Davosun qırxıncı
addımı
Davos Beynəlxalq
İqtisadi Forumu (BİF) növbəti 40-cı məclisinə
yekun vurdu. İllik dövriyyəsi 5 milyard dollardan başlayan
1000-ə yaxın şirkətin hər biri BİF-ə 40,9
min dollar illik üzvlük haqqı ödəyir. Bundan savayı, BİF-in 103
strateji əməkdaşı hər il fondun hesabına 480 min
dollar keçirir. Bütünlükdə Davos Beynəlxalq
İqtisadi Forumunun büdcəsinə köçürülən
illik məbləğ 90 milyon dollar ətrafindadır.
Üzvlük haqqı ödəyən təşkilatlar foruma
1500-ə yaxın nümayəndə göndərə bilirlər.
Biznes və siyasi dünya elitasının məclisində
özlərinin görünməsini vacib sayanlar da forumda
iştirak etmək üçün 50 min dollar ətrafında
pul ödəyirlər.
Sonuncu forumun mühafizəsinə
5 min polis, 1000 nəfərlik hərbi birləşmə, 30-a
yaxın vertolyot və təyyarə cəlb edilmişdi.
Davosun 46 kilometrlik radiusunda da hava məkanında xüsusi reyslərdən
başqa bütün uçuşlara qadağa qoyulmuşdu. Hər
iştirakçıya orta hesabla 2-dən artıq mühafizəçinin
cəlb edildiyi tədbirin keçirilməsində təhlükəsizlik
baxımından heç bir problem yaranmadı.
Davos Forumu "planetin vəziyyətini
yaxşılaşdırmaq: yenidən planlaşdırmaq, yenidən
düşünmək, yenidən qurmaq" şüarı
altında dünyanın yeni qlobal iqtisadi
düzümünü aydınlaşdırmağa səy
göstərdi. Tədbir çərçivəsində 300-ə
yaxın plenar iclas, seminar, "dəyirmi masa" və həmçinin
"yuxarı eşelonun" kiçik görüşləri
keçirildi.
1971-ci ildə isveçrəli
professor Klaus Şvabın təşəbbüsü ilə
keçirilən I Forum "qaliblərin qurultayı"nı
xatırladırdı və bu tədbirə toplaşan
Avropanın 450 aparıcı şirkəti rəqabətdə
qalib çıxmağın yeni yollarını
arayırdı. 100-ə yaxın dövlətin birinci şəxslərini,
xarici işlər nazirlərini, milli bankların rəhbərlərini,
kübar biznes təmsilçilərini, aparıcı beynəlxalq
qurumların rəhbərlərini təmsil edən 2,6 min nəfərin
toplandığı sonuncu forum böhrandan
çıxış yollarını araşdırmağa,
dünyanın iqtisadi modelini yenidən nəzərdən
keçirməyə, kapitalizmin müasir simasını təyin
etməyə çalışdı. Bu 40 ildə dəyişməyən
yeganə amil tədbiri 40 il əvvəlki kimi professor Klaus
Şvabın açması idi. Elə professorun özü də
forumun təşkilatçısı və icraçı sədri
kimi bildirmişdi ki, "müasir qlobal əməkdaşlıq
sistemi artıq təsir qüvvəsini itirmişdir". Maliyyə
və iqtisadi böhran işsizliklə özünü
büruzə verən sosial böhranla əvəz
olunmaqdadır. Beynəlxalq Əmək Təşkilatının
məlumatına görə, hər il 47 milyon gənc dünya
əmək bazarına gəlsə də, onların çoxu
işsizlər ordusunun sıravilərinə çevrilmək
məcburiyyətindədir. Bu il inkişaf etmiş dövlətlərdə,
o cümlədən Avropa ölkələrində işsizlərin
sayının 3 milyon nəfər də artacağı gözlənilir.
Davosun qonaqları
sırasında ötən il forumun ən nüfuzlu təmsilçilərindən
bir çoxunun görünməməsi qlobal böhranın
oliqarxlara necə baha başa gəlməsinə əyani
işarədir. Müflisləşən "Lehman Brothers"
bankının rəhbəri Riçard Fuldu və Goldman Sachs
ilə Merrill Lynch banklarının direktorlarını da
qonaqların arasında görən olmadı. Analitiklər,
ümumiyyətlə bütün investisiya banklarının
bir sinif kimi ləğv olunmasını istisna etmirlər.
ABŞ Prezidenti Barak Obama isə belə hesab edir ki, qlobal
böhranın problemləri hər kəsin öz evində həll
olunmalıdır.
Forumda kapitalizmi sərt tənqid
edən, lakin ondan da yaxşı bir quruluşun
olmadığını israr edən Fransa Prezidenti Nikola
Sarkozinin çıxışı əks-səda doğurdu. O
dedi: "Dövlətlərin müdaxiləsi olmasaydı, hər
şey dağıla bilərdi. Bazar qanunlarının həmişə
haqlı olması fikri elə bir dünyanın yaranmasına səbəb
oldu ki, hər şey maliyyə kapitalına verilirdi və zəhmətkeşlərə,
demək olar ki, heç nə qalmırdı. Yaranan kapitalizm
çox güc səf etmədən başqalarının kapitalı
ilə oynamağa imkan verirdi. İndi isə elə vəziyyətə
nail olmaq lazımdır ki, iqtisadiyyat insana işləsin".
Maraqlısı odur ki,
yaranışından Qərbi kabus kimi vahimələndirən
sovet sistemi də, Sarkozi kimi, insan amilini və ümumi ədalət
prinsipini iqtisadiyyatın əsas meyarı kimi
götürürdü. Yenidən düşünməyi
qarşısına məqsəd qoyan forum əslində sadə
bir fakta diqqət yetirə bilərdi: Sovet İttifaqı bir
sistem kimi təbii yollarla yox, münaqişələrlə
dağıldıqdan sonra dünya birqütblü oldu. Aradan 20
il ötməmiş bütün planetin vahid sxemlə vahid mərkəzdən
idarə olunmasına önəm verən meqoiqtisadi münasibətlər
sistemi qlobal tənəzzülə uğradı. Davosda
müasir kapitalizmi tənqid edən siyasətçilər də,
iqtisadçılar da eyni zamanda kapitalizmdən yaxşı
formasiyanın bəşəriyyətə bəlli
olmadığını bildirdilər.
Lakin heç kim sovet
sisteminin öz axarı ilə yox, münaqişələrlə
çökdürüldüyündən böhranın əsas
katalizatoruna çevrilməsindən danışmadı. Bu,
heç kimin xatırlamadığı uzaq keçmiş
olaraq qaldı. Məhz bu baxımdan sosializmlə tam vidalaşmadan
kapitalizmə tədricən adlayan Çinin iqtisadi
uğurları diqqətəlayiqdir. Çin Mərkəzi
Bankının sədr müavini Çju Min isə
bütün bədbin çıxışların əksinə
olaraq, iqtisadiyyatın dirçələcəyini
proqnozlaşdırır. Çinli həmkarı ilə Avropa
Mərkəzi Bankı Şurasının üzvü Aksel
Veber də razılaşır ki, artıq qlobal yardım tədbirlərinə
ehtiyac yoxdur. Ruslar isə 4 ilə böhranın əsarətindən
qurtaracaqlarını bildirdilər.
Böyük əksəriyyət
belə hesab edir ki, Davos "beyin döyüşləri"
və iqtisadi bəyanatlar üçün əlverişli tribunadır.
Lakin böhranın fonunda artıq beynəlxalq iqtisadi foruma
inamın zəiflədiyini, burada cəmləşən liderlərin
fikirlərinin bir o qədər də dəyərli
olmadığını düşünənlər də az
deyil. Müflis olub forumun arenasında sönən "iqtisadi
ulduzlar"ın ilğım kimi yoxa çıxması bir
çoxlarını ciddi düşündürür. Edelman
illik indeksinin 20 ölkədə 4500 liderin arasında
keçirdiyi sorğunun nəticələri də təsdiq
edir ki, biznes institutlarına inam ən aşağı həddə
düşmüşdür. Liderlər bu inamın geri
qaytarılmasının yolları haqqında fikir mübadiləsi
aparsalar da, BİF gələcəkdə belə iqtisadi fəlakətlərdən
qurtuluş yollarını aydınlaşdıra bilmədi. Əksinə,
Nyu-York Universitetinin professoru iqtisadçı Nuriel Rubini birmənalı
şəkildə bu ilin ikinci yarısında böhranın
ikinci dalğasının ABŞ, Avropa və Yaponiyadan
keçəcəyini bəyan etdi: "Yunanıstan və
İspaniya böhrana duruş gətirə bilməsələr,
bu, artıq faciə olacaq".
Rusiyanın maliyyə naziri
Kudrin etiraf etdi ki, ölkəsinin iqtisadiyyatı neftin qiymətindən,
ABŞ və Avropadakı vəziyyətdən ciddi
asılıdır. Müzakirələr davam etdikcə
ümumi mənzərənin bir o qədər də gərgin
olmadığı, məşhur iqtisadçı N.Rubinin
ehtiyat etdiyi avroməkanın İspaniya və Yunanıstana
görə dağılmayacağı yəqinləşdi.
Çünki plenar iclaslarda bu iki dövlətin təmsilçiləri
kömək istəmədi və Avropa Mərkəzi
Bankının rəhbəri Jan Klod Trişenin qeyd etdiyi kimi,
"Atlantikanın hər iki sahilində depressiyadan yaxa
qurtarmaq mümkün oldu".
Lakin maraqlı tendensiya ondan
ibarətdir ki, beynəlxalq siyasi və biznes elitası
böhran ərəfəsində inkişaf etməkdə olan
dövlətləri, onların böhran şəraitində
artan fəallığını diqqətlə izləyir.
Meksika lideri Felipe Kaldarona görə, "bazar iqtisadiyyatı
güclü alətə malik olduğunu sübut etsə də",
çiçəklənmək üçün dövlətin
güclü olması vacibdir.
40-cı foruma makroiqtisadi
proqnozlarla nikbin notları əlavə edən Beynəlxalq
Valyuta Fondu təntənəli surətdə bəyan etdi ki,
qlobal böhran səngimişdir və artım gözlənildiyindən
əvvəl başlayıb. Böhran dünyanı silkələsə
də, Çinə qlobal iqtisadiyyatın öncülünə
çevrilərək hələ keçən il Almaniyanı
ötmək, həm də ticarətdə ixracatın həcminə
görə dünyada birinci yerə çıxmaq
imkanını verdi. Ümumdünya Ticarət Təşkilatının
hesabatına görə, 2009-cu ilin birinci yarısında
Çinin ixrac etdiyi məhsulların həcmi 521,7 milyard dollar
təşkil etmişdir. Çinin rəqiblərindən
ABŞ, İngiltərə və Almaniya isə hələ ki,
böhrandan aldıqları zərbələrin nəticələrini
aradan qaldırmaqla məşğul olacaqlar. Yaponiyada, BVF-in
hesabatına görə, ÜDM 2010-cu ildə 1,2 faiz
aşağı düşəcək. Dünya maliyyə
böhranı bir daha qlobal bazarların qlobal tənzimlənməsinin
zəruriliyini vurğulasa da, bu ideyanın necə
reallaşacağını kimsə açıqlamadı.
Davosda tam aydınlaşan və
bütün iştirakçıların gəldiyi son qənaət
belə oldu ki, biznes sosialyönümlü məsələlərin
həllinə fokuslanmalıdır. Xeyriyyəçilik problemlərinə
həsr olunmuş müzakirələrdə Virgin
korporasiyasının qurucusu Riçard Brenson kapitalizmin yeganə
işlək sistem olduğunu bəyan etsə də,
böyük maliyyə imkanlarının az bir qismin əlində
cəmləşdiyini problem kimi qeyd edərək dedi: "Bu
insanların heç də hamısı topladıqları vəsaiti
yeni iş yerlərinin, yeni imkanların yaranmasına sərf
etmir".
Nobel mükafatı
laureatı Məhəmməd Yünis isə bəyan etdi ki,
xeyriyyəçilik biznes-yanaşmanın özülündə
durmalı və yeni məzmun kəsb etməlidir: "Müasir
xeyriyyəçilikdə nəticə əldə etmək
üçün pul qoymaq lazımdır. Təkrar nəticə
əldə etmək üçün yenə pul qoymaq
lazımdır". O, biznesə yeni baxışın mərhəmət
və xeyriyyəçilikdən, onun sosial mahiyyətindən
bəhrələnməsinin zəruriliyini vurğuladı. On
ildən yuxarı İngiltərənin Baş naziri vəzifəsini
icra edən Toni Bleyer isə böhran zamanı
filantropiyanın - xeyriyyəçiliyin, mərhəmətin
aktuallığını bir daha vurğuladı: "Xeyriyyəçilik
sahibkarlığın əsl formalarından biri
olmalıdır. Vacibi odur ki, Məhəmməd Yunis, Riçard
Brenson, Viktor Pinçuk kimi insanlar xeyriyyəçiliklə məşğul
olarkən biznesi atmır, əksinə, biznes-yanaşmaları
xeyriyyə fəaliyyətinə tətbiq edirlər".
Forumu işıqlandıran
dünya KİV-ində bu tədbirə münasibətin
ötən ildəkindən daha da neqativ olması nəzərə
çarpır. Dünyada yüksək reytinqə malik 100 mətbu
orqanın forum haqqında mülahizələrini izləyən
"Media Tenor" kompaniyasının verdiyi açıqlamada
mətbuatın maliyyə industriyasının tütün sənayesindən
daha aşağı qiymətləndirildiyi bildirilir.
Tütün sənayesinə verilən şərhlərin 30
faizi, bankların fəaliyyətinə toxunan yazıların
isə 40 faizi mənfi rəylərdən ibarətdir.
Dünyanın əksər aparıcı nəşrləri nəhəng
bank rəhbərlərinin fəaliyyətini və fəaliyyətsizliyini,
onların gəlirləri və bonuslarına nəzarəti
diqqətlə araşdırırlar. Faktiki böhran zəminində
banklarla cəmiyyət arasında real uçurumun
yaranmasını hamı etiraf etdi. Bankların spekulyativ fəaliyyətinə
qarşı cəmiyyətin və müxtəlif
korporasiyaların təmsilçiləri birləşməkdədir.
Eyni zamanda, ABŞ Prezidenti
Barak Obama hələ forumdan əvvəl sərt mövqedən
çıxış edərək bank biznesinin fəaliyyətini
və səlahiyyətlərini məhdudlaşdıran layihələrin
tətbiq edilməsi barədə qanunvericilik təşəbbüsü
ilə çıxış etdi. Böyük Britaniya da
bankların fəaliyyətini müəyyən çərçivələrdə
məhdudlaşdırmağa çalışır.
Bütün cəhdlərin
zəminində beynəlxalq bank sisteminin effekt verə bilən
islahatlar mexanizmi dünya miqyasında mövcud deyil və belə
iqtisadi resepti Davos forumu da təklif etməkdə çətinlik
çəkdi. Bankirlər, forumun təzyiqlərinə baxmayaraq,
öz maraqlarını müdafiə etməkdən yana Barak
Obamanın sərt təkliflərinin yumşaq
variantını müdafiə etmək üçün birləşəcəklər.
"Times" bu həftə nüfuzlarını və cəmiyyətdə
mövqelərini qorumağa çalışan bankirlərin
müəyyən addımlar atacağından yazır.
Beşinci günü Britaniya Maliyyə Nazirliyinin rəhbəri
Alister Darlinqlə məxfi görüşdə bankirlər
onların imkanlarının məhdudlaşdırılmasının
dünya iqtisadiyyatına mənfi təsir edəcəyini
sübut etməyə çalışacaqlar.
Builki forumun əsas
mövzusunun "Böhrandan sonrakı dünyanın
formalaşması" olduğunu nəzərə alsaq, Davos
ona bəslənilən ümidlərin hamısını
doğrulda bilmədi. 5 günlük diskussiyalar yeni ideyalardan
daha artıq cari məsələlərə toxundu və bir
daha böhranın cəngindən bəşəriyyətin
xilas olunmadığını təsdiq etdi. Dünyanın
maliyyə sisteminin çökdüyünü etiraf edən
forum ritorik perspektivlərin üfüqlərindən
danışsa da, nəzəri təklif vermək gücündə
olmadı. Qordon Braun isə etiraf etdi ki, heç bir dəqiq
plan yoxdur, çünki bu böhran bəşər tarixində
analoqu olmayan iqtisadi fəlakətdir.
Bir il bütün banklara
yardım edən, onları qaldıran Qərb indi bankirləri
"cilovlamağı" qərara alır, kapitalizm nə qədər
yaxşıdırsa, bir o qədər də pisdir və ya tərsinə.
Ümumiyyətlə, forumda bir-biri ilə toqquşan, bir-birini
inkar edən belə mövqe və fikirlər kifayət qədərdir.
Şərqlə Qərbin
mentalitetində bir çox oxşarlıqlar mövcud olsa da, əsas
fərq ondan ibarətdir ki, biz ulağa bir dəfə minirik,
düşməyi isə ayıb sayırıq. Qərb isə
Davosun timsalında bir də təsdiq etdi ki, Şərqi
usandıran amili yorulmadan və zövqlə təkrar etmək
mümkündür.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2010.-14
fevral.- S. 6.