Azərbaycan-Rusiya münasibətləri
yüksələn xətlə
inkişaf edir
Fevralın 13-də Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin Azərbaycan Dillər Universitetində (ADU) olmuşdur.
Universitetdən bildirmişlər ki, ADU-nun rektoru, professor Səməd Seyidov ilə keçirilən görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərindən söhbət açılmışdır. Diqqətə çatdırılmışdır ki, iki ölkə arasındakı dostluq münasibətləri dərin tarixi köklərə əsaslanır və hazırda yüksələn xətt üzrə inkişaf edir.
İkitərəfli münasibətlərdə mədəniyyət, elm və təhsil sahələrinin xüsusi önəm daşıdığını bildirən rektor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil müəssisəsində müxtəlif xalqların mədəniyyətini tədqiq edən mərkəzlərin fəaliyyət göstərdiyini söyləmişdir. O, bunların əksəriyyətinin Avropa xalqlarının dil mərkəzləri olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, gələcəkdə ADU-da rus dili mərkəzinin açılması ölkələrimiz arasında mədəni əlaqələrin daha da inkişafına öz töhfəsini verə bilər.
Təşəbbüsü müsbət qiymətləndirən səfir V.Doroxin demişdir ki, belə bir mərkəzin açılması xalqlarımızı biri-birinə daha da yaxınlaşdıracaq körpü rolunu oynayacaqdır.
Sonra səfir ADU-nun İnformasiya Resurs Kompleksində tələbələrlə görüşmüşdür. Rusiya ilə bağlı slaydların nümayişindən sonra dost ölkənin mədəniyyətini əks etdirən folklor nümunələri, rus xalq rəqsləri ifa olunmuşdur.
Rektor Səməd Seyidov Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyətindən söz açmışdır. Demişdir ki, Rusiya Azərbaycan üçün həm də dünya mədəniyyətində oynadığı əhəmiyyətli rol baxımından olduqca vacib ölkədir. Bu gün Dostoyevski, Puşkin, Tolstoy və Turgenev kimi dahiləri tanımamaq, dünya mədəniyyəti ilə tanış olmamaq deməkdir.
V.Doroxin öz növbəsində Azərbaycan mədəniyyətinin zənginliyindən söz açmışdır. Diplomat Müslüm Maqomayev, Polad Bülbüloğlu və Rəşid Behbudov kimi dahi sənətkarların mahnılarının rus xalqı tərəfindən çox sevildiyini bildirmiş və Azərbaycanın zəngin mədəniyyətə malik ölkə olduğunu diqqətə çatdırmışdır.
Səfir tələbələri maraqlandıran sualları cavablandırmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 14 fevral.- S. 4.