"Azəri"dən neft alınması "Əsrin müqaviləsi"nin kulminasiyası idi

 

Bu yataqdan hasilata başlanmasından 5 il ötür

 

2005-ci il fevralın 18-də ölkə Prezidenti İlham Əliyev Xəzərdə, Bakıdan təxminən 100 kilometr şərqdə yerləşən "Mərkəzi Azəri" platformasında neft hasilatına başlanmasına həsr olunmuş təntənəli mərasimdə iştirak etdi. "Mərkəzi Azəri"dən hasil edilən neft "Azəri" yatağının ilk nefti idi.

 

Bu yatağın işlənməsi "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinin mühüm ən böyük tərkib hissəsidir. AÇG-dəki digər yataqlarda olduğu kimi, "Azəri" ARDNŞ-lə bp (Böyük Britaniya), "Şevron" (ABŞ), "İnpeks" (Yaponiya), "Statoyl" (Norveç), "EksonMobil" (ABŞ), TPAO (Türkiyə), "Devon" (ABŞ), "İtoçu" (Yaponiya), "Hess" (ABŞ) şirkətləri tərəfdaşlıq edirlər. Əməliyyatçı olan bp-nin mütəxəssislərinin sözlərinə görə, "Azəri" hazırda dünyada işlənməkdə, yaxud istismar edilməkdə olan ən böyük yataqlardan biridir. Bu sözləri deməyə həm yatağa məxsus karbohidrogen ehtiyatlarının həcmi, onun gətirəcəyi gəlirlər, həm tikinti zamanı layihəyə cəlb olunmuş işçi qüvvəsinin sayı əsas verir.

Layihənin tikinti işləri bir neçə il davam etdi. 2005-ci ilin əvvəlində, məhz nəzərdə tutulduğu vaxtda yataqdan ilkin neftin alınması layihənin uğurla həyata keçirildiyini təsdiqlədi. Ölkə Prezidenti İlham Əliyev bu məqamı vurğulayaraq "Mərkəzi Azəri"dəki tədbirdə demişdir: "Bu gün "Azəri" yatağında ilk neftin çıxarılması bir daha onu göstərir ki, qarşıya qoyulmuş bütün vəzifələr, planlar həyata keçirilir. Bütün çətinliklərə, maneələrə baxmayaraq, çətin geosiyasi vəziyyətdə Azərbaycan Xəzər dənizinin özünə məxsus olan sektorunda uğurla işləyibdir, qarşıda duran bütün vəzifələr həyatda öz əksini tapıbdır".

"Azəri" yatağının işlənməsi "Əsrin müqaviləsi" adını almış AÇG layihəsinin mühüm bir mərhələsini təşkil edir. Burada ilk neftin alınması böyük əhəmiyyət daşıyırdı. Doğrudur, "Əsrin müqaviləsi"nin birinci mərhələsi sayılan İlkin Neft Layihəsi çərçivəsində "Çıraq"dan artıq 8 il idi neft çıxarılırdı. "Azəri"nin neft verməsi isə bu müqavilənin öz kulminasiya nöqtəsinə çatması demək idi. Çünki "Azəri" AÇG layihəsi daxilində işlənən ən böyük yataqdır. Əslində o öz hüdudlarında üç böyük yatağı birləşdirib. Belə ki, "Azəri" mərkəzi, qərb şərq hissələrindən ibarətdir. "Azəri"nin ilk nefti onun mərkəzi hissəsində quraşdırılmış Hasilat, Qazma Yaşayış platformasından alındı. Daha sonra, 2005-2006-cı illərin qovuşuğunda "Qərbi Azəri" platforması neft verdi. 2006-cı ilin payızında isə "Şərqi Azəri"dən hasilata başlandı.

O zaman, 2005-ci ildə tikintisi başa çatmaqda olan Bakı-Tbilisi-Ceyhan kəmərinə məhz "Azəri" yatağından alınan neft vurulmalı idi. "Mərkəzi Azəri"də hasilata başlanması həm buna görə əlamətdar bir hadisəyə çevrilmişdi.

"Mərkəzi Azəri"də hasilat əvvəlcədən qazılmış 10 öncəqazma quyularının birincisindən başlanmışdı. Bu quyular hələ platforma quraşdırılmazdan əvvəl dayaq tavasından qazılmışdı. Həmin üsuldan istənilən platforma quraşdırılandan sonra hasilatı tezləşdirmək üçün istifadə olunur. Bu əməliyyat "Mərkəzi Azəri"də uğurla həyata keçirildi. 2005-ci il martın əvvəlində buradan Səngəçal terminalına neftin nəql olunmasına başlandı. Bütün işlər qrafikə uyğun, nəzərdə tutulduğu kimi gedirdi. Beləliklə, həmin il mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinə Səngəçal terminalından ilk neft vuruldu. Bu da böyük bir təntənəyə çevrildi. Tədbirlərdə Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın dövlət başçıları, bir çox ölkələrdən gəlmiş qonaqlar iştirak etdilər.

Əlbəttə, "Azəri" yatağının işlənməsi təkcə quyuların qazılması neftin çıxarılmasından ibarət deyil. "Azəri" böyük bir layihədir onun həyata keçirilməsi üçün genişmiqyaslı inşaat işləri görülüb. Bu işlər həm qurudakı obyektlərdə, həm dənizdə aparılıb. Əvvəla, bütövlükdə "Azəri" yatağı dörd platformanın istismar olunduğu bir dəniz məkanıdır. Onlardan ikisi mərkəzi hissədə quraşdırılıb. Belə ki, "Mərkəzi Azəri" qonşuluğundakı Kompressor Suvurma Platformasına (KvəSP) körpü vasitəsilə birləşdirilib. Lakin KvəSP burada yerləşməsinə baxmayaraq, yatağın digər hissələrinə qaz suvurma əməliyyatları, elektrik təchizatı ilə bağlı xidmətlər göstərir.

Qeyd edək ki, AÇG-nin bütün platformaları ölkə daxilində quraşdırılıb. "Azəri" yatağındakı hasilat platformaları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilib. KvəSP-nin göyərtəsi isə Bakının Bibiheybət ərazisindəki ATA tikinti-quraşdırma sahəsində inşa edilib. Bu işlər həyata keçirilməzdən əvvəl həmin obyektlər tamamilə təzədən qurulub.

"Azəri"nin neftini səmt qazını Xəzərdən Səngəçala çatdırmaq üçün dənizdə ümumi uzunluğu 600 kilometrdən çox olan sualtı borular çəkilib. Səngəçal terminalında bu karbohidrogenləri ilkin emal edib müvafiq kəmərlərə vurmaq üçün isə böyük bir infrastruktur yaradılıb. Həmin qurğuların özünün tikilib araya-ərsəyə çatdırılması nəhəng bir layihənin uğurla tamamlanmasının sübutudur.

Bu gün AÇG-dəki bütün qurğular kimi "Azəri" platformaları da ahəngdar işləyir. Xatırladaq ki, AÇG-dən 30 illik Hasilatın Pay Bölgüsü Sazişi dövründə 5,4 milyard barel neft çıxarılması nəzərdə tutulub. Bu həcmin 3 milyard bareldən çoxunu "Azəri" vəd edib. Yataq ona bəslənən inamı doğruldur. Keçən il BTC kəmərinə vurulan neftin xeyli hissəsi buradan hasil edilib. Belə ki, il ərzində orta hesabla gündə "Mərkəzi Azəri"dən 190 min, "Qərbi Azəri"dən 268 min, "Şərqi Azəri"dən 135 min bareldən çox neft çıxarılıb.

Bir sözlə, "Azəri"nin təkcə ölkəmizdə deyil, dünyadakı neft yataqları sırasında öz yeri, öz dəst-xətti var. Maraqlıdır ki, yataq özünün ayrı-ayrı quyuları ilə "öyünə" bilir. Məsələn, bp şirkətinin çalışdığı 100 ölkədə 2008-ci ildə aşkar etdiyi 15 ən yüksək hasilatlı quyudan 3-ü məhz "Azəri" yatağındadır...

 

 

F.SADIQLI

 

Azərbaycan.- 2010.-18  fevral.- S. 3.