Bakıdakı yataqxanalarda məskunlaşmış məcburi köçkünlər yeni mənzillərlə təmin olunacaqlar

 

Bakıdakı yataqxanalarda məskunlaşmış məcburi köçkünlər mərhələli şəkildə yeni mənzillərlə təmin olunacaqlar. Bu, ilk növbədə, uzun illər yataqxana şəraitində yaşayan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Həmin məsələ Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına həsr olunan müşavirəsində də diqqət mərkəzində olmuşdur.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirmişdir ki, paytaxtdakı yataqxanalarda məskunlaşan məcburi köçkünlərin siyahıları hazırlanmışdır.

Ə.Həsənov qeyd etmişdir ki, ilk növbədə, Təhsil Nazirliyinin balansında olan bir neçə yataqxanada yaşayan məcburi köçkünlər köçürüləcəkdir. Hazırda məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi ilə danışıqlar aparılır. Mehdiabad, Masazır, ümumiyyətlə, Abşeron rayonu ərazisində torpaq sahələrinin ayrılması barədə təkliflər də verilmişdir.

Baş nazirin müavini qeyd etmişdir ki, yataqxanalarda məskunlaşan məcburi köçkünlərin hamısını eyni vaxtda köçürmək mümkün olmayacaqdır. Bu proses mərhələli şəkildə həyata keçiriləcəkdir. Köçürülmənin miqyası ayrılmış torpağın və vəsaitin həcmindən asılı olacaqdır.

Qeyd edək ki, paytaxtdakı məcburi köçkünlərin məskunlaşdıqları 262 yataqxanadan 70-i Təhsil Nazirliyinin balansındadır.

Baş nazirin müavini, həmçinin siyahıda adları olmayan, lakin sonradan adlarını siyahıya yazdırmağa cəhd göstərən vətəndaşlara və onlara şərait yaradan şəxslərə bu cür hallara yol verməməyi tövsiyə etmişdir. Qeyd etmişdir ki, siyahıyaalma nəzarətdə saxlanılır və bütün məlumatlar kompüterləşdirilmişdir.

Hazırda Bakıdakı 806 yığcam məskunlaşma obyektinin 364-ü ictimai binalar, 262-si yataqxana, 80-i tikintisi yarımçıq qalmış bina, 70-i sanatoriya və pansionat, o cümlədən bir neçəsi məktəb və uşaq bağçalarıdır.

Qeyd edək ki, şəxsi mənzillərdə və hərbi hissələrdə məskunlaşan məcburi köçkünlərin yeni evlərdə yerləşdirilməsi növbəti mərhələdə həyata keçiriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-17  fevral.- S. 1.