Davamlı tərəqqiyə təminat yaradan milli
iqtisadi inkişaf modeli
Dünya iqtisadiyyatını
ciddi sınaqlarla üz-üzə qoyan 2009-cu il Azərbaycan
üçün də müəyyən çətinliklər
yaratsa da, respublikada qlobal maliyyə-iqtisadi böhrana
qarşı həyata keçirilmiş məqsədyönlü
qabaqlayıcı tədbirlər sistemliliyi və səmərəliliyi
ilə diqqəti çəkmiş, bütün makroiqtisadi
parametrlər üzrə inkişafı təmin etmişdir.
Hökumətin çevik və işlək fəaliyyət
mexanizmlərinə əsaslanmaqla müəyyənləşdirdiyi
sığortalayıcı mexanizmlərin hər bir mərhələ
üzrə işə salınması, daxili maliyyə mənbələrinin
bu destruktiv prosesə qarşı səfərbər edilməsi
son nəticədə respublikanın qlobal böhrana potensial
müqavimət əzmini gücləndirmişdir. Azərbaycan
iqtisadiyyatının digər inkişaf edən ölkələrlə
müqayisədə yüksək makroiqtisadi
dayanıqlılıq nümayiş etdirməsi həm də
ötən il qarşıya qoyulmuş bir sıra strateji layihələrin
uğurla gerçəkləşdirilməsində
özünü göstərir.
Çevik antiböhran tədbirləri nəticə verir
Ölkədə bazar
münasibətlərinə söykənən liberal iqtisadi sistemin
qurulmasının, vətəndaşların iqtisadi
azadlığına, təşəbbüskarlığına
geniş meydan verilməsinin, Azərbaycanın zəngin təbii
sərvətlərindən səmərəli istifadə edilməsinin,
respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin
və digər konseptual əhəmiyyətli tədbirlərin
nəticəsi olaraq 2009-cu ildə Azərbaycan iqtisadiyyatı
təkcə sürətli inkişafla deyil, eyni zamanda yeni
keyfiyyət parametrləri ilə özünü təsdiqləmişdir.
Ən müxtəlif iqtisadi mərkəzlər respublikanın
davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin
yeni iqtisadi fenomenini görür, Azərbaycan modelinin mahiyyətini
öyrənməyə çalışırlar.
Dünyanın aparıcı maliyyə-iqtisadi qurumları məhz
ötən ilin nəticələrinə görə Azərbaycan
iqtisadiyyatının çətin sınaqdan üzüağ
çıxdığını etiraf edirlər. Dünya Bankı,
Ümumdünya İqtisadi Forumu, Beynəlxalq Valyuta Fondu, MDB
Statistika Komitəsi, "Evrostat" və digər qurumlar
2009-cu ilin yekunlarını Azərbaycan üçün kifayət
qədər uğurlu sayırlar. Bir müddət əvvəl
Böyük Britaniyanın nüfuzlu "Ekonomist"
jurnalında dərc olunmuş hesabatda da Azərbaycanın
iqtisadi artım üzrə liderliyi xüsusi
vurğulanmışdır.
Azərbaycan Prezidenti
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2009-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş
iclası Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən,
transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə
çevrilən, demokratikləşmə yolunda
atdığı ardıcıl addımlarla Cənubi
Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan
respublikamızın iqtisadi sahədə də dinamik
inkişaf etdiyini təsdiqləyir. Hökumətin fəaliyyətinin
təhlili göstərir ki, 2009-cu ildə ölkədə
makroiqtisadi sabitliyin qorunub saxlanılması və bütün
strateji əhəmiyyətli sahələr üzrə yüksək
inkişaf göstəricilərinin əldə olunması, ilk
növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin
dünyadakı neqativ proseslərə çevik reaksiya əsasında
müəyyənləşdirdiyi antiböhran siyasətinin nəticəsidir.
Milli bankların dəstəklənməsi də daxil olmaqla,
ciddi maliyyə monitorinqinin həyata keçirilməsi, kreditlərə
və faiz dərəcələrinə, habelə inflyasiyaya nəzarətin
gücləndirilməsi, real iqtisadiyyata daimi sərmayə
axınının təmin edilməsi, sosial öhdəliklərin
vaxtlı-vaxtında yerinə yetirilməsi, sənaye müəssisələrinin
fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsi,
ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi
bu tədbirlərin yalnız üzdə olan qismidir. Fiksal və
monetar siyasətin səmərəliliyi hökumətin
qarşısında duran vəzifələri həyata
keçirməyə, iqtisadiyyatın inkişafı
üçün zəruri maliyyə əsaslarının
formalaşdırılmasına da əlverişli imkanlar
yaratmışdır. Ötən ilin antiböhran paketinə
potensial gəlirlərin vergiyə cəlb olunması, xərclərin
daha şəffaf idarəsi, büdcədən maliyyələşən
müəssisə və təşkilatlar üzrə maliyyə
əməliyyatlarının beynəlxalq standartlara cavab verən
mühasibat uçotu qaydalarına uyğunlaşdırılması,
kommunal, istehlak, enerji, yanacaq, qaz, su sərfiyyatının qənaətlə
aparılması, kommunal sektorda fəaliyyət göstərən
təşkilatlar tərəfindən alınan materialların
dəyərinin vaxtında və tam ödənilməsi kimi
vacib məsələlər də xüsusi qeyd olunmalıdır.
Milli iqtisadiyyatın
dayanıqlı olmayan maliyyə seqmentlərinə deyil, real əmtəəyə,
istehsala əsaslanması da qlobal böhrana qarşı
etibarlı sipər rolunu oynamışdır. Daha dəqiqi,
beynəlxalq fond birjalarında, dünya qiymətli
kağızlar bazarında fəal iştiraka konservativ
yanaşma siyasəti böhranın respublikamıza təsirlərini
maksimum dərəcədə azaltmışdır. Təsadüfi
deyildir ki, dövlət başçısı İlham Əliyev
Azərbaycanın ötənilki uğurları
sırasında bu məqamı xüsusi vurğulayır:
"Bizim üstünlüyümüz ondan ibarət olmuşdur
ki, dünya iqtisadiyyatına sürətlə inteqrasiya etməklə
yanaşı, eyni zamanda öz milli maraqlarımızı
heç vaxt unutmamışıq. Biz ancaq o sahələrdə
inteqrasiya etmişdik ki, daxili iqtisadi sabitliyimizə problemlər
yaratmasın. Hər halda son bir ilin təcrübəsi onu
göstərir ki, Azərbaycanın seçdiyi yol uğurlu və
düzgün yoldur".
MDB məkanında qlobal
böhranla mübarizə sahəsində ən əlverişli
potensialın Azərbaycanda olduğunu Ümumdünya
İqtisadi Forumu (Davos forumu) tərəfindən
açıqlanan "Qlobal Rəqabət Hesabatı 2010"
adlı sənəd bir daha təsdiqləmişdir.
Dünyanın 133 ölkəsini, o cümlədən postsovet
dövlətlərini əhatə edən hesabatdan aydın
olmuşdur ki, Azərbaycan qlobal rəqabətlilik indeksinə əsasən,
2008-ci illə müqayisədə 18 pillə irəliləmişdir.
Belə ki, əgər 2008-ci ildə həmin indeks üzrə
Azərbaycan 69-cu yerdə qərarlaşmışdısa,
ötən il 51-ci pilləyə yüksəlmişdir.
Dünya İqtisadi Forumu bunun səbəbləri
sırasında ilk olaraq ölkədə mövcud olan
güclü makroiqtisadi sabitliyə, habelə davamlı
islahatlara diqqət çəkmişdir. Respublikanın
dövlət borclarının azlığı, valyuta
ehtiyatlarının artım tempi müsbət hal kimi xarakterizə
edilmiş, ölkə bazarlarında, xüsusən əmək
və əmlak bazarlarında həyata keçirilən
islahatların effektivliyi yüksək dəyərləndirilmişdir.
Bank sektoruna zəruri likvidlik dəstəyi
Beynəlxalq Valyuta Fondunun məlumatına
əsasən, 2009-cu ildə dünya iqtisadiyyatı 1,1 faiz,
habelə beynəlxalq ticarət dövriyyəsi 11 faizdən
çox azalmışdır. Böhranın dalğası Azərbaycanın
yerləşdiyi bölgədəki ölkələri də
sarsıdaraq onlarda iqtisadi vəziyyətin pisləşməsinə,
ümumi daxili məhsulun həcminin azalmasına gətirib
çıxarmışdır. MDB-nin üzvü olan əksər
dövlətlərdə bu azalma 6 faizdən çox, Ermənistan
kimi perspektivsiz ölkədə hətta 20 faiz olmuşdur.
Böhran inkişaf edən və etməkdə olan dövlətlərdə
resessiya ilə nəticələnmiş, dünya sənaye
istehsalı, əmtəə dövriyyəsi, sərnişin və
yük daşımaları azalmış, işsizliyin səviyyəsi
yüksəlmiş, əhalinin real gəlirləri
azalmışdır. Böhrandan ən çox əziyyət
çəkən sahələr tikinti, emal və hasilat sənayeləri
olmuş, bir çox ölkələrdə bankların,
müəssisələrin və əhalinin kreditləşmə
imkanları daralmış, son nəticədə investisiya fəallığı
və istehlak tələbi azalmışdır.
Nazirlər Kabinetinin 2009-cu
ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası deməyə
əsas verir ki, respublikamız bu kimi təhdidlərə
qarşı lazımi müqavimət göstərməklə,
ümumi daxili məhsulda 9,3 faiz, sənaye istehsalında 8,6
faiz, kənd təsərrüfatında 3,5 faiz artıma nail
olmuşdur. Adambaşına düşən ümumi daxili məhsulun
həcmi 7,9 faiz artaraq 3917 manata yüksəlmiş, illik
inflyasiya 1,5 faizə enmişdir. Böhranla bağlı bir
sıra ölkələrin ciddi tənəzzülə
uğramasına rəğmən, Azərbaycanın strateji
valyuta ehtiyatlarının 3 milyard dollar artaraq 20,4 milyard dollara
çatması da mühüm fakt kimi vurğulanmalıdır.
Bu artım nəticəsində Azərbaycanın valyuta
ehtiyatları xarici borcunu 6 dəfə üstələmiş,
40 aylıq qeyri-neft idxalının maliyyələşdirilməsinə
imkan yaranmışdır.
Dövlət
başçısı İlham Əliyev Nazirlər Kabinetinin
son iclasındakı təhlil xarakterli nitqində ötən
il Azərbaycanın qarşıya qoyduğu bütün məqsədləri
uğurla gerçəkləşdirdiyini, respublikamızın
mövqeyinin beynəlxalq miqyasda nəzərə
alındığını razılıqla qeyd etmişdir:
"Əgər o vaxt bizə sərf etməyən məsləhətlərə
qulaq assaydıq, bəlkə də bu gün başqa ölkələr
kimi çətin anları yaşaya bilərdik - həm
iqtisadi sahədə, həm siyasi islahatlar sahəsində. Biz
ölkəmizin hərtərəfli inkişafında Azərbaycan
xalqının maraqlarını təmin etdik, ölkəmizi
gücləndirdik və bu gün bunun hesabına Azərbaycan
ilə hesablaşırlar. Azərbaycanın maraqlarını
heç kim inkar edə bilməz. Əgər Azərbaycanın
maraqları müvəqqəti olaraq kiminsə fikrində kənara
qoyulursa, dərhal hamı görür ki, Azərbaycanın
maraqlarını təmin etmədən bölgədə nə
iqtisadi, nə siyasi, nə heç bir başqa layihə və
təşəbbüs icra oluna bilməz. Biz
özümüzü təsdiq etdik, özümüzü
göstərdik, ilk növbədə, ölkə
qarşısında duran bütün vəzifələri icra
etdik. 2009-cu il bu baxımdan tarixdə sınaq ili kimi qalacaq və
Azərbaycan bu sınaqdan şərəflə
çıxdı".
Hökumətin iclasında
vurğulandığı kimi, 2009-cu ildə əsas səylər
ölkədə maliyyə sabitliyinin qorunmasına yönəlmiş,
iqtisadiyyatı geri salan, əhalinin sosial vəziyyətini pisləşdirən
devalvasiya, defolt və inflyasiya kimi destruktiv iqtisadi meyillərə
yol verilməmişdir. Bütün dünyada böhranın əsasən
banklardan başladığı, nəticədə
işgüzar maddi fəallığın azalması, istehlak,
biznes kreditləşməsində ciddi problemlərin
yaranması, istehlak tələbinin enməsi və digər
amillər nəzərə alınmaqla, iqtisadiyyatın
lokomotivi sayılan bu sektora dəstək gücləndirilmişdir.
2009-cu ildə hökumətin pul siyasəti daha aktiv olaraq
makroiqtisadi tarazlığın və
dayanıqlığın təmin olunmasına və eyni
zamanda bank sistemində maliyyə sabitliyinin qorunmasına istiqamətlənmişdir.
Ötən il bir çox
ölkələrin milli pul vahidlərinin xarici valyutalara nisbətdə
kəskin ucuzlaşması müşahidə edilmiş, bu hal
özünü yenə də postsovet dövlətlərində
daha qabarıq şəkildə büruzə vermişdir. Məsələn,
dollarla müqayisədə Qazaxıstanda milli valyuta olan tenge
25, Rusiya rublu 55, Ukrayna qrivnası 75,
2009-ci ilin əvvəllərindən
maliyyə böhranının ilk simptomlarını nəzərə
alan Mərkəzi Bank respublika banklarının xarici
borclanmasının idarəedilən təhlükəsiz səviyyədə
saxlanılması üzrə konkret addımlar atmış və
səmərəli nəticələr əldə etmişdir.
Manatın sabitliyini qorumaq üçün Mərkəzi Bank
valyuta bazarında tələb və təklifi vaxtında
tarazlaşdırmış, nəticədə manatın məzənnəsinin
kəskin ucuzlaşmasının qarşısı
alınmışdır. Həyata keçirilən preventiv tədbirlər
nəticəsində ötən il respublika bankları likvidlik
problemi ilə bağlı istehlak və biznes kreditlərinin
verilməsi prosesini dayandırmamış, perspektivli biznes
layihələri maliyyələşdirilmişdir. Bu fakt həm
də respublikanın dinamik sosial-iqtisadi inkişafı ilə
bağlı olaraq bank sektorunun fəaliyyətində səmərəliliyin
əhəmiyyətli dərəcədə artımı ilə
şərtlənir. Ötən il əhalinin pul gəlirlərinin
6 faizlik artımı adekvat olaraq banklarda saxlanılan əmanətlərin
də artmasına yaxşı zəmin yaratmışdır.
2009-cu ildə bankların aktivləri 14 faiz, kreditlər 17
faiz, əmanətlər 23 faiz, bankların kapitalı isə
18 faiz artmışdır.
Bütün bunlar ölkənin
bank sisteminin sabit idarə olunduğunu, qlobal böhran şəraitində
belə vəziyyətin tam nəzarət altında
saxlanıldığını göstərir. Milli bank
sektorunun effektiv fəaliyyət göstərdiyini son illərin
inkişaf dinamikasını əks etdirən statistik rəqəmlər
də təsdiqləyir. Respublikamızın məcmu bank aktivləri
Cənubi Qafqazın bank aktivlərinin təxminən 60 faizinə
yüksəlmişdir. Respublika banklarının səhmlərinin
dünya birjalarında dövriyyədə olmaması,
dünyanın müflisləşən iri maliyyə
qurumlarının səhmlərinə Azərbaycan
banklarının portfel investisiyalarının yerləşdirilməməsi
bu sektorun böhrandan ziyan çəkməsinin
qarşısını almışdır. Ötən il Mərkəzi
Bank ölkənin bank sektorunda tənzimləyici funksiya həyata
keçirməklə, bankların likvidliyinin, kapitalın
adekvatlıq parametrlərinin ardıcıl təhlilini
aparmışdır.
Böhran şəraitində
bank sektorunun 1,2 milyard xarici borcunu qaytarması da məhz bu tədbirlərin
nəticəsi kimi diqqəti çəkir. Eyni zamanda, kredit
üzrə uçot dərəcələrinin
aşağı salınması pul-kredit siyasətinin
yumşaldılmasına istiqamətlənmiş addım olaraq
maliyyə böhranının respublikanın bank sektoruna ciddi
təsir göstərməsinin qarşısını
almışdır. Mərkəzi Bank kommersiya bankları
üçün maliyyə vəsaitlərinin
ucuzlaşdırılması, habelə ehtiyatların
azaldılması siyasətini irəli sürərək
likvidlik probleminin aradan qaldırılmasına nail olmuşdur.
2008-ci ilin oktyabrından Mərkəzi Bankın uçot dərəcəsini
15 faizdən 2 faizə, məcburi ehtiyat normalarının isə
12 faizdən 0,5 faizə endirilməsi nəticəsində bank
sektoruna 1,8 milyard manat həcmində likvidlik dəstəyi
vermişdir. Real sektora dəstək olaraq 2009-cu ildən bank və
sığorta təşkilatlarının mənfəətlərinin
kapitala yönəldilən hissəsi də vergidən azad
edilmişdir.
Sosialyönümlü siyasətə sadiqlik
Nazirlər Kabinetinin
iclası göstərir ki, Azərbaycanda ən müxtəlif
sahələrdə həyata keçirilən islahatlar vətəndaş
maraqlarının etibarlı təminatına, eləcə də
sosial problemlərin aradan qaldırılması yolu ilə əhalinin
firavan, layiqli həyat tərzinin təmin olunmasına yönəlmişdir.
Xalqa layiqli xidməti komandası qarşısında ciddi tələb
kimi müəyyənləşdirən dövlət
başçısı İlham Əliyev sosial-liberalizm xəttinə
üstünlük verməklə keçid dövrü
üçün xarakterik olan sosial problemlərin həlli
istiqamətində kompleks tədbirlər həyata
keçirmişdir.
Bu siyasət eyni zamanda insan
amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini
əsas götürür. Bazar iqtisadiyyatı prinsiplərinin
cəmiyyətdə özünə dayaqlar tapması, özəl
sektorun inkişafına yaradılmış şərait,
iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə
ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən
ziddiyyətə girmir. Əksinə, ölkənin iqtisadi
inkişafından, yeni neft strategiyasının səmərəli
nəticələrindən əldə edilən dividendlər
insanların sosial problemlərinin həllinə, vətəndaşların
həyat səviyyəsinin
yaxşılaşdırılmasına yönəldilir.
Azərbaycanın son illərdə
büdcə zərfində sosialyönümlü xərclərin
dominantlıq təşkil etməsi də iqtisadiyyatda bu sahənin
dominantlıq təşkil etdiyini bir daha təsdiqləyir.
Ümumilikdə, 2009-cu ilin dövlət büdcəsindən əhalinin
sosial müdafiəsinə yönəldilmiş xərclərin
məbləği 2003-cü illə müqayisədə 6 dəfə
çox olmuşdur. 2008-ci ildə bu və digər sosial məqsədlər
üçün ayrılmış vəsaitlər 2 milyard 312
milyon manat təşkil etmiş, bu da 2007-ci illə müqayisədə
38,4 faiz və ya 642 milyon manat çox olmuşdur. Qlobal
böhranla müşayiət olunan 2009-cu ilin dövlət
büdcəsində bütövlükdə
sosialyönümlü xərclərin xüsusi çəkisi
33 faiz, yaxud 4 milyard 24 milyon manat təşkil etmişdir.
Ötən il orta aylıq əməkhaqqının
6,8 faiz artaraq 298 manata çatması, 800 minə yaxın vətəndaşın
ünvanlı sosial yardım proqramından yararlanması, yeni
açılan iş yerlərinin sayının 74 minə
çatması sosial siyasətin praktik nəticələri
kimi diqqəti çəkir. 2010-cu il üçün
yaşayış minimumunun ölkə üzrə 87 manat, əmək
qabiliyyətli əhali üçün 96 manat,
pensiyaçılar üçün 68 manat, uşaqlar
üçün 72 manat məbləğində müəyyən
olunması da sosial məsələlərin həllinin daim diqqət
mərkəzində olduğunu göstərir. Eyni zamanda,
ünvanlı dövlət sosial yardımının təyin
edilməsi məqsədilə ehtiyac meyarı mərhələlərlə
ölkə üzrə yaşayış minimumuna
çatdırılır. Ehtiyac meyarının həddi
2008-ci il yanvarın 1-dən 45 manat, iyulun 1-dən 55 manat,
2009-cu il yanvarın 1-dən 60 manat, 2010-cu il yanvarın 1-dən
65 manat məbləğində təsdiq edilmişdir.
Şübhəsiz, bütün bunlar vətəndaşların
sosial müdafiə tədbirlərinin hökumət
üçün nə dərəcədə mühüm əhəmiyyət
kəsb etdiyini bir daha təsdiqləyir.
2010-cu ilin ali maliyyə sənədində
isə sosial müdafiə və sosial təminat xərcləri
üçün 1 milyard 192,3 milyon manat həcmində vəsait
nəzərdə tutulmuşdur. Ölkənin müəyyən
edilmiş strateji iqtisadi siyasətinə uyğun olaraq bu il
sosial müdafiə və sosial təminat xərclərinin, o
cümlədən əhalinin yoxsulluq səviyyəsinin
azaldılmasında müstəsna əhəmiyyət
daşıyan minimum əməkhaqqının, yaşa görə
əmək pensiyalarının baza hissəsinin, sosial
müavinətlərin və digər sosial təyinatlı xərclərin,
tələbələrin və aspirantların təqaüdlərinin
sabit maliyyələşdirilməsi qarşıya məqsəd
qoyulmuşdur. Eyni zamanda, pensiyaların baza hissəsinin
yaşayış minimumuna yaxınlaşdırılması,
dövlət büdcəsindən maliyyələşən
müəssisələrdə əməkhaqqı sisteminin təkmilləşdirilməsi,
ölkənin pensiya sistemində islahatların dərinləşdirilməsi
nəzərdə tutulmuşdur.
Sosial sahədə həyata
keçirilən siyasətin effektivliyi özünü həm
də yoxsulluğun səviyyəsinin ildən-ilə
azalmasında göstərir. Əgər 2003-cü ildə
ölkə əhalisinin yarısı yoxsul vəziyyətdə
yaşayırdısa, hazırda bu kateqoriyadan olan vətəndaşlar
11 faiz təşkil edir. Prezident İlham Əliyev Nazirlər
Kabinetinin iclasındakı çıxışında
yoxsulluğun, işsizliyin səviyyəsinin aşağı
salınmasının hökumət üçün strateji əhəmiyyətli
məsələ olduğunu bir daha vurğulamışdır:
"...Hələ ki, işsizlik vardır və biz
işsizliklə bundan sonra da mübarizə aparacağıq.
Amma bu böyük sosial bəlanın əsas hissəsi həll
olundu. Bunu göstərən həm son 6 il ərzində
yaradılmış 840 min iş yeri, eyni zamanda, Azərbaycanda
yoxsulluq şəraitində yaşayan insanların
sayının azaldılmasıdır. Altı il bundan əvvəl
Azərbaycan vətəndaşlarının təxminən 50
faizə yaxını yoxsulluq səviyyəsində
yaşayırdı, bu gün bu göstərici 11 faizdir. Əgər
2008-ci ilin yekunları ilə müqayisə etsək, görərik
ki, keçən il ərzində yoxsulluq 13,2 faizdən 11 faizə
düşmüşdür. Bu da çox gözəl göstəricidir.
Bu onu göstərir ki, hətta böhranlı ildə Azərbaycanda
yoxsulluğa qarşı çox ciddi mübarizə
aparılıb. Bu mübarizənin praktik nəticələri
vardır və Azərbaycan vətəndaşları gündən-günə
daha da yaxşı yaşamağa başlayırlar".
İnfrastruktur layihələri - dinamik inkişafa təminat
Qlobal böhran şəraitində
Azərbaycanın davamlı inkişafının ən parlaq
nümunəsi ötən il yüksək templə həyata
keçirilmiş qlobal investisiya layihələridir. Müqayisə
üçün bildirək ki, əgər 2007-ci ilin dövlət
büdcəsində əsaslı dövlət investisiya
qoyuluşlarına 1,5 milyard ayrılmışdısa, 2008-ci
ildə 4,3 milyard, 2009-cu ildə 5,6 milyard vəsait
ayrılmışdır. Son illərdə bu məqsədlə
ayrılmış vəsaitlər regionların sosial-iqtisadi
inkişafı ilə bağlı dövlət
proqramlarında nəzərdə tutulmuş məqsədlərin
gerçəkləşdirilməsinə, ilk növbədə,
sosial-mədəni infrastrukturun yeniləşdirilməsinə
yönəldilmişdir.
İnfrastruktur layihələrinə
dövlət büdcəsindən ayırmaların ildən-ilə
yüksək templə artması, ilk növbədə,
dövlət başçısı İlham Əliyevin ictimai
həyatın bütün sahələrində modernləşməyə
nail olmaq istəyindən irəli gəlir. Sovet dövründən
qalmış infrastrukturla müasir Azərbaycanın artan
ehtiyaclarını təmin etməyin, iqtisadi inkişafda davamlı
və sabit inkişafa nail olmağın
qeyri-mümkünlüyü yaxşı məlumdur. Müasir
tələblərə cavab verən infrastruktur yaratmadan
sahibkarlığın, turizmin, qeyri-neft sektorunun
inkişafından, mədəni-intellektual inkişafdan
danışmaq qeyri-mümkündür. Dövlət investisiyaları
hesabına əhəmiyyətli infrastruktur, kommunal və sosial
obyektlərin inşası və yenidən qurulması qeyd
olunan məqsədlərin gerçəkləşdirilməsi
baxımından vacibdir. Ümumbəşəri
sivilizasiyanın yüksək səviyyəyə
çatdığı hazırkı şəraitdə Azərbaycan
vətəndaşının normal yaşayışı
üçün kommunal xidmətlərin səviyyəsinin
yüksəldilməsi, zəruri infrastruktur layihələrinin
gerçəkləşdirilməsi, ilk növbədə, əhalinin
fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su
ilə təminatı, yolların bərpası və yenidən
çəkilişi, zəruri abadlıq işlərinin
aparılması dövlətin bir nömrəli vəzifəsi
sayılır.
Neftdən qazanılan vəsaitlərin
müəyyən qisminin infrastruktur layihələrinin maliyyələşdirilməsinə
yönəldilməsi həm də respublikamızın milli
inkişaf modelinin mahiyyətindən irəli gəlir.
İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və
rahat yaşayışı, sahibkarlığın dinamik
inkişafı məsələləri ilə yanaşı, bu
gün həm də ölkənin milli təhlükəsizliyi
ilə bağlı məsələdir. Təsadüfi deyildir
ki, 2010-cu ildə də büdcə xərclərinin əsas istiqamətləri
sırasında birinci yeri yenə də dövlət əsaslı
vəsait qoyuluşları tutur. Bu təsnifat üzrə
büdcədə 3 milyard 549 milyon manat və ya büdcə xərclərinin
31,5 faizi həcmində vəsait ayrılmışdır. Bu
da kifayət qədər çətin bir mərhələdə
büdcənin investisiyayönümlüyünün qorunub
saxlanıldığını göstərir. 2010-cu ildə
Oğuz-Qəbələ-Bakı su kəməri,
Taxtakörpü su anbarı, Samur-Abşeron su kanalı, Şəmkirçay
su anbarı, Bakı Məişət Tullantıları Zavodu,
Sumqayıt texnoparkı, "Cənub" Elektrik Stansiyası
kimi qlobal layihələrin maliyyələşdirilməsi diqqət
mərkəzində olacaqdır. "Ekologiya ili" çərçivəsində
Bakıda ekoloji mühitin
yaxşılaşdırılması, paytaxtda yeni
körpülərin, yolötürücülərin, piyada
keçidlərinin tikintisi, respublika əhəmiyyətli
yollarda əsaslı yenidənqurma işlərinin
aparılması, yeni təhsil, səhiyyə, mədəniyyət,
olimpiya-idman komplekslərinin inşası da nəzərdə
tutulan işlər sırasındadır.
Dövlət
başçısı 2010-cu ildə xüsusən də
ekoloji məsələlərin diqqət mərkəzində
olacağını vurğulamışdır: "Azərbaycanda
"Ekologiya ili" elan edilmişdir. Bu da təsadüfi
deyildir. Çünki bu sahəyə çox böyük əhəmiyyət
verilməlidir. Bu, insanların sağlamlığına
birbaşa təsir edən məsələlərdir. Azərbaycanda,
ümumiyyətlə, ekoloji vəziyyət çox
yaxşıdır. Bizim təbii şəraitimiz, gözəl
təbii imkanlarımız vardır. Təmiz hava, təmiz
bulaq suları, təmiz çaylar, bulaqlar. Ancaq sirr deyil ki,
Abşeron yarımadasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına böyük ehtiyac
vardır. Çünki uzun illər, əsrlər ərzində
neft-qaz sənayesinin inkişafı nəticəsində Abşeronun
böyük əraziləri həm neftlə, həm də neft
tullantıları ilə çirklənmişdir. Yəni, biz
böyük təmizlik işləri aparmalıyıq. Bu,
böyük vəsait tələb edir, ancaq biz bunu etməliyik".
İnvestisiyalara "açıq
qapı"
Müasir dövrdə ölkələrin milli iqtisadi inkişafının dünya iqtisadiyyatından təcrid olunmuş halda həyata keçirilməsinin qeyri-mümkünlüyü faktı xarici amillərin tam ciddiliklə nəzərə alınmasını tələb edir. Başqa sözlə, qapalı iqtisadi məkandan dünya təsərrüfatına inteqrasiya edilməsi artıq ümumbəşəri problemə çevrilmişdir. Azərbaycanda da iqtisadiyyata investisiyaların cəlb olunması məqsədilə hökumət "açıq qapı" siyasəti həyata keçirir. Xarici investisiyaların, müasir texnologiyaların və avadanlıqların, idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi dövlətin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Respublikamızın müasir investisiya siyasətinin əsas xüsusiyyəti isə Azərbaycan iqtisadiyyatının neftdən asılılığının tamamilə azaldılması və bu sahədən qazanılan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsidir. 2008-ci ildə Dünya Bankının Azərbaycanı bir nömrəli "islahatçı ölkə" elan etməsi, 2009-cu ildə Ümumdünya İqtisadi Forumunun Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə bütün MDB ölkələrindən irəli - dünyada 51-ci hesab etməsi də məhz əlverişli biznes mühitinin nəticəsidir.
Xüsusi vurğulamaq lazımdır ki, son illərdə respublikanın maliyyə imkanlarının artması nəticəsində istifadə edilmiş ümumi investisiyaların strukturunda əhəmiyyətli dəyişiklik baş vermiş, daxili investisiyaların həcmi xarici investisiyaların həcmini əhəmiyyətli dərəcədə üstələmişdir. 2009-cu ildə Azərbaycan iqtisadiyyatına yatırılan 9,2 milyard investisiyanın 7,3 milyardı, yaxud 67 faizi daxili sərmayədir. Daxili investisiyaların həcmcə artımı ilk növbədə sahibkarlığın inkişafı naminə həyata keçirilən kompleks tədbirlər sistemi ilə şərtlənir. Ötən 6 ildə kiçik və iri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilərək "vahid pəncərə" prinsipi əsasında aparılması, yerlərdə regional iqtisad məhkəmələrin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi qanunun qəbulu və digər tədbirlər bu sırada xüsusi vurğulana bilər. Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsinə kömək məqsədilə "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır.
Ümumilikdə, ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2100 sahibkarlıq subyektinə 130 milyon manat güzəştli kreditlər verilmiş və bu da 2008-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Kreditlərin 70 milyon manatı dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna ayrılmış vəsait hesabına təmin edilmişdir. 2010-cu il yanvarın 1-dən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddinin 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsi, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılması da qlobal maliyyə böhranı şəraitində yerli sahibkarlığa böyük dəstəkdir.
Bundan başqa, sahibkarlığa kömək tədbirləri çərçivəsində kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ixracının genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər praktik nəticələr verir. İlk dəfə olaraq 2009-cu ildə rekord miqdarda - 3 milyon ton taxıl istehsal olunmuş, əhalinin əsas ərzaq mallarına tələbatı yerli istehsal hesabına təmin edilmişdir.
Nazirlər Kabinetinin son iclasında "Ölkə qarşısında duran bütün vəzifələri həll etmək üçün Azərbaycanda hər şey vardır - həm siyasi iradə, düşünülmüş siyasət, səfərbərlik, eyni zamanda, xalqla iqtidar arasında birlik və bizim təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi. Əgər bu olmasa idi, heç bir məsələni həll etmək mümkün olmazdı. 2010-cu ildə, bu gün də burada qeyd edildi, bu böhranlı meyillər hələ də davam edə bilər. Biz arxayınlaşmamalıyıq, işlərimizi çox ciddi qurmalıyıq", - deyən dövlət başçısı İlham Əliyev ölkədə güclü iqtidar komandasının formalaşması nəticəsində qarşıya qoyulan bütün vəzifələrin uğurla yetirə yetirildiyini də razılıqla vurğulamışdır. Bununla yanaşı, Azərbaycan Prezidenti 2010-cu il üçün qarşıda duran strateji vəzifələrdən, onların reallaşdırılması mexanizmlərindən söz açmışdır. Ümumilikdə, 2009-cu ildə əldə olunmuş yüksək nəticələr deməyə əsas verir ki, respublikamız bu il də yüksək dinamizmlə inkişaf edəcək, qlobal böhranın son fazasını da uğurla adlayaraq yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır.
Xalid NİYAZOV
Azərbaycan.- 2010.- 16
fevral.- S. 4.