Azərbaycan ərazi bütövlüyünün bərpası istiqamətində mövqelərini daha da gücləndirir

 

Prezident İlham Əliyev "Euronews" telekanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların əsas prinsiplərini bir daha açıqlayıb

 

Mövcud olduğu regionun lideri statusunu daşıyan, bunu hər ötən il qazandığı uğurlarla, nailiyyətlərlə daha da möhkəmləndirən Azərbaycanın qarşıdakı dövr ərzində də inkişaf göstəricilərinə görə dünya biriniciləri sırasında yer alacağı ən müxtəlif nüfuzlu beynəlxalq təşkilatlar, araşdırma institutları tərəfindən bəyan edilməkdədir. Həmçinin o da xüsusi olaraq vurğulanır ki, Azərbaycanın həyata keçirdiyi milli inkişaf strategiyası təkcə bir sahə üzrə köklənməyərək kompleks xarakter daşıyır. Bu səbəbdən ölkə təkcə iqtisadi və sosial həyatda yox, siyasət, demokratiya, insan haqlarının qorunması, Avratlantik məkana sürətli inteqrasiya və digər bu kimi sahələrdə də möhtəşəm nailiyyətlərə imza atıb. Hazırda Azərbaycanın seçdiyi və irəlilədiyi inkişaf yolu qazanılmış uğurların davamını təmin etməklə yanaşı, onların miqyasını daha da genişləndirir, yeni nailiyyətlərin əldə olunmasını təmin edir.

Qeyd edilənlər öz növbəsində Azərbaycanın beynəlxalq hüququn müstəqil subyekti olaraq daha da güclənməsinə, mövqeyinin nəzərə alınmasına, maraqlarının təmin olunmasına gətirib çıxaran bir vəziyyət formalaşdırıb. Bu da ölkəmizə təkcə regional yox, daha geniş miqyasda proseslərin gedişinə təsir etmək, onun milli maraqlarına cavab verən məcrada inkişafına nail olmaq kimi üstünlüklər qazandırır. Belə vəziyyət həlli vacib məsələ kimi qiymətləndirilən Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də təsirsiz ötüşmür və bunun ətrafında cərəyan edən hadisələri ölkəmizin lehinə dəyişdirir. Danılmaz faktdır ki, indi diplomatik sferada Ermənistanı məğlubiyyətə uğradan, bu dövlətin həyata keçirdiyi işğalçılıq siyasətini dünyaya açıq-aydın göstərən Azərbaycan sözügedən ölkənin silahlı qüvvələrinin zəbt edilmiş ərazilərdən çıxarılması üçün beynəlxalq ictimaiyyətin Ermənistana təzyiqinin artmasına nail olub. Lakin ən əsas odur ki, Azərbaycan özü iqtisadi qüdrəti, güclü ordusu ilə Ermənistana qarşı tətbiq etdiyi pressinqi daim gücləndirməkdədir və artıq işğalçı ölkənin buna müqavimət gücü tam tükənməkdədir. Elə bunun nəticəsidir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan danışıqlar prosesi Azərbaycanın istək və maraqlarına uyğun istiqamətdə inkişaf etməkdədir. Münaqişənin dinc yolla həlli üçün aparılan danışıqlar prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistanın qeyri-konstruktiv mövqeyindən geri çəkilməsi üçün daha aktiv fəaliyyət nümayiş etdirməkdədirlər. Onların irəli sürdüyü və danışıqların əsas bazasını təşkil edən Madrid prinsiplərinin şərtləri isə Azərbaycanın maraqlarına uyğun gəlir. Bununla əlaqədar Prezident İlham Əliyev "Euronews" telekanalına müsahibəsində bildirmişdir: "Mən 2010-cu ildə dünyanın aparıcı ölkələrinin təmsil olunduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişəni həll etmək istiqamətində fəaliyyətlərinə nikbin baxıram. Bu, nikbinliyə əsas verir. Eyni zamanda, qeyd etdiyim kimi, hazırda nəzərdən keçirdiyimiz təkliflər beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanır. Onlar ölkələrin ərazi bütövlüyü, güc tətbiq etməmək və xalqların özünü idarəetmə prinsiplərinə əsaslanır. Bu prinsiplər bir-biri ilə ziddiyyət təşkil etmir. Çünki özünü idarəetmə prinsipi ölkənin ərazi bütövlüyü çərçivəsində təmin edilə bilər. Bu baxımdan biz nikbinik".

Hazırda isə sülh danışıqları iki mühüm şərtdən asılıdır və bunlar Ermənistanın beynəlxalq normaları əsas götürməsindən, öz qoşunlarını Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmasından ibarətdir. Münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlər, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnaməsi də məhz bu şərtləri özündə ehtiva edir. Bundan başqa, ATƏT-in Minsk qrupunun həmsədrlərinin irəli sürdüyü təkliflərin əsasını da məhz Azərbaycanın ərazi bütövlüyünün bərpası təşkil edir.

Ümumilikdə isə, "Euronews" telekanalına müsahibəsində Prezident İlham Əliyev vasitəçilərin nizamlama üçün etdikləri təkliflərin əsas prinsiplərini belə açıqlamışdır: "Deyə bilərəm ki, vasitəçilərin verdiyi təkliflər Azərbaycanın ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda olan bütün işğal edilmiş torpaqlardan Ermənistan qoşunlarının çıxarılması, azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtması, bütün kommunikasiyaların açılması, Dağlıq Qarabağın hər iki icması - erməni və Azərbaycan icmaları üçün sülh zəmanəti prinsipinə əsaslanır".

ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təklif olunan və tərəflərin hazırda müzakirə etdiyi yeganə mümkün həll variantı məhz bu prinsiplərə əsaslanır. Bu amil bir daha danışıqlar prosesinin Azərbaycanın maraqlarına uyğun olduğunu aydın göstərir. Prezident İlham Əliyev müsahibəsində kommunikasiyalarla bağlı məqamlara da toxunmuşdur: "Biz bütün kommunikasiyaların açılmasının tərəfdarıyıq. Təkcə Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin deyil, eləcə də Azərbaycanı ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirəcək dəhlizin də açılmasının tərəfdarıyıq. Burada, həmçinin iki ölkə arasında olan sərhədlərin digər yerlərində də kommunikasiyaların açılması nəzərdə tutulur. Dağlıq Qarabağ ilə Ermənistan arasında dəhlizə gəldikdə, əgər siz xəritəyə nəzər yetirsəniz görərsiniz ki, Dağlıq Qarabağın Ermənistanla heç bir sərhədi və ya quru əlaqəsi yoxdur. Buna görə, sülh razılaşmasının bir hissəsi kimi, dinc şəraitdə dəhlizin təmin edilməsi Azərbaycanın getdiyi böyük güzəştlərdən biridir".

Ermənistanın Azərbaycanın getdiyi bu ən böyük güzəştdən faydalana bilməsi üçün, ilk növbədə, işğal olunmuş ərazilərdən silahlı qüvvələrini çıxarması, ölkəmizin ərazi bütövlüyünü tanıması əsas şərtdir. Digər tərəfdən, ermənilərə də yaxşı məlumdur ki, zəbt etdiyi əraziləri uzun müddət işğal altında saxlaması, buradakı separatçı rejimin müstəqil olması tamamilə mümkünsüz olan bir haldır. Müsahibəsində Prezident İlham Əliyev iki vacib məsələyə də toxunub: "Erməni xalqının öz müqəddəratını təyin etmə məsələsinə gəldikdə, deyə bilərəm ki, ermənilər öz müqəddəratını artıq təyin ediblər. Onlar Ermənistan dövlətinə malikdirlər. Təxminən iki yüz il bundan əvvəl regionun müxtəlif yerlərindən ermənilərin Dağlıq Qarabağa köçürülməsi faktı o demək deyil ki, onlar Azərbaycanın tarixi ərazilərində ikinci erməni dövlətini yarada bilər. Əgər biz bu məntiqlə getsək, belə çıxır ki, dünyada 10 və ya ondan da artıq erməni dövləti yarana bilər. Çünki ermənilər dünyanın müxtəlif yerlərində yaşayırlar. Buna görə, ikinci erməni dövlətinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış tarixi ərazilərində yaradılmasından söhbət belə gedə bilməz. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə və ya onun Azərbaycanın tərkibindən çıxmasına apara biləcək hər hansı mexanizm və ya prosedurla heç vaxt razılaşmayacaqdır. Bu, müzakirə mövzusu deyildir".

Göründüyü kimi, Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, ölkənin əzəli torpağı olan Dağlıq Qarabağın müstəqil olması, ümumiyyətlə, mümkünsüz məsələdir. Əslində, münaqişə ilə bağlı qəbul edilən beynəlxalq qətnamələr, eləcə də digər sənədlər də bunu təsbit edir. Digər tərəfdən, Prezident birmənalı şəkildə bəyan edir ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına aparıb çıxara biləcək mexanizm və prosedurlar yaradılmasına da ölkəmiz tərəfindən heç vaxt razılıq verilməyəcək.

Aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan danışıqlar istənilən nəticəni verməyəcəyi təqdirdə, Azərbaycan beynəlxalq hüquq normalarından irəli gələn ərazi bütövlüyünü hərbi yolla bərpa etmək məcburiyyətində qalacaq. Müharibənin yenidən başlanması isə Ermənistanın bir dövlət olaraq varlığını davam etdirməsini sual altına alan situasiyanın formalaşması deməkdir. İlk növbədə ona görə ki, müharibəni aparmaq üçün Ermənistanın nə iqtisadi, nə də lazımi insan potensialı var. Digər tərəfdən, bu gün iqtisadiyyatı Ermənistandan bir neçə dəfə güclü olan Azərbaycan hərbi qüdrəti baxımından da işğalçı ölkəni çox geridə qoyur. İstər ordunun şəxsi heyətinin sayı və döyüş hazırlığı, istər silahlı qüvvələrin maddi texniki bazası, onun müasir hərbi texnika ilə təchizatı baxımından Ermənistan böyük fərqlə Azərbaycana uduzduğunu yaxşı bilir. Digər tərəfdən, Ermənistanın hazırda yaşadığı iqtisadi tənəzzül, demoqrafiya problemi müharibənin yenidən alovlanmasının bu ölkə üçün əsl fəlakət olması deməkdir.

Lazım gələrsə, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi üçün mümkün hərb yoluna əl atmasını Prezident İlham Əliyev hüquqi prizmadan belə şərh etmişdir: "Ermənistan ərazilərimizi güc yolu ilə işğal edib. Azərbaycanın isə, dünyanın istənilən ölkəsi kimi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq, özünü müdafiə etmək üçün bütün vasitələrdən qanuni istifadə etmək hüququ vardır. Bu, özünü müdafiə etmək, öz torpaqlarını işğaldan azad etmək hüququdur.

Bizim hər hansı digər ölkəyə heç bir ərazi iddiamız yoxdur. Lakin Azərbaycanın işğal olunmuş əraziləri və Dağlıq Qarabağın özü bizim beynəlxalq səviyyədə tanınmış torpaqlarımızdır. Əgər orada hər hansı hadisə baş verərsə, bu, beynəlxalq münaqişə kimi deyil, Azərbaycanın daxili işi hesab edilməlidir".

Hələlik isə danışıqlar prosesinə olan ümidlər və gözlənilən nəticələr problemin həlli üçün hərb yoluna əl atılmasına ehtiyac yaratmır. Lakin ölkəmizin münaqişənin sülh yolu ilə həll edilməsi prinsipinə sadiq qalması və danışıqları davam etdirməsi niyyətindən Ermənistan lazımi nəticə çıxararaq konstruktiv mövqe nümayiş etdirməsə, silahlı qüvvələrini işğal olunmuş ərazilərdən çıxarmasa, beynəlxalq qanunvericiliyə, BMT Nizamnaməsinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü güc yolu ilə bərpa etməsi qaçılmaz olacaq. Qeyd edildiyi kimi isə müharibə variantı Ermənistan üçün əsl fəlakət deməkdir. Bu fəlakətdən yaxa qurtarmaq üçün Ermənistanın, onun rəhbərliyində dayanan şəxslərin hələ ki, o qədər də çox olmayan zamanı var.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 16 fevral.- S. 2.