Səmərəli innovasiya sistemi və yeni təhsil texnologiyaları dayanıqlı iqtisadiyyatın əsas resurslarıdır

 

XXI əsr bəşəriyyət qarşısında qlobal maliyyə böhranı ilə yanaşı, bir sıra mürəkkəb problemlər də qaldırmışdır. Əsas problem ənənəvi enerji ehtiyatlarının tükənməsi ehtimalı ilə sənayecə inkişaf etmiş ölkələrdə enerji sərfinin artması arasında təzadla əlaqədardır. Digər problem ekoloji səciyyə daşıyır. Təbiəti mühafizə tədbirləri, zərərsiz texnologiyaların hazırlanması və tətbiqi sürəti ekosistemin tələblərindən çox-çox geri qalır. Üçüncü problem demoqrafik çağırışdır. İnkişaf etmiş ölkələrin insan resursları planet əhalisinin ümumi sayına nisbətən azalır, dünya əhalisinin mədəni səviyyəsinin yüksəlmə sürəti aşağı düşür. Daha bir problem sosial səciyyəli çağırışdır. İnkişaf etmiş ölkələrin əhalisini təmsil edən "qızıl milyard" ilə bəşəriyyətin qalan əhalisi arasında resursların bölgüsündə qeyri-bərabərlik sosial problemləri gərginləşdirir.

 

Bu problemlərin həlli yolları hələ məlum olmayan enerji mənbələrinin kəşfındə, yeni, enerjiyə qənaətli texnologiyaların işlənməsində, informasiya texnologiyalarının inkişafı və geniş tətbiqi əsasında tədricən postindustrial cəmiyyətə keçiddə, təhsil texnologiyalarının və vasitələrinin inkişafı nəticəsində dünya əhalisinin mədəni və peşəkar səviyyəsinin yüksəldilməsində axtarılır.

İnkişaf etmiş ölkələrdə əsas diqqət innovasiya cəmiyyətinin yeni mərhələsinin - biliyin generasiyası, yayılması və istifadəsi əsasında qurulmuş iqtisadiyyatın formalaşmasına yönəldilmişdir. Unikal vərdiş və qabiliyyətlərin formalaşması onların daim yeniləşən fəaliyyət sahələrinə adaptasiya edilməsi, yüksək peşəkarlıq və başqa əsas istehsal resurslarının, maddi firavanlığın və şəxsiyyətin ictimai statusunun mahiyyətini təşkil edir. İntellektual fəaliyyətə qoyulan investisiya resursların ən səmərəli şəkildə yerləşdirilməsi üsuluna çevrilir. Şirkətlərin və korporasiyaların vəsaitlərində qeyri-maddi aktivlərin xüsusi çəkisi get-gedə artır. İstehsalın intensivləşməsi və elmi-texniki tərəqqinin nəticələrindən istifadə innovasiya siklinin kəskin ixtisarına, məhsulun və texnologiyaların yeniləşmə tempinin sürətlənməsinə səbəb olur.

XXI əsrdə informasiya, bio və nanotexnologiyaların elmi-texniki inqilabın əsasını təşkil edəcəyi proqnozlaşdırılır. Bu, sənayecə inkişaf etmiş ölkələrdə elmin inkişafının və iqtisadiyyatın texnoloji cəhətdən modernləşdirilməsinin ən perspektivli istiqamətləri sayılır. 2015-ci ildə nanoməhsullar bazarının həcminin 1,2-1,5 trilyon dollar artması gözlənilir. İnkişaf etmiş ölkələrdə nanosənayenin infrastrukturunun formalaşması, nanostrukturlu materialların, nanometrologiya və nanodiapazonlu avadanlıqların yaradılması, nanotexnologiyaların insanın sağlamlığı və həyatı üçün təhlükəsizliyinin təminatı və nanosənaye üzrə tədqiqatların səmərəliliyini təmin edə biləcək kadr hazırlığı sisteminin formalaşdırılması həyata keçirilir.

Dünyada gedən innovasiya proseslərində Azərbaycanın yeri ölkənin mövcud iqtisadi, intellektual və təhsil potensialına uyğun olmalıdır. Elmdə mövcud vəziyyətin konservasiyasına əsla yol verilə bilməz. Bu gün elmin əsas maliyyə qaynağı dövlət büdcəsidir. İqtisadi islahatlar dövründə elmi potensialın strukturu və tərkibi xeyli dəyişmişdir. Alimlik dərəcəsinin prestijinin kəskin şəkildə azalması nəzərə çarpır. İnkişaf etmiş ölkələrdə alimlik dərəcəsi ən yüksək prestijə malikdir. Elmin maddi-texniki bazası mənəvi cəhətdən köhnəlmə ərəfəsindədir. Elmi tədqiqatların nəticələrinin adekvatlıq dərəcəsini təmin edə biləcək elektron mikroskop, 3D-skaner və sair kimi yüksək səmərəliliyə malik cihazlara kəskin ehtiyac duyulur. Milli innovasiya sisteminin inkişafının baza komponenti kimi fundamental elmin seçimi kifayət deyildir. Büdcə vəsaitləri hesabına daxili və qlobal bazarda tələb perspektivlərinə malik olmayan tətbiqi işləmələrin maliyyələşdirilməsi halları mövcuddur. Keçid dövründə "fundamental tədqiqatlar-tətbiqi tədqiqatlar-sənaye istehsalı" siklinin komponentləri arasında əlaqələr zəifləmişdir. Akademiya və universitet elminin yüksək potensialına tələbat azalmışdır. Bu sektor bilik iqtisadiyyatının formalaşmasına kifayət qədər cəlb olunmamışdır. Elmlə təhsil arasında əlaqələrin zəifləməsinin nəticəsidir ki, elm-təhsil-istehsalat simbiozundan yaranan sinergetik effekt kifayət qədər yüksək deyildir. Əsas problemin mahiyyəti ondadır kı, Azərbaycanda elmi-tədqiqat sektorunun strukturu və inkişaf tempi ölkə iqtisadiyyatının güclü inkişaf tempinə və sahibkarlığın yeni texnologiyalara artan tələbinə cavab vermir. Elmi-tədqiqat sektorunun təklif etdiyi bir çox dəyərli nəticələr tarazlaşdırılmamış innovasiya siyasəti ucbatından ölkə iqtisadiyyatında tətbiqini tapmır.

Azərbaycanda elmi iqtisadiyyatın formalaşdırılması istiqamətində dövlət səviyyəsində bir çox tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev 10 aprel 2008-ci il tarixli sərəncamı ilə "2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafı üzrə Milli strategiya"nı və "2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafı üzrə Milli strategiyanın reallaşdırılmasının Dövlət Proqramı"nı təsdiq etmişdir. Sərəncama uyğun olaraq elmi islahatlar aparmaq üçün dövlət komissiyası yaradılmışdır.

Mövcud problemlərin həlli istiqamətində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılmışdır. Fondun əsas məqsədi elmin müxtəlif sahələrində aparılan tədqiqatların aktivliyinin təmin edilməsi və Azərbaycan elminin beynəlxalq səviyyədə layiqincə təmsil olunmasıdır. Ölkə Prezidentinin tapşırığı ilə 21 noyabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin iştirakı ilə humanitar və ictimai elmlər sahəsində mövcud vəziyyət geniş müzakirə olunmuşdur.

Müşavirənin işində Milli Elmlər Akademiyasının prezidenti, təhsil naziri, elm və təhsil müəssisələrinin rəhbərləri, alimlər iştirak etmişlər. İştirakçılar qarşısında geniş məruzə ilə çıxış edən akademik Ramiz Mehdiyev ölkə iqtisadiyyatında keçid dövrünün başa çatması ilə əlaqədar yeni məqsədlərin müəyyənləşdirildiyini, əsas məqsədin isə yaxın illərdə təhsildə, elmdə və ümumiyyətlə, intellektual sahədə əsaslı dəyişikliklər həyata keçirmək olduğunu göstərmişdir.

Azərbaycan elminin prestijini bərpa etmək üçün elmin və innovasiyanın məqsədyönlü inkişafını təmin etmək, iqtisadiyyatın texnoloji modernləşdirilməsini həyata keçirmək, elmi potensialı dayanıqlı iqtisadi inkişafın əsas resurslarından birinə çevirən tədqiqatların və effektiv innovasiya sisteminin balanslaşdırılmış strukturunu formalaşdırmaq tələb olunur. Elmi iqtisadiyyatın formalaşması üçün biliyin genişmiqyaslı inkişafını təmin edən, dünya bazarında rəqabət üstünlüyü verən, optimal institusional struktur əsasında balanslaşdırılmış, inkişaf edən elm sektoru yaradılmalıdır. Bu məqsədlə qabaqcıl texnologiyaların transferi nəticəsində iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq və texnoloji cəhətdən modernləşdirilməsini həyata keçirmək vacib şərtlərdir. Elmin prestijini yüksəltmək məqsədilə mövcud intellektual potensialın imkanlarından rasional istifadə etməklə bərabər, elm sahəsinə dünyanın qabaqcıl elm mərkəzlərində təcrübə keçmiş, yeni informasiya texnologiyalarına və Avropa dillərinə yiyələnmiş gənc mütəxəssislərin axınını gücləndirmək lazımdır. Tətbiqi tədqiqatların və texnoloji işləmələrin səviyyəsinin yüksəldilməsi, elmi-texniki nəticələrin istehsalata tətbiqi ilə yanaşı, bir sıra vacib istiqamətlərdə, xüsusilə də neft-mədən texnologiyalarında Azərbaycanın rəqabət üstünlüyünün diqqət mərkəzində saxlanması zəruridir. Ölkədə dövlət himayəsinə ehtiyacı olan elmi təşkilatların sayı çoxdur. Bu da dövlət vəsaitlərinin qeyri-rasional sərfinə və elmin perspektiv istiqamətlərində maliyyə çatışmazlığına səbəb olur. İri şirkətlər və korporasiyalar daxilində korporativ elm adlandırılan elmi-tədqiqat komplekslərinin yaradılması ilə bu problemi aradan qaldırmaq mümkündür. İntellektual fəaliyyətin nəticələrinin təsərrüfat dövriyyəsinə daxil edilməsi ilə iqtisadi və hüquqi mexanizmlərin qarşılıqlı inkişafı üçün şərait yaratmaq olar. Klaster tipli regional və sahə strukturlarının yaradılması da elmi təşkilatların və iqtisadiyyatın yüksək texnoloji sektorlarının qarşılıqlı fəaliyyətini təmin edə bilən vasitədir.

Kiçik və orta biznesin inkişafı daim diqqət mərkəzində saxlanmalı məsələlərdəndir. Azərbaycan müstəqilliyini bərpa edəndən bəri özəl biznesin inkişafına xüsusi fikir verilir. Bu məqsədlə müvafiq dövlət qurumları və qanunvericilik bazası yaradılmış və bir sıra istiqamətlərdə dövlət proqramları qəbul olunmuşdur. Daxili dövriyyə məhsulunda özəl sektorun xüsusi çəkisi 2008-ci ildə 85% təşkil etmişdir. Qanunvericilik bazasının təkmilləşdirilməsi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və işgüzar münasibətlərin inkişafı ölkə iqtisadiyyatına investisiyaların artmasına gətirib çıxarmışdır. 2008-ci ildə milli iqtisadiyyata 11,2 milyard dollar investisiya qoyulmuşdur. MDB və Şərqi Avropa ölkələri arasında Azərbaycan adambaşına düşən xarici investisiyanın həcminə görə lider mövqedədir. Son iki ildə daxili investisiya xarici investisiyanı kifayət qədər üstələmişdir. Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) hesabatında "Doinq Business 2009" işgüzar mühitin yaxşılaşdırılması sahəsində Azərbaycan ən mütərəqqi ölkə elan olunmuşdur.

Effektiv elmi-tədqiqat sektoru qlobal innovasiya sisteminin tərkib hissəsi olan, əsas parametrlərinə görə inkişaf etmiş ölkələrin innovasiya sisteminə uyğun gələn, elmi-tədqiqat sektoru ilə sahibkarlıq sektorunun qarşılıqlı fəaliyyətini təmin edə bilən səmərəli innovasiya sistemi ilə sırf üzvi əlaqədə fəaliyyət göstərməlidir. Ölkədə patent aktivliyinin artırılmasına, elmi nəticələrin kapitallaşdırılmasına xüsusi diqqət verilməli, vençur-innovasiya müəssisələrinin davamlı artımı təmin olunmalı, innovasiya texnoloji mərkəzlər, texnologiyaları transfer mərkəzləri, texnoparklar (o cümlədən aparıcı ali məktəblərin nəzdində) kimi innovasiya strukturunun baza elementlərinin yaradılmasına diqqət artırılmalıdır. İnnovasiya sahibkarlığını himayə edən dövlət və vençur fondlarının yaradılması məqsədəuyğun olardı. Müəssisələrin innovasiya aktivliyinə mane olan səbəblər, o cümlədən innovasiya fəaliyyətini genişləndirmək üçün vəsaitin çatmaması, yeni texnologiyaların dəyərinin yüksək olması, iqtisadi riskin və özünüödəmə müddətlərinin çox olması, inkişaf etmiş normativ-hüquqi bazanın zəif olması kimi amillərin təsiri aradan qaldırılmalıdır. İnnovasiya fəaliyyətinə birbaşa büdcədən maliyyələşdirmə və vergi preferensiyaları kimi dövlət zəmanəti təmin edilməlidir. İnnovasiya strukturlarında informasiya şəffaflığı mövcud olmalı, yeni texnologiyaların və innovasiya xarakterli məhsulların mümkün satış bazarları, həmçinin xüsusi investorlar və kredit təşkilatları barəsində informasiya çatışmazlığı aradan qaldırılmalıdır. Ölkənin kifayət qədər elmi potensiala malik regionlarında (Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir və s.) regional innovasiya sistemlərinin formalaşması üçün pilot layihələrinin reallaşdırılması məqsədəuyğun olardı. Kiçik innovasiya sahibkarlığına dəstək və xüsusi vençur fondları sisteminin inkişafı nəticəsində milli innovasiya sistemi üçün yeni olan qeyri-dövlət formalarının - müstəqil tədqiqat mərkəzləri, injinirinq və konsaltinq şirkətlərinin inkişafına diqqət artırılmalıdır.

Müasir şəraitdə təhsilin əhəmiyyəti və cəmiyyətin təhsil xidmətlərinə ehtiyacları kəskin şəkildə artır. YUNESKO-nun məlumatına görə, dünyada tələbələrin sayı yüksələn xətlə artır. Bu gün təhsil xidmətlərinə tələb təklifi üstələyir. Tədris vasitələrinin səviyyəsi təhsil alanların tələblərinə, bilik sahələrinin xüsusiyyətlərinə və yeni texnologiyaların inkişaf dinamikasına uyğunlaşdırılmalıdır. Təhsil və informasiya texnologiyaları birlikdə tələbənin maraq və fəaliyyət dairəsini təşkil etməlidir.

Son illərdə ali ixtisas təhsili sisteminin inkişafı ilə əlaqədar genişmiqyaslı tədbirlər planı həyata keçirilir, vahid təhsil məkanı formalaşdırılır, təhsil xidmətlərinin mobilliyi təmin olunur, yeni təhsil standartları və təhsilin təşkilini reqlamentləşdirən normativ sənədlər işlənib hazırlanır. Ali ixtisas təhsili sisteminin Bolonya prosesi kontekstində modernləşdirilməsinin, təhsilin keyfiyyətinin yüksəldilməsinin və nəticələrinin tanınmasının əsas istiqamətlərindən biri də tədris prosesində və idarəetmə strukturlarında müasir informasiya texnologiyalarının tətbiqidir. Təhsildə informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar həll olunmalı məsələlərin dairəsi həddən artıq genişdir.

Azərbaycanda informasiya məkanı formalaşdırmaq üçün son illər bir çox qanunlar qəbul edilmişdir və dövlət proqramları həyata keçirilir: elektron ticarət haqqında, elektron imza və elektron sənədlər haqqında, informasiya əldə etmə haqqında, telekommunikasiyalar haqqında qanunlar, Azərbaycan Respublikasının məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminat proqramı (2005-2007-ci illər); informasiya və kommunikasiya texnologiyaları sahəsində Azərbaycan Respublikasının inkişafının Milli strategiyası; Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları vasitələrinin inkişafının 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan) və s.

Bu tədbirlərin nəticəsidir ki, Azərbaycan 2006-2007-ci illərdə müasir informasiya-kommunikasiya və innovasiya texnologiyalarından istifadə səviyyəsinə görə Bolqarıstan, Qazaxıstan, Serbiya, Ukrayna, Misir, Pakistan kimi dövlətləri geridə qoyaraq 122 qabaqcıl ölkə arasında 71-ci yeri tutmuşdur. Müqayisə üçün qeyd edək ki, 2004-2005-ci illərdə Azərbaycan hətta 140 ölkə siyahısına düşməmişdi.

Təhsildə yeni tədris texnologiyaları açıq və distant təhsil üçün informasiya tədris vasitələrinin yaradılmasını, asinxron tədris texnologiyalarının tətbiqini, elektron dərsliklərin, təhsil portallarının yaradılmasını və multiagentli texnologiyalardan istifadə tələb edir. Təhsil sahəsində aparılan islahatlar bir tərəfdən pedaqoji və psixoloji, digər tərəfdən isə telekommunikasiya və şəbəkə texnologiyaları, informasiyanın vizuallaşdırılması, süni intellekt, mürəkkəb proseslərin modelləşdirilməsi və avtomatlaşdırılması kimi texnoloji problemlərlə qarşılaşır.

Müasir təhsil sistemini distant təhsilin elementlərindən təcrid edilmiş şəkildə təsəvvür etmək mümkün deyil. Universitetlərdə informasiya infrastrukturunun inkişafı üçün klassik əyani təhsil sistemi yeni tədris texnologiyaları ilə təkmilləşdirilməlidir.

İnformasiya texnologiyaları cəmiyyətdə baş verən dəyişikliklərin əsas hərəkətverici qüvvəsidir. Elmi-texniki tərəqqinin yüksək tempi mühəndis biliklərinin sürətlə köhnəlməsinə gətirib çıxarır. Ömür boyu təhsil prosesinə ehtiyac yaranır. Bu kontekstdə açıq universitetlərin yaradılması təhsil xidmətlərinə artan tələbata ən önəmli cavabdır. Açıq təhsilin qlobal məqsədi informasiya cəmiyyəti şəraitində təhsil alanları ictimai və peşə sahələri üzrə fəaliyyətə hazırlamaqdır. Açıq təhsilin təməl prinsiplərinə görə, təhsil müəssisəsinin, təhsil vaxtının, yerinin, tempinin müəyyən olunmasında və tədris məşğələlərinin planlaşdırılmasında təhsil alan sərbəst seçim imkanlarına malik olmalıdır. Bu da təhsil xidmətlərində tələb və təklif arasında mövcud təzadların aradan qaldırılmasının ən optimal yoludur.

Açıq təhsilin prinsipləri ancaq distant təhsil metodlarından istifadə etməklə reallaşdırıla bilər. Distant təhsildə müxtəlif yaşayış məntəqələrində yerləşmiş öyrənənlə öyrədən arasında həyata keçirilən tədris prosedurları müasir informasiya texnologiyalarından istifadə olunmaqla baş verməlidir. Bu məqsədlə ali təhsil müəssisələrində təhsil portalları yaradılmalı, bir proqram məhsulunda həm ənənəvi, həm də aktiv inkişafda olan informasiya növlərini inteqrasiya etməyə imkan verən multimedia və hiper-media vasitələrinə önəm verilməlidir. Animasiya texnologiyalarından istifadə etməklə tədris materiallarının əyanilik dərəcəsi artırılmalıdır. Telekonfrans texnologiyası vasitəsilə ayrı-ayrı konfransların materiallarına (newsgroups) daxil olmaqla lokal və qlobal telekonfranslarda iştirak etmək olar. 2008-ci ilin oktyabrında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə "Aztelekom" sirkətinin dəstəyi ilə Az.TU-da videokonfrans zalı istifadəyə verilmiş və ilk telekonfransda Az.TU-nun rektoru professor H.Məmmədovla İsveçrənin Heteborq ET Universitetinin rektoru professor Jan Smit, Naxçıvan Dövlət Universitetinin rektoru professor İ.Həbibbəyli, Lənkəran Dövlət Universitetinin rektoru professor A.İskəndərov və Bakı Dövlət Universitetinin prorektoru V.Əfəndiyev arasında təhsilin müasir problemlərinin real vaxt rejimində müzakirəsi həyata keçirilmişdir.

Təhsilin kompüterləşdirilməsində elektron tədris vəsaitlərinin yaradılması və ekspertizasına böyük önəm verilməlidir. Elektron dərslik işlənərkən pedaqoji prosesin təşkilinin ümumi prinsipləri və elektron dərslikdən istifadənin səmərəlilik şərtləri nəzərə alınmalıdır. Elektron dərslik bir tərəfdən konkret fəaliyyətin informasiya modeli, digər tərəfdən isə tədris prosesinin informasiya modeli kimi hazırlanmalıdır.

Elmin, texnologiyanın və texnikanın prioritet istiqamətləri üzrə kadr hazırlığında informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən biri də universitetlərin idarə olunmasının avtomatlaşdırılmış sistemi - elektron universitetdir (EU). EU anlayışı faktiki olaraq təhsilin distant və onlayn formalarının inkişafının yeni mərhələsini əhatə edir, təhsil müəssisəsinin potensial sifarişçisi olan tələbələrin təhsil problemlərinin iqtisadi baxımdan əlverişli üsullarla həll etmək və təhsil xidmətləri üzrə elektron biznesi həyata keçirmək imkanları yaradır. Az.TU-da elektron universitet layihəsi üzərində aktiv tədqiqatlar aparılır, universitetin hər bir funksional bölməsi üzrə həmin bölməyə aid məsələləri avtomatlaşdırılmış rejimdə həll etmək imkanlarına malik altsistemlər işlənir, funksional altsistemlərin əlaqələndirilməsi aztu.az portalı vasitəsilə həyata keçirilir.

 

 

Havar MƏMMƏDOV,

Azərbaycan Texniki

Universitetinin rektoru,

 

Həsən HÜSEYNOV,

universitetin kafedra

müdiri

 

Azərbaycan.- 2010.-14  fevral.- S. 6.