Azərbaycan ATƏT-lə
əməkdaşlığın inkişaf etdirilməsinə
böyük önəm
verir
ATƏT-in fəaliyyətdə olan sədri kimi Qazaxıstan nümayəndə heyətinin Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir. Avratlantik məkana inteqrasiya edən Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT və onun Parlament Assambleyası ilə ikitərəfli əlaqələrin inkişafına, əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verir. Bu fikirləri Milli Məclisin Sədri Oqtay Əsədov fevralın 15-də ölkəmizdə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikasının dövlət katibi və xarici işlər naziri Kanat Saudabayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirmişdir
Ölkəmizdə həyata keçirilən uğurlu hüquqi, demokratik islahatlar, respublikamızın birbaşa iştirakçısı olduğu regional layihələr barədə ATƏT-in fəaliyyətdə olan sədrinə məlumat verən Milli Məclisin Sədri bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövcud olmasaydı, ölkəmiz bütün sahələrdə daha çox müvəffəqiyyətlər qazanardı. Ümid edirik ki, Qazaxıstan Respublikasının ATƏT-ə sədrliyi dövründə bu münaqişənin həllində mühüm irəliləyişlərə nail olacağıq.
Oqtay Əsədov bildirmişdir ki, Dağlıq Qarabağ probleminin həlli üçün hüquqi baza mövcuddur. Münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası 4 qətnamə, Avropa Şurası Parlament Assambleyası və dünyanın digər nüfuzlu beynəlxalq təşkilatları olduqca mühüm qərarlar qəbul etmişlər. Amma bunlara baxmayaraq, Ermənistan problemin həllində xalqların öz müqəddəratını təyin etmək hüququnu ölkələrin ərazi bütövlüyü prinsipinə qarşı qoyur.
Milli Məclisin Sədri qeyd etmişdir ki, bu gün dünyada 1500-dən çox bu cür münaqişə var. Əgər xalqların öz müqəddəratını təyin etmə hüququ prizmasından yanaşsaq, onda dünyanın siyasi xəritəsi yenidən tərtib olunmalıdır. Azərbaycan problemin beynəlxalq hüquq normaları çərçivəsində, dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında ədalətli həllinə tərəfdardır. Azərbaycan Dağlıq Qarabağa bu gün dünyada mövcud olan ən yüksək muxtariyyət statusunu verməyə hazır olduğunu dəfələrlə bəyan etmişdir. Bir şərtlə ki, sərhədlərin toxunulmazlığı prinsipinə əməl olunsun.
Kanat Saudabayev Qazaxıstanın quruma sədrliyi dövründə Dağlıq Qarabağ munaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərin artırılacağını bildirmişdir. Onun sözlərinə görə, Cənubi Qafqaz regionuna səfərin məqsədi əlaqələrin inkişafı ilə yanaşı, regional munaqişələrin həlli ilə bağlı fikir mübadiləsi aparmaq, vəziyyətdən çıxış yolları axtarmaqdan ibarətdir. ATƏT sədri bu səfərin Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni təkan verəcəyinə əmin olduğunu bildirmişdir.
Görüşdə Azərbaycan
ilə ATƏT və onun ayrı-ayrı strukturları arasında əməkdaşlıq və
digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2010.- 16 fevral.- S. 2.