Elmin nüfuzunun yüksəldilməsi
onun inkişafına təkan verən amillərdəndir
Müasir Azərbaycanın ən aktual çağırışı ölkə Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş "təbii sərvətlərdən əldə edilən gəlirlərin intellektual sərvətə, insan sərvətinə çevrilməsi" ideyasıdır. Bu ideyanın həyata keçməsi üçün artıq bir sıra vacib qərarlar verilmiş, böyük əhəmiyyəti olan dövlət proqramları qəbul edilmiş, ardıcıl məqsədyönlü siyasət həyata keçirilmiş və keçirilir. Son illər orta və ali təhsilin modernləşməsinə, elmin inkişafına yönəlmiş geniş fəaliyyət nəticəsində yeniləşmə və inkişaf prosesləri ilbəil sürətini artırır.
2009-cu ilin noyabrında Bakı Dövlət Universitetinin 90 illik yubileyində çıxış edən Prezident İlham Əliyev Azərbaycanda iqtisadi sahədə keçid dövrünün başa çatdığını bəyan etdi. Bu o deməkdir ki, ölkənin iqtisadiyyatı artıq bütövlükdə bazar iqtisadiyyatı prinsipləri ilə qurulub və fəaliyyət göstərir. Keçid dövrünün çətinlikləri arxada qalmış və iqtisadiyyatımız transformasiya dövrünü başa vuraraq yeni liberal sosial yönümlü bir sistemə keçmişdir. Azərbaycan bu dövrü özünəməxsus bir yolla qət etmişdir və bu gün sürətli inkişafın Azərbaycan modeli mövcuddur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev 8 dekabr 2009-cu il tarixində "Azərbaycan" qəzetində dərc edilmiş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsində ölkəmizdə elmin durumu və yeni mərhələdə elmi ictimaiyyət, elmi təşkilatlar və universitetlər qarşısında duran çox böyük vəzifələrdən söz açaraq demişdir: "İndi cəmiyyətimiz qarşısında, ilk növbədə, elmi elita qarşısında mühüm vəzifələrin həlli məsələsi dayanır. Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir". İctimai və humanitar elmlərin bugünkü durumunu ölkəmizin yaşadığı tarixi dövrün tələbləri nöqteyi-nəzərindən dərin təhlil edən müəllif dövlətin elmi elita ilə birlikdə həyata keçiriləcək strateji planlarının mahiyyətini açıqlayır.
Akademik Ramiz Mehdiyev bundan əvvəl də mətbuatda çox dərin, konseptual məqalələrlə çıxış edərək ictimaiyyətin diqqətini bir sıra vacib məsələlərə cəlb etmişdir. Milli-mənəvi maraqların qorunması, azərbaycançılıq ideyasının inkişaf etdirilməsi və təbliği, iqtisadi inkişaf modelinin formalaşması və başqa aktual problemlərə həsr edilən və geniş ictimaiyyətə ünvanlanan bu məqalələr həmişə böyük maraqla qarşılanmış və əks-səda doğurmuşlar.
İctimai və humanitar elmlərin müasir vəziyyətini və problemlərini, onların gələcək istiqamətlərini dərin təhlil edən yuxarıda adıçəkilən məqalə tək ictimai və humanitar sahələrin mütəxəssislərinin deyil, bütövlükdə elmi ictimaiyyətin diqqətini cəlb etmiş, qaldırılan məsələlər barədə ciddi düşünməyə vadar etmişdir.
Ölkədə yaranan yeni iqtisadi-sosial şərait, həyata keçirilən mürəkkəb islahatlar elmi fəaliyyətin canlanmasını, həyatda baş verən böyük dəyişikliklərə adekvat cavab verməsini tələb edir. Əgər ölkəmiz dünyanın sürətlə inkişaf edən ölkələri sırasındadırsa, nə üçün bizim elmimiz əyalət abu-havası ilə yaşamalıdır? Dövlətimiz bu gün elmdən idarəçilik sistemində qəbul edilən siyasi qərarların elmi bazasını yaratmağı, həyata keçirilən siyasi qərarların nəticəsinin düzgün təhlilini, cəmiyyətimizin öyrənilməsi ilə bağlı tədqiqatların aparılmasını gözləyir. Qlobal elm məkanına uğurlu inteqrasiya üçün alimlərimiz ölkədə elmin nüfuzunu və əhəmiyyətini yüksəltməlidirlər. Bunun üçün elmi tədqiqatların elmi və praktiki əhəmiyyəti, həqiqi aktuallığı təmin olunmalı, elmi işlər elm naminə, cəmiyyətin inkişafı naminə aparılmalı, elmin, alim adının təmizliyi qorunmalıdır.
Akademik Ramiz Mehdiyevin məqaləsində səslənən fikirlər əslində hər bir alimi, elmlə məşğul olan təşkilatları düşündürən və narahat edən problemlərdir. Nə üçün cəmiyyətdə elmi sahəyə maraq azalıb? Nə üçün bir sıra "tədqiqatçılar" elmə yalnız şəxsi karyerasında yüksəlişə səbəb olacaq bir vasitə kimi baxırlar və nə üçün bizim elmi elitamız belə insanların asanlıqla istədikləri adı almalarına yol verirlər? Vaxtilə ağır zəhmətlə, böyük çətinlikləri dəf edərək elmlər doktoru, yaxud namizədi adını alan alimlərimiz, nədənsə bu gün elmdən uzaq adamların alimlər sırasına daxil olmasına nəinki müqavimət göstərmir, əksinə bəzən onlara kömək də edirlər. Elmə, bir alim kimi özünə hörmətlə yanaşan hər kəs layiq olmayan adamların bu adı asanlıqla qazanmağına yol verməməlidir. Elmimizin hörmətini qaldırmağın bir yolu da budur.
Məqalədə qaldırılan məsələlərin bir çoxu tək ictimai elmlərə yox, başqa elm sahələrinə də aiddir. Elmi tədqiqatların səviyyəsini, aktuallığını, əhəmiyyətini artırmaq, onları müasir dövrün tələbləri səviyyəsinə qaldırmaq üçün hər kafedrada, hər laboratoriyada ciddi müzakirələr keçirilib, elmi araşdırmaların mövzularına yenidən baxılmalı, zamanın qarşıya qoyduğu problemlər nöqteyi-nəzərindən təhlil edilərək yeni tədqiqat istiqamətləri müəyyənləşməlidir.
Məqalədə tamamilə haqlı olaraq elmi müzakirələrin, diskussiyaların, seminarların az və formal keçirilməsi qeyd olunur. Elmi mühitin formalaşması üçün elmi informasiya mübadiləsinin müxtəlif formalarından geniş istifadə edilməsinin böyük əhəmiyyəti var. Dünya elmində gedən proseslər, aktual mövzular, böyük elm mərkəzlərinin həyata keçirdiyi tədqiqatların məzmunu və nəticələri - bütün bu məsələlər barədə informasiya ilə tanışlıq alimlərimizin, elmi müəssisələrimizin işinin yeniləşməsi üçün çox vacibdir. Yüzlərlə dissertasiya müdafiə olunduğu halda, dünyanın nüfuzlu elmi jurnallarında Azərbaycan alimlərinin məqalələrinə çox az rast gəlməmizin səbəblərindən biri də informasiyanın az olması, dünya səviyyəsində hər bir elm sahəsinin aktual məsələləri, nüfuzlu jurnalların tələbləri barədə məlumatın qıtlığıdır. Dünya elminə inteqrasiya yolunda qarşımızda duran ən ciddi problemlərdən biri də çoxumuzun ingilis dilini bilməməyimizdir. Bu faktor geniş informasiya toplamağımızı, elmi əlaqələr yaratmağımızı, aparıcı elm mərkəzlərinin keçirdiyi konfranslarda fəal iştirak etməyimizi çətinləşdirən bir maneədir. Rusdilli məkanda formalaşan yaşlı nəsildən fərqli olaraq, orta yaşlı və gənc alimlərimizin ingilis dilinə yiyələnməsi üçün bu gün daha yaxşı şərait var və buna tələb artmalıdır. Fikrimcə, xarici dildən minimum imtahanların proqramı dəyişdirilməli, dünyada qəbul edilmiş TOEFL, yaxud başqa proqramla əvəz olunmalıdır.
Qarşıda duran vəzifələr böyük və məsuliyyətlidir. Onların uğurlu həlli üçün elmi fəaliyyətin təşkili müasir tələblərə cavab verməlidir. Milli Elmlər Akademiyası ilə universitetlər arasında əlaqələr və iş birliyi yeni əsaslar üzrə daha da səmərəli qurulmalıdır, universitetlərdə fəaliyyət göstərən alimlər elmi tədqiqatların koordinasiya şuralarına cəlb edilməlidirlər.
Məqalədə memarlıq elminin də dövrümüzün tələblərinə adekvat cavab verə bilməməsi fikri vurğulanır. Akademik Ramiz Mehdiyev yazır: "Belə bir faktı qeyd etmək istərdim: ermənilər bu gün sərgilər təşkil edir və memarlıq abidələrimizi öz adlarına çıxaraq sübuta yetirməyə çalışırlar ki, hətta Möminə Xatın türbəsi və bütövlükdə Naxçıvan da onlara məxsusdur. Əfsuslar olsun ki, bizim tərəfimizdən bütün bunlara adekvat cavab verilmir".
Bu irad yalnız AMEA Memarlıq və İncəsənət İnstitutuna deyil, bütövlükdə memarlıq elmimizə aid edilə bilər. Doğrudan da həmişə olduğu kimi, bu gün də Qərb ölkələrində keçirilən kitab sərgilərində və istənilən böyük kitab mağazalarında ermənilər tərəfindən yazılmış tarix və memarlıq abidələrinə həsr edilmiş kitablar tapmaq olar. Onlar diqqəti cəlb edən yüksək poliqrafiya səviyyəsində, gözəl fotolarla zəngin nəşrlərdir. Mətnə gəldikdə isə yeni bir şey yoxdur. Hələ Sovet dövründə yazılan qərəzli, qeyri-obyektiv və elmə zidd kitabların daha da aqressiv variantlarıdır. Lakin bu kitablar informasiya vasitəsi kimi şübhəsiz bu gün də müəyyən gücə malikdir.
Ermənilər bununla kifayətlənmir. İşğal edilən ərazilərdə Azərbaycanın tarixi irsinə divan tutur, islama aid abidələrimizi dağıdır, xristian dövrünün abidələrini bəzən də xarici mütəxəssislərin iştirakı ilə istədikləri kimi "bərpa" edib erməniləşdirirlər. Tarix boyu erməni kilsəsinin alban kilsəsinə qarşı apardığı mübarizə bu gün dövrümüzə çatmış alban tarixi-memarlıq irsinin saxtalaşdırılması ilə davam edir.
Azərbaycanın memarlıq elmində Qafqaz Albaniyası mövzusu əsrin 80-90-cı illərində geniş tədqiq edilərək bir neçə sanballı monoqrafiyaların işıq üzü görməsi ilə nəticələndi. Görkəmli alim Davud Axundov tərəfindən əsası qoyulan Azərbaycan memarlıq elminin bu istiqaməti onun şagirdləri tərəfindən davam etdirilir və genişlənir. Aparılan tədqiqatların nəticəsi olaraq, bir neçə bərpa layihələri icra olunmuşdur. Şəkinin Kiş kəndində yerləşən alban kilsəsində arxeoloji-bərpa işləri həyata keçirildi və Qafqaz Albaniyasının tarixi-memarlıq muzeyi yaradıldı. Bu gün bu abidə ölkəmizin ən baxımlı, informativ və xaricdən gələn qonaqlar üçün ən maraqlı turizm obyektlərindən biridir. Universitetimizin alimləri tərəfindən Qəbələ rayonunun Nic kəndindəki udin kilsəsinin bərpası və Qax rayonunun Qum kəndindəki qədim alban bazilikasının konservasiya layihələri də uğurla həyata keçirilmişdir. Bu elmi-tədqiqat, bərpa layihələri və abidələrə həsr edilmiş broşur və bukletlərin nəşri ölkəmizin ərazisində olan alban irsinin qorunması probleminə ictimaiyyətin diqqətini cəlb etmək məqsədini daşıyırdı. Təəssüf ki, bu işlərin davam etdirilməsi, Qafqaz Albaniyasının tarixi-memarlıq irsinin obyektiv şəkildə xalqımıza, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinə çatdırılmasına yönəlmiş fəaliyyət bir qədər zəifləmişdir. Bütövlükdə qeyd etmək lazımdır ki, nəinki elmi, eyni zamanda böyük ictimai-siyasi aktuallığı olan Qafqaz Albaniyası mövzusu son zamanlar müəyyən qədər unudulmuşdur. Bədxah erməni uydurmalarına elmi cəhətdən əsaslandırılmış cavab vermək üçün bütün mövcud tarixi yazılı mənbələr cəlb olunmaqla və ərazimizdə olan bütün memarlıq abidələri tədqiq olunmaqla Qafqaz Albaniyasının həm tarixinin, həm memarlıq irsinin daha dərindən öyrənilməsi davam etdirilməlidir. Universitetimizin memar-alimləri bu istiqamətdə fəaliyyətlərinin gücləndirilməsini zamanın tələbi kimi qəbul edir və gənc tədqiqatçıları cəlb etməklə biz bu işi daha ardıcıl və daha geniş miqyasda davam etdirəcəyik.
Memarlıq elminin mərkəzi hələ 90-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinə keçməyə başlamışdır. Bu gün universitetdə 7 memarlıq doktoru və 25 elmlər namizədi çalışır. 1988-ci ildən burada memarlıq üzrə dissertasiya şurası da fəaliyyət göstərir. Dissertasiya şurasının tərkibində əvvəllərdə xarici alimlər olmuşdur, indi də Gürcüstandan olan iki elmlər doktoru təmsil olunur. Memarlıq fakültəsi tərəfindən son illər Azərbaycan memarlıq irsinin tədqiqi, o cümlədən İçərişəhərin memarlıq irsinin qorunması ilə bağlı bir sıra beynəlxalq layihələr həyata keçirilmişdir. Demək olar ki, hər il universitetimizin alimləri beynəlxalq konfranslar təşkil edərək, Azərbaycanın memarlıq irsini təbliğ edir, xarici ölkə alimlərini memarlıq tariximizlə tanış edir və Azərbaycan barədə informasiya yayırlar. Bunlardan İSESKO-nun dəstəyi ilə 2007-ci ildə Bakıda keçirilən "XXI əsr və tarixi islam şəhərləri", 2007 və 2008-ci illərdə universitetimizin təşkilatçılığı və sədrliyi ilə Florensiyada keçirilən "Memarlıq təhsili və islam memarlıq irsinin qorunması problemləri" mövzusunda konfransları xüsusi qeyd etmək istərdim. Universitetdə memarlıq üzrə elmi potensialın nüfuzuna dəlalət edən bir faktı da göstərmək olar. Hal-hazırda fakültənin kafedralarında 54 doktorant təhsil alır.
İctimai və humanitar elmlərə xarakterik olan bir sıra problemlər bu gün memarlıq elmi üçün də səciyyəvidir. İlk növbədə aparılan elmi-tədqiqatların mövzularına toxunmaq istərdim. Son 30 ildə yaranmış ənənəyə uyğun olaraq memar-tədqiqatçılarımız daha çox iki istiqamətdə: "Memarlıq tarixi və abidələrin bərpası" və "Şəhərsalma, rayon planlaşdırılması və landşaft memarlığı" istiqamətlərində elmi axtarışlar aparırlar. Müasir memarlığın geniş aspektdə olan problemləri, dünya memarlığının müasir durumu və inkişaf tendensiyaları, yeni memarlıq və tikinti texnologiyaları, yeni materialların və konstruksiyaların tətbiqi ilə bağlı işlər demək olar ki yoxdur. Bunun səbəbi ilk növbədə bu istiqamətdə mütəxəssis qıtlığı və elmi məktəbin olmamasıdır. Eyni zamanda, bu istiqamətin müasir Azərbaycan üçün xüsusi aktuallığına yəqin ki, heç kəsin şübhəsi yoxdur. Bu gün ölkəmizdə gedən çox geniş tikinti işləri, şəhərlərin, xüsusilə də Bakının böyük ərazilərinin yenidən formalaşması, memarlıq yaradıcılığında yeni obrazlar və ifadə vasitələri axtarışları qloballaşma dövrünün milliyyəti olmayan memarlıq standartlarının Azərbaycana da nüfuz etməsi və bu şəraitdə milli memarlıq ənənələrinin qorunmasının vacibliyi - müasir memarlıqla bağlı problemlərin elmi araşdırılmasını daha da aktuallaşdırır. Bu istiqamət üzrə gələcəkdə elmi məktəbin yaradılması üçün xarici ölkələrə doktoranturaya gənc mütəxəssislərin göndərilməsi vacib məsələdir.
Memarlıq tarixi, memarlıq irsinin qorunması və bərpası problemlərinin araşdırılması hər zaman olduğu kimi bu gün də aktuallığına görə böyük əhəmiyyət kəsb edir. Memarlıq abidələri hər bir xalqın tarixinin, mədəniyyətinin, dövlətin iqtisadiyyatının, ideologiyasının, inkişaf səviyyəsinin ən informativ maddi-mədəniyyət nümunələridir. Onlar eyni zamanda əcdadlarımızın yaşadığı ərazinin, Azərbaycan torpaqlarının hüdudlarını müəyyənləşdirən və təsdiq edən çox vacib sübutlardır. Məhz buna görə düşmənlərimiz işğal etdikləri ərazidə ilk növbədə memarlıq abidələrini (tarixi sübutları) məhv edirlər və nə qədər acı olsa da dağıdılan abidələrimizin bir hissəsinin vaxtilə fiksasiyası həyata keçirilmədiyinə görə, yaxud sənədlər itirildiyinə görə biz onların obrazlarını heç kağız üzərində də bərpa edə bilməyəcəyik.
Azərbaycanda memarlıq irsinin öyrənilməsinə XX əsrin əvvəllərindən başlanılmışdır. 50-ci illərdə bu iş daha da canlanmış, 80-ci illərin sonuna qədər isə abidələrimizin böyük bir hissəsi öyrənilərək memarlıq tariximizin əsas inkişaf mərhələləri müəyyənləşdirilmişdir. 50-60-cı illərdə bir sıra istedadlı tədqiqatçıların elmi axtarışları və araşdırmaları nəticəsində memarlıq irsimizin əsas hissəsi elmi ədəbiyyata daxil edilmişdir, Azərbaycanın islam dövrü memarlığının tarixi, əsas inkişaf dövrlərinin xüsusiyyətləri, memarlıq məktəblərinin ənənələri tədqiq edilərək öyrənilmişdir.
Genişmiqyaslı tədqiqatların materialları əsasında 1963-cü ildə akademik Mikayıl Hüseynov, Leonid Bretanitski və Əbdülvahab Salamzadə tərəfindən çox əsrlik memarlıq tariximizi ümumiləşdirilmiş şəkildə əks etdirən "Azərbaycanın memarlıq tarixi" kitabı yazılmışdır. Bu gün də əhəmiyyətini itirməyən bu fundamental əsərdə daha çox orta əsrlər, islam dövrünün memarlığı özünün hərtərəfli elmi şərhini tapmışdır. Bu dövrdən Azərbaycan tarixinin daha dərin qatları tədqiq edilməyə başlanmışdır. Bu tədqiqatlar və arxeoloji qazıntıların çox dəyərli tapıntıları xalqımızın memarlıq tarixinin də o vaxta qədər məlum olmayan dərinliklərinin öyrənilməsinə şərait yaratdı. Görkəmli alim Davud Axundovun elmi araşdırmaları qədim, antik və ilkin orta əsrlər dövrü memarlığının bir çox abidələrini elmi ədəbiyyata daxil edərək, memarlıq tariximizi daha da zənginləşdirdi. Bir qədər sonra XIX-XX əsrin əvvəllərində yaradılan irs çox ciddi bir tədqiqat mövzusuna çevrildi. Görkəmli alim Şamil Fətullayev memarlıq irsimizin böyük bir qismini yazdığı çoxsaylı monoqrafiyalarda daha dərin tədqiq edərək, memarlıq tariximizin yeni səhifəsini açdı. Onlarla yanaşı bir sıra alimlərin elmi əsərlərində memarlıq irsimizin müxtəlif problemləri araşdırılaraq xalqımızın memarlıq tarixinin ağ səhifələri yazıldı.
Bu gün 1963-cü ildən sonrakı tədqiqatların nəticələri əlavə edilərək çoxcildli Azərbaycan memarlığı tarixinin yenidən hazırlanıb nəşr edilməsi çox vacib məsələdir. Tarixin bütün dövrlərində yaradılan, tarixi Azərbaycan torpaqlarının sərhədləri çərçivəsində olan zəngin memarlıq irsi, memarlq sənətimizin minilliklər boyu keçdiyi təkamül yolu bu əsərdə öz əksini tapmalıdır. Düşünürəm ki, bu çox aktual və vacib məsələnin öhdəsindən yalnız böyük elmi kollektiv gələ bilər. Belə bir əsərin nəfis şəkildə, yüksək, müasir poliqrafiya səviyyəsində Azərbaycan və ingilis dillərində nəşr edilməsi xalqımızın zəngin və qiymətli tarixi-memarlıq irsini daha yaxşı tanıtmağa imkan yaradacaqdır.
Aktual məsələlərdən biri də abidələrin qorunması və bugünkü həyatının təmin edilməsi, naturada tədqiqi, bərpası metodları və yeni bərpa texnologiyalarının öyrənilməsi, tətbiq edilməsidir. Təəssüf ki, bu məsələdə biz çox irəli getmiş dünya bərpa nəzəriyyəsi və praktikasından geri qalırıq. Bu işin tamamilə yeni, müasir əsaslar üzərində qurulmasına ehtiyac var. Dünya bu gün memarlıq irsinin qorunmasına və istifadəsinə həm humanitar, mədəniyyət aspektindən, həm də iqtisadi inkişafın vacib bir qolu kimi baxır.
Tarixi memarlıq irsimizin müasir həyatı ilə bağlı problemlərin elmi araşdırılması və praktikada həlli memar alimlərin qarşısında duran böyük məsələdir. Bu məsələnin diqqətdən kənar qalması və elmi cəhətdən əsaslandırılmış strategiyasının olmaması irsimizin bir sıra nümunələrinin itirilməsi, yaxud ixtisası olmayan təsadüfi adamlar tərəfindən həyata keçirilən "bərpalar" nəticəsində öz tarixi dəyərinin və həqiqiliyinin itirilməsi ilə nəticələnir. Tarix muzeyinin, Şəki xan sarayının və bir neçə başqa abidələrin uğurlu bərpasını qeyd etmək olar. Müasir elmi bərpa prinsipləri əsasında, yeni texnika və texnologiyaların tətbiq edilməsilə tarixi memarlıq irsimizin qorunması, bərpası və istifadəsinə nail olmaq üçün bir elmi mərkəzin yaradılması yaxşı olardı.
Belə mərkəzlər bir sıra Avropa ölkələrində nüfuzlu universitetlərin, yaxud böyük əhəmiyyəti olan memarlıq komplekslərinin daxilində fəaliyyət göstərirlər. Məsələn, Norveçdə həyata keçirilən bütün bərpa və konservasiya işlərinin elmi-metodiki və təcrübi mərkəzi Trondhaym şəhərinin kafedral kilsəsinin nəzdində yerləşir. XIV əsrin yadigarı olan bu nəhəng abidənin yaxınlığında yerləşən laboratoriyalardan, layihə otaqlarından, emalatxanalardan, kiçik istehsal müəssisələrindən ibarət bu kompleksdə çalışan alimlər və bərpaçı mütəxəssislər tarixi memarlıq irsi ilə bağlı bütün məsələlərin həllində iştirak edirlər. Bizim ölkəmizdə bu sahədə olan boşluğu belə bir mərkəzin yaradılması aradan qaldıra bilərdi.
Bu yerdə, əlbəttə, kadr təminatı barədə də danışmaq lazımdır. Bu gün ölkəmizdə müasir səviyyəli bərpaçılar azdır. Abidələrin bərpası ixtisası üzrə AMİU-nun memarlıq fakültəsində yetişdirilən gənc mütəxəssislərin içində öz ixtisasını sevən, yaxşı təhsil alan, bir sıra beynəlxalq layihələrdə iştirak edən gənclər çoxdur. Təəssüflə deməliyəm ki, onların böyük əksəriyyəti universiteti bitirdikdən sonra öz ixtisasları üzrə iş tapa bilməyib, müasir memarlıq layihələndirilməsi ilə məşğul olmağa başlayır və bərpa praktikasından ayrılırlar.
Bazar iqtisadiyyatının reallıqlarını nəzərə alaraq ötən ildən biz bakalavr səviyyəsində ixtisaslaşmaları ləğv edərək ümumi profilli memar hazırlığına keçmişik. Bundan sonra bərpaçı memarlar yalnız magistratura pilləsində yetişdiriləcək. Universitetin pedaqoji potensialı və geniş beynəlxalq əlaqələri bu mütəxəssislərin təkmil səviyyədə formalaşacağına əminlik yaradır. Lakin bununla belə Azərbaycan Respublikası Prezidentinin qərarı ilə həyata keçirilən "2008-2012-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil almaq üçün Dövlət Proqramı"nın yaratdığı imkanlardan istifadə edərək, xarici ölkələrin aparıcı universitetlərində də magistratura və doktorantura səviyyəsində mütəxəssislərin hazırlanmasına ehtiyac var.
Ölkəmizdə bütün sahələrdə dünya, Avropa standartlarına çatmaq üçün böyük, genişmiqyaslı işlər görülür. Tarixi irsin qorunması, bərpası və istifadəsi də humanitar sahədə ölkənin müasir beynəlxalq standartlara cavab verməsinin vacib göstəricisidir. Tarixi irsimizə münasibət azərbaycançılıq məfkurəsinin çox vacib bir hissəsidir. Millətin özünəqayıdışı, özünüdərki tariximizə, mədəniyyətimizə və onun maddi şahidləri olan memarlıq abidələrimizə münasibətin dəyişməsi ilə müşahidə olunmalıdır. Vətəni sevmək - onun torpağını, daşını, təbiətini, mədəniyyətini sevmək və bu torpaqda əcdadlarımız tərəfindən əsrlər boyu yaradılan tarixi memarlıq abidələrinə böyük qayğı və diqqətlə yanaşmaq deməkdir.
Memarlıq elminin daha bir sahəsi - şəhərsalma, rayon planlaşdırılması və landşaft memarlığıdır. Müasir həyatla, ölkəmizdə gedən genişmiqyaslı quruculuq və tikinti işlərilə şəhərlərimizin müasir problemləri və gələcək inkişafı ilə sıx bağlı olan bu istiqamət gənc tədqiqatçıların daha çox maraq göstərdiyi istiqamətdir. Bu sahədə kifayət qədər gənc alimlər olmağına baxmayaraq onların müasir şəhərsalma layihələndirilməsində və praktiki məsələlərin həll edilməsində fəaliyyəti azdır. Ümid edirik ki, şəhərsalma ilə bağlı, Bakının perspektiv inkişaf strategiyasının işlənib həyata keçirilməsi ilə bağlı bu potensialdan daha səmərəli istifadə ediləcək.
Gülçöhrə MƏMMƏDOVA,
memarlıq doktoru, professor,
əməkdar memar, Azərbaycan Memarlıq və İnşaat
Universitetinin rektoru
Azərbaycan.- 2010.- 16 fevral.- S. 5.