AzərTAc-ın Türkiyə təmsilçiliyi TÜRKSOY-un Şərəf Mükafatına layiq görülmüşdür

 

Azərbaycan Dövlət Teleqraf Agentliyinin Türkiyə təmsilçiliyi TÜRKSOY təşkilatının təsis etdiyi "Mətbuatda

TÜRKSOY Şərəf Mükafatı"na layiq görülmüşdür.

Təşkilatın baş katibi Düsen Kaseinovun imzası ilə AzərTAc-a göndərilmiş məktubda bildirlir ki, türk dünyasının mədəniyyət yeniliklərinin türkdilli ölkələrin ictimaiyyətinə çatdırılmasında mətbuatın üzərinə mühüm vəzifə düşür. TÜRKSOY rəssamların görüşündən tutmuş operabalet günlərinə qədər müxtəlif mühüm mədəni tədbirlər həyata keçirir. Bu tədbirlərin peşəkar şəkildə ictimaiyyətə çatdırılması təşkilat üçün olduqca əhəmiyyətlidir.

Məktubda daha sonra deyilir: "AzərTAc-ın hazırladığı xəbərlər və reportajlar TÜRKSOY-un fəaliyyətinin Azərbaycan xalqına çatdırılmasında böyük rol oynayır. Türk mədəniyyətinin tanıdılması və zənginləşdirilməsi işində xidmətlərinizə görə "Mətbuatda TÜRKSOY Şərəf Mükafatı"na layiq görülmüşsünüz. Bu mükafatı fevralın 17-də TÜRKSOY-un baş ofisində keçiriləcək mərasimdə agentliyin Türkiyə təmsilçisinə təqdim etməkdən məmnunluq duyacağıq".

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2010.-14  fevral.- S. 4.