə
qoymuşuq. Hazırda biz müasir Azərbaycan
dövlətçiliyinin inkişafında yeni mərhələ
yaşayırıq. Ölkəmizdə
inkişafın yüksək sürəti təmin
edilmişdir. İndi möhtəşəm və məsuliyyətli
vəzifələrin öhdəsindən gəlmək
üçün dövlətimizin kifayət qədər
potensialı və təcrübəsi vardır... İndi cəmiyyətimiz qarşısında, ilk
növbədə, elmi elita qarşısında mühüm vəzifələrin
həlli məsələsi dayanır. Əsas
məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə,
elmdə, ümumən intellektual sahələrdə ciddi
dönüş yaradılmalı və biliklərə əsaslanan
iqtisadiyyatın qurulması prosesi intensivləşdirilməlidir".
Yeni reallıq
yeni düşüncə və təfəkkür tərzinin
formalaşmasını tələb edir. Yeni
düşüncə tərzinə malik olmadan yeni sosial gercəkliyin
dərki, həmin proseslərin idarə edilməsi və nəticə
etibarilə bütün bunların cəmiyyətin tərəqqisinə
yönəldilməsi xeyli çətindir. Sosial biliklər şübhəsiz ki, təbiət və
dəqiq elmlər sahəsində əldə edilmiş yeni
biliklərin təhlilinə istinad edir. Lakin
elmin metodologiyasının işlənməsi artıq fəlsəfi
məsələdir. Burada öyrəniləcək
obyekt və ya hadisə haqqında irəli sürülən
ümummetodoloji yanaşma baş verən və gözlənilən
hadisələrin obyektiv inkişaf qanunauyğunluqlarını
müəyyənləşdirməyə, cəmiyyətdə
yeni istehsal və sosial-siyasi münasibətlərin proqressiv
inkişaf təmayüllərini proqnozlaşdırmağa və
tənzimlənməyə imkan verməlidir.
Ən ciddi problemlərdən
biri təhsillə elmin vəhdətinin bərpası istiqamətində
dövlətin həyata keçirdiyi siyasətin qısa
müddət ərzində səmərəli nəticələr
verməsini təmin etməkdir. Ona görə də
elmin inkişafına yönəlikli milli strategiyada müəyyən
edilmiş hədəflərə çatmaq üçün
məqsədyönlü işlər görülməli,
mövcud çatışmazlıqlar qısa müddətdə
aradan qaldırılmalıdır. Ən narahatedici məsələlərdən
biri də ali məktəblərdə elmi
işlərin vəziyyəti ilə bağlıdır.
Çünki ali məktəblərdə
aparılan planlaşdırılmış elmi işlərin
praktika, tədris prosesi və tədris edilən fənlərlə
əlaqəsi əksər hallarda əhəmiyyətli dərəcədə
olmur. Halbuki ali məktəblərdə
kifayət qədər elmi potensial var. Amma elmdə yaşanan
böhrandan çıxış yollarını arayan ciddi cəhdlərə
də az hallarda rast gəlinir. Vəziyyətdən
çıxış yolu elm-təhsil müəssisələri
tərəfindən hökumət qarşısında əsaslandırılmış
şəkildə qaldırılmalı idi, amma bu, baş vermədi.
Həmişə olduğu kimi, bu məsələdə
də dövlət başçısının çevik
siyasəti özünü çox gözlətmədi.
Elm və təhsilin böhrandan
çıxışını və sürətli
inkişafını təmin edə biləcək siyasət
öz əksini Prezident İlham Əliyev tərəfindən
imzalanmış sərəncamlarda və dövlət
proqramlarında tapdı. Lakin elmi ictimaiyyət
bununla əlaqədar nə fəal müzakirələr
keçirdi, nə də elmi araşdırmaları sürətləndirə
biləcək fikirlər və layihələr irəli
sürdü.
Bu məsələdə
də təşəbbüs dövlət tərəfindən
göstərildi. Prezident adminstrasiyasının rəhbəri, akademik
Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman
kontekstində baxış" məqaləsində nəinki
ictimai və humanitar elmlərin, bütövlükdə,
elmimizin dünəni və bu günü haqqında əsaslandırılmış
fikirlər irəli sürdü. Əslində,
bu, alimlərimizi bir daha fəallığa, diskussiyalara,
axtarışlara, yaradıcılığa
çağırış idi. Həmin məqalədə
azərbaycan elminin inkişaf konsepsiyası bir daha nəzərdən
keçirilirdi.
Elm - dünya haqqında
obyektiv, sistemli və əsaslandırılmış biliklərin
yaradılmasından ibarət olan idrak fəaliyyətinin bir
növüdür. Elmin əsas xüsusiyyətləri
onun predmetliyi və biliklərin obyektivliyi olsa da, onlar elmin
mahiyyətinin səciyyəviliyini heç də tam əks
etdirə bilmirlər. Çünki
gerçəklik haqqında obyektiv biliklərin idrak fəaliyyətinin
bir növü olan güzəran idrakı vasitəsilə də
əldə etmək mümkündür. Elmi
idrakın başqa növlərindən fərqləndirən əsas
cəhət ondan ibarətdir ki, o, müəyyən obyektlərin,
onların xassələrinin, onlar arasındakı əlaqə
və asılılıqların müəyyən tarixi
dövrdə praktikada mənimsənilməsi imkanlarını
inikas etdirmir. Elmin səciyyəvi
xüsusiyyəti ondan ibarətdir ki, o, mövcud tarixi
dövrün hüdudlarından kənara çıxaraq gələcək
tarixi dövrlərdə mənimsənilə, inkişafın
müəyyən mərhələlərində əldə
edilə biləcək yeni gercəklikləri, fəth ediləcək
üfüqləri cəmiyyət, bəşəriyyət
qarşısında aça bilir. Elm bir
çox hallarda artıq bərqərar olmuş maddi aləmi
inkar edərək onun yeni keyfiyyətlərini açmaqla cəmiyyətdə
sürətli keyfiyyət dəyişikliklərinə təkan
verir. Əlbəttə, əksər
hallarda çoxluğun təfəkkür tərzinin qəbul
edə bilmədiyi yeni obyektiv biliklər cəmiyyətdə
inqilabi sayıla biləcək dəyişikliklərin qısa
zaman kəsiyində baş verməsinə səbəb olmaqla
yanaşı, həm də mövcud düşüncə tərzi
ilə yeni gerçəklik arasında ziddiyyətlərə
gətirib çıxarır. Məhz bu
ziddiyyətin mövcud olduğu cəmiyyət dinamik
inkişafa malikdir.
Elm mövcud
olan, lakin dərk edilməmiş aləm, varlıqlar
haqqında biliklər sistemidir. Bəşəriyyətin
inkişaf tarixini nəzərdən keçirərkən
görürük ki, müxtəlif dövrlərdə əldə
edilmiş elmi yeniliklər zamanı qabaqlayaraq cəmiyyəti
sıçrayışlarla inkişafa sövq etmişdir.
Bəzi hallarda isə kütləvi
şüurun müqavimətini qıra bilmədiyi
üçün uzun illər istifadəsiz qalmış,
yalnız müəyyən tarixi inkişaf mərhələsində
onun tətbiqinə zərurət yaranmışdır.
Müasir Azərbaycan
cəmiyyətində gedən proseslər o qədər
sürətlidir ki, elmdə və elmə münasibətdə
ciddi dönüş yarada bilməsək, onda elm tamamilə
onun axarından kənarda qala bilər. Baş
vermiş hadisələrin güzəran səviyyəsində
təsviri təhlili bəzən elmi araşdırma kimi cəmiyyətə
təqdim edilir. Belə psevdo elmi biliklər
nə cəmiyyətin tərəqqisini təmin edə, nə
də yeni gercəkliklərin mahiyyətini, qanunauyğunluqlarını
açaraq gələcək inkişafın təkanverici
qüvvəsini təşkil edə bilər.
Burada kiçik bir haşiyə
çıxaraq ali məktəblərimizin,
bütövlükdə təhsilimizin bü gününü əks
etdirən sadə faktı nəzərdən keçirmək
istərdik. Ali məktəblərdə müəllimlər
və tələbələr həm təlim prosesinin, həm
də elmi axtarış prosesinin fəal subyektləridir.
Lakin bir tərəfdən, aparılan elmi
araşdırmaların nəticələri təlim prosesində
geniş istifadə edilə biləcək elmi yenilik
yükü daşımırsa, digər tərəfdən,
yeni biliklərə gətirib çıxaran elmi
araşdırmalar da əksər hallarda təlim prosesində tətbiq
edilmir. Əslində, bu, təlim prosesinə
köhnəlmiş metodoloji yanaşmadan irəli gəlir.
Ənənəvi təhsil sisteminin əsasında dayanan fikir
ondan ibarət idi ki, "öyrənən" obyektdir (O) və
"öyrədən" fəal subyekt (S) kimi onu dəyişdirməlidir.
Bu, sadəcə olaraq subyekt-obyekt (S-O) münasibətlərinin
təzahürüdür və yeni dövrün tələblərinə
qətiyyən cavab vermir. İnsan təbiət
etibarilə yaradıcı varlıqdır və təhsilin əsas
mahiyyəti həmin yaradıcı başlanğıcın
azad, müstəqil inkişafını təmin etməkdir.
Münasibətlər yeni paradiqma əsasında
subyekt-subyekt (S-S) münasibətlərinin keyfiyyətcə
yeni mərhələsinə kecidi təmin etmək üzərində
qurulmalıdır. Subyektin öz
yaradıcılıq imkanlarını dərk etməsi, onu
aktuallaşdırması və gercəkləşdirməsi nəticə
etibarilə müstəqil, azad harmonik şəxsiyyətin təşəkkülünə
gətirib çıxarır. Bu, demokratik,
hüquqi, bir sözlə, harmonik vətəndaş cəmiyyətinin
bərqərar olması prosesidir. Real
dövlət siyasəti və nəzərdə tutulmuş təhsil
islahatları buna yönəlsə də, onun icra edilməsi
prosesi gələcək haqqında düzgün olmayan təsəvvürlər
əsasında həyata keçirilir. Təbii
ki, cəmiyyətin inkişafının zorən tamamilə
başqa bir axara sürüklənməsi cəmiyyətdə
xoşagəlməz əyintilərə, dəyərlərin
şəxssizləşdirilməsinə və mənəvi
yoxsulluğa gətirib çıxaracaqdır.
Hadisələrin
bu istiqamətdə cərəyan etməsinə təsir
göstərən ən başlıca amillərdən biri də
cəmiyyətin inkişafının yeni modelinin vahid elmi
konsepsiyasını dərk edərək, elm və təhsilin
vəhdətini təmin edə biləcək kadrların
qıtlığı, həmçinin təşkilatlana bilməməkdir. Hesab edilir ki,
elmi biliklərin dürüstlüyü onların praktikada
sınaqdan keçirilməsi əsasında müəyyən
edilir. Əlbəttə, elmi biliklər təcrübədən
kecirilərək tətbiq edildikdə müəyyən nəticələr
verir və bu cəhət onun dürüstlüyünə,
mötəbərliyinə dəlalət edir. Amma elmin səciyyəvi xüsusiyyəti məhz
ondan ibarətdir ki, o, mövcud gercəkliyin çərçivəsindən
kənara çıxaraq kollektiv təfəkkürə
sığmayan yeni gercəkliklərə yol açır.
İndiki anda kollektiv təfəkkürün qəbul
edə bilmədiyi, lakin cəmiyyətin gələcək tərəqqisini
şərtləndirən yeni biliklərin inkarın inkarı əsasında
tətbiqi zərurət olaraq qalır.
Qarşımızda
dayanan ən böyük çətinlik vərdiş
edilmiş həyat və düşüncə tərzindən
imtina edərək dərk edilməsi mümkün
görünməyən yeni gercək düşüncə tərzinə
keçidi təmin etməkdir. İnnovasiyalardan,
nanotexnologiyadan, yeni tip informasiya cəmiyyətindən
danışmaqla yanaşı, onu dərk etmək, yenilik
qarşısında yaranan qorxudan azad olmaq lazımdır.
Zehni hisslər yaradıcılıq, yenilik,
qeyri-səlislik, xaotiklik üçün mühüm amildir.
Bu keyfiyyətləri boğan etalon və
stereotiplərin əsarətindən xilas olmadan azad, müstəqil
yaradıcı düşüncəyə malik olmaq
mümkün deyil. Elmi
dünyagörüşü, düşüncə tərzi
alimi dar çərçivələrin buxovundan azad
olmağa, yaratmaq eşqinə qovuşmağa aparır.
Burada maddi tələbatlar mənəvi tələbatlara
çevrilərək tələbatlar iyerarxiyasınin elə
bir yüksək zirvəsinə keçir ki, şəxsiyyət
inkişafın ali mətləbinə
yetişərək öz "Mən"ini yeni keyfiyyətdə
dərk edir. Subyektin yeni dəyərlər
sistemi, idealları təşəkkül tapır və onu həqiqətin
axtarışına yönəldir. Bu dəyərlər
sistemi elmi etikanın əsasını təşkil edərək
alimi sosial, siyasi məqsədlər naminə elmi həqiqəti
təhrif etməkdən çəkindirir. Təəssüflər
olsun ki, bu gün cəmiyyətimizdə elmi bu əxlaq prinsiplərindən
uzaqlaşdıra biləcək əməllərilə,
sözün həqiqi mənasında, elmə də, alimə
də meydan oxuyan psevdo alimlər bu sahəni işğal etməkdə,
elmə qarşı soyqırımı siyasətini həyata
keçirənlər var. Artıq zamanı
çatmışdır ki, cəmiyyətin əxlaqına, tərəqqisinə,
elmin çiçəklənməsinə və
saflaşmasına maneə olan həmin qüvvələr fəsadlaşmış
bir şiş kimi kəsilərək atılsın. Prosesin təbii axarını gözləmək
ölkədə gedən sürətli dinamik inkişafın
nəticələrini əhəmiyyətli dərəcədə
azalda bilər. Sistemin dinamik inkişafı
onun bütün elementlərinin, onlar arasındakı əlaqə
və asılılıqların harmonik
qarşılıqlı təsirini zəruri edir. Bu baxımdan sıçrayışla müşayiət
edilən dəyişikliklər qaçılmazdır. Bu sıçrayışlar zamanı yarana biləcək
boşluqların törədə biləcəyi fəsadlar isə
əhəmiyyətli dərəcədə olmayacaqdır.
Çünki keçmiş kommunist
ideallarından qurtularaq yeniliyi acgözlüklə həzm edən
cəmiyyət öz-özünü tənzimləyən bir
sistem kimi, həm də kompensator xassəsinə də malikdir.
Zəruri sıçrayışlı
keçidlər yeni əlaqələri sürətlə bərpa
edir. Həmin yeniliyə, onu dərk edib qəbul
etməyə insanların hazırlanması isə milli
ideologiyanın üzərinə düşən əsas vəzifədir.
Milli ideologiyanın ictimai şüura
çatdırılması, vətəndaş həmrəyliyinin
təmin edilməsi, cəmiyyətin konsolidasiyası isə
ictimai və humanitar elmlərin ümdə vəzifələrindəndir.
Özünüdərkin
səviyyəsi insanın bir şəxsiyyət kimi inkişaf
səviyyəsini səciyyələndirdiyi kimi, millətin də
özünüdərketmə səviyyəsi onun inkişaf səviyyəsini
səciyyələndirir. Milli özünüdərkin, milli mənlik
şüurunun öyrənilməsi əsas vəzifələrdən
biri kimi müasir elmi və cəmiyyəti səciyyələndirən
cəhətdir. Həyata keçirilən
bütün islahatlar, elmi araşdırmalar son nəticə
etibarilə insanın özünüdərkinə, onun həyat
tərzinin, mənəvi və maddı təminatının
yaxşılaşdırılmasına yönəlib. Lakin bəşəriyyətin bugünkü
inkişaf səviyyəsi yeni bir gerçəklik yaradıb
ki, onu dərk etmədən, idarəetmə
üsullarını müəyyənləşdirmədən
sonrakı tərəqqinin təmin edilməsi mümkün
deyil. Həmin gerçəklik yeni
"sosial obyektlər" və "sosial proseslər" məcmusundan
ibarətdir. Sosial hadisələrin əmələ
gəlməsi, inkişaf təmayülləri o qədər
mürəkkəb xarakter alıb ki, artıq təbiət
hadisələrinin axarı bir çox hallarda sosial hadisələrlə
şərtlənir. Təsadüfi deyil ki,
elmin inkişaf tarixinə nəzər salanda görürük
ki, sosial elmlər elmin inkişafının ən yeni mərhələsini
təşkil edir. Paradoks ondan ibarətdir
ki, təbiətdə və cəmiyyətdə baş verən
hadisələrin öyrənilməsinə yalnız fundamental
elmlərin vasitəsilə cəhd edilir. Halbuki
belə yanaşma artıq köhnəlib və ictimai, humanitar
elmlərlə qarşılıqlı əlaqədə
aparılmayan elmi araşdırmalar sürətli
inkişafın əsasında dayana bilməz. İnsan fəaliyyətinin nəticəsi olaraq hadisələr
elə bir mahiyyət kəsb edib ki, nəyin təbii, nəyin
isə insan zəkasının məhsulu olduğunu ayırd
etmək artıq mümkünsüz görünür.
Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva təhsilin inkişafına
verdiyi dəstəyi belə əsaslandırır ki, həyata
keçirmək istədiyimiz islahatların uğurlu
davamı, xalqın firavan həyatı yetişməkdə
olan gənc nəslə verdiyimiz təhsildən və
onların yüksək elmi bilikləri əldə edərək
yeni texnologiyalar cəmiyyətini qurmalarından
asılıdır. Təhsil bütün bunların
açarıdır və bizim həyata keçirdiyimiz siyasətin
fəlsəfəsi bundan ibarətdir. Prezident İlham Əliyev
bunula bağlı BDU-nun 90-illik yubileyində demişdir ki,
"...təbii sərvətlər tükənən dəyərdir,
ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin
gücləndirilməsinə töhfə verən amillərdir".
Burada məqsəd birdir və tam aydındır. Lakin həmin
məqsədə çatmaq vasitələri çevik
olmalıdır ki, baş verən dəyişikliklərə
uyğun şəkildə ən zəruri tədbirləri səmərəli
şəkildə həyata keçirmək mümkün olsun.
Çünki təhsil özü innovasiya sistemidir. Əgər
təhsil müstəqil, çevik, yaradıcı və tənqidi
düşünə bilən, yeniliklər yaradan beyinlərin
təşəkkülünə yönəlməyibsə,
onda innovasiya texnologiyaları cəmiyyətinin
inkişafından söhbət gedə bilməz. Cəmiyyətin
yeni minillikdəki tərəqqisi yalnız innovasiyalar üzərində
qurulacaq. Yeni tip cəmiyyət fundamental elmlərin
inkişafından daha çox yeni fəlsəfi baxışların,
düşüncə tərzinin, etikanın, insan haqqında
yeni təsəvvürlərin inkişafında
maraqlıdır. Cəmiyyətdə, tərkib hissəsi
olduğu təbiətdə, bütövlükdə daxil
olduğu makrosistemin dərk edilməsi, insanın orada öz
yerini müəyyənləşdirməsi özünüdərkin
və özünügerçəkləşdirmənin səviyyəsindən
asılıdır. Burada insan öz düşüncəsinə
və intuisiyasına söykənməlidir.
İnnovasiya sosiomədəni
fenomen kimi mədəniyyətin indiki səciyyəvi əlamətlərini
müəyyən edərək, həm də mədəniyyətdə
"yenini" həyata keçirir, yəni, onun gələcəyini
istiqamətləndirir. Ona görə də ənənəviliklə
innovasiyanın çuğlaşması müasir insanın
identikliyinin təşəkkülündə onların
qarşılıqlı əlaqədə olduğunu göstərir.
Çünki toplanmış və tarixin süzgəcindən
süzülüb gələn dəyərləri möhkəmləndirmədən
adekvat identikliyi təmin etmək mümkün
olmadığı kimi, həmin dəyərlərin
aktuallaşması və yeniləşməsi də
müasirliyin əsas şərtlərindən biri kimi
identikliyi təyin edən amilə çevrilir. Mənəvi mədəniyyət
fenomenini keçmiş, indi və gələcək kontekstində
elmi surətdə araşdırmadan onun mahiyyətini dərk
etmək mümkün deyil.
Şəxsiyyətin identikliyi (milli, dini, mədəni, cinsi və s.) xüsusi əhəmiyyət kəsb edir. Yeni siyasi-iqtisadi münasibətlərin təşəkkül tapdığı şəraitdə sosial toplumun və şəxsiyyətin identikliyi məsələsi yeni mahiyyət kəsb edərək, daha qlobal xarakter alır. Ona görə ki, fərdin özünüdərki başqa bir fərdin dərk edilməsilə şərtlənirsə, bir sosial toplumun, xalqın və ya mədəniyyətin daşıyıcısı özünüdərk üçün hökmən əks çoxluqla özünü müqayisə etməli, oxşar və fərqli cəhətləri müəyyənləşdirməli, səciyyəvi xüsusiyyətləri ümumiləşdirərək "Biz" - "Onlar" formulu əsasında özünü və əks tərəfi dərk etməklə, "Biz" kimik, "Onlar" kimdir və qarşılıqlı münasibətlər necə qurulmalıdır kimi məsələləri həll etməlidir. Hadisələrin bu axarda inkişafı mədəniyyətlər, xalqlar və dinlər arasında dialoqu zəruri edir. Bu dialoqun mahiyyəti, perspektivi, müsbət və mənfi təmayülləri haqqında ciddi elmi araşdırmaların aparılması və bu sahədə dövlət siyasətinin müəyyənləşdirilməsi üçün tövsiyələrin hazırlanması sosiologiya, fəlsəfə, psixologiya, mədəniyyətşünaslıq və digər ictimai və humanitar elmlərin qarşısında dayanan əsas vəzifələrdəndir. Bu sahədə respublikada aparılan bəzi tədqiqatları yüksək qiymətləndirməklə yanaşı, qeyd edilməlidir ki, bütövlükdə günün tələblərinə cavab verən, cəmiyyətin gələcək inkişafına, qloballaşan dünyada gedən inteqrasiya proseslərinə təsir imkanları baxımından aktual olan mövzular ardıcıl, uzunmüddətli tədqiqat predmetinə çevrilmir. Ən çox narahatçılıq doğuran məsələ tətbiqi xarakterli tədqiqatlara önəm verilməməsidir. Bəzən belə bir fikir səsləndirilir ki, tətbiqi tədqiqatların aparılmaması sosial sifarişin olmaması ilə bağlıdır. Fikrimizcə, sosial sifarişin olması elmi araşdırmalar üçün əlbəttə, güclü təkandır və bu məsələyə ciddi yanaşılmalıdır. Lakin cəmiyyətin, bəşəriyyətin sonrakı inkişafına həlledici, daha doğrusu, gələcək inkişafın istiqamətlərini müəyyənləşdirərək, inkişafı həmin istiqamətə yönəldən elmi tədqiqatlar heç də həmişə sosial sifarişin nəticəsi olmamışdır. Düşünürük ki, elmin bu və ya digər sahəsində əldə edilmiş yeniliyin tətbiqi əhəmiyyətli dərəcədə iqtisadi səmərə verə bilərsə, onda həmin nəticələrə nəinki maraq artacaq, həm də həmin tədqiqatların davamlılığını təmin edəcək maliyyə vəsaitlərinin ayrılmasına dövlət və ya qeyri-dövlət qurumları dəstək verməkdə xeyli maraqlı olacaqlar. İntellektual kapitalın cəmiyyətdəki çəkisi həmin kapitala olan tələbatın həcmi ilə ölçülə bilər.
(Ardı var)
Bəxtiyar ƏLİYEV,
Milli Məclisin Elm və təhsil
komitəsinin sədr müavini,
professor
Azərbaycan.- 2010.-13
fevral.- S. 8.