Böhran ilində dayanıqlı inkişafı təmin edən uğurlu iqtisadi siyasət

 

Uğur və nailiyyətləri şərtləndirən mühüm amillərdən biri sosial məsuliyyət prinsipidir. Hakimiyyət cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirəndə xalqa layiqli xidmət məramını əsas tutmaqda, ölkənin bütün resurslarını strateji məqsədlərin gerçəkləşdirilməsi naminə səfərbər edə bilir. Bu baxımdan səmərəli və şəffaf idarəçiliyi hökumətin mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmiş Azərbaycan Prezidenti İlham Əliyevin idarəçilik konsepsiyasında da bu prinsip daim önə çəkilir.

 

Hələ hökumətin 2003-cü il noyabrın 17-də Prezident kimi keçirdiyi ilk iclasındakı çıxışında "Biz xalqın xidmətçisiyik" - deyən cənab İlham Əliyev ötən 6 ildən çox müddətdə ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır. Bu cür hesabatlar ilk növbədə, hər rüb üzrə əldə edilmiş iqtisadi nailiyyətlərin qiymətləndirilməsi, uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması, həmin problemlərin həlli yollarının tapılması baxımından səmərəli vasitəyə çevrilmişdir. Səmərəli, məqsədyönlü və praqmatik idarəetmənin bariz təcəssümü kimi cənab İlham Əliyev xalq qarşısına daim yeni iqtisadi uğurlarla, inkişafı stimullaşdıran perspektivli layihələrlə çıxır. Dövrün tələblərinə uyğun formalaşdırılmış bu idarəetmə sistemi respublikanın sürətli sosial-iqtisadi tərəqqisinə, siyasi sabitliyə, vətəndaş sülhünə, insanlarımızın maddi rifah halının yaxşılaşmasına, ölkədə demokratiyanın inkişafına yönəlmiş mühüm qərarlara, habelə bu qərarların icrasına xalqla birgə nəzarət formuluna əsaslanır.

2009-cu ilin əvvəllərində bütün aparıcı ölkələrdə ipoteka defoltları, bankların problemli kreditlərinin artması, istehlak xərclərinin və investisiyaların azalması, işsizlik səviyyəsinin çoxalması, ümumi daxili məhsulun kəskin azalması müşahidə edilmişdir. Belə bir şəraitdə bəzi iqtisadçılar böhranın guya Azərbaycana da ciddi təsir göstərəcəyi ilə bağlı pessimist proqnozlar səsləndirirdilər. 2009-cu ilin sosial-iqtisadi yekunları isə göstərir ki, uğurla həyata keçirilən qabaqlayıcı tədbirlər sayəsində Azərbaycan iqtisadiyyatı qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Ölkədə gerçəkləşdirilən antiböhran siyasəti maliyyə sabitliyinin qorunmasına da etibarlı zəmin yaratmışdır. Beynəlxalq Valyuta Fondunun məlumatlarına əsasən, 2009-cu ildə dünya iqtisadiyyatının 1,1 faiz səviyyəsinə enməsi, ticarət dövriyyəsinin isə 11 faizdən çox azalması fonunda Azərbaycanda ümumi daxili məhsulun 9,3 faizlik artımı ilk növbədə, həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsidir. Bu müsbət dinamika isə ötən illər əldə olunan makroiqtisadi göstəricilərdən qaynaqlanır. Nazirlər Kabinetinin son iclasında açıqlanan məlumatlardan məlum olur ki, ölkədə 2009-cu ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 7,9 faiz artaraq 3917 manata və ya 4874 ABŞ dollarına, orta aylıq əməkhaqqı 6,8 faiz artaraq 298 manata çatmışdır. Hazırda ölkənin strateji valyuta ehtiyatlarının həcmi 20 milyard dollardan çoxdur. Böhran şəraitində milli valyutanın dayanıqlığının təmini, makroiqtisadi sabitliyin qorunması tədbirləri ilə yanaşı, strateji valyuta ehtiyatlarının artımına nail olunması çox yaxşı göstərici kimi vurğulana bilər. İqtisadi inkişaf naziri Şahin Mustafayevin bildirdiyinə görə, ölkəmizin valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyir, 40 aylıq qeyri-neft idxalının maliyyələşdirilməsinə kifayət edir.

Qlobal böhran ötən illərdən başlanmış dinamik inkişaf tempinin sürətini, sadəcə, bir qədər azaltmışdır və bu da təbiidir. Əvvəla, dünyaya açıq ölkə olan, beynəlxalq iqtisadi-təsərrüfat sisteminə uğurla inteqrasiya edən Azərbaycanın qlobal maliyyə-iqtisadi böhranının mənfi təsirlərindən tamamilə yayınması mümkün deyildi. İkincisi, mövcud potensialın səmərəli realizəsi nəticəsində dinamik inkişafın kəmiyyətdən tədricən keyfiyyət mərhələsinə transformasiya olunması, yəni, artım tempinin ildən-ilə səngiməsi tamamilə məntiqidir. İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdə ÜDM-in artımı bəzən heç bir faizə belə, çatmır.

Əsas nəticə budur ki, qlobal böhran şəraitində bir çox ölkələr üçün tamamilə əlçatmaz görünən iqtisadi inkişaf sürətinə nail olunmuşdur və bunu beynəlxalq maliyyə qurumları da etiraf edirlər. Ötən dövrün iqtisadi qiymətləndirilməsi deməyə əsas verir ki, hökumətin maliyyə sabitliyinin təmini yönümündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğrultmuş, Azərbaycan qlobal böhranın təsirinə ən az məruz qalan dövlətlərdən olmuşdur. Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdən əvvəlki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxmışdır. Nazirlər Kabinetinin iclasındakı nitqində Azərbaycan Prezidenti İlham Əliyev bu məqama xüsusi diqqət çəkmişdir: "2009-cu il dünyada maliyyə böhranı ili kimi tarixdə qalacaq və demək olar ki, bütün ölkələr böhrandan bu və ya digər formada əziyyət çəkmişlər. Baxmayaraq ki, Azərbaycan dünya iqtisadiyyatına çox uğurla inteqrasiya edir və bütün beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi inkişaf sahəsində görülən işləri yüksək qiymətləndirirlər, yenə də demək istəyirəm ki, buna baxmayaraq, Azərbaycan dünya iqtisadiyyatının bir parçası kimi bu böhranlı vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir".

İqtisadi dayanıqlığın mühüm əsaslarından olan makroiqtisadi və maliyyə sabitliyinin dərinləşdirilməsi, habelə qlobal böhranın təsirlərinin zəiflədilməsi hökumətin ötənilki fəaliyyətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu məqsədlə inflyasiyanın aşağı səviyyədə saxlanması, manatın məzənnəsinin qorunması, bank-maliyyə sektorunda sabitliyin təmin edilməsi, inflyasiya hədəfi çərçivəsində iqtisadiyyatın pula tələbatının ödənilməsi üçün sistemli tədbirlər həyata keçirilmişdir. Bir çox qonşu dövlətlərdə böhran ilk növbədə, maliyyə-bank sektoruna dəysə də, respublikamızda arzuolunmaz hallara rast gəlinməmiş, bankların öz öhdəliklərini normal şəkildə yerinə yetirməsində, kreditləşmə siyasətini həyata keçirməsində hansısa ciddi problem yaranmamışdır. Doğrudur, qonşu ölkələrdəki devalvasiya və defolt kimi neqativ iqtisadi proseslər 2009-cu ilin ilk rübündə Azərbaycan əhalisində də müəyyən narahatlıqlar doğurmuş, vətəndaşlar bu cür psixoloji amillərin, süni ajiotajın təsiri altında banklara nisbətən ehtiyatlı yanaşmışlar. Lakin hökumətin manatın məzənnəsini sabit saxlaması, devalvasiyaya yol verməməsi, banklara likvidlik dəstəyi göstərməsi, ipoteka kreditləşməsini bərpa etməsi əhalinin bu narahatlığını aradan qaldırmışdır.

Ötən il iqtisadi dayanıqlığın mühüm əsaslarından olan makroiqtisadi və maliyyə sabitliyinin dərinləşdirilməsi, habelə qlobal böhranın nəticələrinin aradan qaldırılması qarşıda duran mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir. Mərkəzi Bank bəyan etdiyi pul siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hesabat dövründə makroiqtisadi tarazlığın və dayanıqlığın təmin olunmasına, habelə bank sistemində maliyyə sabitliyinin qorunmasına yönəldilmiş pul və məzənnə siyasəti yeritmişdir. Manatın sabitliyini qorumaq üçün valyuta bazarında tələb və təklif vaxtında tarazlaşdırılmış, nəticədə manatın məzənnəsinin kəskin ucuzlaşmasının qarşısı alınmışdır. Manatın məzənnəsinin sabitliyi idxalın və daxili istehsalda istifadə olunan xarici mənşəli əmtəələrin kəskin bahalaşmasının qarşısını almışdır. Daxili istehlak bazarında idxalın xüsusi çəkisinin əhəmiyyətli olması şəraitində yeridilmiş məzənnə siyasəti cari ildə orta illik inflyasiyanın 1,5 faiz səviyyəsində saxlanmasında mühüm rol oynamışdır. Manatın məzənnəsinin sabitliyi eyni zamanda, əhalinin banklardakı əmanətlərinin dəyərsizləşməsinin, habelə xarici valyutada borc yükünün artmasının, manata etimadın azalmasının və iqtisadiyyatda yüksək dollarlaşmanın qarşısını almışdır. Əmanətlərin sığortalanması fonunda sığortalanan əmanətlərin məbləğinin 5 dəfəyədək - 6 min manatdan 30 min manata qaldırılması da banklara olan ictimai inamın möhkəmləndirilməsi istiqamətində mühüm addımlardan olmuşdur. Nəticədə ötən il bankların kredit portfelinin keyfiyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və əmanətlərin bank sektorundan qaçışı, bankların ödəniş qabiliyyətinin pisləşməsi, iqtisadiyyatın kreditləşməsinin dayanması kimi neqativ hallara rast gəlinməmişdir.

Böhrana qarşı həyata keçirilmiş kompleks tədbirlər sırasında bank sektoruna ciddi likvidlik dəstəyinin verilməsini xüsusi vurğulamaq lazımdır. Makroiqtisadi tendensiyaları nəzərə alan Mərkəzi Bank başlıca uçot dərəcəsini 2008-ci ilin sonlarından başlayaraq 15 faizdən 2, məcburi ehtiyat normalarını isə 12 faizdən 0,5 faizə endirmişdir. Ümumilikdə dolayı və birbaşa alətlər hesabına Mərkəzi Bank iqtisadiyyata 2008-ci ilin oktyabrından təqribən 1,8 milyard manat həcmində likvidlik vermişdir. Likvidlik dəstəyi bank sistemi ilə yanaşı, sistem əhəmiyyətli real sektor müəssisələrini - Azərbaycan Respublikası Dövlət Neft Şirkətini, "Azəralüminium" ASC-ni əhatə etmişdir. Bu yardım isə onların xarici borclarının restrukturizasiyasına və maliyyə vəziyyətinin stabilləşməsinə imkan vermişdir.

Ölkədə ipoteka kreditləşməsinin aktivləşməsi hökumətin antiböhran proqramının mühüm alətlərindən biri olmuş, tikinti sektoru və daşınmaz əmlak bazarına stabilləşdirici təsir göstərmişdir. 2009-cu il iyunun 1-dən ötən müddət ərzində müvəkkil kredit təşkilatları tərəfindən 2000-dək ailəyə ipoteka krediti verilmişdir. İpoteka kreditləşməsi əmlak bazarında qiymətlərin stabilləşməsinə təsir etmiş, tikinti, bank işi, sığorta, qiymətləndirmə fəaliyyəti, notarius xidmətləri, habelə qiymətli kağızlar bazarında iqtisadi fəallığı artırmışdır. Hökumətin bank və sığorta təşkilatlarının mənfəətlərinin kapitala yönəldilən hissəsinin 2009-cu ildən vergidən azad edilməsi barədə qərarı isə real sektorun inkişafına ciddi dəstək olmuşdur. Bütün bunların nəticəsi kimi ötən il ərzində bankların aktivləri 14, kreditlər 17, əmanətlər 23, bankların kapitalı isə 18 faiz artmışdır. Böhran şəraitində bank sektorunun 1,2 milyard xarici borcunu qaytarması da mühüm iqtisadi göstəricilərdən biri kimi vurğulana bilər.

Dünya maliyyə-iqtisadi böhranı Azərbaycanın öz iqtisadiyyatının sadəcə, neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir və bu baxımdan 2009-cu ilin yekunlarının uğurlu olduğunu xüsusi qeyd etmək lazımdır. Ötən ilin pozitiv nəticələri respublika iqtisadiyyatının yalnız neft amilindən asılılığı barədə indiyədək irəli sürülən müəyyən qərəzli iddiaların əsassızlığını tam sübuta yetirmişdir. Son dərəcə ağır sınaqdan üzüağ çıxan ölkə iqtisadiyyatının inkişaf dinamikasında qeyri-neft sektorunun əhəmiyyətli paya malik olduğu da bir daha təsdiqlənmişdir. Nazirlər Kabinetinin son iclasında bu məqama xüsusi diqqət çəkən dövlət başçısı İlham Əliyev 2009-cu ilin respublikanın çağdaş tarixinə sınaq ili kimi düşdüyünü, Azərbaycanın bu sınaqdan şərəflə çıxdığını vurğuladı: "...Bizə müəyyən iradlar tutmaq istəyənlər, yaxud da uğurlarımızı sadələşdirmək istəyən qüvvələr iqtisadi inkişafı neft amili ilə bağlayırdılar. Sirr deyil ki, əlbəttə, bu amilin öz rolu vardır və bu, davam edəcəkdir. Çünki Azərbaycanda son illər ərzində həm neft, həm qaz hasilatı böyük dərəcədə artmışdır. Ancaq 2009-cu il o il olmuşdur ki, bütün bəd niyyətlə ifadə edilən sözləri alt-üst etdi. Ölkəmiz, iqtisadiyyatımız böhranlı ildə də uğurla inkişaf etməyə davam etdi. İndi hər şey müqayisə ilə ölçülür. Mən indi başqa ölkələrlə Azərbaycanı müqayisə etmək istəmirəm, ancaq statistika vardır, göstəricilər vardır. MDB məkanında ən sürətlə inkişaf edən ölkə Azərbaycandır".

Qeyri-neft sektorunun inkişafının mühüm göstəricilərindən biri də ötən il bu sahəyə investisiya qoyuluşlarının həcminin və keyfiyyətinin yüksəlməsidir. Diqqətəlayiq məqam həm də budur ki, həmin prosesdə artıq yerli sərmayədarların üstünlüyü daha qabarıq duyulur. 2009-cu ildə Azərbaycan iqtisadiyyatına 9,2 milyard dollar investisiya qoyulmuş və bunun 7,3 milyardı daxili sərmayədir. Bu, bütün dünyada maliyyə resurslarının məhdudlaşdığı, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir şəraitdə çox yaxşı göstərici sayıla bilər. Əslində, qlobal böhranın Azərbaycana ciddi sirayət etməməsinin əsas səbəblərindən biri də məhz regionlarda əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizəsi, daxili istehsalın təşviq edilməsidir. Daxili investisiya qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artması, xaricdən maliyyə asılılığının minimuma endirilməsi, real sektorun, istehsalla məşğul olan müəssisələrin hərtərəfli dəstəklənməsi, daxili bazarın qorunması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdikləri "Doing Business-2010" reytinqində investisiya cəlbediciliyinə görə 183 ölkə arasında 38-ci yeri tutmuşdur. Hesabatda respublikamız biznesin həyata keçirilməsi indikatoruna görə 38-ci, biznesin başlanmasına görə 17-ci, işə qəbula görə 33-cü, əmlakın qeydiyyatına görə 9-cu, kreditlərin alınmasına görə 15-ci, investorların qorunmasına görə 20-ci, müqavilələrin icrasının təmin edilməsinə görə 26-cı olmuşdur. Müqayisə üçün bildirək ki, həmin reytinqdə Qafqaz ölkələrindən Gürcüstan 90-cı, Ermənistan 97-ci yeri tutmuşdur.

Qlobal böhrana rəğmən, 2009-cu ildə sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ayrılan maliyyə vəsaitlərinin həcminin artması da son dərəcə təqdirəlayiq faktdır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun yeniləşdirilməsi, regionların tarazlı və davamlı inkişafı və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən cənab İlham Əliyev ötən il də özəl sektorun inkişafına xüsusi diqqət yetirmişdir. 2009-cu il dövlət büdcəsindən Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalının artırılmasına 70 milyon manat vəsait yönəldilməsi, eyni zamanda Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2100 sahibkarlıq subyektinə 130 milyon manat güzəştli kreditlər verilməsi bunu bir daha təsdiqləyir. Xüsusi vurğulamaq lazımdır ki, 2009-cu ildə sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 2008-ci ilin analoji göstəricisindən 1,5 dəfə çoxdur. Bu kreditlərin 70 milyon manatı dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna ayrılmış vəsait hesabına təmin edilmişdir. Güzəştli kreditlər hesabına qeyri-neft sektorunda 94 iri, o cümlədən 52 istehsal, emal və infrastruktur layihələri maliyyələşdirilmişdir.

Ötən il güzəştli kreditlərlə təmin olunmuş sahibkarlıq subyektlərinin 99,2 faizinin regionlarda yerləşməsi isə hökumətin bu sahədə yeritdiyi siyasətin ardıcıllığına və sistemliliyinə dəlalət edir. Dövlət başçısı 2003-cü ildən iqtisadi siyasətin ana xəttinə çevirdiyi regional inkişaf konsepsiyasını son bir ildə də inamla davam etdirmiş, bölgələrin tərəqqisi naminə bir sıra mühüm fərman və sərəncamlar, dövlət proqramları imzalamışdır. 2009-cu ilin fevralında "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nın yekunlarına həsr olunmuş toplantıda bu proqramın inkişaf və tərəqqi prosesindəki fundamental əhəmiyyəti bir daha önə çəkilmiş, əldə olunan böyük uğurlardan söz açılmışdır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında ötən il regionların sosial-iqtisadi inkişafı tədbirlərinin də uğurla davam etdirildiyini, çoxlu sayda yeni iş yerlərinin açıldığını razılıqla vurğulamış, eyni zamanda, miqrasiya məsələlərinin tənzimlənməsinin vacibliyini diqqətə çəkmişdir. "Keçən il regionların sosial-iqtisadi inkişafı prosesi uğurla davam etmişdir. Ümumiyyətlə, keçən il 74 min yeni iş yeri açılmışdır. Bu da onu göstərir ki, bu proses davam edir. Baxmayaraq ki, biz işsizliklə bağlı əsas məsələləri demək olar həll etmişik. Bu gün xarici vətəndaşlar var ki, Azərbaycana işləməyə gəlmək üçün müraciət edirlər. Azərbaycana xaricdən gələn miqrantların sayı artır və bu məsələyə də biz ciddi nəzarət etməliyik. Elə etməliyik ki, xaricdən Azərbaycana işləməyə gələn vətəndaşlar qanunlarımıza hörmətlə yanaşsınlar. Əminəm ki, Azərbaycana xoş niyyətlə gələn insanların, turistlərin yəqin ki, işçi qüvvəsinin sayı artacaqdır. Çünki Azərbaycanda indi böyük tikinti-quraşdırma işləri nəzərdə tutulur. Ancaq bütün bu işlər, yenə deyirəm ki, Azərbaycan qanunlarına hörmət əsasında görülməlidir" - deyən cənab İlham Əliyev 2009-cu ildə Bərdə, Yevlax, Mingəçevir, Gəncə, Göygöl, Şəmkir, Gədəbəy, Quba, Qusar, Ağsu, İsmayıllı, Hacıqabul rayonlarında, o cümlədən 2 dəfə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş, bölgələrin ümumi vəziyyəti ilə yaxından tanışlıq imkanı qazanmış, bir sıra yeni obyektlərin açılış mərasimində iştirak etmişdir.

Azərbaycan Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların tarazlı və davamlı inkişafı sahəsində 2004-cü ildən uğurla həyata keçirilən regional inkişaf tədbirlərinin keyfiyyətcə yeni mərhələdə də uğurla davam etdirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Proqrama əsasən, qarşıdakı 5 il müddətində ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmini, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi, özəl sektorun inkişafının daha da sürətləndirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, müasir tipli infrastruktur obyektlərinin yaradılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin azaldılması və digər mühüm tədbirlər nəzərdə tutulur.

Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda regionların inkişafı ilə yanaşı, sahibkarlığın dinamik yüksəlişinə də xüsusi diqqət ayrılır. Proqrama nəzərən əminliklə demək olar ki, qarşıdakı illərdə sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edəcəkdir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə, prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldiləcəkdir. Dövlət proqramında həmçinin davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur.

2010-cu il yanvarın 1-dən bəzi sahələrdə vergilərin aşağı salınması sahibkarlığın inkişaf etdirilməsi, daxili bazarın qorunması baxımından son dərəcədə əhəmiyyətli addımdır. Fərdi sahibkarların gəlirinin vergiyə cəlb edilmə dərəcəsinin 35 faizdən 30, müəssisələrin mənfəət vergisinin dərəcəsinin 22 faizdən 20 faizə endirilməsi, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədi üçün vergi tutulan əməliyyatların həcminin 90 min manatdan 150 min manatadək artırılması son dərəcə mühüm addımlardır.

Adətən, dövlətin payı və birbaşa sərmayəsi olan qlobal investisiya layihələri iş adamları, xarici sərmayədarlar üçün daha cəlbedici görünür. Hökumət bu reallıqdan çıxış edərək ötən il də investisiya layihələrinə, o cümlədən infrastrukturun yeniləşdirilməsinə xüsusi diqqət yetirmişdir. Ölkədə məqsədyönlü surətdə həyata keçirilən sosial infrastruktur layihələrinin qlobal böhran şəraitində belə, dayandırılmaması hökumətin siyasətində insan amilinin, vətəndaşa layiqli xidmət məramının mühüm yer tutduğunu bir daha göstərir. Paytaxta Oğuz-Qəbələ zonasından su kəmərinin, habelə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişini, paytaxtda yeni körpülərin, yol ötürücülərinin, piyada keçidlərinin istifadəyə verilməsi, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işlərinin aparılmasını, regionlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya-idman komplekslərinin tikintisini də bu sırada xüsusi vurğulamaq olar. 2009-cu ildə Azərbaycanda 64 məktəb, 59 səhiyyə müəssisəsi tikilmiş və təmir edilmiş, 5 olimpiya kompleksi istifadəyə verilmişdir. Ötən il həmçinin 70 faizi xarici mənbələrdən cəlb edilmiş vəsaitlər hesabına həyata keçirilən və ümumi dəyəri 350 milyon avroya yaxın olan "Qaradağsement" Səhmdar Cəmiyyətinin müasir texnologiyalar əsasında yenidən qurulması layihəsi reallaşmış, "Sumqayıt texnopark"ın müəyyən hissəsi istifadəyə verilmiş, məişət tullantıları emalı zavodunun təməli qoyulmuşdur.

Xüsusi vurğulamaq lazımdır ki, qlobal böhran şəraitində sosial məsələlərin həlli də hökumətin iqtisadi siyasətinin əsas istiqamətlərindən olmuşdur. 2008-ci illə müqayisədə 2009-cu ildə dövlət büdcəsinin cari xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial-müdafiə və sosial-təminat xərcləri 24,6, təhsil xərcləri 17,2, səhiyyə xərcləri 16,2, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri 12,9 faiz artmışdır.

"Sosial məsələlərin həlli həmişə olduğu kimi, bizim üçün prioritet məsələlər olmuşdur. Baxmayaraq ki, böhranlı ildir, yaxud da ki, neftin qiyməti aşağı düşüb, yuxarı qalxıb. Bütün bunlar əlbəttə ki, Azərbaycanın iqtisadiyyatına təsirsiz ötüşmür. Ancaq sosial məsələlər həmişə prioritet olaraq qalır və qalacaqdır. Gələcək illərdə də bu sahədə bir dənə də yubanma, yaxud da ki, geriləmə olmamalıdır və olmayacaqdır" - deyən dövlət başçısı İlham Əliyev sosial-liberalizm xəttinə üstünlük verir. Ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bazar iqtisadiyyatı ilə sosial müdafiənin bu cür kombinasiyası əldə olunan uğurların əsasını təşkil edən əsas amillərdəndir.

Böhran ilinə baxmayaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə əhalinin 1 oktyabr 2009-cu il tarixə təbii qazdan istifadə üzrə yaranmış 330 milyon manat məbləğində borcları dövlət büdcəsinin vəsaiti hesabına silinmişdir. Bundan başqa, aztəminatlı ailələrin sosial müdafiəsini təmin edən ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləği artırılaraq 60 manata çatdırılmış, ünvanlı sosial yardımların göstərilməsi məqsədi ilə dövlət büdcəsindən 180 milyon manat vəsait istifadə olunmuşdur ki, bu da 700 min nəfər aztəminatlı şəxsi əhatə etmişdir.

Əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi, o cümlədən respublikanın 22 rayonunda və Bakı şəhərinin Qaradağ, Suraxanı, Yasamal, Əzizbəyov və Sabunçu rayonlarında əlillər üçün çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisinə 46,2 milyon manat vəsait yönəldilmişdir.

Dövlət başçısı İlham Əliyevin uğurla gerçəkləşdirdiyi sosial-iqtisadi islahatların praktik nəticələri Azərbaycan üçün hələ ötən əsrin 90-cı illərinin əvvəlindən başlanmış mürəkkəb ictimai-iqtisadi formasiya dəyişkənliyi mərhələsinin artıq geridə qaldığını deməyə əsaslar verir. Söhbət iqtisadi sahədə keçid dövrü üçün zəruri qanunverici, institusional, maddi-texniki bazanın formalaşdırılması prosesinin yekunlaşmasından gedir. Son 15 ildə iqtisadiyyatın inkişafı üçün yeni qanunlar qəbul olunmuş, özəlləşdirmə prosesi, vergi, torpaq islahatı əsasən başa çatmış, infrastrukturun yeniləşdirilməsi keyfiyyətcə növbəti mərhələyə adlamış, güclü yanacaq-energetika və neft sənayesi formalaşmış, sahibkarlığın milli inkişafda rolu artmış, sosial problemlərin böyük qismi həllini tapmış, respublikamızın dünya iqtisadi-təsərrüfat sisteminə inteqrasiyası təmin olunmuş, Azərbaycan özü və bölgə dövlətləri üçün etibarlı enerji təhlükəsizliyi sistemi yaratmışdır. Bu gün milli iqtisadi inkişaf modeli ilə tanınan Azərbaycan sovet dövründən qalmış köhnə infrastrukturdan tamamilə azad olaraq, iqtisadi-mədəni səviyyədə modernləşir, ölkənin hər bir guşəsində müasir tələblərə cavab verən abadlıq-quruculuq işləri aparılır.

Keçid dövrünün başa çatması və sosial-iqtisadi inkişafın yeni mərhələsinin başlanması qarşıya yeni vəzifələr qoyur. Makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi, eləcə də ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlərin davam etdirilməsi, iqtisadi artımın keyfiyyətliliyinin yüksəldilməsi qarşıda ciddi vəzifələr kimi durur. 2010-cu ildə həmçinin inflyasiyanın aşağı səviyyədə saxlanması, manatın məzənnəsinin sabitliyinin qorunması, bank-maliyyə sektorunda sabitliyin dərinləşdirilməsi, inflyasiya hədəfi çərçivəsində iqtisadiyyatın pula tələbatının ödənilməsi strateji məqsədlər sırasındadır.

 

Ümumiyyətlə, ötən ilin uğurlu yekunları deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin verdiyi bütün vədlər əməli fəaliyyətə, real siyasətə əsaslanmış, milli maraq və mənafeləri maksimum dərəcədə özündə ehtiva etmişdir. Respublikamız bu il də qlobal maliyyə-iqtisadi böhranın təsirlərinə maksimum müqavimət nümayiş etdirmək əzmindədir. Ona görə də əminliklə deyə bilərik ki, elmi əsaslara söykənən bu siyasətin 2010-cu ildə də uğurla davam etdirilməsi vətəndaşların rifah halının daha da yüksəlməsinə imkan yaradacaqdır.

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.- 2010.-14  fevral.- S.  5.