İqtisadi təhlükəsizliyin
Azərbaycan modeli
İqtisadi sahədə
qazandığımız nailiyyətlər beynəlxalq aləmdə
nümunə kimi göstərilir
Zəngin karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarması ölkəmizin iqtisadi potensialını daha da artırmışdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin işə düşməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin yaranmasına, ayrı-ayrı xalqlar ilə əlaqələrinin daha da sürətlənməsinə təkan verərək ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, onun iqtisadi cəhətdən inkişaf etməsinə səbəb olmuşdur. Qlobal layihələrin gerçəkləşdirilməsi təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb etmişdir.
Qloballaşan dünyanın geosiyasi mənzərəsinə təsir göstərən mühüm amillərdən biri də zəngin enerji resursları üzərində nəzarətin təmin olunması və neft-qaz ehtiyatlarının təhlükəsiz marşrutlarla dünya bazarlarına çatdırılmasıdır. Belə kəskin rəqabət mühitində təbii sərvətlərin zənginliyi heç də bütün dövlətlərə iqtisadi nailiyyətlər və xoşbəxtlik gətirmir. Tarixi təcrübə sübut edir ki, neftlə zəngin olan bir çox dövlətlər uğursuz iqtisadi siyasətin məntiqi nəticəsi kimi həqiqi müstəqilliklərini itirərək mahiyyətcə müstəmləkəyə çevrilmiş, ağır sosial-iqtisadi problemlərlə, aclıq və səfalətlə üzləşmişlər. Bu günün özündə də neftlə zəngin olan bir çox ölkələrin qeyri-stabillik mühitində yaşaması, təbii sərvətləri üzərində sahiblik hüququnu itirməsi ilə bağlı xeyli misal gətirmək mümkündür. Dünya təcrübəsində iqtisadiyyatın yalnız neft üzərində qurulması, habelə neft gəlirlərinə güvənmə nəticəsində iqtisadi sistemi iflic edən "Holland sindromu" kimi təcrübə mövcuddur. Bu reallıqlar fonunda hər bir təbii sərvətdən, o cümlədən neftdən xalqın və dövlətin mənafeyi naminə düzgün, səmərəli istifadə etmək uzaq hədəflərə hesablanmış praqmatik siyasət yeridilməsini tələb edir. Əks təqdirdə neftin zənginliyi dövlət üçün iqtisadi inkişaf və tərəqqi deyil, arzuolunmaz problemlər gətirir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının sonrakı illərdə də uğurlu davamlı Azərbaycan dövlətinin dinamik inkişafına gətirib çıxardı. Basqa sözlə, neft strategiyasının əsas məqsədinə nail olmağa başladı. Həyata keçirilən neft siyasətinin də əsasını məhz ölkənin proporsional iqtisadi inkişafı, sosial problemlərin həlli, vətəndaş azadlığının və digər demokratik dəyərlərin təmin olunması təskil edir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm yerə malik olacağı artıq heç kəsdə şübhə doğurmur. Eyni zamanda enerji strategiyamızın uğurla həyata keçirilməsi yeni layihələrin üzərində işlənilməsini vacib edir. Bu baxımdan Xəzər dənizi-Qara dəniz-Baltik dənizi arasında regional əməkdaşlıq layihəsinin də gerçəkləşməsi layihədə iştirak edən ölkələrin iqtisadi imkanlarının daha da artmasına gətirib çıxaracaqdır. Tərəfdaş ölkələrlə birgə çəkilən neft və qaz kəmərləri Azərbaycana təchizat marşrutlarını şaxələndirməyə, iqtisadi və sosial tələbatlarımızı ödəməyə, iqtisadi və siyasi islahatları daha sürətlə aparmağa imkan yaradır.
Məlum olduğu kimi, bu ayın əvvəlində Prezident İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfəri zamanı Münxen Təhlükəsizlik Konfransının "Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc" mövzusunda müzakirələrdə iştirak etmiş, çıxışında demişdir: "Bu gün ölkə əsas enerji mənbələri ilə tam şəkildə təmin olunub. Neft hasilatımızın həcmi bir neçə dəfə artıb və indi biz artıq hər gün bir milyon barel neftdən söhbət aparırıq. Hasilata və infrastruktura qoyduğumuz sərmayələr bizə enerji təchizatı mənbələrini şaxələndirmək imkanını yaratdı.
Biz Azərbaycan neftini Qara və Aralıq dənizlərinə nəql edən üç boru kəməri çəkdik. Ümid edirik ki, hasilatın bugünkü həcmi gələcək onilliklər ərzində də davam edəcəkdir. Bu, bizə xeyli maliyyə vəsaitlərini toplamağa və neftdən əldə edilən gəlirləri iqtisadiyyatımızın qeyri-neft sektoruna - təhsil, sosial və səhiyyə sektorlarına, eləcə də infrastruktura yönəltmək imkanını yaratdı. Məhz buna görə iqtisadi böhran və neft qiymətlərinin kəskin azalması ilə səciyyələnən 2009-cu ildə də Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirdi və həmin ildə iqtisadiyyatımız 9 faizdən çox artmışdır".
Neftdən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi bu sahədə də tərəqqinin əldə olunmasına şərait yaratmışdır. Prezident İlham Əliyev bölgələrin hərtərəfli inkişafına nail olmaq, paytaxtla rayonlar arasındakı fərqi azaltmaq istiqamətində həyata keçirdiyi siyasət nəticəsində hazırda ölkəmiz tarazlı inkişaf edir. Bunu ötən il əldə edilmiş makroiqtisadi nailiyyətlər də təsdiqləyir. Dünyanı cənginə almış maliyyə böhranı şəraitində belə ötən il iqtisadiyyatın bütün sahələrində inkişaf müşahidə olunmuşdur. Proseslərin gedişi "böhran ajiotajı"nın respublikamız üçün geridə qaldığını, bank və maliyyə sektoru üçün real təhdid sayıla biləcək ictimai narahatlığın tamamilə aradan qalxdığını əminliklə söyləməyə əsas verir. Əhalinin banklara olan tərəddüdlü münasibəti aradan qalxmışdır. Tikinti sektorunda canlanma və fəallıq müşahidə olunmaqdadır. Sahibkarlara güzəştli kreditlərin verilməsi əvvəlkindən daha geniş miqyasda davam etdirilməkdədir. İpoteka kreditləşməsinin bərpası respublika rəhbərliyinin uğurlu antiböhran tədbirlərinin nəticəsi kimi diqqəti çəkir. Daxili istehlak bazarına işləyən müəssisələrin əvvəlki qaydada fəaliyyət göstərməsi, sahibkarlığın inkişafı məqsədilə kreditləşmənin genişləndirilməsi, infrastruktur layihələrinin davam etdirilməsi - bütün bunlar maliyyə böhranının respublika iqtisadiyyatına ciddi təsir göstərmədiyini sübuta yetirir.
2010-cu ilin dövlət büdcəsi deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı daha möhkəm təməl üzərində öz inkişafını bu il də yüksək dinamizmlə davam etdirəcəkdir. Bunu təmin edən başlıca amil isə əvvəlki illərdə qazanılmış sosial-iqtisadi nailiyyətlərdir. Əldə olunan nəticələr həm də Azərbaycanın bütövlükdə MDB məkanında rasional siyasət yeridərək iqtisadiyyatını böhranın mənfi təsirlərindən maksimum dərəcədə qoruyan, eyni zamanda ciddi artıma nail olan lider dövlətlərdən olduğunu təsdiqləyir.
2010-cu ildə respublikamızın davamlı inkişaf yolunda olacağını müxtəlif beynəlxalq təşkilatlar da birmənalı təsdiqləyirlər. Belə ki, dünya ölkələrində iqtisadi artım 1-2 faizlik templə müşahidə olunduğu halda respublikamızda inkişaf 8 faizdən aşağı proqnozlaşdırılmır. Bunu dünyanın aparıcı maliyyə institutlarının və digər beynəlxalq təşkilatların proqnozlarından da görmək olar. Belə ki, Beynəlxalq Valyuta Fondu 2010-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım sürətinin 12,5 faiz, Dünya Bankı 7,8 faiz, Avropa Yenidənqurma və İnkişaf Bankı 6 faiz, Asiya İnkişaf Bankı isə 6,7 faiz proqnozlaşdırır. Region ölkələrinin proqnoz göstəriciləri arasında ən yaxşı nəticə də məhz ölkəmizə aiddir. Bütün bunlar isə deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin uğurla yürütdüyü iqtisadi siyasət yenə də müsbət nəticələrini verəcək, respublikamız qlobal böhran şəraitində yüksək inkişaf səviyyəsini qoruyub saxlaya biləcəkdir.
Ən nəhayət
onu da qeyd etmək xoşdur ki, Azərbaycanın qlobal
böhran şəraitində belə regionda lider mövqeyini
qoruyub saxlaması və davamlı inkişaf etməsi ölkəmizin
beynəlxalq arenada nüfuzunu daha da artırmışdır.
Başqa sözlə, ölkəmizin iqtisadi sahədə əldə
etdiyi uğurlar artıq beynəlxalq aləmdə "Azərbaycan
modeli" kimi öyrənilir, nümunə göstərilir.
Azərbaycan.- 2010.-18
fevral.- S. 1.