Azərbaycan Prezidenti İlham Əliyev Dənizkənarı Milli Parkda inşa edilən Bakı Biznes Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Dənizkənarı Milli Parkda inşa edilən Bakı Biznes Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Bakı Biznes Mərkəzi sahibkarlar arasında işgüzar əlaqələrin daha da genişləndirilməsinə, beynəlxalq tədbirlərin, biznes forumların yüksək səviyyədə təşkilinə, yerli istehsal və xidmətlərin təbliğinə yeni imkanlar yaradacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev inşaat işlərinin gedişi ilə tanış olmaq üçün obyektə gəldi. Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi. Bildirildi ki, ümumi sahəsi 4664 kvadratmetr olan üçmərtəbəli binanın 2025 kvadratmetrlik birinci mərtəbəsində sərgi salonu yerləşəcəkdir. Burada həmçinin iştirakçıların sayı 300 nəfərədək olan müxtəlif tədbirlər, konfranslar təşkil ediləcəkdir. Salonda İtaliyadan gətirilmiş ən müasir texnika - tərcümə avadanlığı, səsgücləndirici qurğular, monitor və proyektorlar quraşdırılacaqdır.
Prezidentə məlumat verildi ki, sahəsi 1721 kvadratmetr olan binanın ikinci mərtəbəsində isə on iki, iyirmi beş və əlli nəfərlik üç görüş və konfrans zalları yerləşəcəkdir. İkinci mərtəbədə, həmçinin 250 yerlik restoran da fəaliyyət göstərəcəkdir. Burada da müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaqdır. Sahəsi 918 kvadratmetr olan üçüncü mərtəbədə 8 ofis və görüş otaqları vardır. Binanın bütün mərtəbələrində ən müasir mebellər və avadanlıq quraşdırılacaq, dünya standartlarına cavab verən liftlər və eskalatorlar işləyəcəkdir. Bakı Biznes Mərkəzi ən müasir tələblərə cavab verən havalandırma sistemi və yanğınsöndürmə avadanlığı ilə təchiz olunmuşdur. Mərkəzin ərazisində Dənizkənarı Milli Parka xüsusi yaraşıq verən fəvvarə də quraşdırılmışdır.
Görülən işlərlə
yaxından tanış
olan dövlətimizin
başçısı tikintinin
yüksək keyfiyyətlə
həyata keçirilməsi
ilə bağlı müvafiq tapşırıqlarını
verdi.
AzərTAc
Azərbaycan.- 2010.- 18 fevral.- S.1.