Azərbaycan ordusunun maddi-texniki təchizatı
daha da güclənir
Silahlı Qüvvələrin
döyüş hazırlığının yüksəlməsi
Ermənistanı təşvişə salır
Bu gün əldə etdiyi uğurlar, sürətli sosial-iqtisadi inkişaf və həyata keçirdiyi islahatlara görə dünyanın əksər ölkələri üçün nümunəyə çevrilən Azərbaycan ordu quruculuğu sahəsində də mühüm nailiyyətlərə imza atıb. Təsadüfi deyil ki, indi Azərbaycan təkcə Cənubi Qafqazda yox, postsovet məkanında ən güclü, hazırlıqlı, qarşıya qoyulan tapşırığı müvəffəqiyyətlə yerinə yetirməyə qadir olan orduya malik ölkələrdən sayılır. Aparılan araşdırmalar göstərir ki, Silahlı Qüvvələrin döyüş hazırlığına, maddi-texniki təminat baxımından inkişaf dinamikasına görə Azərbaycan MDB məkanında liderlər cərgəsindədir.
Hazırda mövcud olduğu regionda ən güclü orduya malik dövlət kimi çıxış edən Azərbaycanın işğal altında saxlanan ərazilərini də güc yolu ilə qısa zaman kəsiyində azad etmək iqtidarında olması beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən Ermənistanın özündə də açıq etiraf olunur. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ sülh yolu ilə həllinə ümidlər tükənmədiyindən Azərbaycan bu məsələnin hərbi müstəvidə çözümünə hələlik lüzum görmür. Bununla belə, Ermənistana və dünya ictimaiyyətinə yaxşı məlumdur ki, zəbt olunmuş ərazilərinin azad edilməsi üçün Azərbaycan beynəlxalq hüquq çərçivəsində hər an hərbi əməliyyatlara başlamaq və ərazilərini az vaxtda düşməndən təmizləmək iqtidarındadır.
Qeyd olunan reallıq fonunda isə Azərbaycan həm işğala məruz qalan dövlət olduğundan, həm də müharibə şəraitində yaşadığından bu gün də ordusunu gücləndirməkdə, onu müasir hərbi texnika ilə təchiz etməkdədir. Bu məqam, öz növbəsində,Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə aparılan danışıqlara da təsirsiz ötüşmür və Ermənistanı nümayiş etdirdiyi qeyri-konstruktiv mövqedən geri çəkilməyə vadar edir. Bununla bağlı Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirmişdir: "Azərbaycanın hərbi və ordu potensialının gücləndirilməsi, hesab edirəm ki, danışıqlar prosesində ən vacib rollardan birini oynayır. Mən hesab edirəm ki, son müddət ərzində danışıqlarda müşahidə olunan dinamika, yəni, müsbətə doğru dinamika, o cümlədən, Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialının gücləndirilməsinin nəticəsidir".
Bu gün Azərbaycan və Ermənistanın nümayiş etdirdiyi inkişaf göstəriciləri arasında fərq, ölkəmizin ümumi hərbi xərclərinin işğalçı dövlətin, demək olar ki, ümumi dövlət büdcəsinə bərabər olması və bu qəbildən olan digər məsələlər qarşıdakı dövr ərzində ordumuzun düşmənlə müqayisədə malik olduğu üstünlüklərini yenə də dəfələrlə artıracağını deməyə əsas verir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, hazırda Azərbaycan ordusu sürətli inkişaf yolunda olduğu halda, Ermənistanda tamamilə əks vəziyyət müşahidə olunur. Məsələn, real faktdır ki, ordunun şəxsi heyətlə təmin olunması baxımından Azərbaycanda heç bir problem yaşanmadığı halda, Ermənistan indi əksər hərbi hissələrini komplektləşdirməkdə ciddi çətinliklərlə üz-üzə qalıb. Ordunun döyüş və mənəvi hazırlığı sahəsində isə iki ölkənin nümayiş etdirdiyi göstəricilər artıq müqayisəolunmaz həddə çatıb. Bu gün Ermənistan ordusu üçün mənəvi deqradasiya, ruh düşkünlüyü, hərbi xidmətdən yayınma halları daha çox xarakterikdirsə, Azərbaycanda vəziyyət tam əksinədir.
Ümumiyyətlə isə, regionun ən güclü ordusuna malik Azərbaycanın hərbi qüdrətinin günü-gündən artması, işğalçı Ermənistanla müqayisədə ordunun maddi-texniki təminatında və digər göstəricilərində dəfələrlə böyük üstünlüyə malik olması bu sahədə araşdırma aparan beynəlxalq təşkilatlar tərəfindən açıq etiraf edilir. Həmin təşkilatlar onu da bildirir ki, növbəti illər ərzində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasındakı fərq birincinin lehinə daha çox dəyişəcək. Məsələn, Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hələ ötən il açıqlanan və dünya ölkələrinin hərbi potensialını qiymətləndirən illik hesabatında qeyd edilirdi ki, bütün parametrlər baxımından Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrilə müqayisədə çox geridə qalır. Bildirilirdi ki, istər şəxsi heyətin, istərsə də ehtiyat qüvvələrinin sayına görə Ermənistan Azərbaycana böyük fərqlə uduzur.
Bundan başqa, Hərbi Hava Qüvvələrinin, quru qoşunlarının və digər qoşun növlərinin istifadə etdiyi texnikanın müasir tələblərə cavab verməsi, onların sayı baxımından Ermənistanın Azərbaycana böyük fərqlə uduzması da Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatında açıq şəkildə vurğulanmışdı. Qeyd olunurdu ki, Azərbaycan ordusu ixtiyarında olan döyüş qabiliyyətli tanklar, zirehli transportyorlar, piyadaların döyüş maşını (PDM), döyüş qabiliyyətli təyyarələrin sayı baxımından da Ermənistanı çox geridə qoyur. Qarşıdakı dövr ərzində isə iki ölkənin orduları arasında fərq Azərbaycanın lehinə daha böyük miqyasda olmaqda dəyişməyə davam edəcək.
Hazırda Azərbaycan ordusunun ixtiyarında bir sıra hərbi texnika mövcuddur ki, Ermənistanın belə texnikaya yaxın bir neçə ildə malik olmasının mümkünsüzlüyü işğalçı dövlətin özündə də açıq etiraf olunur. Məsələn, Ermənistandan fərqli olaraq, Azərbaycan ordusunun istifadəsində daha müasir tipli təyyarələr sayılan Miq-29 qırıcıları var. Belə təyyarələri almaq üçün Ermənistan ordusu lazımi iqtisadi imkanlardan məhrumdur. Bundan başqa, Azərbaycanın müasir pilotsuz uçuş aparatı olduğu halda Ermənistanda belə cihazlar yalnız hərbi dərsliklərdə mövcuddur. 1989-cu ildə sovet ordusunun istifadəsinə verilən və kifayət qədər güclü artilleriya silahı sayılan "Smerç" tipli raket qurğuları barəsində də eyni sözləri söyləmək mümkündür. Həmçinin daha bir vacib məqam ondan ibarətdir ki, Azərbaycan həm də Hərbi Dəniz Qüvvələrinə malikdir ki, bu, ölkəmizin Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısında üstünlüyünü bir daha artırır.
O da təqdiredici haldır ki, bir çox xarici dövlətlərdən fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələrin maddi-texniki təminatının artıq xeyli hissəsini öz potensialı hesabına ödəməkdədir. Yaxın perspektivdə isə ölkənin müdafiə sənayesinin buraxdığı məhsulların çeşidinin daha da çoxalacağı gözlənilir ki, bu, Silahlı Qüvvələrin texniki ehtiyacının əsas etibarı ilə yerli istehsal hesabına ödəniləcəyindən xəbər verir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında bu məqama toxunaraq bildirmişdir: "Biz özümüzü daha da böyük həcmdə hərbi texnika, silah-sursatla təmin edirik. Bununla bərabər, xaricdən 2009-cu ildə çoxsaylı hərbi yönümlü texnika, silah-sursat alınmışdır. Bizim ümumi hərbi xərclərimiz 2 milyard dollara bərabərdir. Biz bu məsələ ilə bağlı səylərimizi daha da gücləndirməliyik. Bu məsələlərlə gündəlik məşğul olmalıyıq".
Hazırda Ermənistan tərəfini narahat edən əsas məqamlardan biri Azərbaycanın məhz yerli istehsal hesabına ordusunun texniki ehtiyaclarını ödəməsidir. Çünki Ermənistan ordusu Azərbaycandan fərqli olaraq, texniki ehtiyacların qarşılanması baxımından da sırf xarici dövlətlərdən asılıdır. Azərbaycanın hərbi-sənaye potensialını bundan sonra da gücləndirmək istiqamətində məqsədyönlü siyasətini davam etdirməsi isə, görünür, ermənilərin bu sahədə yaşadıqları narahatlığı daha da artırır. Artıq ölkənin hərbi-sənaye kompleksində yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal olunur və onların növlərinin daha da artırılması nəzərdə tutulur.
Qeyd edilən məsələ ilə bağlı daha bir mühüm məqam ondan ibarətdir ki, Azərbaycan ölkədə hərbi təyinatlı məhsulların istehsalını təmin etmək məqsədilə bu sahədə məşhur şirkətlərlə, eləcə də dünyada müdafiə texnikasının ən yaxşı istehsalçısı kimi tanınan dövlətlərlə sıx əməkdaşlıq qurur. Məsələn, ölkəmizdə zirehli avtomobil istehsalını təşkil etmək üçün Cənubi Afrika Respublikasının "Paramount Group" şirkəti ilə razılaşmalar əldə olunub və artıq ölkəmizdə belə texnikanın istehsalı həyata keçirilir. "Matador" adlanan bu zirehli maşının göstəriciləri olduqca yüksəkdir. Bu maşınlar hazırlanmasına və texniki göstəricilərinə görə dünya standartlarına cavab verir və Azərbaycan MDB məkanında elə zirehli texnikanı istehsal edən yeganə ölkədir. 14 nəfərlik tutumu olan "Matador"un yükgötürmə qabiliyyəti 4500 kiloqramdır.
Ölkəmizdə PDM (piyadaların döyüş maşını) və ZTR-lərin (zirehli transportyor) modernizasiyası da həyata keçirilir. Həmçinin müxtəlif qoşun növlərində istismar müddəti başa çatan hərbi maşınların təhvil alınaraq modernizasiya edilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində də mühüm addımlar atılır. Bu isə külli miqdarda vəsaitə qənaət deməkdir. Perspektivdə Azərbaycan istehsalı olan hərbi helikopterlərin istifadəyə verilməsi də planlaşdırılır ki, bu, Silahlı Qüvvələrin maddi-texniki imkanlarının daha da böyüməsi deməkdir.
Azərbaycanın hərbi-sənaye məhsullarına marağın böyük olması ötən il Türkiyənin İstanbul şəhərində keçirilən müdafiə sənayesi sərgisində (İDEF-2009) də özünü aydın göstərdi. Həmin sərgidə Azərbaycanda istehsal edilmiş 27 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilib. Avropa ölkələri arasında beynəlxalq əhəmiyyətə malik olan 10 ən iri sərgidən biri sayılan İDEF-in 2009-cu il nümayişində müxtəlif ölkələrdən 460-dan çox şirkət iştirak edib. Azərbaycanın nümayiş etdirdiyi məmulatlardan "İstiqlal" tipli iri kalibrli (14,5 millimetr) snayper tüfəngi, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, artilleriya minaları və "Alov" zavodunda istehsal olunmuş optik cihazlar xarici ölkə nümayəndələrində xüsusi maraq doğurub. "Şimşək" tipli avtomat tüfəng, Türkiyənin TİSAŞ şirkətinin Azərbaycanın "Telemexanika" zavodu ilə birgə istehsal etdiyi tapançalar, 12,7 millimetrlik snayper silahı, patron lentləri, onların qutuları da xüsusi diqqət cəlb edib.
Ermənistan isə qeyd edilən imkanlardan, yerli istehsal hesabına ordunu hər hansı vacib hərbi texnika ilə təmin etməkdən məhrumdur. Məhz bütün bunlar bir daha Azərbaycanın bütün sahələrdə olduğu kimi, Silahlı Qüvvələr baxımından da Ermənistanı xeyli qabaqladığından və növbəti illər ərzində fərqi daha böyük göstəricilərə çatdıracağından xəbər verir. Elə indi də yaranmış vəziyyətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun qarışısında davam gətirməsinin mümkünsüzlüyü işğalçı dövlətdə çoxdan qəbul edilmiş reallıqdır. Bu səbəbdən Ermənistanda işğal edilmiş Azərbaycan ərazilərini müharibə olmadan azad etməyin zəruriliyni bəyan edənlərin sayı artmaqdadır. Əks halda istər Dağlıq Qarabağ, isətrsə də onun ətrafında yerləşən və işğal altında saxlanan ərazilərdə cəmləşmiş Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusu tərəfindən qısa zaman ərzində məhv ediləcəyi ermənilərə yaxşı məlumdur.
Rasim Bayramov
Azərbaycan.- 2010.- 14 fevral.- S. 2.