Düşünülmüş siyasət Azərbaycanı sürətlə irəli aparır

 

Dahi o şəxsiyyətdir ki, fəaliyyətini xalqının rifah halının yüksəldilməsinə, Vətəninin çiçəklənməsinə həsr etmiş, yaratdıqları ölkəsinin toxunulmaz xəzinəsinə çevrilmiş olsun, müəyyənləşdirdiyi, qəbul etdiyi proqramlar, qərarlar iqtisadiyyatın, mədəniyyət, səhiyyə, elm və təhsilin inkişafına kömək göstərsin, qoyduğu təməl möhkəm, yeritdiyi siyasi kurs məqsədyönlü, uzunmüddətli olsun. Bir sözlə, heç kəsin görə bilmədiyi işi həyata keçirməyi bacarsın. Umummilli liderimiz Heydər Əliyev məhz belə şəxsiyyətlərdən idi.

 

O da vacibdir ki, belə şəxsiyyətlərin ideyaları, qoyduqları irs onların özlərinə layiq siyasi varislər tərəfindən ləyaqətlə davam etdirilib, zənginləşdirilib həyata keçirilsin. Fərəhlidir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursu Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev uğurla davam etdirir və bu, həyatımızın bütün sahələrində öz müsbət nəticələrini verməkdədir. Respublikamızın bütün bölgələrində sürətli inkişaf baş vermişdir. Bu tərəqqi Azərbaycanı regionda ən güclü dövlətə çevirmişdir. Qlobal maliyyə böhranı şəraitində belə respublikamız öz inkişaf tempini saxlaya bilmişdir. Buna isə Prezident İlham Əliyevin həyata keçirdiyi demokratik islahatların iqtisadiyyatımızın bütün sahələrində geniş imkanlar yaratması nəticəsində nail olunmuşdur.

Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: "2009-cu il dünyada maliyyə ili kimi tarixdə qalacaq və demək olar ki, bütün ölkələr böhrandan bu və ya digər formada əziyyət çəkmişlər. ...Azərbaycan dünya iqtisadiyyatının bir parçası kimi bu böhranlı vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir. ...Ölkəmizdə 2009-cu ildə çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik".

Göründüyü kimi, Azərbaycan inkişaf dinamikasına görə 2009-cu ili də lider kimi başa vurmuşdur. Maliyyə böhranının tam aradan qaldırılmasına baxmayaraq, ötən il respublikamız üçün uğurlu olmuşdur. 2009-cu ildə ümumi daxili məhsulun 9,3 faiz artması böyük müvəffəqiyyətdir. Prezident İlham Əliyevin təbirincə desək, bu, bir daha onu göstərir ki, Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır.

Ölkə başçısının həyata keçirdiyi iqtisadi siyasət xalqımızı daha xoşbəxt gələcəyə aparır, çağdaş Azərbaycanı daha işıqlı sabaha səsləyir. Prezident İlham Əliyevin 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın da müddəaları insanların rifah halının yüksəldilməsinə, ölkə iqtisadiyyatının gücləndirilməsinə yönəldilmişdir. Həmin proqram çərçivəsində həyata keçiriləcək tədbirlərin əsasən dövlət büdcəsinin, büdcədənkənar fondların hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Bu proqramın həyata keçirilməsi qeyri-neft sektorunun sürətli inkişafına, əhaliyə kommunal xidmətlərinin yaxşılaşdırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına xidmət edir.

Xalqımızın öz rəhbərinə inam və etimadı daha da artmışdır. Bu qənaətə elə-belə gəlinməmişdir. İnsanlar Vətənə, xalqına layiqli xidmət göstərməyi fəaliyyətinin əsas istiqamətlərindən biri sayan dövlət başçısına son 6 ildə həyata keçirdiyi məqsədyönlü sosial-iqtisadi siyasətin nəticəsinə görə bu əminliyə gəlmişlər.

Mən bir millət vəkili olaraq ictimai vəzifəmlə əlaqədar dəfələrlə seçicilərlə görüşlər keçirmiş, ayrı-ayrı bölgələrdə camaat arasında olmuşam. Sakinlərlə söhbətlər zamanı onların Prezident İlham Əliyevin ulu öndərin siyasi kursunu inamla davam etdirdiyini söylədiklərinin, həyata keçirdiyi islahatları dəstəklədiklərinin şahidi olmuşam. Belə bir nəticəyə gəlmişəm ki, dövlət başçısının idarəçilik bacarığı xalqına, Vətəninə sonsuz məhəbbəti, işgüzarlığı, quruculuq missiyası, demokratik xüsusiyyətləri, qətiyyətliliyi insanların ona rəğbətini daha da artırmışdır.

Ölkə başçısının rəhbərliyi altında həyatımızın bütün sahələrində aparılan məqsədyönlü islahatlar nəticəsində əldə edilən uğurları, yaradılan xariqələri, yenilikləri - mədəniyyət, təhsil, səhiyyə ocaqlarını, əzəmətli binaları, yeni infrastrukturları, körpü və yolları, elektrik stansiyalarını, möhtəşəm parkları, istirahət mərkəzlərini sadalamaqla qurtaran deyil. Bütün bunlar daxili siyasətin düzgün həyata keçirilməsinin nəticəsidir.

Bütün bunlar xalqımızın maddi rifahının yüksəldilməsinə xidmət edir. Sosial-iqtisadi islahatların davamlı surətdə həyata keçirilməsi və onların nəticələri hər bir ölkə vətəndaşının güzəranının yaxşılaşdırılmasında özünü büruzə verir.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasını cənab İlham Əliyev çox uğurla davam etdirir. Qlobal problemlərdən biri enerji təhlükəsizliyinin təminatıdır. Son vaxtlar bu sahədə çox mühüm tədbirlər həyata keçirilib. Azərbaycanın bu sahədə heç bir çətinliyi yoxdur. İndi ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Enerji təhlükəsizliyinin tam təminatı üçün ölkə başçısı İlham Əliyevin fərmanı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması və "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi heç də təsadüfi deyildir. Bu mühüm sənədlərin qəbul olunması, onlardan irəli gələn tədbirlərin həyata keçirilməsi sayəsində Azərbaycan elektrik enerjisinin istehsalı sahəsində də müvəffəqiyyətlər qazanmışdır. Ölkəmizdə təbii qazın istehsalı çoxaldığı üçün Rusiya Federasiyasına "mavi yanacaq" satışına başlanmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev İsveçrəyə işgüzar səfəri zamanı Davosda 40-cı Dünya İqtisadi Forumunun "Qlobal enerji mənzərəsi" mövzusunda keçirdiyi iclasında çıxış etmiş, energetika sahəsində respublikamızda görülən işlərdən və iqtisadi inkişaf proseslərindən danışmışdır. Aparıcının suallarına cavab verərkən cənab İlham Əliyev demişdir: "...Son bir neçə il ərzində ölkəmizdə apardığımız islahatlar bizə dayanaqlı və şaxələndirilmiş iqtisadiyyat yaratmağa imkan verdi. İyirmi il bundan öncə Azərbaycan Sovet İttifaqının bir hissəsi idi. O zaman iqtisadiyyatımızın bazar iqtisadiyyatı seqmenti sıfıra bərabər idi. Bu gün ümumi daxili məhsulumuzun (ÜDM) 85 faizi özəl sektorun payına düşür. Biz neft və qazdan əldə etdiyimiz gəlirləri qeyri-enerji sektoruna, ilk növbədə isə sənaye istehsalına yönəldirik. Beləliklə, bu gün böhranla və neftin qiymətinin düşməsi ilə bağlı yaranan bütün çətinlikləri minimum itkilərlə dəf etməyə nail olmuşuq... Ümid edirəm ki, biz 2010-cu ildə nəzərdə tutduğumuz bütün əsas layihələri həyata keçirəcəyik. Qeyd etmək istəyirəm ki, 2009-cu ildə Azərbaycandakı sərmayələrin ümumi məbləği 10 milyard dollara yaxın olub. Bu, iqtisadiyyatımız üçün kifayət qədər böyük məbləğdir... Yeri gəlmişkən, son altı il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olub".

Azərbaycan artıq həm iqtisadi, həm də siyasi cəhətdən dünyada nüfuz qazanıb. Ona görə ki, ümummilli liderimiz Heydər Əliyevin dəqiqliklə müəyyənləşdirdiyi siyasi kursu layiqli davamçısı Prezident İlham Əliyev çox uğurla həyata keçirir. Hazırda Azərbaycan dünyanın aparıcı ölkələrinin çox əhəmiyyətli tərəfdaşlarından birinə çevrilmiş beynəlxalq təşkilatlarla sıx əlaqələr yaratmışdır. İndi Azərbaycan qlobal problemlərə həsr olunmuş beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Heç uzağa getməyək. Bu ilin yanvar ayında Bakıda keçirilən möhtəşəm Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunu götürək. Rusiyada ictimai rəyin formalaşmasında müəyyən təsir gücünə malik 140-dan artıq tanınmış insanların qatıldığı bu tədbir böyük siyasi əhəmiyyət kəsb edirdi. Forumda Rusiya Federasiyasının icra, qanunverici orqanlarının, mətbuat və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirak etməsi hamıda maraq doğurmuşdur. Siyasətdə də, həyatımızın digər sahələrində də bütün işləri insanlar reallaşdırırlar. Qeyd etməliyəm ki, forumda ölkəmizi də yüksək səviyyəli ziyalılar, mütəxəssislər təmsil etmişlər. Əlbəttə, iki ölkənin yüksək səviyyəli elitasının qarşılıqlı ünsiyyət yaratması dövlətlərimiz arasında mövcud dostluq əlaqələrinin daha da möhkəmlənib genişlənməsinə xidmət edir. Bu münasibətlərin qurulması ümumi işimizin xeyrinədir. Deməliyik ki, bu möhtəşəm tədbir təkcə orada iştirak edən nüfuzlu insanların - mötəbər qonaqların çoxluğuna görə irimiqyaslı deyil. İştirakçıların müxtəlif sahələrin nümayəndələri, hökumətin yüksək vəzifəli şəxslər olması təkcə humanitar deyil, eyni zamanda iqtisadi baxımdan da çox zəruridir.

Azərbaycan Prezidenti İlham Əliyev Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçılarını qəbul edərkən demişdir: "Mən bu cür, deyərdim ki, nadir bir tədbirin keçirilməsi təşəbbüsünü irəli sürənlərin hamısına ürəkdən təşəkkür etmək istəyirəm. Çünki mən indiyə qədər istər formasına, istər tərkibinə, istərsə də proqramına və başlıcası, öz ruhuna görə buna oxşar bir tədbir xatırlamıram. Biz hamımız bu tədbiri dəstəkləyirik. Lakin təbii ki, hər bir yenilik təşəbbüs qrupunun sayəsində həyata keçirilir. İndiki halda bu təşəbbüs qrupuna Azərbaycanın böyük dostları, ölkəmizi sevən və qəlblərində Azərbaycana olan bu münasibətin onların dostluq etdiyi, sevdiyi, özlərinə həmməslək saydığı adamlara da sirayət etməsini istəyən insanlar daxildir. Buna görə də mən bütün təşəbbüsçülərə, təşkilatçılara və əlbəttə, qonaqlara təşəkkür etmək istəyirəm. Mən bilirəm ki, siz hamınız çox məşhur və məşğul adamlarsınız. Hamınızın işi çoxdur və yəqin ki, bir neçə günlüyə bu işlərdən uzaqlaşmaq heç də həmişə asan olmur. Vaxt tapıb ölkəmizə gəldiyinizə görə sizə təşəkkür etmək istəyirəm. Biz bunu yüksək qiymətləndiririk. Ümid edirəm ki, siz buna təəssüflənməyəcəksiniz".

Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda ən mühüm məqamlardan biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin bir daha diqqətə çatdırılması, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə hazır olduğunu nəzərə çarpdırmasıdır. Mən hesab edirəm ki, bu forum eyni zamanda Dağlıq Qarabağ problemi ilə bağlı yeni bir tribuna rolunu oynayacaqdır. Forum iştirakçıları tarixi həqiqətləri, mövcud vəziyyəti, reallıqları bir daha dünya ictimaiyyətinə çatdıracaqlar.

Ölkə başçısı İlham Əliyevin xeyir-duası ilə öz işinə başlayan və müvəffəqiyyətlə başa çatdıran forum Azərbaycan və Rusiya Federasiyası arasında əməkdaşlığa öz töhfələrini vermiş və bu, iki ölkənin humanitar münasibətləri tarixinə qırmızı xətlə yazılmışdır. Tədbirin iştirakçıları forumun uğurla başa çatdığını, diqqət cəlb etdiyini, müsbət nəticələr verəcəyini vurğulamışdılar. Bu cür tədbirlərin daha tez-tez keçirilməsi, onun digər ölkələrin ziyalıları - mədəniyyət və elm xadimləri üçün açıq olması barədə irəli sürülən və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstəklənən ideyanın vacibliyi göstərilmişdir. Prezident İlham Əliyev demişdir: "Bakıda başqa ölkələr üçün də açıq olan bu cür tədbirlərin müntəzəm keçirilməsi yaxşı, konstruktiv ideyadır. Ona görə ki, həqiqətən, mənim fikrimcə, Bakı elə bir yerdir ki, bu cür humanitar əməkdaşlıq tədbirləri burada keçirilməlidir. Çünki Azərbaycan həm tarixən, həm də müstəqil inkişaf etdiyi iyirmi ilə yaxın müddətdə ölkəmizdə yaşayan bütün xalqlar arasında tolerantlıq, dözümlülük və dialoqu əvvəlki səviyyədə qoruyub saxlamışdır".

Bu gün hər bir Azərbaycan vətəndaşının Prezidenti olan İlham Əliyev xalqımızın rifahı naminə, ölkəmizin tərəqqisi, çiçəklənməsi, daha da inkişaf etdirilməsi üçün çalışır. Azərbaycan vətəndaşları möhtərəm Prezidentin bu qayğısını bütün sahələrdə hiss edir, görür və ondan bəhrələnirlər. Həyatımızın hansı sahəsinə - istər sosial, iqtisadi, tikinti, aqrar, istərsə də elm, təhsil, səhiyyə, idman sahəsi olsun - nəzər saldıqda orada xariqələr yaradıldığının şahidi olursan. İndi şəhərlərimiz, rayonlarımız dinamik inkişaf yolundadır. Aparılan abadlıq, quruculuq işlərinin miqyası getdikcə genişlənir. Son altı ildə respublikamızda yüzlərlə yeni sosial obyekt tikilmiş, yeni magistrallar salınmış, dövlət əhəmiyyətli yollar yenidən qurulub əsaslı təmir edilmiş, möhtəşəm körpülər tikilmiş, yeraltı keçidlər düzəldilmiş, təzə məktəb binaları, idman kompleksləri və sairə istifadəyə verilmişdir.

Azərbaycan tarixinə dinamik inkişaf, tərəqqi dövrü kimi daxil olan 2009-cu ilin yeni ünvanları çoxsaylıdır. Buraya müxtəlif profilli səhiyyə ocaqlarını, milli-mənəvi dəyərlərimizi qoruyub saxlayan məbədgahları, mədəniyyətimizin və incəsənətimizin inkişafına töhfə olan müasir muzeyləri, teatr binalarını, təhsil müəssisələrini, gözəl istirahət parklarını, inzibati binaları, sənaye və xidmət sahələrini daxil etmək mümkündür.

Sakinlərin ixtiyarına verilmiş xəstəxana, poliklinika, müalicə-diaqnostika mərkəzləri müasir avadanlıqla təchiz olunmuşdur. Təkcə onu demək kifayətdir ki, bölgələrdə 10 müalicə-profilaktika mərkəzi tikilib istifadəyə verilmiş, altısı isə hazırda inşa edilir. Səhiyyə Nazirliyinin bütün elmi-tədqiqat institutları, tibb mərkəzləri yenidən qurulur, müasir avadanlıqlarla təchiz edilir. Oftalmologiya, Talassemiya, Onkologiya mərkəzləri, Müdafiə, Daxili İşlər nazirliklərinin, Gömrük Komitəsinin hospitalları, Respublika Kliniki Urologiya Xəstəxanası dediklərimizin sırasındadır.

Azərbaycan Dövlət Tibb Universitetinin daha iki korpusunun - terapevtik və cərrahiyyə klinikalarının tikintisi başa çatmaq üzrədir. Artıq Terapevtik Klinika istifadəyə tam hazırdır. Stomatologiya və Onkologiya Klinikaları isə bir neçə ildir ki, fəaliyyət göstərirlər. Əlbəttə, bütün bunlar ölkəmizin səhiyyə sisteminin müasirləşməsinə xidmət göstərir və bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyət istiqamətləri çoxşaxəlidir. Dövlət başçısı insanların güzəranı, sağlamlığı, təhsili ilə bağlı olan bütün sahələrə eyni diqqət göstərir, onun inkişafı üçün düzgün islahatlar aparır, məqsədyönlü tədbirlər görür, başlanan işlərin keyfiyyətlə sona çatdırılmasını daim nəzarətdə saxlayır. Dövlət əhəmiyyətli obyektlərin tikintisinin ölkə Prezidentinin daim nəzarətində olduğunun şahidiyik. Dövlət əhəmiyyətli obyektlərin demək olar ki, hamısının açılış mərasimində Prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak etmişdilər. Bu bir daha onu göstərir ki, Prezident İlham Əliyev görülən işlərlə birbaşa tanış olmağı, vətəndaşlarla, işçilərlə ünsiyyət qurmağı, onların qayğısı ilə maraqlanmağı, öz tövsiyələrini verməyi zəruri hesab edir.

Respublika Klinik Uroloji Xəstəxananın əsaslı təmirindən sonra açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu səhiyyə ocağının tibb heyəti ilə səmimi söhbət aparmışdır: "Çox şadam ki, bütün təmir-quraşdırma işləri yüksək səviyyədə aparılmışdır. Yəqin ki, siz bilirsiniz, iki il bundan əvvəl görkəmli alim, akademik Mirməmməd Cavadzadə mənə bu xəstəxananın təmiri ilə bağlı müraciət etmişdir. O müraciəti Mirməmməd müəllim mən onu "İstiqlal" ordeni ilə təltif etdiyim zaman etmişdir. Azərbaycanın dövlət büdcəsində bu məsələlər üçün vəsait nəzərdə tutulmamasına baxmayaraq, mən qərar qəbul etdim ki, Prezidentin Ehtiyat Fondundan ilkin vəsait ayrılsın və biz təmir işlərini aparaq. Birinci fikir belə idi ki, ancaq bir mərtəbə təmir olunsun və burada müasir böyrəkköçürmə mərkəzi yaradılsın. Ancaq sonra qərara gəldik ki, ümumiyyətlə, bütün xəstəxana təmir edilsin, faktik olaraq yenidən qurulsun. ...Bu gün bu xəstəxana ən yüksək standartlara cavab verir.

Mən çox şadam ki, bu gün biz bu xəstəxananın elə bil yeni həyatını birlikdə qeyd edirik. Mən hesab edirəm ki, bu xəstəxanaya Mirməmməd Cavadzadənin adının verilməsi düzgün olardı. Çünki bu xəstəxananın yaradılmasının təşəbbüskarı o olmuşdur və qırx ildən çox müddət ərzində xəstəxanaya rəhbərlik etmişdir".

Bu səmimi söhbət, Prezidentin dəyərli təklifi, insanlara layiq olduğu qiyməti verməsi obyektivliyin, qədirbilənliyin, səmimiyyətin vəhdəti, təntənəsidir.

Möhkəm təməl üzərində qurulmuş siyasi kursun uğurla davam etdirilməsi, həyata keçirilən düzgün islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının inkişafı daha da yüksələcək, insanların rifahı, sağlamlıq durumu günbəgün yaxşılaşacaqdır.

 

 

Rafiq MƏMMƏDHƏSƏNOV,

Azərbaycan Tibb Universitetinin elmi işlər

üzrə prorektoru,

əməkdar elm xadimi, Milli Məclisin deputatı

 

Azərbaycan.- 2010.- 18 fevral.- S. 4.