Londonda məşhur
rusiyalı fotoqraf Georgi Pinxasovun fotolarından ibarət
"Bakıya sevgi ilə" adlı sərgi açılmışdır
Fevralın 16-da Londonda məşhur rusiyalı fotoqraf Georgi Pinxasovun fotolarından ibarət "Bakıya sevgi ilə" adlı sərgi keçirilmişdir. Sərgi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, "Baku" jurnalının təsisçisi və baş redaktoru Leyla xanım Əliyevanın, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və "Maqnum" agentliyinin təşkilatçılığı ilə baş tutmuşdur.
İngiltərənin məşhur "Maqnum Fotos" agentliyinin dünya şöhrətli fotoqrafı Georgi Pinxasovun Bakı ilə bağlı 2009-cu ildə çəkdiyi 60-a yaxın foto paytaxtımız haqqında London sənətsevərlərinə kifayət qədər maraqlı məlumat verir. Bu fotolarda Xəzərin sahilində yerləşən, həm Şərqin, həm də Qərbin ovqatından yoğrulan füsunkar Bakı mənzərələri vardır.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, "Baku" jurnalının təsisçisi və baş redaktoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə Avropa insanına təqdim olunan bu son dərəcə maraqlı, özündə kifayət qədər kolorit daşıyan fotolar bir daha Azərbaycan paytaxtının tükənməyən gözəlliklərindən xəbər verir. Elə paytaxtımızı gəzən Pinxasov da avropalı turistlərin çoxuna məlum olmayan maraqlı anları çəkmişdir. Qafqazın ən böyük şəhəri olan Bakı bu fotolarda nəhəng neft-qaz yataqlarına malik Azərbaycanın paytaxtı və əsas liman şəhəri, çimərlikləri, təbii və mədəni sərvətləri, turizm potensialı olan nəhəng bir dünya kimi təqdim olunur: Qala divarları, tarixi məkanları, mənzərəli labirintləri ilə diqqəti çəkən İçərişəhər, dar küçələr, qədim binalar. Məhz bu dərin təəssüratın nəticəsidir ki, Pinxasovun Bakı silsiləsi müxtəlif mövzuları, memarlıq abidələrini, limanın səs-küyündən sakit şəhər kənarınadək hər bir məqamı əhatə edir. Bir sözlə, bu fotoların baş qəhrəmanı hər şeyi ilə, bütün yaşadıqları və yaşananları ilə doğma Azərbaycanın döyünən ürəyi - Bakıdır.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov sərginin təşkilatçılarına, xüsusilə də Leyla xanıma minnətdarlığını bildirmişdir. Səfir sərginin əhəmiyyətini qeyd edərək, onun Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində mühüm addım olduğunu bildirərək demişdir: "Müasir dövrdə mədəniyyət və incəsənət insanlar arasında əlaqələrin qurulması üçün mühüm rol oynayır. Ümidvaram ki, bu sərgi Azərbaycana məhəbbəti daha da artıracaqdır".
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, "Baku" jurnalının təsisçisi və baş redaktoru Leyla xanım Əliyeva tədbirin əhəmiyyətindən danışaraq bildirmişdir:
- Xanımlar və cənablar, əziz dostlar. İlk növbədə, icazə verin, sizi "Bakıya sevgi ilə" adlanan sərgidə salamlayım və "Xoş gəlmisiniz" deyim. Vaxt tapıb gəldiyinizə görə sizə təşəkkür edirəm. İki il öncə Moskvada "Baku" jurnalını təsis etdik. Məqsədimiz əziz oxucularımıza gözəl paytaxtımız haqqında daha çox məlumat vermək, Bakının ab-havasını çatdırmaq, onlarda Bakıya məhəbbət yaratmaq və Azərbaycan paytaxtının sirli tərəflərini onlara sevdirmək idi. Biz jurnalımızın səhifələrində mədəniyyətimizi, adət-ənənələrimizi təqdim edirik. Biz təkcə Azərbaycan tarixinə nəzər salmırıq, həmçinin onu XXI əsrin ölkəsi kimi təqdim edirik. Uzun əsrlər boyu Azərbaycanın paytaxtı Bakıya müxtəlif adlar verilib: "Küləklər şəhəri", "Odlar diyarı", "Xəzərin mirvarisi". Bakının bir neçə siması var: qədim və müasir - onun geniş prospektlərindən tutmuş dar orta əsr dalanlarınadək, orta əsrlərə aid Qız qalasından başlayaraq ən müasir şəhər mənzərələrinədək. Bakı dünyanın iri şəhərləri kimi qaynayır, amma qədim sərvətə sahib Qobustanın timsalında o, həm də sirlidir.
Mən saatlarla Bakı haqqında danışa bilərəm. Amma bunun əvəzində, icazə verin, sizi bizim şəhəri öz gözlərinizlə görməyə, çox istedadlı fotoqraf Georgi Pinxasovun gözəl əsərlərinə baxmağa dəvət edim. Gördüyünüz kimi, bu fotolar yüksək incəsənət nümunələridir və bizim üçün onun fotolarını London kimi gözəl bir şəhərdə təqdim etmək çox xoşdur. O şəhər də ki, mən ömrümün bir neçə xoş ilini burada keçirmişəm.
Əziz dostlar, bir daha hamınıza
bu axşam bura toplaşdığınıza
görə təşəkkür
edirəm. Ümidvaram
ki, bu gecədən
zövq alacaqsınız
və sizinlə bir gün Bakıda
görüşmək çox
xoş olardı. Çox sağ olun.
***
Fotoqraf Georgi Pinxasov ölkəmizlə bağlı ən xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşmüşdür.
Tədbirin təşkilatçılarından olan "Maqnum" agentliyinin mədəniyyət məsələləri üzrə direktoru xanım Sara Sofi sərginin təşkilinə göstərdiyi dəstəyə görə Leyla xanım Əliyevaya və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə minnətdarlığını bildirmişdir.
Sara Sofi "Maqnum əhvalatları" adlı albomu Leyla Əliyevaya təqdim emişdir.
Sərgiyə dəvət olunanlardan Lordlar Palatasının üzvü Baronessa Okaheyn, Londonun Kensinqton və Çelsi ərazisinin meri Timoti Koleric, məşhur futbol ulduzu Andrey Arşavin sərgidən aldıqları təəssüratlarını bildirmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 18 fevral.- S. 3.