Qarabağ və Xocalı soyqırımı mövzusundakı müsabiqənin yekunlaşması ilə bağlı tədbir keçirilmişdir

 

Fevralın 16-da Azərbaycan Mətbuat Şurası və "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin "Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək" layihəsi çərçivəsində jurnalistlər arasında aparılmış müsabiqənin yekunlaşması ilə bağlı tədbir keçirilmişdir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirmişdir ki, layihə "Azərsun Holdinq"in maliyyə dəstəyi ilə həyata keçirilir. Azərbaycan mediası Qarabağ həqiqətlərinin və Xocalı soyqırımının təbliğinə həmişə diqqət ayırmışdır. Amma həmin diqqəti bir qədər də artırmağa ehtiyac duyulur. Bunu nəzərə alaraq Azərbaycan Mətbuat Şurası və "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi jurnalistlər arasında müsabiqənin təşkilini zəruri saymışdır. Müsabiqənin məqsədi Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır.

Müsabiqə 2009-cu il sentyabrın 1-dən cari ilin fevralın 10-dək davam etmişdir. Müsabiqəyə 2009-cu ilin sentyabrından 2010-cu il fevralın 5-dək qəzet, jurnal və informasiya agentliklərində gedən, Qarabağ mövzusu və Xocalı faciəsi ilə bağlı 76 material verilmişdir. Materiallar üçün həcm və dil məhdudiyyəti nəzərdə tutulmamışdır. Qaliblərə mükafatlar fevralın 24-də Xocalı soyqırımının ildönümü ərəfəsində təqdim olunacaqdır. Qarabağ mövzusunun və Xocalı soyqırımının təbliğində yaxından iştirak edən ən yaxşı xarici KİV-ə xüsusi diplom təqdim olunacaqdır. Qalib yazıların ingilis dilinə tərcümə edilərək, müxtəlif KİV-də dərci, informasiya portallarında yerləşdirilməsi nəzərdə tutulur.

Ümumən müsabiqənin mükafat fondu belədir: Birinci yer - 1 nəfər - 1000 manat, ikinci yer - 2 nəfər - 650 manat, üçüncü yer - 3 nəfər - 300 manat, ən yaxşı araşdırma işi - 1 nəfər - 500 manat, o cümlədən 5 nəfərə həvəsləndirici mükafat təqdim olunacaqdır. Tədbirdə "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov, Milli Məclisin deputatı Elman Məmmədov və başqaları müsabiqənin əhəmiyyətindən danışmış, Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamışlar.

 

 

Azərbaycan.- 2010.- 17 fevral.- S. 1.