Kanat Saudabayev: "Qazaxıstanın ATƏT-də sədrliyi dövründə əsas prioritetlərdən biri həlli uzanan münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin nizamlanmasıdır"

 

Xəbər verdiyimiz kimi, fevralın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev ilə görüşmüşdür.

Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunan məsələlər haqqında məlumat vermişlər.

Nazir Elmar Məmmədyarov bildirmişdir ki, rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yenilənmiş baza prinsiplərini təqdir edir. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin Afinada təklif etdikləri münaqişənin nizamlanması üzrə yenilənmiş baza prinsiplərini məqbul hesab edirik. Lakin bu prinsiplərdə Azərbaycan tərəfini razı salmayan, həmçinin razılaşmanın və danışıqların davam etdirilməsini tələb edən elementlər vardır.

E.Məmmədyarovun sözlərinə görə, o, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə danışmış və Rusiya rəsmisi Ermənistan tərəfinin hələ ki, yenilənmiş baza prinsiplərinə münasibət bildirmədiyini demişdir.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bəyan etmişdir ki, münaqişənin nizamlanmasında mövcud status-kvo qeyri-məqbuldur.

Nazir Qazaxıstanın ATƏT-ə sədrliyini və bu ölkənin cari ildə Astanada təşkilata üzv dövlətlərin iştirakı ilə sammitin təşkil olunmasına dair təşəbbüsünü dəstəklədiyini də vurğulamışdır.

ATƏT-in sədri K.Saudabayev bildirmişdir ki, Azərbaycana səfərinin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarla əlaqədar məsələnin bütün spektrləri üzrə hər iki tərəflə müzakirələr aparmaq və gələcək addımları müəyyənləşdirməkdir.

K.Saudabayevin sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri kimi rəsmi Astana ümid edir ki, tərəflər razılaşmaları davam etdirsə, 2010-cu il Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili ola bilər. Qazaxıstanın ATƏT-də sədrliyi dövründə əsas prioritetlərindən biri həlli uzanan münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin nizamlanmasıdır.

ATƏT-in sədri qeyd etmişdir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev hələ 1991-ci ildən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində birbaşa iştirak etmişdir. K.Saudabayev indi də bu məsələnin Qazaxıstan Prezidentinin diqqət mərkəzində olduğunu vurğulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-16  fevral.- S. 2.