"Genetik modifikasiya olunmuş ərzaq
məhsullarının Azərbaycanın istehlak bazarında
yayılma təhlükəsi" mövzusunda konfrans
keçirilmişdir
Fevralın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda "Genetik modifikasiya olunmuş ərzaq məhsullarının Azərbaycanın istehlak bazarında yayılma təhlükəsi" mövzusunda konfrans keçirilmişdir.
Alim və mütəxəssislərin, ayrı-ayrı qurumların və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə institutun direktoru Aytən Mustafayeva çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etdiyini vurğulamışdır.
Qidalanmada genetik modifikasiya edilmiş məhsullardan istifadə olunması mövzusunun aktuallaşdığını vurğulayan A.Mustafayeva bildirmişdir ki, bütün dünyada alimlərin bu məhsulların ziyanı və faydası barədə müzakirələr apardığı zaman milyonlarla insan heç nədən xəbəri olmadan ondan istifadə edir. Genetik modifikasiya edilmiş orqanizmlərin yetişdirilməsi və qidalanmada istifadə edilməsi bir çox risklərlə müşayiət olunur. Ekoloqlar genetik dəyişilmiş formaların təsadüfən təbiətə daxil olmasından və ekosistemlərdə fəlakətli dəyişikliklərə gətirəcəyindən ehtiyatlanırlar. Genetik modifikasiya edilmiş orqanizmlərin yetişdirilməsi problemi ilə bağlı ekoloji risklərdən başqa, qida riskləri də mövcuddur.
İnstitutun direktoru demişdir ki, genetik modifikasiya edilmiş məhsullardan istifadə gələcəkdə gözlənilməz nəticələrə gətirib çıxara bilər.
Genetik modifikasiya edilmiş orqanizmlərin yaradılması üzrə tədqiqatların davam etdirilməsinin vacibliyini nəzərə çatdıran A.Mustafayeva bildirmişdir ki, həmin orqanizmlər istehlakçılara çatdırılmamışdan öncə elmi-tədqiqat müəssisələrində yoxlanılmalı və markalanmalıdır.
A.Mustafayeva ekoloji cəhətdən təmiz qida istehsalının əhəmiyyətini diqqətə çatdırmışdır.
Konfransda müxtəlif mövzularda məruzələr dinlənilmişdir. Alim və mütəxəssislər genetik modifikasiya olunmuş ərzaq məhsullarının istehlak bazarında yayılma təhlükəsi barədə danışmış, bunun qarşısının alınmasının zəruriliyini vurğulamışlar.
Sonra mövzu ilə bağlı geniş müzakirələr aparılmış, təkliflər verilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 18 fevral.- S. 6.