İqtisadi sahədə keçid
dövrünün başa çatması Azərbaycanın
elmi əsaslar üzərində inkişafını zərurətə
çevirir
Tarix göstərir ki, böyük şəxsiyyətlər məhz irəli sürdükləri cəlbedici ideyalarla insanları konkret məram və məqsədlər ətrafında səfərbər etmək, milli birliyi qorumaq və möhkəmləndirmək imkanında olmuşlar. Belə fenomen liderlərdən biri olaraq tarixə möhürünü vurmuş ulu öndər Heydər Əliyevin də böyük siyasətdə və dövlət idarəçiliyində qazandığı nailiyyətlər, ilk növbədə, xalqın səmimi dəstəyinə, ictimai inam amilinə söykənmiş, böyük strateqin mənəvi bütövlüyə, birliyə və həmrəyliyə xidmət edən siyasətinin məntiqi nəticəsi olmuşdur.
Ulu öndər Heydər Əliyev qeyri-adi şəxsiyyət kimi insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına pozitiv təsir göstərmək imkanında olmuş, məhz bu xüsusiyyətləri sayəsində idarəçilikdə böyük uğurlara imza atmış, cəmiyyətin həlledici kəsimini arxasınca apara bilmişdir.
Dövlət müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik etmiş naşı qüvvələrin biganə münasibəti ilə üzləşərək tənəzzülə uğrayan elm və təhsil kimi strateji sahələr də məhz Heydər Əliyevin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışından sonra böhrandan çıxmışdır. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin 28 sentyabrında ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçməklə intellektual potensialın daşıyıcıları olan elm xadimlərinin, ziyalıların cəmiyyətdəki roluna necə böyük önəm verdiyini bir daha nümayiş etdirmişdir. Böyük strateq yeni ictimai-iqtisadi formasiyada Azərbaycan elmində, təhsilində yeniləşmənin vacibliyini önə çəkmiş, bu sahələrdə davamlı islahatlar həyata keçirmişdir. Heydər Əliyev cəmiyyətin mənəvi-ideoloji cəhətdən yetkinləşməsində, ictimai şüurun yeniləşməsində humanitar elmlərin, iqtisadi sistemin tənəzzüldən qurtulmasında, milli iqtisadi inkişaf modelinin düzgün müəyyənləşdirilməsində, elmlə istehsalın üzvi vəhdətinin təmin olunmasında fundamental elmlərin rolunu düzgün dəyərləndirmişdir.
2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən dövlət başçısı İlham Əliyev keyfiyyətcə yeni mərhələdə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını məhz bu yöndə səfərbər etmişdir. Uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq respublikamız son illərdə dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrana əzmlə sinə gərən dövlətləri sırasında yüksəlmişdir. Cənab İlham Əliyevin elmi əsaslarla yeritdiyi sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində dinamizmi və məqsədyönlüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmışdır. Cəmiyyət həyatındakı sürətli dəyişikliklər ötən 6 ildə elm və təhsil konsepsiyasının müasirləşdirilməsini, inkişaf etmiş dövlətlərin maarifçilik ənənələrinin mənimsənilməsini, eləcə də mənəvi-intellektual intibaha xidmət edən siyasətin yeni əsaslarla davam etdirilməsini vacib məsələ kimi gündəmə gətirmişdir.
İqtisadi qüdrəti ilə tarixən dünya siyasətinə təsir imkanlarını qoruyub saxlamış bir çox dövlətlərin gələcək taleyi heç də onların malik olduğu zəngin təbii sərvətlərlə deyil, ilk növbədə, elmi-intellektual potensialı, insan kapitalı ilə şərtlənmişdir. İnkişafını malik olduğu zəngin neft-qaz ehtiyatlarının gətirdiyi dividentlərə bağlamayan müstəqil Azərbaycan da mövcud resurslarını məhz insanların intellektual resurslarının gücləndirilməsi yönümündə qurur. "İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq", - deyən cənab İlham Əliyev neftdən əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Dövlət başçısı haqlı olaraq bildirir ki, neft Azərbaycan üçün məqsəd deyil, davamlı iqtisadi tərəqqini təmin etmək üçün vasitədir. Dünya təcrübəsində iqtisadiyyatın yalnız neft üzərində qurulması, habelə neft gəlirlərinə güvənlik nəticəsində iqtisadi sistemi iflic edən "Holland sindromu" kimi mənfi presedent də var. Məhz buna görə də möhtərəm Prezidentimiz iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymır, tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna, İKT-nin inkişafına xüsusi diqqət yetirilməsini önə çəkir.
Respublikamızda təbii sərvətlərin hasilatından əldə olunan vəsaitlərin böyük qisminin məhz elm və təhsilə, informasiya texnologiyalarının inkişafına yönəldilməsi inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində özünü doğrultmuşdur. Elm və təhsil, yüksək ixtisaslı kadr potensialı bu gün hər bir dövlətin davamlı sosial-iqtisadi, mədəni-intellektual yüksəlişinin əsas təminatı qismində çıxış edir. Çağdaş dünya nizamında elmi-informativ biliklər inkişafın mühüm katalizatoruna, innovasiya yeniliklərinin başlıca təminatına, habelə iqtisadiyyatın lokomotivinə çevrilmişdir. Bunu ABŞ, Almaniya, Yaponiya, Şimali Koreya, Finlandiya, İsrail və digər dövlətlərin iqtisadi inkişaf strategiyasına nəzərən əminliklə demək olar. Yalnız bir faktı vurğulamaq kifayətdir ki, bu gün Finlandiyanın tanınmış "Nokia" şirkətinin informasiya texnologiyaları sahəsində əldə etdiyi gəlirlər müsəlman ölkələrinin qeyri-neft sektorundan əldə etdiyi gəlirlərdən çoxdur. Müasir dünyada rəqabətə tab gətirmək üçün, ilk növbədə, təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına arxalanmaq lazımdır. Elmtutumlu informasiyanın yaradılması, əldə edilməsi, istehsal prosesinə praktik tətbiqi təkcə sosial-iqtisadi inkişafın deyil, həm də qlobal rəqabətin mühüm şərtidir. İnformasiya cəmiyyətinin əsas kapitalı bilik, informasiya və bu informasiyanın daşıyıcısı olan şəxs olub, yeni keyfiyyətli biliyə əsaslanan iqtisadiyyatın yaranmasını, mükəmməl innovasiya siyasətinin həyata keçirilməsini tələb edir.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən səmərəli islahatların nəticəsi kimi respublikamızın iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması elm və təhsil sferasında da adekvat modernləşməni, əsaslı keyfiyyət dəyişikliklərini zərurətə çevirir. Sürətli iqtisadi və sosiomədəni tərəqqi yolu keçən Azərbaycanda elmin inkişaf təmayüllərinin respublikanın müasir reallıqlarına nəzərən müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin aradan qaldırılması, elmlə idarəçiliyin səmərəli vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin rentabelliliyinə nail olunması yeni mərhələdə qarşıda ciddi vəzifələr kimi durur. Eyni zamanda ən müxtəlif elm sahələrində aparılan tədqiqatlar yüksək effektivlik əmsalı ilə yanaşı, həm də dövlətin və xalqın ümdə maraqlarının qorunmasına xidmət etməli, cəmiyyətdə saf ideal və dəyərlərin, ümumən mənəviyyatın yüksəlişinə sanballı töhfəsini verməlidir. Elmin inkişaf strategiyasının zamanın nəbzinə uyğun modernləşməsini, yeni iqtisadi, siyasi, mədəni reallıqların nəzərə alınmasını, xüsusən də humanitar və ictimai elm sahələrində azərbaycançılıq məfkurəsinin geniş tədqiqinə yer verilməsini Azərbaycan xalqının dövlətçilik maraqları tələb edir. Ölkənin hazırkı və gələcək sosial-iqtisadi inkişaf modelləri ilə bağlı sanballı elmi proqnozların irəli sürülməsi, elmi-istehsalat təcrübələrinin dövrün tələbləri səviyyəsində həyata keçirilməsi, ali təhsilin müasirləşdirilməsi, dünya elminə çevik inteqrasiyanın təmin edilməsi alimlər qarşısında ciddi vəzifələr qoyur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində haqlı olaraq yazır: "Hazırda biz müasir Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələ yaşayırıq. Ölkəmizdə inkişafın yüksək sürəti təmin edilmişdir. İndi möhtəşəm və məsuliyyətli vəzifələrin öhdəsindən gəlmək üçün dövlətimizin kifayət qədər potensialı və təcrübəsi vardır. Dünyanı bürümüş maliyyə və iqtisadi böhran şəraitində bugünkü göstəricilərimiz çox böyük uğur kimi qiymətləndirilir. İqtisadi sahədəki yüksək nailiyyətlərimiz isə heç də asanlıqla qazanılmayıbdır. İndi cəmiyyətimiz qarşısında, ilk növbədə, elmi elita qarşısında mühüm vəzifələrin həlli məsələsi dayanır. Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir. Ümummilli əhəmiyyət kəsb edən bir sıra məsələləri biz yeni şəraitdə təhlil etməliyik".
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən səmərəli islahatların nəticəsi kimi respublikamızın iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması elm və təhsil sferasında da adekvat modernləşməni, əsaslı keyfiyyət dəyişikliklərini zərurətə çevirir. Sürətli iqtisadi və sosiomədəni tərəqqi yolu keçən Azərbaycanda elmin inkişaf təmayüllərinin respublikanın müasir reallıqlarına nəzərən müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin aradan qaldırılması, elmlə idarəçiliyin səmərəli vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin rentabelliliyinə nail olunması yeni mərhələdə qarşıda duran ciddi vəzifələrdəndir. Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində dünyadakı qlobal proseslərə nəzərən Azərbaycanın demokratik inkişaf strategiyasının nəzəri-politoloji əsaslarını müəyyənləşdirmək, milli inkişaf modelinin özünəməxsusluğunu konrkret elmi postulatlar əsasında ortaya qoymaq humanitar və ictimai elm sahələrinin yerinə yetirəcəyi əsas işlərdəndir.
Əminliklə demək olar ki, son 6 ildə ölkədə həyata keçirilən yeni neft strategiyasının, sosial-iqtisadi islahatların uğurları davamlı və tarazlı inkişaf baxımından zəruri olan zəngin intellektual resursların, insan kapitalının formalaşmasına xidmət etməlidir. Bu gün sosial amil göstəriciləri - insan kapitalı, əməkhaqqı, sosial bərabərsizlik və insan inkişafı indeksini özündə birləşdirir. Cəmiyyətin inkişafı bilavasitə insanın fəaliyyəti, onun əməyinin məhsuldarlığı ilə əlaqəli oldugundan insana qoyulan investisiya - insan kapitalı xüsusi əhəmiyyət kəsb edir. İnsan kapitalı təhsil, elm, səhiyyə, mədəniyyət, incəsənət, informasiya xidmətinə əsaslanmaqla formalaşır. İnsan kapitalı kompleks sahələri əhatə etməklə istər iqtisadi, istər sosial, istərsə də siyasi-hüquqi sahəyə geniş təsir imkanlarına malikdir. Sadalanan amillər insanın cəmiyyətdəki mövqeyini müəyyənləşdirməklə onun həyat səviyyəsini xarakterizə edir. Bu baxımdan son zamanlar beynəlxalq qurumlar bir çox ölkələrdə insan kapitalını həmin parametrlərə görə ölçərək milli sərvətin tərkibində istehsal və təbii resurslarla yanaşı, insan kapitalını da hesablayırlar.
Təcrübə göstərir ki, insan potensialının formalaşdırılması sahəsində əsas ağırlıq məhz təhsil sisteminin üzərinə düşür. Burada söhbət təkcə ali təhsil sistemindən deyil, təhsilin bütün növlərindən - əsas orta, orta ümumtəhsil, texniki-peşə, orta ixtisas, ali təhsildən gedir. Təhsil əhalinin həyat səviyyəsinin yüksəldilməsinin, insan inkişafı indeksinin mühüm amillərindən biri olmaqla ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə hərtərəfli təsir göstərir. Bu amil indiki bazar iqtisadiyyatı şəraitində təhsilin səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilməsi zəruriliyini qarşıya qoyur. İnkişaf etmiş ölkələrin təcrübəsindən məlumdur ki, təhsil insanın istedadının, intellektinin üzə çıxmasına kömək edən mühüm vasitədir və cəmiyyətin inkişafının özülünü təşkil edir. Bu baxımdan indiki bazar iqtisadiyyatı şəraitində Azərbaycanda təhsil sisteminin dünya standartları səviyyəsinə çatdırılması vacibdir. Dünya təcrübəsinə diqqət yetirdikdə təhsilin ölkədə nəinki sosial-iqtisadi, sosial-mədəni inkişafa nail olunmasında, həmçinin onun təhlükəsizliyinin, dayanıqlığının təmin edilməsində, cəmiyyətin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və proqnozlaşdırılmasında mühüm yer tutan yaradıcı fəaliyyət sahəsi olduğunu görmək olar.
Prezident İlham Əliyevin ötən 6 ildə elmə diqqət və qayğısı həm də respublikanın gələcəyi baxımından vacib olan intellektual kadr potensialının formalaşdırılması niyyətindən irəli gəlir. Təhsilə ayrılan vəsaitlərin illik artımı həm də inkişafyönümlü dövlət proqramları, fərman və sərəncamların icrası zərurəti ilə şərtlənmişdir. Qısa müddətdə 20-dək bu cür inkişafyönümlü proqramın icrasına başlanılmış, strateji əhəmiyyətli bu sənədlər bütövlükdə təhsil infrastrukturunun yeniləşdirilməsindən tutmuş məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına qədər olan mühüm məsələləri əhatə etmişdir. Sovet dövründən formalaşdırılan və müasir tələblərə cavab verməyən məktəblərin təmiri və bərpası, yenidənqurulması isə, ilk növbədə, təhsilin forma və məzmunca təkmilləşdirilməsi zərurətindən irəli gəlmişdir. Bu problemin həlli - məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi hələ 11 fevral 2004-cü il tarixli Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramında əksini tapmışdır. Eyni zamanda "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı (2005-2009-cu illər)" bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Son 6 ildə həyata keçirilən sistemli və ardıcıl tədbirlər nəticəsində respublikanın bütün bölgələrində yeni məktəblərin tikintisi, təmiri və yenidənqurulması prosesi geniş vüsət almışdır. Mübaliğəsiz demək olar ki, qısa müddətdə 1600-dək yeni məktəb binasının tikilməsi çağdaş təhsil sisteminin ən parlaq uğurlarından birinə çevrilmişdir. Məktəblərin tikintisi hətta qlobal maliyyə-iqtisadi böhranla müşayiət olunan 2009-cu ildə də uğurla davam etdirilmişdir: "Sosial proqramların həlli həmişə olduğu kimi, böyük əhəmiyyət kəsb edir. Mən qeyd edə bilərəm ki, burada da bütün sosial proqramlar vaxtında icra edildi, ünvanlı sosial yardım proqramı davam etdi. 2009-cu ildə Azərbaycanda 64 məktəb tikilmişdir. 59 səhiyyə müəssisəsi tikilmiş və təmir edilmişdir. Beş böyük Olimpiya idman kompleksi istifadəyə verilmişdir. Bu onu göstərir ki, hətta maliyyə imkanlarımız bir az azalanda da biz sosial infrastrukturun inkişafı üçün lazımi tədbirləri görürük, maliyyə vəsaiti ayırırıq və beləliklə, Azərbaycanda bütün sosial məsələlər öz həllini tapır".
Dövlət başçısı dəfələrlə bildirmişdir ki, müstəqil Azərbaycanda bütün idarəetmə səviyyələrində, o cümlədən dövlət idarəçiliyi sahəsində müasir idarəetmə təfəkkürünə malik ixtisaslı mütəxəssislərin yetişdirilməsi məsələsi mühüm aktuallıq kəsb edir. Respublikanın dinamik inkişaf səviyyəsinə uyğun olaraq Qərb dəyərlərini dərindən mənimsəyən, qabaqcıl ölkələrin elmi-texniki yeniliklərini əxz edən, müasir idarəçilik məktəbi keçən gənclərin formalaşması məsələsi tarixi zərurətə çevrilir. Ölkə rəhbərliyinin təhsil sisteminə və kadr hazırlığına xüsusi diqqətlə yanaşması da respublikada demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəçilik sistemi formalaşdırmaq niyyətindən irəli gəlir. Məktəblərin kompüterləşdirilməsi, gənc vətəndaşlarımızın virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar məhz bu məqsədə xidmət edir. Bu baxımdan 2004-cü il 21 avqust tarixli "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında" fərman ötən müddətdə gənclərin müasir biliklərə yiyələnməsi və informasiya texnologiyalarını dərindən mənimsəməsinə elmi-texniki zəmin yaratmışdır. Bu proqramın 2005-2007-ci illərdə uğurla həyata keçirilməsinin nəticəsidir ki, orta ümumtəhsil məktəblərinin V-XI siniflərində hər 29 şagirdə 1 kompüter düşür. Bundan əlavə, 2008-ci il iyunun 10-da təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət etmişdir.
Müasir dövrdə ixtisaslı kadrların hazırlanmasına qoyulan investisiyalar insan kapitalının formalaşmasına qoyulan investisiya sayılır. Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il tarixli "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" sərəncamı bu sahədə həyata keçirilən dövlət siyasətində ardıcıllığın və sistemliyin təmin olunması baxımından təqdirəlayiqdir. Dövlət Proqramı məhz azərbaycanlı gənclərin müəyyən elmi istiqamətlər üzrə dövlət hesabına xaricdə təhsil almalarını nəzərdə tutur. Bu sərəncam əsasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" hazırlanaraq Azərbaycan Prezidentinin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuşdur. Dövlət başçısının 5 sentyabr 2007-ci il tarixli "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın 2007-2008-ci tədris ilində maliyyələşdirilməsi haqqında" sərəncamına əsasən, 2007-2008-ci tədris ilində Azərbaycan gənclərinin Amerika Birləşmiş Ştatları, Almaniya, Cənubi Koreya, Fransa, İngiltərə, İspaniya, Rusiya, Türkiyə və digər ölkələrdə təhsil almalarını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 2,2 milyon (iki milyon iki yüz min) manat məbləğində vəsait ayrılmışdır.
Ötən beş ildə elmi inkişafın təmin edilməsi, bu sahədə həllini gözləyən bir sıra problemlərin icrası da xüsusi diqqət mərkəzində olmuşdur. Bu diqqət və qayğının nəticəsi olaraq Azərbaycan Milli Elmlər Akademiyası bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, bu sahədə çalışan müəllimlərin əməkhaqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, habelə məktəblərin dərsliklərlə pulsuz təminatı dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə diqqət və qayğısının bariz ifadəsidir. Prezident İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk aylarda Azərbaycan və dünya klassiklərinin əsərlərinin latın qrafikalı Azərbaycan əlifbası ilə nəşrini nəzərdə tutan sərəncam imzalamış, milli irsə böyük qayğı ilə yanaşmışdır. "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncam da bu siyasətin tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır.
Azərbaycan Prezidentinin "Alimlik dərəcələrinə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında" 16 aprel 2004-cü il tarixli sərəncamına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası sistemində, elmi-tədqiqat və təhsil müəssisələrində, habelə digər sahələrdə çalışan işçilərin elmlər doktoru və elmlər namizədi alimlik dərəcələrinə görə vahid tarif cədvəli üzrə vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin məbləği 2004-cü il iyulun 1-dən 5 dəfə artırılmışdır. Prezident İlham Əliyevin 2004-cü il 19 aprel tarixli "Aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə litseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" sərəncamı yetişməkdə olan gənc nəslin intellektual potensialını yüksəltmək, onların elmə olan marağını daha da gücləndirmək məqsədi daşımışdır.
Akademiyanın 60 illik yubileyi ilə əlaqədar Azərbaycan Prezidentinin xüsusi sərəncamlar imzalaması və görkəmli elm xadimlərini yüksək dövlət mükafatları ilə təltif etməsi, bir sıra alimlərə elmi adların və prezident təqaüdünün verilməsi cənab İlham Əliyevin bu sahəyə yüksək qayğısını əyani surətdə əks etdirir. 2005-ci ilin dekabrında AMEA-nın yubileyi mərasimində çıxış edən dövlət başçısı ulu öndər Heydər Əliyevin elm və təhsil sahəsində əsasını qoyduğu mütərəqqi ənənələrə sadiq qalacağını bir daha bəyan etmişdir: "Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi işində əlavə addımlar atılacaqdır. Biz gərək bu maddi-texniki bazanı möhkəmləndirək. Akademiyanın nəzdində fəaliyyət göstərən inistitutlara daha böyük həcmdə kömək göstərək. Əlbəttə, akademiya sistemində çalışan insanların maaşları, əməkhaqları qaldırılmalıdır və biz bunu edəcəyik... Çalışacağam ki, akademiyanın inkişafında bundan sonra da öz əməyimi əsirgəməyim. Mən bir daha demək istəyirəm, bu, qəti fikrimdir ki, hər bir ölkənin normal inkişafı üçün ilk növbədə, bilik, savad, elmin inkişafı lazımdır".
Cənab İlham Əliyev 2007-ci ilin əvvəllərindən başlayaraq elm xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə sərəncamlar imzalamışdır. Azərbaycan Prezidentinin 23 yanvar 2007-ci il tarixdə imzaladığı sərəncamla AMEA sistemində çalışan vətəndaşların məvacibləri 50 faiz qaldırılmış, eləcə də fevral ayının 1-dən aspirantların təqaüdündə əsaslı artım baş vermişdir. Cənab İlham Əliyevin 18 aprel 2007-ci il tarixdə imzaladığı daha bir sərəncamla AMEA-nın həqiqi üzvlərinin aylıq rütbə maaşı 1000 manat, müxbir üzvlərin aylıq rütbə maaşları isə 700 manat civarında müəyyənləşdirilmişdir. Bununla belə, cənab İlham Əliyev hesab edir ki, elm adamlarının hazırkı məvacibi ümumən qənaətbəxş sayıla bilməz və ölkənin iqtisadi imkanları artdıqca, bu sahəyə göstərilən diqqət və qayğı da artmalıdır. 2008-2009-cu dərs ili qarşısında AMEA sistemində çalışanların məvaciblərinin 25 faiz artırılması da elmin inkişafı naminə həyata keçirilən davamlı dövlət siyasətinin əyani nümunəsidir.
İqtisadi inkişafın elmi sütunlar üzərində aparılması, ölkənin gələcək sosial-iqtisadi durumu ilə bağlı proqnozların irəli sürülməsi vacib məsələlərdən biridir. Elm proqnozlarsız inkişaf edə bilməz - elmi tövsiyələr, proqnozlar Azərbaycan iqtisadiyyatının dinamik və davamlı inkişafına xidmət etməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin 10 aprel 2008-ci il tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamı da məhz bu zərurətlə şərtlənmişdir. Sərəncamda 2009-2015-ci illlər üzrə elm sahəsində aparılacaq islahatların, habelə elmin inkişaf strategiyasının konkret proqram modelində hazırlanması üçün hökumət və elm adamlarından ibarət dövlət komissiyasının yaradılması da təqdirəlayiqdir.
Proqram əsasında hazırlanaraq dövlət başçısının 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" elm sahəsində həyata keçiriləcək islahatların konseptual əsaslarını özündə əks etdirir. Elmin inkişafını nəzərdə tutan Milli Strategiyanın əsas məqsədi ölkənin mövcud tələbləri nöqteyi-nəzərindən Azərbaycan elminin strukturunun müəyyənləşdirilməsi; Azərbaycan elminin dünya elmi, texnika və texnologiyasının prioritet istiqamətlərinə müvafiq şəkildə təşkili; respublikanın iqtisadi inkişafında elmin rolunun artırılması; yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi; mühüm sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin həlli məqsədilə Azərbaycan Respublikasında fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyən edilməsindən ibarətdir.
Prezident İlham Əliyevin 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncamı isə ali məktəb sistemində islahatların yeni dövrün tələblərinə uyğun aparılması baxımından vacib əhəmiyyət daşıyır. Dövlət Proqramında xüsusi vurğulanır ki, müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinə inteqrasiya və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Cənab İlham Əliyevin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il tarixli sərəncamı da Azərbaycan təhsilinin Avratlantik məkana inteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir. Ali təhsildə islahatların da məhz bu prinsiplər əsasında aparılması qarşıda duran vacib məsələlərdən biridir.
Azərbaycan Prezidentinin 2009-cu il oktyabrın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması isə fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədilə əsaslandırılır. Bundan əlavə, yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının 2009-cu ilin dekabr ayında Azərbaycanda keçirilməsi Azərbaycanda gənc nəslin elmə olan marağının daha da artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılması baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Elm və təhsil spesifik sahə olduğu üçün buradakı problemlərin həllini təkcə dövlətdən gözləmək düzgün deyil, bu prosesdə ayrı-ayrı ictimai qurumların da fəal iştirakı vacibdir. Bu baxımdan Azərbaycanda elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində ictimai təsisat kimi fəaliyyət göstərən Heydər Əliyev Fondunun da xidmətləri xüsusi vurğulanmalıdır. Fondun istər xeyriyyəcilik fəaliyyətinin prioritet istiqamətləri sırasında təhsilin mühüm yer tutması bu mənada təsadüfi deyildir.
Şübhəsiz, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq da qeyri-mümkündür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın birbaşa təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə daha böyük əks-səda doğurmuşdur. Layihə çərçivəsində yalnız 2005-ci ildə Azərbaycanın ən müxtəlif bölgələrində rekord sayda - 132, sonrakı mərhələdə isə 106-dan artıq yeni məktəb binasının tikilərək istifadəyə verilməsi və lazımi avadanlıqlarla təchiz olunması dövlətin bu sahədə həyata keçirdiyi işlərə əvəzsiz töhfədir.
Fondun son illərdəki başlıca fəaliyyət istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllində nüfuzlu beynəlxalq təşkilatlardan sayılan YUNESKO-nun geniş imkanlarından səmərəli şəkildə faydalanmaqdan ibarət olmuşdur. Bu nüfuzlu beynəlxalq təşkilatın diqqətinin ölkəmizin təhsil problemlərinin həllinə cəlb olunması, təşkilatla əməkdaşlıq şəraitində keçirilən birgə tədbirlər yaxın gələcəkdə mövcud əlaqələrin daha da intensivləşməsinə yaxşı imkanlar açmışdır. Azərbaycanla YUNESKO arasında bir neçə istiqamətdə əməkdaşlıq münasibətləri qurulmuşdur - bu əlaqələr əsasən, "Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər", texniki-peşə sahəsində əməkdaşlıq, inkluziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir.
Müasir dövrdə intellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə bu gün hətta zəngin təbii sərvətləri belə üstələyir. Hesablamalara görə, hazırda 1 kq elmtutumlu məhsulun qiyməti 70 ton neftin qiymətinə bərabərdir. Yeni dünya nizamında elmi-informativ biliklər inkişafın mühüm katalizatoruna, innovasion yeniliklərin başlıca təminatına çevrilmişdir. Elmtutumlu informasiyanın yaradılması, əldə edilməsi, tətbiqi sosial-iqtisadi inkişafın, qlobal rəqabətin, ən başlıca demokratikləşmə prosesinin mühüm amilləridir. Bu baxımdan son illərdə milli gəlir artdıqca, respublikamızda elmə, təhsilə, informasiya texnologiyalarına ayrılan vəsaitlər də artır və bu da insanların bir-birinə yaxınlaşması, demokratik proseslərin inkişafı üçün böyük təməl yaradır.
İradə HÜSEYNOVA,
təhsil nazirinin müavini,
tarix elmləri doktoru, professor
Azərbaycan.- 2010.- 17 fevral.- S. 3.