Prezident İlham Əliyevin
uğurlu siyasəti və xalqın iqtidara sarsılmaz
etimadı Azərbaycanın əldə etdiyi nailiyyətlərin
əsasıdır
Əli Əhmədov: "Son 17
ildə bütün seçkilərin şəriksiz qalibi
olmuş YAP-ın indi başlıca hədəfi
qarşıdakı parlament seçkilərində daha
böyük siyasi zəfər qazanmaqdır"
2009-cu il Azərbaycanın müasir tarixinə növbəti inkişaf mərhələsi kimi daxil oldu. Ötən il demokratikləşmə istiqamətində görülən işlər, həmçinin Konstitusiya islahatları ilə əlaqədar keçirilən referendum və növbəti bələdiyyə seçkiləri siyasi sahədəki böyük uğurlardır. Beynəlxalq maliyyə və iqtisadi böhranın davam etməsinə baxmayaraq, 2009-cu ildə Azərbaycan iqtisadiyyatı da 9,3 faizlik artıma nail oldu. Nəzərdə tutulan bütün iqtisadi və sosial layihələrin icrası davam etdirildi. Bütövlükdə, ötən ilin siyasi, sosial-iqtisadi və digər sahələr üzrə xoş mənzərəsi Azərbaycan xalqının 2010-cu ilə nikbin notlar üzərində qədəm qoymağını şərtləndirdi.
Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovla müsahibəmiz də ötən ilin yekunları barədədir:
- Əli müəllim, istərdik öncə respublikamızın ötənilki siyasi-ictimai və iqtisadi yekunları ilə bağlı qənaətlərinizi bölüşəsiniz.
- 2009-cu il də, əvvəlki illər kimi, Azərbaycanın inkişaf tarixinə şərəfli dövr kimi daxil oldu. Bununla belə, ötən il bütün dünyada təlatümlü maliyyə və iqtisadi böhranın hələ də davam etməsi dövrü kimi yadda qaldı. Güclü iqtisadiyyata malik ölkələr belə sarsıntılı böhranın ağır nəticələrini yaşamalı oldular. Təbii ki, Azərbaycan dünyadan ayrı deyil. Respublikamız dünya maliyyə və iqtisadi sisteminə inteqrasiya olunub və bu proses indi də davam etməkdə, dərinləşməkdədir. Azərbaycanı dünyadan təcrid olunmuş kimi təsəvvür etmək mümkün deyil. Dünyada baş verən proseslər bu və ya digər dərəcədə bizə də təsir göstərir. Bu mənada 2009-cu il bütün dünyada, o cümlədən ölkəmizdə bir sıra həqiqətləri ortaya çıxaran sınaq dövrü oldu. Lakin xüsusi vurğulamağa ehtiyac duyulan məqamlardan biri budur ki, dünyanın ən güclü iqtisadiyyatlarını lərzəyə gətirən qlobal böhran Azərbaycan iqtisadiyyatına və maliyyə sisteminə, digər ölkələrlə müqayisədə, çox cüzi təsir göstərə bildi. Güclü iqisadiyyatları olan ölkələr bu sınaqdan o qədər də uğurla çıxa bilmədikləri halda, gənc iqtisadiyyatı olan Azərbaycan ili bütün sahələrdə böyük nailiyyətlərlə başa vurmağa nail ola bildi. Ötən il böhranlı beynəlxalq şərait zəminində Azərbaycan iqtisadiyyatı 9-10 faizlik inkişaf nümunəsi göstərə bildi.
Azərbaycanın bütün dünyanı cənginə alan maliyyə və iqtisadi böhrandan ən az zərər çəkən ölkə olması beynəlxalq ictimaiyyət tərəfindən etiraf olunmaqdadır. Ona görə 2009-cu ilin yekunlarından danışarkən birinci növbədə Azərbaycanın iqtisadiyyatının və maliyyə sisteminin etibarlı və dayanıqlı bünövrə üzərində dayanmasının bir daha sübut olunduğunu xüsusi qeyd etmək lazımdır. Bu, həm də Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasi xəttin və respublikamızın seçdiyi yolun düzgünlüyünü təsdiq edən reallıq baxımından mühüm məqamdır.
İqtisadi uğurlar və beynəlxalq böhrandan ən az zərərlə çıxmaqla yanaşı, ötən il bütün sahələr üzrə islahatlar ardıcıl davam etdirildi. Heç bir sosial-iqtisadi layihə yarımçıq qalmadı. Həmçinin ictimai həyatın yenilənməsi, bölgələrdə aparılan abadlıq və quruculuq işləri də uğurla davam etdirildi. Bunlar 2009-cu ildə həm ictimai-siyasi sabitliyi, həm də xoş əhvali-ruhiyyənin əsasını təşkil edən məqamlardır.
2009-cu il həm də respublikamızın demokratik inkişaf istiqamətində əhəmiyyətli addımların atılması ilə səciyyələnir. Bunu referendum və bələdiyyə seçkilərinin timsalında şərh etmək olar. Azərbaycan müasir tarixində bir ilin içərisində iki mühüm siyasi aksiyanı uğurla həyata keçirdi. Bu, ötən ilin siyasi aurasını həm müəyyənləşdirən, həm də təsvir edən çox maraqlı məqamdır.
2009-cu ilin
yekunlarından danışarkən ən başlıca məsələlərdən
biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizama salınması ilə
bağlı mənzərənin də göz önünə
gətirilməsi mütləq tələb olunur. 2009-cu il danışıqlar
və nizamlama prosesinin intensivləşməsi ilə yadda
qaldı. Azərbaycan və Ermənistan prezidentləri
arasında bir neçə görüşün keçirilməsi,
xarici işlər nazirləri səviyyəsində və
müxtəlif formatlarda intensiv məsləhətləşmələrin
aparılması danışıqlar prosesinin əhəmiyyətli
dərəcədə sürətlənməsindən xəbər
verir. Münaqişənin nizama salınmasını 2009-cu ildə
təmin etmək mümkün olmasa da, bu intensivlik Azərbaycanın
mövqelərinin beynəlxalq aləmə və
danışıqlar prosesində vasitəçilik rolunu yerinə
yetirən tərəflərə daha yaxşı
çatdırılması baxımından əhəmiyyətli
rol oynayıb.
Təbii ki,
danışıqlar prosesində bizim üçün qaneedici
məqam problemin ədalətli şəkildə həllinə
nail olmaqdır. Bununla yanaşı, danışıqlar
prosesində bir sıra yeni məqamları, xüsusilə də
Rusiya tərəfinin vasitəçilik təşəbbüslərinin
artmasını xüsusi qeyd etmək lazımdır. Eyni
zamanda, 2009-cu ildə danışıqların gedişinin
intensivləşməsi fonunda Azərbaycan həqiqətlərinin
dərk olunması və bu həqiqətlərin
danışıqlarda nəzərə alınması
nizamasalınma prosesinin qeyd olunmalı tərəflərindəndir.
2009-cu ilin ictimai-siyasi prosesləri fonunda Dağlıq
Qarabağ probleminin həlli istiqamətində fəallığın
artması 2010-cu ilin nizamasalma prosesinin ədalətli şəkildə
yoluna qoyulmasında əhəmiyyətli mərhələ
olacağına ümidi artırır.
Ötən il bir daha təsdiq
olundu ki, Prezident İlham Əliyevin uğurlu siyasəti və
xalqın iqtidara sarsılmaz etimadı Azərbaycanın əldə
etdiyi nailiyyətlərin əsasıdır.
- Ötən il Konstitusiya
islahatları ilə bağlı keçirilən referendumun təbliğat-təşviqat
kampaniyasında
- 2009-cu ilin mart ayında
keçirilən ümumxalq səsverməsinin nəticələri
təkmilləşən və inkişaf edən Azərbaycanın
siyasi sisteminə cəmiyyətimizin yeni
baxışını ortaya qoydu. Dünya sürətlə dəyişməkdədir.
2008-2009-cu illərin maliyyə-iqtisadi böhranı bu vaxta qədər
hərtərəfli olaraq təqdir edilən dünya iqtisadi
sisteminin və o cümlədən bazar iqtisadiyyatı
sisteminin ciddi şəkildə təkmilləşməyə
ehtiyacı olduğunu ortaya qoydu. Eyni zamanda, 2000-ci ilin əvvəllərindən
başlayaraq bir sıra ölkələrdə geniş vüsət
almış ayrı-ayrı "rəngli inqilablar" və
"demokratiya" dalğası da nəticə etibarilə
qarşısına qoyduğu məqsədə nail
olmadığından yenə də demokratiya və ayrı-ayrı
milli siyasi sistemlərin üstünlükləri məsələsi
aydın şəkildə gündəmə gəlib.
Hazırda dünyanın bu məsələlərə
baxışlarında ciddi dəyişikliklər ortaya qoyulub.
"Rəngli inqilablar"ın baş verdiyi ölkələrdə
əhali onun nəticələrindən məyus olduğunu
gizlətmir. Bəzi yerlərdə artıq bu nəticələrin
tamamilə aradan qaldırılması istiqamətində,
sözün həqiqi mənasında, xalq hərəkatları
başlayıb. Beləliklə, həm iqtisadi sistemə, həm
siyasi sistemə baxışların əhəmiyyətli dərəcədə
dəyişdiyi bir zamanda hər bir millətin özü
üçün müəyyənləşdirdiyi iqtisadi və
siyasi sisteminin özünümühafizə elementlərinin
güclənməsi ön plana çıxmaqdadır.
Dünyada baş verən proseslər nə qədər təsir
etsə də, hər bir ölkə özünün
yaratdığı və xalqının milli maraqlarına
maksimum uyğun gələn iqtisadi və siyasi sistemi
qorumağa məhkumdur. Əks halda, milli inkişafın,
ümumi dövlət maraqlarının qorunmasının təmin
edilməsi həddən artıq çətin olar.
Bu mənada Azərbaycanın
müəyyənləşmiş iqtisadi modeli fonunda, eyni
zamanda siyasi modelinin də aydın parametrlərinin müəyyənləşdirilməsi
və onun həyata tətbiq edilməsi ehtiyacı qabarıq
şəkildə özünü büruzə verirdi.
Referendumun müəyyənləşdirdiyi məsələlərlə
əlaqədar ictimai ehtiyacın meydana çıxması da
ilk növbədə bununla əlaqədardır.
Bəzi hallarda bizi tənqid
edərək buna digər mənalar verməyə
çalışanlar daha əhəmiyyətli məqamları
ya unudurlar, ya da görməməyə
çalışırlar. Bizim düşüncəmiz
üçün maraqlı olan bundan ibarətdir ki, ictimai
sistemlə iqtisadi sistemin əsas məqsədi milli
maraqların təmin olunmasına yönəlməlidir. Milli
maraqların təmin olunmasına yönələn, insan
haqlarının daha etibarlı şəkildə qorunması məqsədini
güdən formaların tətbiq edilməsi təqdir
olunmalıdır. Ötən il referenduma çıxarılan
məsələlər bir yandan Azərbaycanın Konstitusiya
sisteminin və konstitusion quruluşunun təkmilləşdirilməsi
kimi təbii bir prosesi nəzərdə tuturdusa, digər tərəfdən,
yuxarıda qeyd etdiyim məqamları özündə ehtiva edən
Azərbaycanın siyasi sisteminin daha etibarlı dayaqlar üzərində
qərar tutması kimi məqsədləri qarşısına
qoymuşdu. Azərbaycan vətəndaşları bunu aydın
şəkildə dərk etdilər, sözün həqiqi mənasında,
ölkəmizin inkişafına xidmət edən belə bir
referendumun keçirilməsini birmənalı şəkildə
dəstəklədilər. Vətəndaşlarımız
ümumxalq səsverməsində verdikləri səslərlə,
cəmiyyətin daxilindən gələn ehtiyaclara uyğun
şəkildə təqdim edilən dəyişiklikləri dəstəkləməklə
Azərbaycanın siyasi sisteminin daha etibarlı bünövrə
üzərinə qoyulmasına müsbət münasibətlərini
ifadə etdilər. Biz bunu yüksək qiymətləndiririk.
Referendumdan 11 ayın ötməsinə
baxmayaraq, artıq bu qısa zaman kəsiyi ümumxalq səsverməsinə
çıxarılan ideyaların
düzgünlüyünü birmənalı şəkildə
təsdiq edib. Mən bunun həm Azərbaycan
iqtisadiyyatının beynəlxalq böhranın ağır
sınaqlarından uğurla keçməsində, həm də
siyasi sabitliyimizin çoxdayanıqlı bünövrə
üzərində qərar tutmasında ifadə olunduğunu
qeyd etmək istəyirəm. Referendumun baş tutması ilə
Azərbaycan özünün siyasi təkmilləşməsi
prosesində yeni bir mərhələni arxada qoymuş oldu. Həm
də Azərbaycanın siyasi həyatının çox əhəmiyyətli
məqamlarından birini təşkil etməklə 2009-cu ilin
siyasi salnaməsinə daxil oldu.
Yeni Azərbaycan Partiyası
bu prosesdə yaxından iştirak etdi. Əslində, cəmiyyətimiz
referendum ideyasının YAP tərəfindən irəli
sürüldüyünün fərqindədir. Ona görə
referendumun nəticələri bu ideyanı irəli
sürmüş YAP-a ictimai münasibəti ortaya qoyan
reallıq kimi də qiymətləndirilə bilər.
YAP-ın referendumda iştirakı və ümumxalq səsverməsinin
nəticəsi fonunda partiyamızın fəaliyyətinin dəyərləndirilməsi
kifayət qədər ürəkaçandır.
Qeyd etmək istərdim ki,
YAP-ın böyük potensialı referendumun uğurla
keçirilməsində və nəticələrin əldə
olunmasında ən vacib amillərdən biri kimi qiymətləndirilə
bilər. Malik olduğumuz bütün resurslar bu siyasi
kampaniyanın uğurla həyata keçirilməsinə cəlb
edildi. Səsverməyə çıxarılan məsələlərin
vətəndaşlarımız tərəfindən başa
düşülməsi üçün böyük təşviqat
kampaniyası aparıldı. Bu, referendumda uğurlu nəticələrin
əldə olunmasında az rol oynamadı.
- YAP bələdiyyə
seçkilərində də qarşıya qoyduğu hədəflərə
çatdı. 2004-cü ilin göstəriciləri ilə
müqayisədə partiyanın budəfəki nəticələrindən
razı qalmaq olarmı?
- Hər hansı partiya
üçün bir ilin içərisində iki böyük
siyasi kampaniyanı təşkil etmək və uğurla
başa çatdırmaq o qədər də asan deyil. Bu kontekstdən
məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, YAP
2009-cu ildə həm referendum, həm də bələdiyyə
seçkiləri kimi böyük enerji, vaxt tələb edən
siyasi kampaniyaların öhdəsindən uğurla gələ
bildi.
Hər bir seçki
kampaniyasınin rəsmi hissəsi iki ay yarım davam edir. Amma
YAP, öz ənənəsinə uyğun olaraq, seçki
kampaniyasına Mərkəzi Seçki Komissiyası tərəfindən
rəsmi start verilməzdən əvvəl başlayır. Beləliklə,
bu kampaniya iki ay yarımdan da artıq dövrü əhatə
edir. Azərbaycanın Konstitusiyasına bir sıra dəyişikliklər
edilməsi ilə əlaqədar fikirlərimi səsləndirdik.
Eynilə ötən ilin dekabrında baş tutan bələdiyyə
seçkiləri də böyük seçki
kampaniyasının keçirilməsini tələb edirdi.
Artıq seçki arxada qalıb. Nəticələr bəlli
olduğundan məmnunluq hissi ilə vurğulamaq olar ki, bələdiyyə
seçkiləri kampaniyası istədiyimiz şəkildə
həyata keçirildi. Faktlara nəzər salsaq, sözlərimin
həqiqət olduğunu görmək olar. Hazırda
seçki nəticəsində formalaşan bələdiyyələrdə
üzvlərin təxminən 67 faizi YAP təmsilçiləridir.
Bu nəticənin əldə olunması, təbii ki, asan deyil.
YAP bələdiyyə seçkilərində partiya kimi
iştirak edən yeganə siyasi təşkilat idi.
Qanunvericiliyə görə, bu və ya digər seçki
kampaniyasında və konkret olaraq bələdiyyə
seçkiləri kampaniyasında partiya kimi iştirak etməkdən
ötrü respublika üzrə mövcud olan dairələrin
yarısından çoxunda namizədlərin irəli
sürülməsi şərtdir. 2009-cu ilin bələdiyyə
seçkilərində bütün dairələr üzrə
bələdiyyələrə 16 minə yaxın namizəd irəli
sürülməli idi. Demək, təxminən 10 minə
yaxın bələdiyyə üzvlüyünə namizəd
irəli sürmək tələb olunurdu ki, ən azı,
partiya şəklində seçki kampaniyasında iştirak
etmək hüququnu qazanmaq mümkün olsun. YAP-dan savayı,
Azərbaycanda mövcud olan heç bir partiya bu şərti
yerinə yetirə bilmədiyindən siyasi təşkilat kimi
bələdiyyə kampaniyasına qoşula bilmədi.
Yalnız YAP Azərbaycanın bütün dairələri,
bütün bələdiyyələr üzrə 16 minə
yaxın namizəd irəli sürdü. Beləliklə,
birinci mərhələdə, namizədlərin irəli
sürülməsi mərhələsində YAP bu seçkilərə
hazırlıq və iştirak etmək baxımından
özünün digər partiyalardan, sözün yaxşı
mənasında, nə qədər fərqləndiyini
sübuta yetirə bildi. İkinci mərhələdə isə,
təbii ki, biz irəli sürdüyümüz namizədlərin
təşviqat kampaniyasının uğurla
aparılmasının öhdəsindən gəlməli idik. Əvvəldə
qeyd etdiyim kimi, nəticələr YAP-ın seçki
kampaniyasının təşviqat hissəsinin kifayət qədər
səmərəli olduğunu göstərir.
Mən bir məqamı
xüsusi qeyd etmək istəyirəm. YAP təkcə
özünün malik olduğu resurslar baxımından digər
partiyalardan fərqlənmir. Həm də özünün fəallığı,
bu və ya digər ictimai məsələlərə
münasibətindəki yeni məqamları ilə fərqlənir.
Məsələn, 2009-cu ilin bələdiyyə seçkilərindən
əvvəl apardığımız təhlillər nəticəsində
məlum oldu ki, 2004-cü ildə seçilmiş bələdiyyələrdə
gənclər və qadınlar bu demoqrafik qrupların cəmiyyətdə
malik olduğu potensialdan əhəmiyyətli dərəcədə
aşağı səviyyədə təmsil olunurlar.
Qadınların bələdiyyələrdə təxminən
4 faiz, gənclərin isə 2,5-3 faiz civarında nümayəndələri
vardı. Ona görə də həm qadınların, həm
də gənclərin bələdiyyələrdə təmsilçilik
səviyyəsinin artırılması bizim 2009-cu ildə bələdiyyə
seçkiləri kampaniyasının çox əhəmiyyətli
məqamlarından biri idi. İrəli
sürdüyümüz namizədlərin içərisində
gənclərin çəkisi təxminən 30 faiz idi. Bir o qədər
də qadın namizədlər var idi.
Apardığımız təşviqat kampaniyasının da
çox vacib tərəflərinlən biri ondan ibarət idi
ki, namizədliyini irəli sürdüyümüz gənclər
və qadınlar bələdiyyələrdə təmsil
olunsunlar. Hesab edirəm ki, biz buna nail olduq. Hazırda 2009-cu il
seçkilərinin nəticələrində
formalaşmış bələdiyyələrdə
qadınlar təxminən 30 faiz təmsil olunurlar. Bələdiyyə
üzvlərinin təxminən 30 faizi də gənclərdir.
Qadınların yeni bələdiyyələrdə təmsilçilik
dərəcəsi 7-8 dəfə, gənclərin sayı isə
10 dəfədən çox yüksəlib. Bu,
bütövlükdə 2009-cu ilin bələdiyyə
seçkilərinin əvvəlki seçkilərdən fərqli
tərəflərindən biridir.
YAP bələdiyyə
seçkilərinin nəticələrini yerli
özünüidarə prinsiplərinin və yerli
demokratiyanın inkişaf etdirilməsi, seçki
praktikasının təkmilləşdirilməsi nöqteyinəzərindən
və ümumiyyətlə, geniş planda yanaşanda da Azərbaycanda
demokratiyanın inkişafı və irəliyə getməsi
baxımından əhəmiyyətli hadisə hesab edir və
yüksək qiymətləndirir.
- Seçkidən sonra bir
neçə nəfər partiyadan xaric olundu. İstərdik bu
məsələyə bir daha aydınlıq gətirəsiniz...
- YAP hər bir siyasi aksiyaya,
xüsusilə də seçki kampaniyalarına təbii nəzərlərlə
baxır. Bələdiyyə seçkiləri minlərlə
insanın namizəd kimi iştirak etdiyi böyük siyasi
kampaniyadır. Bu kampaniyada iştirak edən bütün namizədlərin,
maraqlı tərəflərin hamısının
birağızdan kampaniyanın gedişi barədə yalnız
müsbət fikirlər səsləndirməsini bəlkə o
qədər də təbii saymaq mümkün olmazdı. YAP 16
minə yaxın namizəd irəli sürmüşdü.
Bundan savayı, YAP-ın bir neçə yüz üzvü fərdi
qaydada namizədliyini vermişdi. Prinsip etibarilə YAP bələdiyyə
seçkilərində partiya şəklində iştirak
etdiyindən üzvlərin fərdi qaydada namizədliklərini
verməsini məqbul hesab etmirik. Bu barədə seçki
kampaniyasının başlanmasından əvvəl yerli təşkilatlarımız
vasitəsilə YAP üzvləri arasında izahat işləri
aparmışdıq. Məsləhət
görmüşdük ki, YAP rəsmi şəkildə namizədlərinin
siyahısını təsdiq edənə qədər
seçki kampaniyasında iştirak etmək iddiasında olan
üzvlərimiz bu barədə fikirlərini bildirsinlər və
məsələ yerli təşkilatlarda müzakirə olunsun,
layiqli hesab olunan namizədlər irəli sürülsünlər.
Partiya namizədlərinin siyahısını təsdiq etdikdən
sonra isə seçki kampaniyasının uğurla
aparılmasını təmin etmək məqsədilə digər
üzvlər fərdi qaydada namizədliklərini irəli
sürməsinlər. Çünki YAP üzvləri fərdi
qaydada seçkilərə qatılmaqla faktiki olaraq partiya tərəfindən
irəli sürülən namizədlərin rəqiblərinə
çevrilirlər.
Bu mənada bəzi üzvlərimizin
fərdi qaydada namizədliklərini irəli sürmələri
YAP-ın nizamnaməsinə zidd olmaqla yanaşı, partiyanın
seçkidə iştirak etməsi məntiqinə ziddir.
Çünki hər bir partiya və yaxud namizəd seçki
prosesinə qoşularkən rəqibləri ilə mübarizə
aparır. YAP partiya şəklində seçkidə
iştirak etdiyindən bizim irəli sürdüyümüz
namizədlər vahid halda digər namizədlərlə rəqibə
çevrilirlər. İndi siz təsəvvür edin, bizim rəqiblərimiz
sırasında eyni zamanda YAP üzvləri olublar. Hesab edirəm
ki, bu, tamamilə anormal bir şeydir. Digər tərəfdən,
seçki məntiqindən tamamilə aydındır ki,
partiyanın hər bir üzvü təmsil etdiyi siyasi təşkilatın
seçkidə qalib gəlməsi üçün
çalışmalıdır. Belə olan halda fərdi şəkildə
namizədliyini irəli sürənlər nəinki partiya tərəfindən
irəli sürülən namizədlərin qalib gəlməsi
üçün hər hansı səy göstərmirlər,
əksinə, onlara rəqib olurlar.
Beləliklə də
partiyanın malik olduğu resursları, xüsusilə
seçicilərin səslərini parçalayır, təşkilatın
qələbəsini çətinləşdirir, bəzi
hallarda isə bunu qeyri-mümkün edir, həmin bələdiyyələr
üzrə irəli sürdüyü namizədlərin qalib gəlməsində
əngələ çevrilirlər.
Partiyaya üzvlük
könüllüdür. Heç kimi partiyada zorla
saxlamırlar. Partiyaya üzv olan hər bir insan da
özünün siyasi baxışları ilə partiyanın
siyasi maraqlarını əlaqələndirməlidir. Bu,
partiyanın ümumi prinsiplərindən irəli gələn
tələbdir. Əgər kimsə özünün maraqlarını
daxil olduğu partiyanın maraqlarından üstün tutursa,
seçki kampaniyası zamanı partiyanın seçki
maraqlarına qarşı çıxaraq fərdi qaydada öz
namizədliyini irəli sürür və beləliklə də
partiyanın rəsmi namizədlərinin şanslarını
azaldırlarsa, demək, onlar öz hərəkətləri ilə
özlərini partiyadan kənarda qoymuş olurlar. Bunu başqa
cür qiymətləndirmək, başqa rəng vermək
qeyri-mümkündür.
Buna görə də biz bələdiyyə
seçkilərində fərdi qaydada namizədliyini irəli
sürən üzvlərə YAP-ın münasibətini
aydın şəkidə bildirmişik. YAP-ın irəli
sürdüyü 16 minə yaxın namizədlə
yanaşı, cəmi bir neçə yüz YAP üzvü fərdi
qaydada namizədliyini irəli sürmüşdü.
Onların da böyük əksəriyyəti yerlərdə
keçirilən görüşlərdən, aparılan
izahat və maarifləndirmə işlərindən sonra partiya
maraqlarının ziddinə getdiklərini başa
düşdülər və namizədliklərini geri
götürdülər. Yalnız bir neçə nəfər
YAP üzvü oldu ki, onlar inadkarlıq edərək namizədliklərini
geri götürmədilər. Beləliklə, biz digər
partiyalar tərəfindən irəli sürülən namizədlərlə
mübarizə aparmaqla yanaşı, eyni zamanda fərdi qaydada
namizədliyini irəli sürən YAP üzvləri ilə
mübarizə aparmaq məcburiyyətində qaldıq. Namizədliyini
fərdi qaydada sürmüş bir neçə YAP
üzvü hətta seçkinin nəticələrinə də
etiraz aksiyası keçirməyə cəhd göstərdi.
Bildiyiniz kimi, seçki
günü bəzi yerlərdə pozuntular olmuşdu. Mərkəzi
Seçki Komissiyası bunlara özünün obyektiv qiymətini
verdi, seçkinin nəticələri ləğv edildi. Bəzi
yerlərdə isə narazılıqlar real həqiqətlər
üzərində dayanmamışdı və bu, namizədliyini
irəli sürmüş insanlara izah edildi. Xüsusi
vurğulamaq istəyirəm ki, bu, bir və ya iki YAP
üzvünün etdiyi hərəkətlər idi. YAP-ın
500 min üzvünün içərisindən bir və ya iki
nəfərin bu cür hərəkət etməsi
partiyamızın nə daxili birliyinə, nə də partiya
üzvlərinin monolitliyinə kölgə salmaq
iqtidarındadır.
- Bu yaxınlarda YAP-ın
sıralarına 500 mininci üzv qəbul edildi. 500 min
üzvü bir sırada birləşdirmək YAP
üçün nə deməkdir?
- YAP Azərbaycanın siyasi
həyatına bir çox yeniliklər bəxş edə
bilib. Azərbaycanın müasir tarixində ölkənin
paytaxtında deyil, Naxçıvanda yaranan yeganə siyasi təşkilat
olan YAP təsis olunmasından cəmi bir neçə ay sonra
hakimiyyətə gəlib. Sonrakı mərhələlərdə
də Azərbaycanın siyasi həyatına çoxlu yenilik gətirən
YAP Azərbaycan tarixində heç bir siyasi təşkilatın
nail ola bilmədiyi yüksəklikləri əldə edə
bilib. Azərbaycan tarixində indiyə qədər 500 min
üzvü olan siyasi təşkilat olmayıb. Azərbaycanda təkpartiyalılıq
dövründə belə hakimiyyətdə olan partiya bu qədər
insanı öz sıralarında birləşdirə bilməyib.
YAP yeganə partiyadır ki, onun sıralarında 500 min üzv
birləşib. Bu, xüsusi qeyd olunmağa layiq bir
reallıqdır.
500 min rəqəminə sadəcə
statistika nöqteyi-nəzərindən baxmaq düzgün
olmazdı. Buna daha çox insanların YAP-a,
partiyamızın yaradıcısı ulu öndər Heydər
Əliyevin zəngin siyasi irsinə, YAP-ın sədri, ölkə
Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə
münasibəti, Azərbaycandakı ictimai-siyasi duruma verdikləri
qiymət nöqteyi-nəzərindən yanaşılması
düzgün olardı.
500 min üzv nə deməkdir?
500 min insanın bir partiyada birləşməsi onların bu
partiyanın prinsiplərini qəbul etməsi deməkdir. Azərbaycanda
hər on seçicidən birinin YAP üzvü olması deməkdir.
YAP üzvlərinin həm də fəal surətdə ölkəmizdə
həyata keçirilən ictimai-siyasi proseslərdə iştirak
etdiklərini nəzərə alsaq, bu, partiya sədrinin,
ölkə Prezidentinin həyata keçirdiyi siyasətin dəstəklənməsi
və həmin siyasətin həyata keçirilməsində fəal
iştirak etmək istəklərinin ortaya qoyulması deməkdir.
Ona görə də YAP sıralarında 500 min nəfərin
birləşməsi Azərbaycanın siyasi tarixinin ən əlamətdar
hadisələrindən biridir. Biz bu rəqəmə hər
şeydən əvvəl bu kontekstdən baxırıq.
Amma YAP-ın gücü təkcə
partiya üzvlərinin sayının çoxluğunda deyil.
Bu, daha çox YAP-ın daxili birliyində, qəbul etdiyi
prinsiplərin və siyasətin insanlar tərəfindən dəstəklənməsindədir.
Ən əsası, bu, YAP-ın Heydər Əliyevin siyasəti
ilə silahlanmasında, YAP rəhbərliyində Azərbaycan
Prezidenti İlham Əliyevin dayanmasında özünün təsdiqini
tapır. Beləliklə, YAP Azərbaycanın ictimai-siyasi həyatının
ən çox sadə insanların təmsil olunan partiyası
ilə yanaşı, həm də ən möhtəşəm,
ən güclü, ən perspektivli bir partiyası imicini əldə
edən siyasi təşkilatdır. İnsanlar YAP-ı dəstəkləyirlər.
Bu, bizim üçün çox böyük etimaddır. Eyni
zamanda, belə bir dəstəyin nümayiş etdirilməsi
YAP-ı özünü daha məsuliyyətli hiss etməyə
vadar edir. İnsanların dəstəyi, partiyaya etimad göstərməsi,
öz siyasi talelərini bu partiya ilə bağlaması
YAP-ı məsuliyyətli olmağa çağırır!
500 min nəfər insanın taleyini bu partiya ilə
bağlaması böyük bir məsuliyyət
yüküdür! Məmnunluq hissi ilə qeyd etmək istəyirəm
ki, YAP həmişə bu məsuliyyəti dərk edərək
ona göstərilən etimadı doğrultmağa
çalışır və həmişə buna nail olur. Bu,
bizi sevindirir, eyni zamanda, gələcəklə bağlı
planlarımızın miqyasını artırır və
gücümüzü daha da çoxaldır.
- YAP Milli Məclisdə ən
çox deputatla təmsil olunan partiyadır. Bu il həm də
üçüncü çağırış Milli Məclisin
səlahiyyət müddəti başa çatır. YAP
üzvü olan deputatların bu çağırışda
parlamentdəki fəaliyyətini necə qiymətləndirmək
olar?
- YAP-ın parlamentdəki
deputat korpusunun fəaliyyətini çox yüksək qiymətləndirmək
üçün kifayət qədər əsas var. Bu kontekstdə
bütövlükdə üçüncü
çağırış Azərbaycan parlamentinin səmərəli
fəaliyyət göstərdiyini qeyd etmək istərdim. Bu
gün Azərbaycan genişmiqyaslı iqtisadi-sosial islahatlar həyata
keçirir. Təbii ki, bu islahatların reallaşması bir tərəfdən
Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi siyasətlə
əlaqədardır. Bu siyasətdə Azərbaycanın
islahatlar konsepsiyası özünün əksini tapıb. Digər
tərəfdən, həyata keçirilən hər bir islahat
ictimai münasibətlərin hüquqi bazasının təkmilləşdirilməsi
kimi əhəmiyyətli vəzifəni ortaya qoyur. Azərbaycan
parlamenti bu islahatların təmin edilməsi kontekstində
çox əhəmiyyətli fəaliyyət göstərir və
onların hüquqi təminatı baxımından zəruri
qanunlar, digər hüquqi-normativ aktların qəbul
olunmasını təmin edə bilir. Bu müddət ərzində
çoxlu sayda yeni qanun qəbul olunub. Bununla əlaqədar Azərbaycanın
islahatlar strategiyası daha uğurla həyata keçirilib,
qarşıya qoyulan məqsədlərə nail olunub.
Bütün bunlar Azərbaycanın qanunverici orqanı olan
Milli Məclisin fəaliyyətinin səmərəlilik əmsalını
təmin edir.
Azərbaycan parlamentində
çoxluq YAP-a mənsubdur. 64 deputat YAP-ın
üzvüdür. Təbii ki, bütövlükdə Azərbaycan
parlamentinin fəaliyyəti səmərəli olubsa, bu, əhəmiyyətli
dərəcədə parlamentin çoxluğunu təşkil
edən deputat korpusunun fəaliyyətinin səmərəliliyindən
xəbər verir. Güman edirəm ki, Azərbaycan ictimaiyyəti
də parlamentin səmərəli fəaliyyətinin təmin
edilməsində YAP-ın deputat korpusunun kifayət qədər
yüksək fəallıq nümayiş etdirdiyini
görür və bizim fikirlərimizlə əsas etibarilə
razılaşır.
- Bu il keçiriləcək
parlament seçkiləri üçün YAP-ın seçki
strategiyasının konturları məlumdurmu?
- Əvvəla onu qeyd etmək
lazımdır ki, biz təzəcə bələdiyyə
seçkilərini başa çatdırmışıq, təhlilini
aparmışıq, uğurlarımızın əsas
fundamental prinsipləri haqqında
düşünmüşük. Eyni zamanda, əgər bu və
ya digər çatışmazlıqlar və nöqsanlar
olubsa, onlar da təhlil edilib. İndi isə qarşıda
növbəti parlament seçkiləri dayanır. Seçki
noyabr ayında olacaq. Faktiki olaraq növbəti parlament
seçkilərinə doqquz ay qalır. Kifayət qədər
böyük zaman kəsiyi qarşıda dayanır və indi
konkret şəkildə aydın parametrlər içərisində
parlament seçkiləri haqqında danışmaq
düzgün olmazdı. Ümumi hədəflər məlumdur.
YAP-ın qarşıdan gələn parlament seçkilərində
qarşısında qoyduğu hədəf ondan ibarətdir ki,
indi parlamentdə təmsil olunduğumuz saydan daha artıq sayda
partiya üzvü 2010-cu ildə keçiriləcək parlament
seçkilərinin nəticəsində Azərbaycanın
qanunverici orqanında təmsil olunmaq imkanı əldə
etsin. Yəni, son 17 ildə bütün seçkilərin
şəriksiz qalibi olmuş YAP-ın indi başlıca hədəfi
qarşıdakı parlament seçkilərində daha
böyük siyasi zəfər qazanmaqdır. Buna nail olmaqdan
ötrü nə tələb olunursa, hansı yeniliklər
ortaya çıxarmaq lazımdırsa, hansı konseptual məqamlar
tələb olunacaqsa, təbii ki,
Bizim seçki
düşüncəmizin mərkəzində duran reallıq
bundan ibarətdir ki, hər bir seçkinin taleyini vətəndaş
həll edir. Ona görə də qarşıdan gələn
parlament seçkilərində uğur
qazanmağımızdan ötrü ən başlıca amil
ondan ibarətdir ki, Azərbaycan vətəndaşları bizim
irəli sürəcəyimiz namizədlərə səs vermək
istəsinlər. Ölkəmizdə həyata keçirilən
siyasət və onun uğurları, güman edirəm ki, bundan
ötrü etibarlı təməl yaradıb. Eyni zamanda, bizim
irəli sürəcəyimiz namizədlərin insanlar tərəfindən
rəğbət obyekti olması əhəmiyyətli fakt kimi
tərəfimizdən dərk edilir. Aparacağımız
seçki kampaniyası, tətbiq edəcəyimiz seçki
texnologiyaları da bütövlükdə qarşımıza
qoyduğumuz məqsədlərə nail olmağımız
üçün çox əhəmiyyətli rol oynayacaq.
Ümumi kontekstdə yanaşıldıqda mən
qarşımıza qoyduğumuz hədəflər barədə
dedim. Konkretliklər barədə isə danışmaq indi hələ
tezdir. İnanıram ki, YAP-ın malik olduğu böyük
potensial növbəti seçki sınağından uğurla
çıxmağımızı təmin edə biləcək.
Müsahibəni hazırladı: Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2010.-16
fevral.- S. 3.