Rasim Səməd oğlu Əfəndiyev
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış sənətşünas alim, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktoru, Akademiyanın həqiqi üzvü, sənətşünaslıq doktoru, professor Rasim Səməd oğlu Əfəndiyev 2010-cu il fevralın 13-də ömrünün 82-ci ilində vəfat etmişdir.
Rasim Əfəndiyev 1928-ci il oktyabr ayının 30-da Qazaxda anadan olmuşdur. O, Bakı şəhərində orta məktəbi bitirdikdən sonra 1944-1950-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxumuş, 1950-1955-ci illərdə isə Repin adına Leninqrad Dövlət Rəssamlıq İnstitutunun incəsənət nəzəriyyəsi və tarixi fakültəsində ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1955-ci ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində Azərbaycan və Şərq incəsənəti şöbəsinin müdiri kimi başlayan Rasim Əfəndiyev 1965-ci ildən etibarən öz taleyini Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlayaraq, 1965-1969-cu illərdə Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi, 1969-1984-cü illərdə baş elmi işçi, 1984-1995-ci illərdə şöbə müdiri və direktor müavini olmuş, 1996-cı ildən ömrünün sonunadək həmin İnstitutun direktoru vəzifəsində çalışmışdır.
Rasim Əfəndiyev 1961-ci ildə namizədlik, 1972-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir.
O, 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə həqiqi üzvü seçilmişdir.
Rasim Əfəndiyev Azərbaycan sənətşünaslıq elminə layiqli töhfələr verən tədqiqatçı kimi tanınmışdır. O, çoxsaylı araşdırmalarında xalqımızın əsrlər boyu yaratdığı nadir sənət nümunələrinin hərtərəfli təhlilini aparmış, həmin əsərlərin bədii sənətkarlıq xüsusiyyətlərini üzə çıxararaq milli mədəni inkişafın tarixi baxımından yeri və əhəmiyyətinin müəyyənləşdirilməsində böyük əmək sərf etmişdir. Alimin Azərbaycanın maddi mədəniyyəti və xalq sənətinin müxtəlif sahələrinə həsr etdiyi 30-dan artıq kitabı və 200-dən çox məqaləsi ölkəmizdə və onun hüdudlarından kənarda elmi ictimaiyyət tərəfindən dərin maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir. Dünya muzeylərində və kolleksiyalarında qorunub saxlanan sənət abidələrimizin aşkara çıxarılmasında Rasim Əfəndiyevin mühüm xidmətləri vardır.
Rasim Əfəndiyev sənətşünasların beynəlxalq miqyaslı mötəbər konfrans və simpoziumlarındakı məzmunlu çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir. O, elmi kadrların hazırlanması işinə də xüsusi diqqət yetirmişdir.
Rasim Əfəndiyevin yarım əsrdən artıq bir dövrü əhatə edən elmi fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı - "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və səmimi insan Rasim Əfəndiyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasi-zadə,
Oqtay Əsədov,
Ramiz Mehdiyev,
Elçin Əfəndiyev,
Hacıbala Abutalıbov,
Fatma Abdullazadə,
Mahmud Kərimov,
Əbülfəs Qarayev, Abbas Ələsgərov,
Nizami Cəfərov,
Nailə Vəlixanlı,
Ağamusa Axundov, Ömər Eldarov,
Fərhad Xəlilov
Azərbaycan.- 2010.- 14 fevral.- S. 4.