İctimai və humanitar elmlər sosial sifarişə çevik cavab verməlidir

 

Keçmiş sovet dövründən qalmış elmin maliyyələşdirilməsi metodologiyasına yenidən baxılmalı, yaradıcılıq mühitini, tətbiqi tədqiqatları stimullaşdıran yeni siyasət həyata keçirilməlidir. Şübhəsiz ki, dövlət başçısının təsdiq etdiyi elmin 2009-2015-ci illərdə milli inkişaf strategiyası yeni elm siyasətinin əsas prinsiplərini müəyyənləşdirir. Burada əsas diqqət rəqabətqabiliyyətli innovasiya texnologiyalarının işlənməsi mühitinin və yaradıcı tədqiqatçıların hazırlanmasına verilməlidir. Yaradıcı tədqiqatçıların kiçik qruplarda birləşərək elmi araşdırmalara cəlb edilməsinə xüsusi önəm verilməlidir. Belə yaradıcı qrupların təklif etdikləri layihələrin mərhələli maliyyələşdirilməsi, əldə edilən nəticələrin tətbiqi və monitorinqi bu sahəyə qoyulan investisiyaların səmərəliyini daimi nəzarətdə saxlamağa imkan verir. Böyük elmi layihələrə deyil, qısa müddətdə cəmiyyətin inkişafına təkan verə biləcək elmi araşdırmalara üstünlük verilməsi bu siyasətin birinci mərhələsini təşkil etməlidir. Az vəsait yönəltməklə qısa müddət ərzində, bir tərəfdən, yaradıcı elmi mühit formalaşdırıla bilər, digər tərəfdən isə, iqtisadi səmərəsi qoyulan investisiyanı doğruldan tətbiqi elmi yeniliklər əldə edilə bilər. Nəticə etibarilə həm daxili, həm də xarici bazarda rəqabət apara biləcək, geniş tələbata çevriləcək maddi və mənəvi dəyərlər istehsalı təmin edilmiş olar. Yeni dəyərlərin istehsalı isə, öz növbəsində, insanın özünə və ətraf aləmə münasibətini ciddi şəkildə dəyişdirir.

Müasir informasiya texnologiyaları əməyin intellektuallaşdırılmasını zərurətə çevirir. Ona görə də həm yeni biliklərin rəqabətqabiliyyətliliyi, həm dinamik iqtisadi inkişafın möhkəmləndirilməsi, həm də insanların fasiləsiz təhsilinin təmin edilməsi istiqamətində təxirəsalınmaz işlər görülməlidir. Elm sahəsindəki pərakəndəliyi aradan qaldırmaq, elmlərin diferensiasiyasından onların inteqrasiyasına keçidi təmin etmək məqsədilə elmi-tədqiqat müəssisələrinin əsaslandırılmış şəkildə ixtisarı, yenidəntəşkili, birləşdirilməsi istiqamətində ciddi işlər aparılmalıdır. Bu gün Azərbaycanda həyata keçirilən və cəmiyyətin tərəqqisinə hesablanmış uğurlu siyasətə cavab verməyən "kosmetik" elm islahatları vəziyyəti köklü surətdə dəyişə bilməz. Qətiyyətli və ciddi addımlar atılmalı, ölkədə həyata keçirilən siyasətlə ayaqlaşan və onu qabaqlayan texnologiyalar istehsal edən elmi müəssisələr şəbəkəsi formalaşdırılmalıdır. Bu islahatların necə və hansı ardıcıllıqla həyata keçirilməsinin elmi surətdə əsaslandırılması, cəmiyyətin keyfiyyətcə yeni mərhələyə keçidi nəticəsində onun strukturundakı dəyişikliklərin tədqiqi ictimai və humanitar elmlər qarşısında sosial sifariş kimi dayanan aktual problemlərdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş 18 yanvar 2010-cu ildəki iclasında demişdir: "Mən bir müddət bundan əvvəl demişdim ki, Azərbaycan iqtisadiyyatı artıq öz keçid dövrünü başa vurdu. Bu, həqiqətən də, belədir. Biz artıq keçid dövrünün iqtisadiyyatı deyilik... Biz tam şəkildə bazar iqtisadiyyatına keçmişik. Azərbaycan iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya birliyinə sürətlə inteqrasiya edən iqtisadiyyatdır".

Prezident İlham Əliyev elə həmin iclasda vurğulamışdı: "Biz daxili bazarımızı daha da ciddi qorumalıyıq. Bunun müxtəlif yolları vardır. Əlbəttə ki, ən əsası idxalı əvəzləyən məhsulların istehsalını artırmaqdır".

Elmin, yeni texnologiyaların cəmiyyətin inkişafındakı əhəmiyyətini, bu sahədə dövlət siyasətinin istiqamətini vurğulayan İlham Əliyev demişdir ki, "dünyada sürətlə inkişaf edən informasiya texnologiyaları sahəsində biz hər zaman bir addım öndə olmalıyıq, rəqibləri də, zamanı da qabaqlamalıyıq. Məhz bu yanaşma bizə imkan verdi ki, biz qısa müddət ərzində Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində, demək olar, inqilab yarada bildik. Bu, həm iqtisadi cəhətdən, həm bütün başqa cəhətlərdən çox vacib, önəmli sahədir". Son 5-6 ildə yaradılmış yeni sahədə - informasiya-kommunikasiya texnologiyaları sahəsində həqiqətən də inqilab edilmiş, zaman qabaqlanmışdır. Burada İlham Əliyev elmin üzərinə düşən əsas vəzifəni çox dəqiqliklə bir daha ifadə edərək göstərir ki, zamanı qabaqlaya bilməyən texnologiyalar cəmiyyətin sürətli inkişafını təmin edə bilməz. İdxalı əvəzləyən malların istehsalı daxili bazarın qorunmasının əsası kimi göstərildiyi halda, Azərbaycan təhsilinin və elminin qarşısında duran əsas vəzifə də yeni texnologiyaları yarada bilən, mənimsəyən və tətbiq edən yüksək ixtisaslı kadrların hazırlanmasından, elmi mərkəzlərin təşkilindən ibarətdir. Dövlət tərəfindən həyata keçirilən islahat proqramları vəziyyəti xeyli yaxşılaşdırsa da, bazar iqtisadiyyatına bu sahədə inamlı keçid tam təmin edilməmişdir.

Yeni yaradılmış bazar iqtisadi münasibətləri liberal iqtisadiyyatın artıq oturuşduğunu göstərir. Ona görə də müasir dövrün elminin inkişafına liberal fəlsəfənin təsiri inkaredilməzdir. Liberal fəlsəfə belə bir ümumi yanaşmadan çıxış edir ki, cəmiyyətin tərəqqisi, ictimai-siyasi, sosial-iqtisadi münasibətlərin, vətəndaş cəmiyyətinin təşəkkülü və inkişaf təmayülü xüsusi mülkiyyətə əsaslanan sahibkarlıq fəaliyyətindən birbaşa asılıdır. Burada, bir tərəfdən, sahibkarla dövlət arasında yeni münasibətlərin qurulması və siyasi idarəetmənin demokratik prinsipləri təşəkkül tapır. Digər tərəfdən, sahibkarlığın inkişafı xüsusi mülkiyyətin dayanıqlığına və daxili bazarı rəqabətqabiliyyətli mallarla təmin edəcək yeni texnologiyaların istehsalına yönəlikli tətbiqi elmin inkişafına söykənir.

Xüsusi mülkiyyətin cəmiyyətdə və insanların praktik həyatında əhəmiyyətli dəyişikliklər etdiyi birmənalıdır. Yəqin insanın mənəvi həyatı da müəyyən dəyişikliklərə uğramışdır. Burada çox maraqlı bir sual ortaya çıxır: görəsən bu dəyişikliklər insanın düşüncə tərzinə və əxlaqına necə təsir göstərmişdir? Bu məsələnin öyrənilməsi ictimai elmlərin diqqət mərkəzinə çəkilməlidir.

1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində cəmiyyəti ağuşuna alıb naməlum istiqamətə aparan anarxiyadan 1995-ci ildə sabitliyə keçidə nail olan cəmiyyətimizdə elm özünün durğunluq dövrünü yaşayırdı. Həmin durğunluq sonrakı illərdə elmdə ciddi böhranla əvəzləndi. Çünki yeni reallıq yeni təfəkkür tərzinin, yeni elmi dünyagörüşünün təşəkkülünü zəruri edirdi. İctimai maraqların şəxsi maraqlardan əhəmiyyətli olduğu, fərdiliyin kollektivçilik tərəfindən sıxışdırılaraq insanın şəxssizləşdirildiyi dünyabaxışı artıq yeni reallıqda insanların qarşılıqlı münasibətlərini tənzimləməyə, insanın yaşadığı dünyanı, özünü və özünün həmin dünyada yerini müəyyənləşdirməyə imkan vermirdi. Sadəcə olaraq insanlar yeni iqtisadi münasibətlərin meydana çıxardığı reallıqları, məsələn, bir tərəfdən bir qrup insanın - "iş adamlarının" sürətlə varlanmasını, digər tərəfdən isə işsizliyin yaranmasını başa düşə bilmirdilər. Baş verənlər, ən yaxşı halda, insanlara qarşı "ədalətsizlik" hesab edilir, bu ədalətsizliyə qarşı ciddi mübarizə "gözləntiləri" isə özünü doğrultmurdu. Cəmiyyət ciddi psixoloji sarsıntı yaşayırdı. Elm adamlarımızın da, demək olar ki, böyük əksəriyyəti həmin vəziyyətdə idi. Artıq əvvəlki elmi sifariş sistemi dağılmışdı. Elmi müəssisələr və tədqiqatçılar müasir dövrün tələblərinə cavab verən yeni, aktual problemlərin həllinə diqqəti yönəltməli idilər. Bu vəziyyətdən çıxış yollarının axtarışı olduqca çətin və həlli müşkül görünürdü. Yeni dəyərlər cəmiyyətin əksər çoxluğu tərəfindən qəbul edilmir, mövcud ənənələrin saxlanılması üçün ciddi müqavimətlər göstərilirdi. Gələcək qeyri-müəyyən görünürdü, keşmiş ümidlər yeni reallıqlar içində sanki amansızcasına əriyib gedirdi. Bəzən insanlara elə gəlirdi ki, insan öz dəyərini itirib, hamı bir-birinə yadlaşıb, insan taleyinə biganəlik, laqeydlik sanki cəmiyyətin əsas prinsiplərinə çevrilib. Əvvəlki etik qaydalar insanın yeni reallığa uyğunlaşmasını təmin etmir, dezadaptasiya dərin depressiya yaradırdı. Əslində, yeniliklə köhnəlik arasındakı ziddiyyət dərinləşdikcə insanların güzəran psixologiyasına müraciəti də güclənirdi. Yeni münasibətlər yaşamaq uğrunda fərdlərin mübarizəsi kimi yanlış başa düşülür, sosial-siyasi, mədəni həyatda şəxsiyyətin fəallığı arxa plana keçirdi. Şəxsiyyət-cəmiyyət münasibətlərinin yeni mahiyyət və xarakter kəsb etməsi elmi tədqiqatlarda əsaslı və ardıcıl surətdə öyrənilməlidir.

Elmi müəssisələrin və orada çalışan insanların yeni çağırışlara hazır olmaması, çevik və tənqidi yanaşa bilməməsi ictimai və humanitar elmləri bir çox istiqamətlərdə praktikadan uzaqlaşdırmış, baş verən hadisələrin elmi surətdə araşdırılaraq yaranmış vəziyyətdən çıxış yolları kifayət qədər araşdırılmamışdır.

Demokratiyanın dərinləşdiyi bir dönəmdə meydana çıxan sosial və siyasi qruplar, onların təmsilçiləri tərəfindən mətbuatda cəmiyyətdə baş verən sosial hadisələrin əsl mahiyyətini əks etdirməyən, gerçəklikdən uzaq olan müxtəlif fikirlər səsləndirilir. Əlbəttə, bu, vəziyyəti daha da mürəkkəbləşdirir. Bu, insanların vətəndaşlıq və dövlətçilik mövqeyinə mənfi təsir göstərməklə yanaşı, həm də onları milli-mənəvi dəyərlərə yabançı təsirlərə məruz qoyur. Şəxsiyyətin "Mən"inin ikiləşməsi bəzi hallarda onun simasının dəyişməsinə, hətta simasızlaşmasına gətirib çıxara bilər. Hər şeyin inkar edilməsini özünütəsdiqin ən səmərəli metoduna çevirənlər, Rene Dekartın vaxtilə səsləndirdiyi bir fikri - "mən düşünürəm, deməli, mövcudam" fəlsəfəsini yeni məzmunda səsləndirirlər. İqtidarın uğurlu siyasəti sayəsində xalqın əldə etdiyi nailiyyətləri "görməzliyə vuran" subyektlərin siyasi mədəniyyətinin aşağı səviyyəsinin göstəricisidir. Sosial davranışın cəmiyyətdə təşəkkül tapan bu kimi tipləri elmi sürətdə araşdırılmalıdır.

Liberalizmin əsas prinsipləri fərdi hüquqları (yaşamaq, şəxsi azadlıq, mülkiyyət), qanunun aliliyini və qanun qarşısında hər kəsin bərabər olmasını, azad seçkiləri, sağlam rəqabətli bazar iqtisadiyyatını, dövlətin idarəetmə sisteminin şəffaflığını əhatə edir. Dövlətin funksiyası bu təməl prinsiplərin gerçəkləşməsini və qorunmasını təmin etməkdən ibarətdir. Burada ən mühüm məsələlərdən biri insanların sərbəst surətdə informasiya əldə etməsi və öz fikrini ifadə etməsidir. İnformasiyanın əldə edilməsi və onun cəmiyyətin hər bir üzvünə çatdırılması ona görə əhəmiyyətlidir ki, insanlar baş verən proseslərdən xəbərdar olmaqla yanaşı, ona öz münasibətlərini bildirməklə həmin proseslərin fəal iştirakçılarına çevrilirlər. Bu isə vətəndaş cəmiyyətinin əsasında dayanan təməl prinsipdir. Əslində, cəmiyyətin bütün təbəqələrinin belə fəal münasibəti onların öz istək və arzularına uyğun olaraq sosial gerçəkliyi və həmin gerçəklikdəki yerlərini müəyyənləşdirməyə imkan verir. Yeni sosial münasibətlərin formalaşmasında diskursların rolu ciddi tədqiqatların obyekti olmalıdır. Çünki postmodernist yanaşmaya görə, biz vahid obyektiv həqiqət yaratmaq fikrindən uzaq olmalıyıq. Ona görə yox ki, insanın gerçəklik haqqındakı bütün təsəvvürləri eyni dərəcədə əsaslandırılmışdır, sadəcə olaraq onlar fərqlidir. Hadisələrə müxtəlif baxışlar mövcuddur və onların mövcudluğuna təbii yanaşılmalıdır. Dünyada bu yanaşma tərzinin güclənməsi, cəmiyyətin müasir inkişaf tendensiyaları həmin problemin ictimai və humanitar elmlər tərəfindən araşdırılmasını zəruri edir.

Dünyanın dərki özünüdərkdən keçir. Amma bu özünüdərk başqa bir insanın vasitəsilə, daha doğrusu, başqasını dərketmə vasitəsilə həyata keçir. Sanki başqa insan bizim özümüzü görməyə, tanımağa imkan verən bir güzgüdür. Burada ictimai və fərdi şüurun qarşılıqlı təsiri dialektik vəhdət təşkil edir. Lakin qeyd etməliyik ki, bu gün yalnız bizim cəmiyyətdə deyil, bütövlükdə dünyada baş verən proseslər dərin şüur böhranının yaşandığını göstərir. Bu böhrandan necə çıxış isə sosial və fundamental elmlərin qarşılıqlı əlaqədə inkişafından xeyli dərəcədə asılıdır.

Akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində çox ciddi bir problemə toxunaraq yazır: "Müasir dünya elmində dil problemi fəlsəfi problem kimi yozulduğu halda, biz "sovet dilşünaslığı" standartlarından uzaqlaşa bilmirik". İnsanın bütün münasibətləri dil əsasında qurulub. Gerçəkliyin dərki, yeni təcrübənin qazanılması və ötürülməsi dil vasitəsilə həyata keçirilir. Dil daima inkişaf edir, zənginləşir və insanın təfəkkürünün, şüurunun hüdudlarını genişləndirərək, bir tərəfdən ətraf aləmin yenidən dərkini, digər tərəfdən isə həmin gerçəkliyi dəyişdirməklə ona uyğunlaşmanı təmin edir. Elmi axtarışlar nəticəsində yeni sözlər (anlayışlar), cümlələr (hökmlər), əqli nəticələr (sillogizmlər) meydana gəlir. Təlim və ünsiyyət prosesində onlar insan tərəfindən mənimsənilərək geniş istifadə edilir. Lakin bu mənimsəmə və istifadə prosesində bir çox hallarda həmin anlayışların təhrifi, əqli nəticələrin əldə edilməsi texnikasının zəifliyi son nəticədə təfəkkürün, ağlın müstəqillik, tənqidilik, çeviklik, dərinlik kimi keyfiyyətlərinin inkişafına ən yaxşı halda ləngidici təsir göstərir. Dilin saflığı, səlisliyi, ifadəliliyi dialektik və formal məntiqi təfəkkürün inkişafını təmin edir. Gündəlik həyatımızda geniş istifadə edilən bir çox anlayışların ifadə etdiyi sosial hadisələrin mahiyyəti, təəssüf ki, düzgün başa düşülmür, təhrif edilir. Nəticədə insanların mövcud sosial proseslərə düzgün qiymət verməsi, həmin proseslərə fəal müdaxiləsi mümkünsüz görünür. Bəzi mətbu orqanlarda, televiziya və radio verilişlərində, bədii əsərlərdə, orta məktəblərdə və ali məktəb auditoriyalarında Azərbaycan dilinə sağalmaz yaralar vurulur. Akademik Ramiz Mehdiyev bu məsələlərin ciddi narahatlıq doğurduğunu qeyd edir ki, "hər bir dilin inkişafı onun kütləvi informasiya vasitələrində, müasir ədəbiyyatda, terminoloji problemlərin həllindəki mövqeyi ilə bağlıdır. Bu baxımdan etiraf etmək lazımdır ki, bu gün informasiya vasitələrinin dilindəki üslub pozuntuları və qəlizlik bizim dilçilərin və ədəbiyyatşünasların araşdırmalarında lazımi yer tutmur". Bu irad təkcə dilçi və ədəbiyyatşünas alimlərin deyil, hesab edir ki, filosof, sosioloq və psixoloqların da ünvanına yönəldilməlidir. Ona görə də sosial və humanitar elmlər Azərbaycan dilinin məntiqi təkmilləşdirilməsi və inkişafı istiqamətində nəzəri və tətbiqi tədqiqatları gücləndirməlidir. Qloballaşan dünyada sürətli inteqrasiya prosesləri dillərin qarşılıqlı təsirini gücləndirərək yeni dil mədəniyyəti formalaşdırır. Biz bu prosesdə seyrçi mövqedən deyil, fəal iştirakçı mövqeyindən çıxış etməliyik. Psixolinqvistik tədqiqatlara geniş yer verilməli, bu istiqamətdə araşdırmaların sürətləndirilməsi məqsədilə dilçi, tarixçi, sosioloq, filosof və psixoloqlardan ibarət elmi qruplar təşkil edilməli, konkret qrant layihələri hazırlanaraq maliyyələşdirilməlidir. Burada həllini gözləyən problemlər çoxdur.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatı elmin inkişafından əhəmiyyətli dərəcədə asılı olduğu üçün elmi araşdırmalara ciddi investisiyalar yönəldilir və əldə edilmiş uğurlar dərhal tətbiq edilir. Nəticələrin tətbiqi elm üçün yeni reallıqlar və inkişaf üçün imkanlar yaradır. Təəssüf ki, bu gün Azərbaycanda elmə özəl sektor tərəfindən yönəldilmiş investisiyanın payı yox dərəcəsindədir. Halbuki özəl sektorun iqtisadiyyatdakı payı artıq

85%-ə yaxındır. Amma özəl sektorun elmə maraq göstərməməsi onun inkişafına əhəmiyyətli dərəcədə mənfi təsir göstərməkdədir. Özəl sektorun elmə sifariş vermək imkan və istəyinin zəif olması rəqabətqabiliyyətli malların istehsalının təmin edilməsini olduqca çətinləşdirir. Özəl sektorla elmi mərkəzlər arasında sıx əlaqələrin qurulması, bilavasitə istehsal sahələrinin nəzdində elm və təhsil mərkəzlərinin yaradılması yeni düşüncə tərzinin formalaşmasına və əməyin intellektuallaşdırılmasına əhəmiyyətli təkan ola bilər. Burada ciddi məsələ kimi özəl sektorun elmə investisiya yönəltmək meylini gücləndirən işlər həyata keçirilməli, elm və təhsilin inkişafına investisiya yatıran özəl şirkətlərin vergi dərəcələrinə yenidən baxılmalı və bu siyasət təşviq edilməlidir.

Elmi kadrların hazırlanmasında yol verilən nöqsanların bir səbəbinə toxunmaq istərdik. Cəmiyyətdə elmi kadrların hazırlanmasına münasibət bütövlükdə müsbət olsa da, həmin funksiyanın hansı qurum tərəfindən və necə yerinə yetirilməsi qaydaları daima mübahisələndirilərək obyektiv və subyektiv çətinlikləri qaçılmaz edir. Fikrimizcə, ali məktəblərə konkret professor və dosent ştatlarının müəyyən edilmiş sayı təsdiq edilməli və həmin elmi adların verilməsinə tələblərin artırılması ilə yanaşı, həm də yüksək əməkhaqqı təsdiq edilməlidir. Həmin yüksək elmi ada müvafiq ali məktəbin elmi şurası tərəfindən layiq görülmüş alimin sosial müdafiəsi güclü olmalıdır ki, o, yalnız elm və təhsillə məşğul olsun, obyektiv, qətiyyətli mövqe nümayiş etdirə bilsin. Düşünürük ki, ümumiyyətlə, Azərbaycanda professor və dosent elmi adlarının optimal həddini müvafiq icra orqanları inkişaf etmiş ölkələrin təcrübəsini nəzərə alaraq müəyyən edərsə, bu sahədəki əsas problemlər həllini tapa bilər. Elmi dərəcələrin verilməsinə elm və təhsil müəssisələrinin yaratdıqları dissertasiya şuralarında baxıla bilər və elmi dərəcə üçün imtiyazları həmin elmi dərəcəni verən müəssisə müəyyənləşdirə bilər.

Son olaraq akademik Ramiz Mehdiyevin həmin məqalədəki bir fikrini də vurğulamaq istərdik. O yazır: "İctimai elmlər öz mənbəyini məhz gerçəkliyin obyektiv şərhindən alır... Əgər nəyisə tənqid ediriksə, həmin tənqid mövcud olanların köklü inkarına yönəlməməli, islahedici xarakter daşımalıdır. Əks təqdirdə o, inkişafı əngəlləyən amilə çevrilə bilər". Doğrudan da ölkədə gedən böyük quruculuq işləri bütün sahələrdə cəmiyyətin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçdiyini inkaredilməz fakta çevirmişdir. Bu sosial faktın elmi surətdə araşdırılması və ona kölgə salmaq istəyənlərə tutarlı cavabların verilməsi ictimai və humanitar elmlərin qarşısında dayanan ən mühüm vəzifələrdəndir. Hesab edirik ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan elmi özünün böhran vəziyyətindən nəinki tezliklə çıxacaq, həm də dünya elminin aparıcı qüvvəsinə çevriləcəkdir.

 

 

Bəxtiyar ƏLİYEV,

Milli Məclisin Elm və təhsil

komitəsinin sədr müavini,

professor

 

Azərbaycan.- 2010.- 14 fevral.- S. 4.