Daşları sındırıb, ürəkləri yandıran muğam

 

Ahəngində xalqımızın taleyini əks etdirən Azərbaycan muğamları bizim milli kimliyimiz və mənəvi pasportumuzdur. Əsrlərin, quruluş və zamanların müxtəlifliyindən, təsir və diktəsindən, müqavimət və müdaxiləsindən, sınaq və repressiyalarından büdrəmədən qalib çıxaraq aydın sabahlara doğru yönələn bu milli sərvətin ovsununa düşənlər ha baş sındırsalar da, heç vaxt bu möcüzənin sirlərini faş edə bilmədilər. Muğamı dəlicəsinə sevərək onun məcnuna dönənlər - eləcə də, ustad Seyid Şuşinskidən üzü bəri neçə-neçə məşhur və əvəzsiz xanəndələr olub. Maraqlıdır ki, muğam ifaçıları təkcə səsləri, avazları, zəngulələri, oxuduqları muğama qatdıqları xırdalıqları, özünəməxsus gəzişmələri ilə fərqlənməyiblər.

 

Xalq artisti, muğam ustadı Arif Babayevin təbirincə desək, muğam xanəndəni mütləq ağırtaxtalı edir. Bu bir məziyyət. Başqa özəllik də budur ki, rəhmətlik Xan əmi də, Mütəllim Mütəllimov da, Yaqub Məmmədov da, Əbülfət Əliyev də və onlarca başqaları zahiri görkəmləri ilə də seçiliblər. Bu cür ağayana, sanballı kişilərin nəfəsindən qopan muğam həmişə təsiredici olub və əbədiyaşarlıq qazanıb. Nəfəs getsə də, səs qalıb, yaşayıb, anılıb. İndi də ekran və efirdən bu möhtəşəm səsləri eşidəndə xəyalımızdan qanadlanan muğam dəstgahının minbir pərdəsi açılır. Hər açılan pərdədən isə bir işıqlı sabah görünür. Bu sabaha salınan körpülər isə ulu keçmişimizdə qurulub. Ona görə də belə möhkəm və qüdrətlidir. Min illər boyu yaşayıb, yaşayacaq da.

Xalqımızın acılı-şirinli günlərini məhz öz ahəngində yaşadaraq əsrlərin dizini qatlaya-qatlaya üçüncü minilliyin əbədiyaşar sənət qalasına çevrilən Azərbaycan muğamlarının sorağı bu gün YUNESKO-dan gəlir. Bir vaxtlar laqeydliklə qarşılanan muğam ifaçılarımız indi dövlətin hərtərəfli qayğısını görür, hər an diqqət hiss edirlər. Xüsusilə də, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi layihələr sözün həqiqi mənasında, böyük bir hadisədir. Artıq Azərbaycan Dövlət Filarmoniyasında, Muğam Mərkəzində muğam axşamlarının təşkili, muğamla bağlı müsabiqələrin, festivalların keçirilməsi ənənəyə çevrilib.

Heydər Əliyev Fondunun Azərbaycan muğamının qorunması və inkişafı istiqamətində gördüyü mühüm tədbirlərin sırasında muğam ustalarımız, xalq artistləri Əlibaba Məmmədovun, Arif Babayevin və tanınmış kaman ustası Habil Əliyevin həyat və yaradıcılığından bəhs edən musiqi albomları muğamsevərlər tərəfindən rəğbətlə qarşılandı. Bu sahədə həmişə fədakarlığı ilə seçilən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 60 illik yubileyi münasibətilə musiqi albomunun nəşri də bu möhtəşəm sıraya əlavə edildi. Yüksək poliqrafik səviyyədə və nəfis tərtibatda hazırlanmış musiqi albomu Azərbaycan mədəniyyətinin inkişafına həssaslıqla yanaşan və xüsusi qayğı göstərən Heydər Əliyev Fondunun yeni uğurlu layihəsidir.

Azərbaycan muğamlarını, xalq mahnılarını özünəməxsus tərzdə böyük ustalıqla ifa edən ustad sənətkarımız Ağaxan Abdullayevin yaradıcılıq yolunu əks etdirən kompakt disklərdə "Rast" dəstgahı, "Bayatı-kürd", "Zabul-segah", "Rahab", "Bayatı-Qacar" muğamları, "Humayun" təsnifi və xalq mahnıları toplanıb. Yubiley sevincinə bir fərəhli məqam da əlavə olundu. Prezident İlham Əliyev Azərbaycan milli musiqisinin inkişafındakı xidmətlərinə görə Ağaxan Abdullayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı.

Redaksiyamızın qonağı olan xanəndə ona göstərilən bu diqqət və qayğıya görə minnətdarlığını birdirməyə çətinlik çəkdiyini ehtiramla dilə gətirdi: "Mən kim idim ki, Azərbaycanda Ağaxan adını daşıyan o qədər insan var ki... Məni tanıdan, məşhurlaşdıran muğam oldu. Yadımdadır, dövlət tədbirində iştirak edirdim. Zil bir guşəni oxudum. Tədbirdən sonra pərdə arxasına keçən ulu öndər Heydər Əliyev ifamı bəyəndiyini ifadə etdi: "Ağaxan, çox gözəl oxudun. Sən zilə çıxanda inan Allaha, ürəyim ağrıdı ki, sən o zirvəyə necə qalxdın? Sən bir də çox zilə çıxma, özünü qoru. Belə ifaya ürək tab gətirə bilməz". Həqiqətən, ümummilli lider çox həssas idi. Musiqiyə, xüsusilə də, muğama qarşı çox kövrək münasibət bəsləyirdi. Mənə əməkdar və xalq artisti fəxri adlarını ulu öndər Heydər Əliyev verib. Hörmətli dövlət başçısı İlham Əliyev tərəfindən isə Prezident təqaüdünə layiq görülmüşəm. Muğamlarımıza xüsusi məhəbbətlə yanaşan, sənətə qayğı göstərən Mehriban xanım Əliyeva isə mənim ifamda səslənmiş muğam, təsnif və xalq mahnılarından ibarət musiqi albomumu nəşr etdirərək yaradıcılığıma yeni bir ahəng gətirdi. Bu günlərdə isə Prezident İlham Əliyev tərəfindən "Şöhrət" ordeninə layiq görüldüm. Bilirsiniz, elə xeyirxahlıq, münasibət var ki, onun qarşılığında hansısa xoş bir sözü, minnətdarlığı bildirəcək dərin məzmunlu ifadəni tapmaq çox çətindir. Çünki bütün bu təltiflərin, hədiyyələrin, mükafatların hər biri ayrılıqda bir ömrün şöhrətinə bəs edir. Dünyanın çox yerini gəzmişəm. Təkcə Şərq ölkələrində deyil, Avropada, Amerikada olmuşam. Azərbaycan mədəniyyəti günlərində iştirak etmişəm. Müxtəlif qastrol səfərlərinə getmişəm. Dinindən, dilindən, irqindən asılı olmayaraq hər kəsin muğamlarımıza necə heyranlıqla qulaq asdığının şahidiyəm. Azərbaycan muğamları, həqiqətən, qeyri-adi, bənzəri olmayan milli sərvətdir. Nə xoşbəxtəm ki, bu mənəvi dəyərlərin təbliğində, təqdimində azacıq da olsa payım var. Sənətimə ünvanlanan bütün mükafatları, təbrikləri, qiyməti ümumən muğama verilən yüksək dəyər kimi qəbul edirəm".

Həqiqətən də, muğam ifaçılarımızın çox möhtəşəm bir sırası var. Əgər bu gün Ağaxan Abdullayev özünü mənən Seyid Şuşinskinin nəvəsi, Nəriman Əliyevin tələbəsi sayırsa, "Mən Xan əmini görmüşəm, Hacıbaba Hüseynovu sevə-sevə dinləmişəm" deyirsə və bu ucalığın hardan qaynaqlandığı bəllidir. Fərəhlə bildirir ki, o həm də Alim Qasımov kimi bir ifaçının müəllimi olub. Bütün bunlar isə bir muğam şəcərəsidir. İfaçılıqla bərabər, pedaqoji fəaliyyətlə məşğul olan müqtədir sənətkar uzun illər vaxtilə təhsil aldığı Asəf Zeynallı adına musiqi məktəbində gələcək xanəndələrin yetişməsində böyük əmək sərf edib. Hazırda Bülbül adına musiqi məktəbində, gimnaziyada, eləcə də Milli Konservatoriyada, Mədəniyyət və İncəsənət Universitetində muğamdan dərs deyir.

Ağaxan Abdullayev bütün varlığı ilə muğama bağlı şəxsiyyətdir. Özü etiraf edir ki, muğam onun həyatıdır. Bu səbəbdən də muğamın dərin ümmanında axtarışlar aparmaqdan doymur, yorulmur. Oxuduqca səsi açılan, zənguləsi, avazı, yaddaşı həmişə yerində olan xanəndədir. Onun rəvan səsində, aydın nəfəsində qəribə bir müdrik çalar var. Sinəsi səs, söz xəzinəsidir. Dinlədikcə ruhun dincəlir, bu səsin axarında həyəcanlar, təlatümlər, nisgil, dərd və mənəvi dəyərlər dayanır. Ağaxan Abdullayevi yaxından tanıyanlar onu həm də hazırcavab, zarafatcıl bir insan kimi xarakterizə edirlər. Yüksək bədii zövq sahibidir. 8-10 yaşından muğamın sevdasına düşüb. Yarım əsrə yaxındır ki, bu mənəvi qüdrətlə - muğamla qoşa addımlayır. Heç zaman oxumaq xatirinə, nəyə görəsə zəif, mənasız sözləri dilinə gətirməyib. "Əgər muğam sənət dünyasının şahı sayılırsa, onun adına layiq də şah misraları, qəzəlləri oxumalıyıq" -deyə sənətə bu məsuliyyətlə yanaşan xalq artisti həmişə Füzulidən, Şirvanidən, Vahiddən, Bəxtiyar Vahabzadədən oxuyub... Bu xanəndənin qəzəl seçimində öz zövqü, baxışı var.

Tale elə gətirib ki, bir neçə dəfə ustad sənətkarla birlikdə xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyət günlərində iştirak etmişik. Şahidik ki, əcnəbilər Ağaxan Abdullayevin ifasını necə alqışlarla qarşılayırdılar. Bəzən də ayaq üstə duraraq xanəndənin səsinə məftunluqla qulaq kəsilirdilər.

Söhbət zamanı şən zarafatından qalmayan Ağaxan Abdullayev qəribə bir zümzümə ilə ovqatımıza kövrək, amma düşündürücü bir ovqat qatdı: "Heç bilmədim ömrüm necə gəldi, necə getdi, 60-a necə çatdım, heç onu da bilmədim". Bilib-bilməməyimizdən asılı olmayaraq bu beş addımlıq ömür yolunda əsas odur ki, qisəmətinə düşən ayları, illəri hədər başa vurmayasan. Bir də 60 yaş hələ ömrün müdrik çağıdır. Ağaxan Abdullayevin muğamölçülü, muğambiçimli səsi bizi hələ çox məftun edəcək. Ünvanına qanadlanan təbriklər də, təltiflər də, mükafat və hədiyyələr də, ən başlıcası, xalq sevgisi və dövlət qayğısı da bu məhəbbətin, bu münasibətin əks-sədasıdır.

Bəzən fikirləşirsən ki, muğamları, xalq mahnılarını, təsnifləri məhz özünəməxsus tərzdə ifa edən Ağaxan Abdullayev nədən operada öz istedadını sınamayıb? Dəvət etməyiblər, yoxsa?.. Heç bu suala cavab almaq niyyətimiz də olmadı. Çünki o an gözümüzün önündə başqa bir ağayana obraz canlandı. Bu muğam dünaysında zirvə fəth etmiş, imzasını əbədi olaraq onun tarixinə məharətlə naxışlamış, ucaboylu, enlikürək, buxara papaqlı, əli qavallı, ağırtəbiətli, səsi keçmişdən bu günə avazlanan Ağaxan Abdullayevin öz surətidir. Opera səhnəsində, teatrda deyil, məhz muğam dünyasında öz imicini yaratmış, sənətkar sözünü demiş ustad Ağaxan Abdullayev.

Bir vaxt xalq şairi Bəxtiyar Vahabzadə deyirdi: "Daş ürəklərdə yanıb, daşları sındırdı muğam". Ağaxan Abdullayev də bu bitkin nidaya özə əlavəsini edib: "Daşları sındırıb, sədləri qırdı muğam". İndi Azərbaycan muğamları dünyanı dolaşaraq insanları vəcdə gətirir. Harda biz varıqsa, orda muğamat var! Muğamat var olan yerdə isə Ağaxan Abdullayev kimi ustadların varlığı mütləqdir.

...Ürəklərə bir səs düşür. Bu, gənc muğam ifaçısının təzətər səsidir. Yollara isə işıq düşür. Muğam ifaçısı, xalq artisti Ağaxan Abdullayevin saldığı yolla övladı Orxan gəlir.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 13 fevral.- S. 11.