Kanat SAUDABAYEV: 2010-cu il
Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasında
həlledici il olacaqdır
2010-cu il Dağlıq Qarabağ münaqişənin nizamlanmasında həlledici il olacaqdır. Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev fevralın 15-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması" İctimai Birliyi idarə heyətinin üzvləri ilə görüşdə demişdir.
ATƏT sədri bildirmişdir ki, Azərbaycana səfərinin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarla əlaqədar məsələnin bütün spektrləri üzrə hər iki tərəflə müzakirələr aparmaq və gələcək addımları müəyyənləşdirməkdən ibarətdir. Qazaxıstanın ATƏT-ə sədrliyi dövründə əsas prioritetlərindən biri həlli uzanan münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin nizamlanmasıdır.
İcmanın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin rəhbəri Bayram Səfərov münaqişə, işğal olunmuş Azərbaycan torpaqları barədə məlumat vermiş, bölgənin azərbaycanlı əhalisinin mövqeyini ATƏT sədrinin diqqətinə çatdırmışdır. Demişdir ki, icma üzvləri münaqişənin beynəlxalq hüquq normalarına uyğun və sülh yolu ilə həll edilməsinə tərəfdardırlar. Onlar istəyirlər ki, beynəlxalq qurumlar, o cümlədən ATƏT tərəflərə münasibətdə ikili standartlara yol verməsin, işğalçını və işğal qurbanını öz adı ilə adlandırsınlar. Azərbaycanlılar doğma yurda qayıdacaqları günü səbirsizliklə gözləyirlər və Dağlıq Qarabağda ermənilərlə yenidən birgə yaşamağa hazırdırlar.
İcma rəhbəri münaqişənin tezliklə həll olunmasının zəruriliyini vurğulamış və demişdir ki, bu, beynəlxalq terrorizmə, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işinə böyük töhfə olardı. Çünki bu gün erməni silahlılarının meydan suladığı Dağlıq Qarabağ ərazisi nəzarətsiz zonaya, terroristlərin hazırlandığı, narkotiklərin əkilib-becərildiyi əraziyə çevrilmişdir. İcmanın üzvləri münaqişənin həllində Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini dəstəkləyirlər.
İdarə heyətinin üzvlərindən Milli Məclisin deputatı Həvva Məmmədova, AMEA-nın akademik-katibi, akademik Vaqif Fərzəliyev, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Şuşa xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov münaqişənin həlli ilə bağlı fikirlərini bölüşmüş, doğma yurda qayıdacaqlarına inamlarını ifadə etmiş, erməni icması ilə birgə yaşamağa münasibətlərini bildirmişlər.
ATƏT sədri ətraflı məlumat və səmimi fikirlər üçün təşəkkür etmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 16 fevral.- S. 2.