Milli Məclis Sədrinin müavini Çexiya parlamentində bir sıra görüşlər
keçirmişdir
Çexiyada səfərdə olan Milli Məclis Sədrinin müavini Bahar Muradova və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bu ölkənin parlamentində bir sıra görüşlər keçirmişlər.
Senatın sədri Prjemısl Sobotka ilə görüşdə Çexiya-Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafı müzakirə edilmiş, strateji tərəfdaşlıq səviyyəsinə çatan əməkdaşlıqdan məmnunluq ifadə edilmişdir.
P.Sobotka keçən ilin sentyabrında Bakıya səfərindən razı qaldığını bildirmiş, səfər zamanı onu müşayiət edən iş adamlarının iki ölkə arasında ticarət əlaqələrinin inkişafına töhfə verəcəyinə ümidini ifadə etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də fikir mübadiləsi aparılmışdır.
B.Muradova həmsöhbətini beynəlxalq məsələlərdə Azərbaycanın mövqeyi haqqında məlumatlandırmış, eləcə də bir sıra təhdidlərə birgə mövqedən yanaşılmanın vacibliyini qeyd etmişdir.
Daha sonra nümayəndə heyətinin şərəfinə Çexiya Parlamenti Senatı sədrinin müavini Yirji Lişka adından nahar verilmişdir. Senatorlar Yan Hornik və Vatslav Koukalın da iştirak etdiyi nahar vaxtı ikitərəfli əlaqələr, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılmışdır.
Növbəti görüş Çexiya Parlamenti Nümayəndələr Palatasının sədri Miloslav Vlçeklə olmuşdur. M.Vlçek Azərbaycanla münasibətlərə mühüm önəm verdiklərini, özünün şəxsən bu əlaqələrin inkişafında maraqlı olduğunu bildirmişdir. O, Azərbaycan ilə əməkdaşlığın təkcə iqtisadiyyat deyil, bütün sahələri əhatə etməsinin vacibliyini vurğulamışdır. M.Vlçek Çexiyanın Azərbaycan üçün Avropa İttifaqına "qapı" rolunu oynamağa hazır olduğunu bildirmişdir.
B.Muradova həmsöhbətini Bakıya səfərə dəvət etmişdir.
Nümayəndə heyətinin digər görüşü Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Vatslav Eksner, Katerjina Koneçna, Yan Şvippel, Petr Bratski ilə olmuşdur.
Dostluq qrupunun rəhbəri, Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Yan Hamaçek Azərbaycanın Çexiya üçün Cənubi Qafqaz regionunda həlledici dövlət olduğunu demiş, ölkəsinin Azərbaycanla həm ikitərəfli, həm də çoxtərəfli əlaqələri inkişaf etdirməyə maraq göstərdiyini bildirmişdir. Cari ilin mayında Çexiyada parlament seçkilərinin keçiriləcəyini diqqətə çatdıran Y.Hamaçek, bu seçkilərin nəticəsindən asılı olmayaraq Azərbaycanla əlaqələrin inkişafına əminliyini ifadə etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılmış, eləcə də ATƏT çərçivəsində əməkdaşlıq imkanları nəzərdən keçirilmişdir.
Səfər çərçivəsində nümayəndə heyətimiz Çexiyadakı Azərbaycan diasporunun üzvləri ilə görüşmüş, Azərbaycan səfirliyinin və Çexiya Senatının üzvlərinin təşəbbüsü ilə Senatın binasında keçirilən "Qanlı Yanvar" hadisələrinə həsr olunmuş foto-sərgini ziyarət etmişlər.
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi müxbiri
Praqa
Azərbaycan.- 2010.- 18 fevral.- S. 3.