O, həm də görkəmli dramaturq idi
Azərbaycan ədəbiyyatının,
bütövlükdə XX əsr poetik fikrinin görkəmli
nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadə
ömrünün sonuna qədər böyük sənət
ehtirası ilə yazıb yaratmışdı. Müdrik həyat
düşüncələrini, daşlardan süzülüb gələn
dağ şəlaləsi kimi içindəki hissləri,
duyğuları sətirlərə çevirən, söz, sənət
dünyasını yeni incilərlə rövnəqləndirən
sənətkar artıq bir ildir ki, ruhların qovuşduğu
bir məkanda uyuyur. Bəxtiyar Vahabzadə şəxsiyyətini,
onun yaradıcılığını türk yazıçısı
Əli Yavuz Akpinar yüksək qiymətləndirərək
yazır: "Vahabzadəyə görə şairin vücudu
Vətən torpağı, nəfəsi Xəzər dənizindən
əsən ruzigar, qanı Kür, Araz çaylarıE Şair
Vətənsiz, millətsiz yaşaya bilməz. Şairin ən
böyük vəzifəsi də Vətəni sevməkdir.
Şair haqq və həqiqət yolunda daim savaşan bir
insandır. Şair vətən, millət əqidəsinin Məcnunudur".
Bəxtiyar Vahabzadə yaradıcılığında vətən
və onun taleyi mövzusu bir mərhələ və ya
dövr deyildi: onun bütün yaradıcılığı
boyu davam etmiş daimi aparıcı mövzu idi. O, ömrü
boyu özünü bütöv və böyük Azərbaycanın
milli şairi kimi dərk etmiş və bu missiyanın
daşıyıcısı olması ilə qürur
duymuşdu.
Bəxtiyar Vahabzadə
yalnız poeziyası ilə deyil, dramaturgiyası ilə də
müasir ədəbiyyatın imkanlarına öz təsirini
göstərmiş, onun vəzifələrini həyata
keçirmişdi. Görkəmli şair 70-dən artıq
şeir kitabının, 2 monoqrafiyanın və yüzlərlə
məqalənin müəllifi idi. Akademik Dövlət Dram
Teatrında onun "Vicdan", "İkinci səs",
"Yollara iz düşür", "Fəryad",
"Hara gedir bu dünya", "Özümüzü kəsən
qılınc", "Cəzasız günah", "Dar
ağacı" pyesləri tamaşaya qoyulmuşdur. O, tarixi və
müasir mövzuda 20-dən artıq iri həcmli poemanın
müəllifi idi.
Bir dəfə mənə Bəxtiyar
müəllimdən dəvətnamə gəldi. Elə
oxuyurdum ki, telefon zəng çaldı. Dəstəyi
qaldırdım, salam-kəlamdan sonra dedi: "Dəmirli,
göndərdiyim dəvətnaməni aldınmı? Bu əsər
o birilərinə bənzəmir, çox xoşuna gələcək,
mütləq gəl". Xudahafisləşdik. Mən Milli
Akademik Dram Teatrına gəldim. Çox əlamətdar hal idi
ki, həmin gün ümummilli lider Heydər Əliyev də bu
tamaşaya gəlmiş, daha doğrusu, əsərə
baxış keçirilirdi. Mən "Özümüzü
kəsən qılınc" tamaşasına sona qədər
böyük maraq və həyəcanla baxdım.
Tamaşanın sonunda dahi Heydər Əliyev yaradıcı
kollektivlə görüşub əsər haqqında öz
fikirlərini bildirdi. Prezident dedi: "Mən bu əsər
haqqında çox eşitmişdim. Ancaq səhnədən,
bugünkü tamaşadan aldığım təəssüratlar
indiyə qədər əsər haqqında verilən məlumatları
həddindən artıq genişləndirdi. Bizim böyük
şairimiz Bəxtiyar Vahabzadə indiyə qədər fədəkarlıqla
çalışıb və öz istedadı,
yaradıcılığı ilə hesab edirəm ki, bu əsəri
yaratmaqla ədəbiyyatımızı, mədəniyyətimizi
zənginləşdirdi... Belə bir əsər qədim
tariximizin, o cümlədən millətimizin qədim köklərinin
tarixinin böyük bir səhifəsini açıb, ictimaiyyətə
göstərdi. Bunun özü böyük bir işdir və
hesab edirəm ki, böyük yaradıcılıq qələbəsidir...
Birincisi, o bu əsəri tarix və tarixi dəqiqlik əsasında
yaradıbdır. İkincisi də onun bugünkü nəslə,
Azərbaycan ictimaiyyətinə ən böyük xidməti
ondan ibarətdir ki, bu əsər həmişə yaşayacaq
və uzun ömürlü olacaqdır..."
Bu pyes Bəxtiyar Vahabzadənin
ilk tarixi əsəri deyildi, lakin o, şairin dram
yaradıcılığında böyük və yeni bir mərhələni
təşkil edirdi, burada onun sənətinin vətəndaşlıq
pafosu özünü parlaq bir şəkildə göstərirdi.
Xalq taleyi, insani fəlsəfi idrak, tarixilik, milli
soykökümüzə bağlılıq şairin
bütün əsərlərinin bünövrəsini təşkil
edirdi. Məhz buna görə də ulu öndər Heydər Əliyev
B.Vahabzadənin 75 illik yubileyi ilə bağlı təbrikində
haqlı olaraq onu Azərbaycan ədəbiyyatının ən
görkəmli nümayəndəsi kimi yüksək qiymətləndirirdi:
"Sizin ictimai-siyasi xadim kimi də fəaliyyətiniz təqdirəlayiqdir.
Yaradıcılığınıza və göstərdiyiniz
böyük xidmətlərə görə siz bir çox
mükafatlara, fəxri adlara layiq
görülmüsünüz. Lakin onların heç biri
qazandığınız xalq məhəbbəti qədər
qiymətli və əziz ola bilməz.
Əminəm ki, sizin qələminizdən
çıxan, xalqımızın arzu və istəklərini
tərənnüm edən əsərləriniz Azərbaycan
Respublikasının müstəqillik yolları ilə
inkişafı uğrunda bundan sonra da ən uca, ən ülvi
amalların gerçəkləşməsinə xidmət edəcəkdir".
Müasir Azərbaycan
dramaturgiyasının yeni qələbəsi hesab edilməyə
layiq olan "Özümüzü kəsən
qılınc" əsəri 1450 il bundan əvvəl
güclü bir dövlət kimi tanınan göytürklərin
dövlət başçıları haqqındadır. Müəllif
son dərəcə təzadlı konfliktlərin bədii və
obrazlı həlli vasitəsi ilə böyük bir tarixi
dövrün ibrətamiz inikasını yaratmışdı.
Burada təsvir olunan hadisələr tamaşaçını əsərin
sonuna qədər dərin bir həyəcan içərisində
saxlayır, onu düşünməyə, bu mürəkkəb
münaqişələrin çözülməsi
üçün yollar aramağa çağırır.
Tənqidçi Nizami Cəfərov
"Bir tamaşa haqqında bir neçə söz" məqaləsində
yazır: "Göytürklər"in premyerasından
sonrakı geniş müzakirədə mən belə bir arzumu
bildirdim ki, bu tamaşa mümkün qədər bütün
türk dünyasına çatdırılmalıdır.
Çünki müstəqil dövlət quruculuğu yolunda
olan müasir türk xalqlarının, demək olar ki,
hamısı, haqqında söhbət gedən problemlərlə
qarşılaşırlar. Yəni, yalnız biz deyil, iş elə
gətirib ki, türkmənlər də, özbəklər də,
qazaxlar da, tatarlar da, altaylar da qədim tarixlərindən
ayrı düşmüş ortaq etnokulturoloji
maraqlarını çox hallarda qeyb etmişlər...
Nəticə etibarilə deyə
bilərəm ki, Bəxtiyar Vahabzadə ümumən türk
xalqları səhnəsinə möhtəşəm bir əsər
vermişdir - həmin əsər öz böyük
missiyasını gərəyincə yerinə yetirir, bundan
sonra da yetirəcəkdir".
Bəxtiyar Vahabzadənin mətbuat
səhifələrində mübahisələrə səbəb
olmuş və günün aktual məsələlərinə
həsr edilmiş "Rəqabət" dramı mövzusu və
ideyası etibarilə "Özümüzü kəsən
qılınc" əsərindən heç də geri
qalmır. Müəllifin dediyi kimi, 2 il müddətinə
boya-başa çatdırdığı bu dram əsəri
müasir həyatın eybəcərliklərini,
yaxşını, pisi, xeyir-şəri, doğrunu-yalanı,
bir sözlə, insanlar arasındakı səmimi və qeyri-səmimi
münasibətləri özündə əks etdirir. Şair
həyatdakı hər xırdaçılığa belə,
xalqın tarixi arzuları və mənafeləri zirvəsindən
baxır və qiymət verir.
Böyük şairin bu
janrda yazılan əsərləri içərisində
tarixilik nöqteyi-nəzərdən "Fəryad" pyesi də
xüsusi yer tutur. Nəsimiyə həsr olunmuş əsərdə
hadisələr xalqımızın XIV əsrdə
yaşamış böyük mütəfəkkir, üsyankar
şairi ətrafında cərəyan edir. Nəsimini biz burada
ictimai-siyasi fikrimizin qüdrətli bir şəxsiyyəti,
mahir söz ustası kimi görürük. O,
dövrünün ictimai-siyasi olaylarını öz
ideyaları ilə tənqid atəşinə tutan, zəmanəsini
çəkinmədən qamçılayan, xalqın qəhrəmanlıq
simasını özündə əks etdirən mütəfəkkir
şairdir. Əsərin adından da göründüyü
kimi, ölkədə gedən ictimai-siyasi proseslər
insanların hüquqsuzluğuna, ictimai-siyasi ədalətsizliyə
gətirib çıxarır, bərabərsizliyin hökm
sürdüyü bir ölkədə, qanı içilən,
haqqı göz qabağında tapdalanan insanların fəryad
səsinə çevrilir. Fikir, şəxsiyyət
azadlığı bir ideya olaraq əsərin əsas
leytmotivini təşkil edir.
"Özümüzü kəsən
qılınc"da olduğu kimi, bu əsərdə də iki
cəbhə - xeyir və şər qarşı-qarşıya
qoyulur, hər iki tərəfin mübarizəsi hadisələrin
gedişatında böyük bir olaya çevrilir.
Tamaşaçı hadisələrin cərəyanını
həyəcanla izləyir, xeyrin şər üzərində
təntənəsini səbirsizliklə gözləyir.
Xeyrin tərəfində, yəni,
müsbət cəbhədə mübarizə aparan
obrazların timsalında hürufilikdən, nəsimiçilik
ideyalarından, insanın insana məhəbbətindən və
s. geniş söhbət açılır, xalqın, millətin
taleyi, insan konsepsiyası əsərdə şərə
qarşı yaradılmış bir cəbhə kimi
tamaşaçıya təqdim olunur. Sənətkarlıq
baxımından Bəxtiyar Vahabzadə Nəsimi
üsyankarlığını yaratdığı
obrazların dili ilə əsərin fəryadına
çevirir.
Zülmə, işgəncəyə
qarşı üsyan səsini qaldıran, ağıllı, təmkinli,
müdrik, hərəkətlərində,
davranışlarında xeyirxahlıq timsalı olan, dar
ağacına qaldırılan Çalpapaq, heç bir
günahı olmadan zindanlara atılan Rəhman, həssaslığı,
zərifliyi, insanlara qayğıkeş münasibətlərilə
seçilən Aypara, hürufiliyə üz tutan, həqiqət
yolunda döyüşənlərə qoşulan,
atasının əqidəsinə zidd gedən Dəyanət,
zindanlarda sızıltısı yerə-göyə
sığmayan Sübhan, hər cür ehkamların əleyhinə
çıxan, haqq, ədalət uğrunda mübarizə
aparan adamların tərəfinə keçən Vəliəhd
kimi insanlar öz nəcib əməlləri ilə
tamaşaçı qəlbində dərin iz buraxır və
onları düşünməyə vadar edir.
Əsərdə hadisələrin
gedişatı göstərir ki, yalançılıq,
ikiüzlülük, riyakarlıq, dələduzluq,
rüşvətxorluq və s. motivlər düzlüyün, həqiqətin,
reallığın iti qılıncı qarşısında təslim
olur və xeyirin təntənəsi qələbə
çalır.
Bəxtiyar Vahabzadənin
"Fəryad" faciəsi ilə bağlı Azərbaycanın
görkəmli alimləri, yazıçı və şairləri,
xarici ölkələrin nüfuzlu şəxsiyyətləri
də öz ürək sözlərini demişlər.
Xalq şairi Süleyman Rüstəm vaxtilə yazırdı: "Son illər şair Bəxtiyar Vahabzadənin imzası yanına bir ad da əlavə olunub - dramaturq. "Fəryad" pyesinə baxanlar bu adın nə dərəcədə doğru-düzgün olduğunu təsdiq edə bilərlər. Bir tamaşaçı kimi mənim fikrim belədir. Səməd Vurğunun "Vaqif" dramından sonra "Fəryad" pyesi dramaturgiyamızda olan böyük bir boşluğu doldurdu".
Yaşar Qarayev və professor Şamil Salmanov "Fəryad" pyesinin bünövrəsinin "Dar ağacı" pyesindən başlaması ilə əlaqədar yazırdılar: "Fəryad" B.Vahabzadənin tarixi mövzuda qələmə aldığı son pyesinin adıdır (Əlbəttə, bu son pyes deyildi - M.D.). Dramaturqun bu istiqamətdə ilk qələm təcrübəsi "Dar ağacı"dır. Şərtiliklə tarixlik arasında qarşılıqlı münasibətlərin məhz "Fəryad"da büllurlaşan məzmunu və nisbəti öz ifadəsini hələ "Dar ağacı"nda tapmışdı.
Müəllifi tarixi mövzuya gətirib çıxaran bədii niyyətin orijinallığı və təzə-tərliyi də ilk dəfə burada özünü göstərmişdi. Belə ki, bu pyesdə Babək xatırlanır, talelərə və əməllərə onun ruhu və qəh-qəhələri ilə yekun vurulur, lakin süjetin əyani gedişi prosesində onun özü yox, teyfi iştirak edirdi".
Şairin tarixi faciə janrında qələmə aldığı "Dar ağacı" pyesi də məzmunca çox maraqlı və ibrətamizdir. Xalq qəhrəmanı yadelli işğalçılara qarşı 20 illik mübarizə aparan Babəkin edam edilməsindən sonra Azərbaycanda cərəyan edən azadlıq mübarizəsi əsərin ana xəttini təşkil edir. Pyesin vaxtilə səhnəyə qoyulması məsələsi mübahisəli olsa da, bu əsər də B.Vahabzadənin tarixi mövzulu dramaturgiyasının uğurlu bir nümunəsidir.
"Dar ağacı"nda baş verən əsas konflikt iki qardaş arasında davam etdirilir. Bir xətt üzrə hadisələrin cərəyanı zahirən Azərbaycanla xilafətin, yadellilərin mübarizəsində öz əksini tapır. İslamın yaşıl bayrağı altında çıxış edən Aqşini doğma vətənin taleyi düşündürmür, onu yalnız ərəb xilafətinin göstərişləri, verdiyi əmrlər maraqlandırır. 816-cı ildən 836-cı ilə qədər ərəb xilafətinə qarşı döyüşən Elxan isə qardaşı Aqşinin əksidir. Onun Azərbaycanın azadlığı uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizə bütün əsər boyu davam edir. İki qardaş arasında baş verən hadisələr yalnız iki nəfərə aid deyil, iki ideya, məfkurə arasında gedən mübarizədir.
Pyesin gedişatında biz Elxanın güclü iradəsi ilə üzləşirik. O doğma qardaşı Aqşinin də qırılmaz inadını sındırır.
Əsərdə vətənini, elini, obasını qiymətələndirməyən, onun qədrini bilməyən, yadelli işğalçı qəsbkarın bir "sağ ol"una görə vətəninə, elinə, ana yurduna, xalqına xor baxan Aqşinin taleyi faciə ilə qurtarır. O, öz aldanışını hiss edir. Qardaşı Elxanın dedikləri yadına düşür və sonda salona etdiyi müraciətlə tamaşaçılardan ayrılır.
Y.Qarayev bununla əlaqədar yazırdı: "Aqşinin müsibəti adi aldanışın, yaxud nəfisin insanı (sərkərdəni, hökmdarı) qəflətən düçar etdiyi şəxsi müsibət deyildir. Aqşinin müsibətinin ictimai kökü sosial əsəbi xalqın taleyindən gəlib keçir, Vətənin, torpağın taleyində əks olunur. Yurdun təkcə torpağı, sərvəti yox, namusu da talanır: Karvan-karvan el malı, dəstə-dəstə qız-gəlin Bağdada xilafət səltənətinə ruhani ataya kəniz göndərilir".
Beləliklə, nəzərdən keçirilən pyeslərə əsaslanaraq belə bir nəticəyə gələ bilərik ki, B.Vahabzadə bütün poeziyasında olduğu kimi, tarixi pyeslərində də böyük və ciddi həyat məsələləri üzərində düşünən sənətkar olmuşdur. Xalqın tarixi taleyi, bu taleyi özlərində, mübarizələrində əks etdirən insanların xarakteri və qayələri, nəcib insani xüsusiyyətləri görkəmli şairin dramaturgiyasının əsas fəlsəfi-estetik düşüncələridir. B.Vahabzadə dramaturgiyası mövzu cəhətdən tarixi və müasir həyatla bağlı olan pyeslər silsiləsinə şamil edilə bilər. Burada tarixilik və müasirlik vəhdət halında çıxış edir. Bu da böyük şairimizin milli dramaturgiyanın zəngin ənənələrini yaşatmaq əzmini göstərir.
Mail DƏMİRLİ
Azərbaycan.- 2010.-13 fevral.- S. 11.