Xarici İşlər
Nazirliyində ABŞ Konqresi
Aparatının nümayəndələri
ilə görüş
olmuşdur
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində ABŞ Konqresi Aparatının bir qrup məsul nümayəndələri ilə görüş keçirilmişdir.
Görüş zamanı nazir E.Məmmədyarov Azərbaycanda və regionda cərəyan edən proseslər barəsində qonaqlara ətraflı məlumat vermişdir. Nazir Azərbaycanın regionun gənc demokratiyası olduğunu vurğulayaraq ölkədə gedən demokratik inkişaf prosesi və sosial-iqtisadi nailiyyətlər barədə danışmışdır.
Regionun ən böyük probleminin - Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmamış qaldığını bildirən nazir E.Məmmədyarov münaqişənin həlli prosesi barədə məlumat vermiş, bölgədə sülh və sabitliyin təmin olunması üçün işğalçı qüvvələrin ərazilərimizdən çıxarılmasının, Azərbaycanın ərazi bütövlüyünün bərpasının və doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların öz torpaqlarına qayıtmasının vacibliyini qeyd etmişdir.
Azərbaycanın Cənubi Qafqaz regionunun lideri olduğunu vurğulayan nazir E.Məmmədyarov ölkəmizin mühüm regional və qlobal layihələrdə iştirak etdiyini və beynəlxalq arenada öz sözünü deməyə qadir olan dövlətə çevrildiyini qonaqların nəzərinə çatdırmışdır.
Beynəlxalq təhlükəsizlik sisteminin məsul iştirakçısı kimi Azərbaycanın bu prosesə mühüm töhfələr verdiyini diqqətə çatdıran nazir E.Məmmədyarov sülhməramlılarımızın Əfqanıstanda, bundan öncə isə Kosovo və İraqda xidmət etdiyini demişdir.
ABŞ-Azərbaycan münasibətlərinə toxunan nazir E.Məmmədyarov ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərindən danışmışdır. ABŞ Konqresində Ermənistan-Azərbaycan münaqişəsi və ümumilikdə regiondakı vəziyyət barədə real və dəqiq məlumatların yayılmasının əhəmiyyətini qeyd edən nazir konqresmenlərin bu məsələyə yanaşmalarında beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalarının vacibliyini vurğulamışdır.
Görüşün sonunda
nazir E.Məmmədyarov
qonaqların suallarını
cavablandırmışdır.
Azərbaycan.- 2010.- 16 fevral.- S. 5.